Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:55

«Nə vaxtsa Meydan hərəkatı yenidən başlayacaq»


Ənvər Əliyev
- Mübarizə yolu ilə alınan müstəqillik, verilmiş müstəqillikdən qat-qat müqəddəsdir. Biz bir zamanlar üçrəngli bayrağın adını tuta bilmirdik, Azərbaycan Cümhuriyyətinin xəritəsi üçün canımızdan keçməyə hazır idik. Bugünkü himnimiz, bayrağımız bizim üçün göz yaşları idi. Meydanda bayrağımız dalğalananda, himn səslənəndə minlərlə insan göz yaşlarına qərq olurdu.

Bu sözləri Meydan hərəkatının təşkilatçılarından biri Ənvər Əliyev o günləri yada salarkən deyir. 1988-ci ilin noyabrın 17-də başlanan Meydan hərəkatı haqda danışan Əliyev həmin dövrü Azərbaycanın çağdaş tarixinin ən unudulmaz günləri kimi xarakterizə edir.

Ənvər Əliyev deyir ki, 17 noyabra qədər meydanda yüz minlərlə insan toplaşsa da, pərakəndəlik hökm sürürdü. Noyabrın 16-da toplantı keçirən milli-azadlıq hərəkatının fəalları meydanda fasiləsiz aksiya keçirmək və siyasi hakimiyyətə konkret tələblər irəli sürmək qərarına gəlirlər. Noyabrın 17-si sübh açılan kimi artıq hərəkat başlayır. Səhər saat 8-də H.Zərdabi küçəsindəki yataqxanadan çıxan tələbələr Azadlıq meydanına üz tutur. Ənvər Əliyev:

MİLİSLƏ CİDDİ TOQQUŞMALAR OLDU

- Məqsədimiz o idi ki, səhər saat 8:15-də universitetə gələn tələbələrin qarşısına çıxıb onları meydana tərəf yönləndirək. Məqsədimizə nail olduq. Metronun «Elmlər Akademiyası» stansiyasının qarşısında, indiki Cavid bağında, indiki Texniki Universitetin qarşısında bizə minlərlə insan qoşuldu. Milis bizim qarşımızı kəsməyə çalışırdı. Parlamentin qarşısında, Axundov bağında, Sabir bağında milislə ciddi toqquşmalardan sonra Neftçilər prospektinə çıxıb meydana doğru hərəkətə başladıq. Saat 8-də başlayan yürüşlə saat 12:30-da Azadlıq meydanına çatdıq. Artıq burada da minlərlə insan toplaşmışdı.

17 noyabrdan dekabrın 4-dək davam edən Meydan hərəkatı ilə dünyanın diqqəti Azərbaycana yönəlmişdi
- Şüarlarınız nə idi?

- O zaman Dağlıq Qarabağda - Topxanada ermənilər alüminium zavodu tikməyə hazırlaşırdı. Biz tikintinin dayandırılmasını və Dağlıq Qarabağda Azərbaycanın siyasi-iqtisadi, hüquqi dövlətinin bərpa olunması şüarlarını səsləndirirdik. O zaman Azərbaycan rəsmilərini artıq Qarabağa buraxmırdılar, Azərbaycan bayrağı artıq Qarabağda dalğalanmırdı.

İLİN XALQI

Ənvər Əliyev deyir ki, 17 noyabrdan dekabrın 4-dək davam edən Meydan hərəkatı ilə dünyanın diqqəti Azərbaycana yönəlir. ABŞ-ın «Newsweek» jurnalının keçirdiyi sorğu ilə Azərbaycan xalqı mübarizliyinə görə, «İlin xalqı» elan edilir. Ənvər Əliyev deyir ki, «təxribat maşını» son gücü ilə işə salınsa daŞ artıq meydanı dinc yolla dağıtmaq mümkün deyildi. Odur ki, noyabrın sonlarında meydana qoşun yeridilir:

ƏHALİ MEYDANDA QALANLARA YEMƏK GƏTİRİRDİ

- Noyabrın 22-23-nə keçən gücə SSRİ-nin müxtəlif yerlərindən gətirilən qoşunlar meydana daxil oldu. Meydan artıq tanklarla əhatələnmişdi. Belə təqdim olunurdu ki, onlar burada asayişi qoruyurlar. Bundan sonra artıq hərbi vəziyyət elan olundu. Meydanda başdan-başa ocaqlar qalanmışdı. Əhali meydanda qalanlara yemək gətirirdi. Ayın sonunda artıq elan etdilər ki, meydanda antisanitariyadır, meydanı boşaltmaq gərəkdir. Ayın 4-də SSRİ qoşunları insanları Dəniz vağzalına qədər sıxışdırdılar.

Ənvər Əliyev deyir ki, o günlər əhali meydana böyük amallarla toplaşsa da, bəziləri hərəkatın siyasi hakimiyyət tərəfindən idarə olunduğunu iddia edirdi.

ÖZ MARAQLARI ÜÇÜN İSTİFADƏ ETDİLƏR

Meydan Hərəkatı, 1989
Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllimov AzadlıqRadiosuna müsahibəsində 17 noyabrda baş verənlərin milli-azadlıq hərəkatı kimi qələmə verilməsilə razı olmadığını deyib. Onun sözlərinə görə, o zaman insanlar Azadlıq meydanına Dağlıq Qarabağda baş verənlərə etiraz etmək üçün çıxmışdılar, sonradan hansısa qüvvələr bundan öz maraqları üçün istifadə etdilər.

AZƏRBAYCANIN ŞƏRƏFLİ TARİXİ

Tarixçi alim, Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov isə deyir ki, Meydan hərəkatı bütün Azərbaycan xalqını təmsil edirsə, burada müəyyən maraqlar da ola bilər. Bu, inkaredilməzdir. Ancaq o maraqlar heç zaman həlledici sayıla bilməz:

- Bu, Azərbaycanın şərəfli tarixidir. Və heç kim bu şərəfli tarixə ləkə sala bilməz. XX əsrin ilk illərində Azərbaycan aydınlarının mübarizəsinin nəticəsində 1918-20-ci illərdə AXC yarandı, 70 illik sovet dönəmindən sonra isə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi.

HƏRƏKAT MƏQSƏDLƏRİNƏ ÇATDI

Ənvər Əliyev isə düşünür ki, Meydan hərəkatı böyük mənada öz məqsədlərinə çatıb. Bu gün Azərbaycan müstəqil dövlətdir, 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd edilir. Ancaq Azərbaycan torpaqları hələ də işğal altındadır. Ona görə də o, ölkədə nə zamansa yenidən Meydan hərəkatının başlayacağına inandığını deyir:

- Torpaq üçün, Vətən üçün o nəsil hər şeyə hazır idi. Mən o insanların milli ruhunun gələcək nəsillərə qayıtmağını elə arzu edərdim ki... İnanıram ki, o hisslər yenidən qayıdacaq.
XS
SM
MD
LG