Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:28

Toy kimi adətlər...


Londonda bu səhər nəhayət ki, kral ailəsində Keytlə Uilyamın toyu baş tutdu. Lap nağıllardakı kimi, şahzadə xalq içərisindən çıxmış sadə bir qızla evləndi. Amma onların toyu İngiltərənin adət-ənənəsinə uyğun keçirildi. İngiltərədə gəlini nikah mərasiminə, kilsəyə atası gətirir və bəyə təhvil verir. Keyt də atasının əlindən tutmuşdu.
«Azərbaycanda isə gəlinin arxasınca oğlan evinin adamları gedir və gəlini də evindən bəy özü çıxarır», - etnoqraf Esmira Cavadova deyir. Onun sözlərinə görə, ötən əsrlərdə gəlinin ardınca bəyin yaxın adamları gedər və gəlini toya gətirərdilər.

«BELİ FİLAN YERƏ VƏ YA FİLANKƏSƏ BAĞLIDIR»

Azərbaycanın toy adət-ənənəsindən danışan Esmira Cavadova deyir ki, elçilikdən tutmuş xınayaxtıya, toya qədər hər şey bu mərasimin tərkib hissələridir və hər bir detalın da öz mənası var:

- Oğlanın qardaşı qızın belinə qırmızı lent bağlayır. İndi bu lentdir, əvvəllər isə elə parça olub, qızın belinə qurşaq bağlayıb. Eldə bir söz var, kiməsə batmaq mümkün olmayanda deyərlər ki, «beli filan yerə və ya filankəsə bağlıdır». Bax, qurşaq bağlamaq da budur, yəni qızın belini oğlana, oğlanın ailəsinə bağlamaq.

Mütəxəssis toyda pul salmaq adətinin də qədim olduğunu xatırladır. Deyir ki, keçmişdə kimisi bəyə pul verərmiş, kimisi zinət əşyası və ya hansısa hədiyyə. İndi isə Azərbaycanda toya əsasən pul salınır.

Bu yaxınlarda toy eləmiş Elnur Əliyev deyir ki, adətən, dəvət edilmiş qonaqlar stolun qiymətini nəzərə alırlar. Üstəlik beş-on manat da o məbləğə əlavə edirlər ki, toy sahibi çox xərcə düşməsin.

«BAXIR KİMİN TOYUDUR»

«Bakıda indi aşağısı 40-50 manat salırlar. Amma elə toylar var ki, eşidirsən ki, 200, 500 manat salan olub, hətta 1000 manat da nəmər verən var. Baxır kimin toyudur, əlbəttə,varlı adamların toyunda da hədiyyələr bahalı olacaq, nəmər yüksək məbləğdə olacaq».


Ötən yay qızına toy eləmiş Kəyan Həsənov isə deyir ki, Gəncədə dəvət edilən qonaqların hər birinin yaxşı nəmər salmağa imkanı çatmır, ona görə də əvvəlki ənənəni bərpa ediblər. Yəni yalnız şənlik evində zal kirayələyirlər, yeməkləri isə özləri hazırlayırlar ki, toyun xərci ucuz düşsün.

Eldar İdrisov adlı bir sahibkar isə Azərbaycanda toyların dəbdəbəli keçməsindən və israfçılığa yol verilməsindən narazıdır.

«BİR ADAM NƏ QƏDƏR YEMƏK YEYƏ BİLƏR?»

Bir adam nə qədər yemək yeyə bilər? Bir toya verilən yeməklə 5 toyu yola vermək olar. Hamı da bir-birilə bəhsə girir.

Müsahibimiz xatırladır ki, İngiltərə şahzadəsi sadə bir qızla evləndi. Amma onun fikrincə, Azərbaycanda son illər qəribə bir adət yaranıb:

«NAZİR NAZİRLƏ QUDA OLUR, DEPUTAT DEPUTATLA...»

- Görürsən ki, nazir nazirlə quda olub, deputat deputatla, hansısa böyük biznesmen başqa bir böyük biznesmenlə. Belə təbəqələşmə yaratmaq olmaz.

İngiltərədə təhsil alan Kərəm Məmmədov isə orada sadə toyları xatırlayır. Deyir ki, qonaqların sayı bəyin, ya gəlinin çevrəsindən asılıdır, toya pul salmaq kimi adət yoxdur:

- Kilsəyə dəvət edirlər, nikah mərasiminə. Sonra da qonaq azdısa evlərinə aparırlar, çoxdursa, restorana. Yemək- içmək də bizdəki kimi deyil, adətən, qəlyanaltı olur. Qonaqlardan da kimisi hədiyyə gətirir, kimisi pul verir. Eləsi də olur ki, heç nə vermir. Burda belə şey yoxdur ki, hədiyyə verməyənə başqa cür baxsınlar. Qonaq çağırılan yerə getməyi ilə artıq hədiyyə etmiş sayılır.

Türkiyəli Ferudun Ərduranlı isə deyir ki, bir müddət öncə qardaşına toy edəndə ölkənin hər yerində yaşayan qohum- əqrəba toya dəvət olunub. Toyda isə qonaqlara tort və spirtsiz içkilər təklif edilib. Onların adətinə görə, qonaqlar bəylə gəlinə zinət əşyası bağışlayıblar.

İtalyanların adətinə görə, toyda nəmər atılmır.

Dünyada hər ölkənin özünə məxsus adət-ənəsi var. Məsələn, bir italyan ilə ailə quran Zümrud danışır ki, onların adətinə görə, toya nəmər atılmır. Bəylə-gəlinin almaq istədiyi əşyaların siyahısı və mağazanın ünvanı qonaqlara göndərilir. Qonaqlardan da kimin nəyə gücü çatır, o əşyanın pulunu ödəyir. Bəylə-gəlin də öz növbəsində toyda qonaqlara xatirə üçün kiçik hədiyyə edir.

«GƏLİNİN GÖZ YAŞLARI»


Niderlandda toy naharı mərasimdən qabaq olur. Naharda «gəlinin göz yaşları» adlanan tünd şərab və «gəlinin şəkəri» adlı təam verilir.

Finlandiyada gəlin gələcək ərinin evinə toydan bir həftə əvvəl köçür və nikahdan sonra evə girəndə konkret bir işlə məşğul olur: əri üçün şalvar tikir və ya ev işi görür.
Norveçdə yeni evlənmiş cütlük isə toy günü qapılarının ağzında küknar agacı əkir. Danimarkada evlənmək üçün ən uğurlu gün Valentin günü hesab olunur. İnanca görə, həmin gün evlənən cütlük həyatlarının sonuna kimi bir-birini sevəcək.

BƏY GƏLİNƏ 33 XIRDA PUL GÖNDƏRİR

İspaniyada bəy gəlinə 33 xırda pul göndərir, bu isə o deməkdir ki, onun qayğısına qalacaq və istəyir ki, onun həyatını müdafiə etsin. Toy müddətində gəlin bu pulları xüsusi pul kisəsində saxlayır. Əvvəllər İspaniyada yeni evlənənlərin toydan sonrakı gecəni ayrı, nəzarət altında keçirərdilər.

Azərbaycanda da deyilənlərə görə, əvvəllər gəlin ata evindən çıxanda onun başına noğul, konfet, xırda pul tökərdilər. Bir də toyda şabaş vermək vardı ki, indi bir çox toylarda bu, artıq icra olunmur. Ancaq gəlinin vağzalı sədaları altında gətirilməsi ənənəsi son onilliklər bira adətə çevirilib. Azərbaycanın bəzi bölgələrində isə əvvəllər bəyin toy günü ogurlanması bir adətə çevirilibmiş.
XS
SM
MD
LG