Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:16

Dini icmalar gizli fəaliyyətə keçə bilərlər?


Azərbaycanda indiyə qədər 534 dini icma qeydiyyatdan keçib. Onların 32-si qeyri islamı dini icmalardır
Azərbaycanda indiyə qədər 534 dini icma qeydiyyatdan keçib. Onların 32-si qeyri islamı dini icmalardır
Azərbaycandakı dini icmalar yenidən qeydiyyatdan keçməlidirlər. «Dini Etiqad Azadlığı Haqqında» qanuna edilən əlavə və dəyişikliklərdən sonra qeydiyyatdan keçməyən dini icmanın fəaliyyətinə imkan verilməyəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva deyir ki, artıq yenidən qeydiyyatdan keçməklə bağlı dini icmalara xəbərdarlıqlar edilməkdədir. Ancaq hələ ki, qeydiyyatda olmuş dini icmalardan təkrar qeydiyyat üçün müraciət edən yoxdur.

Komitədən aldığımız məlumata görə, qeydiyyat üçün tələb edilən sənədlərə yeniləri də əlavə edilib. Bundan sonra hər bir dini icma yaranma tarixi, məramı, dünyəvi təhsilə münasibətləri və başqa bir sıra məsələlərlə bağlı arayış təqdim etməlidirlər. Ancaq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sənədləşdirmə işlərinin artmasını qeydiyyat prosesinin çətinləşdirilməsi yox dövlətin təhlükəsizlik tədbirlərini gücləndirməsi kimi dəyərləndirir.

MƏMUR SÜRÜNDÜRMƏÇİLİYİ?…

Azərbaycanda dini icmaların qeydiyyatı əvvəllər də asan başa gəlməyib. «Məşədi Dadaş» Məscidi Dini İcmasının rəhbəri Hacı Şahin Həsənli deyir ki, onların indiyə qədər qeydiyyata alınmamaları məmur süründürməçiliyi ilə bağlıdır. Çünki onların qeydiyyatı üçün təkcə Qafqaz Müsəlmanları İdarəsindən yox, həm də yerli icra hakimiyyətindən müsbət rəy tələb edilir. Baxmayaraq ki, qanunda belə bir tələb yoxdur.

«Yerli icra hakimiyyəti həmişə yeni dini icmaya rəy verməkdən imtina edir. Əslində bu məntiqsizdir ki, yeni yaradılan icmaya icra hakimiyyəti ya mənfi, ya da müsbət rəy verir. Bizim sənədlərimizin qeydiyyata təqdim edilməsinin gecikməsi icra hakimiyyətinin rəyi süründürməsindən irəli gəlir».

YENİ QANUNİ ÇƏTİNLİKLƏR?…

Ancaq qanuna edilən əlavə və dəyişikliklər də yeni mübahisələr üzə çıxarıb. Hacı Şahin Həsənli hesab edir ki, bu qanundakı bir sıra tələblər ölkə konstitusiyası ilə ziddiyyət təşkil edir. İcma rəhbərinin fikrincə yalnız qeydiyyatda olduğun ərazidə fəaliyyət göstərməyə icazə verilməsi düzgün deyil. Çünki konstitusiya bütün ölkə ərazisində dini fəaliyyətə icazə verir. Üstəlik bu qanuna görə yalnız məscidlərdə fəaliyyət göstərilə bilər. Bu da dini təbliğata, dini maarifləndirməyə qadağa kimi başa düşülür.

DİNİ İCMALAR GİZLİ FƏALİYYƏTƏ KEÇƏ BİLƏRLƏR?..

Hacı Şahin Həsənli deyir ki, dini icmalara yaradılan bütün bu məhdudiyyətlər onların qeyri-leqal fəaliyyətə keçmələrinə gətirib çıxara bilər:

«Məhdudiyyətlər heç vaxt xeyir gətirməyib. Əksinə məhdudiyyətlər qeyri-konstruktiv addımlara səbəb olur. Elə götürək İranı. Şah rejimi vaxtı əlavə məhdudiyyətlər yaradıldı, nəticədə İslam siyasiləşdi».

Hacı Şahin Həsənli deyir ki, yalnız məhdudiyyətlərin aradan götürülməsi və demokratik fəaliyyətə imkan verməklə radikalizmin qarşısını almaq olar.

Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu isə hesab edir ki, bütün bu məhdudiyyətlərin mahiyyəti dini icmaları tam nəzarətə götürməkdir:

«Yəni neçə müddətdir ki, ölkədə söz azadlığı, siyasi fəaliyyət azadlığı sahəsində nəzarət gücləndirilir. Görünür vicdan azadlığı sahəsində də nəzarəti gücləndirmək istəyirlər».

Azərbaycanda indiyə qədər 534 dini icma qeydiyyatdan keçib. Onların 32-si qeyri islamı dini icmalardır. Qanuna edilən əlavə və dəyişikliyə görə, onlar bu ilin dekabrın 31-nə kimi yenidən qeydiyyatdan keçməlidirlər…
XS
SM
MD
LG