Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:36

Yaşar Nuri: «Prezidentin sarayı da olmalıdır, evi də»


Yaşar Nuri
Yaşar Nuri
«İşdən sonra»nın qonağı xalq artisti Yaşar Nuri ilə «Sənətkar və zaman» mövzusunda söhbət olub. Müsahibəni təqdim edirik:

- Yaşar müəllim, bu gün sənətkara qiymət qoyulurmu?

- Təbii ki, sənətkara qiymət qoyulur. Olur ki, hərdən ən təcrübəli müəllim də iki alana çaşıb, beş yazır. Amma həmişə sənətkara ömrü boyu hörmət olub, diqqət olub. Təbii ki, hörmət var. Həm xalq arasında, həm də dövlət arasında.

- Amma bir müddət öncə, sizinlə çiyin-şiyinə bir neçə obrazlar yaratmış xalq artisti Telman Adıgözəlov dünyasını dəyişdikdən sonra onun dəfni ilə bağlı həmkarlarınız arasında narazılıq yarandı ki, o, belə səssiz-səmirsiz dəfn olunmamalıydı.

- Mən özüm də təəssüf edirəm. Təbii ki, onu Aktyor Evindən götürə bilərdilər. Həmin gün bir neçə tədbir var idi. Amma gərək oradan götürəydilər. Can yandırmaq gərək sözdə olmasın. Canı yandıranda əməlli-başlı yandırasan. Mən təsəlli üçün misal gətirim. Mən deyim, Əliağa Ağayev dünya şöhrətli Məşədi İbadı oynayıb, Lütfi Məmmədbəyov «Şöhrət» ordenli xalq artisti, Məmmədrza Şeyxzamanovu harada basdırıblar? Ümumi qəbiristanlıqda. Mənim üçün 10-15-20 ilə belə bir şey olacaqsa, təbii ki, olacaq. Bu cür gözəl sənətkarları böyük vida ilə yola salmaq mümkündür. Onu aparıb böyük bir zala qoyaydılar, qohum-əqrəbasından başqa heç kim olmayaydı. O günü vaylayardıq. Amma çox böyük bir izdihamla Telmanı dəfn etdilər. Allah rəhmət eləsin.

- Dinləyici yazır: İndiki Yaşar Nuri artıq bizim deyil. Elə milli sərvətimiz kimi.

- Kimindir bəs? Mən hər halda milli sərvətin bir damlasıyamsa, bu xalqınam, bu xalqın oğluyam. Arxayın olsun.

- Dinləyici yazır: Köhnə tamaşalarınıza sevə-sevə baxırıq. Amma son obrazlarınızı bəyənmirəm. Xüsusilə gənclərlə oynadığınız tamaşaları. Niyə sovet dövrünün tamaşaları kimi tamaşa görmürük?

- Mən cavanlarla yanbayan dayanmağıma, hardasa məni örnək hesab edirlərsə, onlarla iş görməyimə peşman deyiləm. Mən bir kadra çəkilirəmsə, bu mənim üçün qənimətdir, gənclər üçün mənfəət. Mən burda böyük həvəslə işləyirəm, çünki cavanların işə şövqünü-həvəsini görürəm.

- Doğrudan da belə söhbət gəzir ki, bu rollar üçün Yaşar müəllimə çox böyük qonorar verirlər, ya da Yaşar müəllim cavanlara master-klas vermək istəyir.

- İkinci daha doğrudur. Qonorar məsələsindən danışmayaq. Ümumiyyətlə Azərbaycanda aktyor ifasına olan qonorar haqqında danışmağa dəyməz.

- Amma narazılıq da çoxdur. Sizi bu rollarda görmək istəməyən tamaşaçılar var. Sizi adətən daha samballı rollarda görüb Azərbaycan tamaşaçısı.

- Mənim samballı rollarım teatrda yenə var. Teatrlar da təmirdədir. Bu mənim iki il səhnədə olmamağımın nəticəsidir. Yavaş-yavaş qoy özümə gəlim, yenə məni samballı rollarda görəcəklər. Onların zəif hesab etdiyi rolu da mən onlar üçün ifa edirəm. Hər halda xoşu gələn də çoxdur. Beləsi də var. Nə olsun? Həyatdır da. Sənətdə ola bilməz ki, hər şey əla olsun. Bu da lazımdır.

- Dinləyici yazır: Tanınmış alim Rafiq Əliyev bu yaxınlarda dedi ki, intelligensiya və xalq, intelligensiya və hakimiyyət - bu zəncirdə iki qütb arasında ziyalıların yeri çox vacibdir. Taleyüklü məsələlərin həllində intelligensiya xalqı öz arxasınca aparmalıdırmı?

- Təbii ki, aparmalıdır. Bu saat bizim ən böyük problemlərimizdən biri ziyalı problemidir. Heç kim də bunun tərifini verə bilmir ki, ziyalı necə olmalıdır? Ziyalı kimdir? Ziyalı sözün əsl mənasında fizika elmləri doktorunu dindirəndə o, Füzulidən qəzəl deyə bilirsə, budur ziyalı. Bu gün mənə deyəndə ki, AB kvadratı neçədir? Mən cavab verə bilirəmsə, deməli mən də hardasa ziyalıyam. Ziyalılıqda hər şeyi bilik həll edir. O demək deyil ki, mən geyinib, dayanım. Ağzım açılmalıdır axı. Ağızdan dürr çıxanda bilirsən ki, bu ziyalıdır. Ziyalılıq ayrı şeydir. Ağsaqqallıq ayrı şeydir. Bunlar ayrı-ayrı şeylərdir. Amma mən arzu edərdim ki, bizim ziyalılar xalqı öz ardınca düzgün istiqamətə apara bilsin. Ziyalı azdıra da bilər. Çünki xalq ona inanır.

- Deyirlər ki, ziyalılar bu məsələni həll etməlidirlər, ziyalılar bu məsələdə mövqe nümayiş etdirməlidirlər. Sizcə bu düzgündürmü?

- Ziyalıların hörmətini elə dərəcəyə çatdırmaq lazımdır ki, onun dediyi söz keçsin. Ziyalılıq rütbədir. Çoxu rütbə üçün Həccə gedib-gəlir ki, buna da Hacı desinlər. Bunu qazanmaq lazımdır. Bunu sənə ad qoyurlar. Filankəs ziyalıdır. Filankəs xalq artisti deyil, xalqın artistidir. Eləsi var görürsən ki, elmi dərəcəsi professordur, amma ona professor demək olmur. Biri də var deyir ki, filankəs zalım oğlu dərsi elə danışır. Professordur da. Halbuki o, professor deyil. Budur məsələ.

- Mövqe məsələsindən söz düşmüşkən. Təxminən on il əvvəl «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu həbs olunanda siz də bu məsələyə münasibət bildirmişdiniz. İndi də jurnalistlər həbs olunur. Yaşar Nurinin münasibətinə isə mən mətbuatda rast gəlmirəm.

- Əvvəla Yaşar Nuriyə müraciət edəndə sözünü deyir. Yaşar Nuriyev bilmədiyi işə qarışmır. Yəqin mən nəsə bilmişəm ki, söz demişəm. indi müraciət etsələr ki, filankəsi tutublar, mən məqsədini bilmirəm axı. Nəyinsə xatirinə deyim ki, yox o, azad olunmalıdır. Axı görüm bu nə yazıb? Müraciət edəndə öz sözümü deyirəm. Hər halda çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə. Siyasət çox incə məqamdır. Mənim siyasətim öz içimdədir. Mən üç siyasətçi arasında danışa bilmərəm. Və yalandan siyasətdən danışanda, o siyasətçiyə mənim gülməyim tutur.

- Bəs ümumiyyətlə mətbuatı izləyirsinizmi?

- Hər halda Azərbaycanda yaşayıram. Şəhərin mərkəzində yaşayıram. Gündə 300 nəfərlik auditoriyaya girirəm. Mən gərək baleti də biləm, dünya çempionatını biləm, balkondan kim yıxılıb, onu da biləm. Bunları bilməsəm mən auditoriyaya girə bilmərəm axı.

- Onda Eynulla Fətullayev niyə tutulub, yəqin onu da bilirsiniz?


- Bilirəm.

- Jurnalistin həbsinə münasibətiniz necədir?

- Bu dünyada qəbul olunmuş qanundur. Elə bilirik ki, bu hadisə Surxayzadə demişkən məhzi bizdə olur. Dünya dağılır daşqından. Bizdə 3-4 rayonda sel olur. Olmasın. Bay, qoymayın dəhşət. Yenə xalqdır e... Elə bil mənim evim üçüb, neyniyərəm? Jurnalistlərin həbsi də çox olur. Eynulla Fətullayev kimi jurnalistlərə hardasa haqq, hardasa yox, araşdırmaq lazımdır. Ağcaqanad səbr gətirir. Yediyi qanı ifraz edir. Ağcaqanad özü görünmür. Onun ifraz etdiyini necə görüm mən? Siyasət belə şeydir. Ona görə incə mətləbdir.

- Dinləyici yazır: «Yol əhvalatı» yeni, bu günlə səslənən mövzuda çəkilsəydi, Yaşar Nuri və onun həmkarları Eynulla Fətullayevin ya da Emin Millinin, Adnan Hacızadənin yanında həbsdə olardımı?

- Mən oranın sözü olmasın, hamısına açıq qapı arzu edirəm, Allah qapılarını açıq etsin. İkinci də mən onlar haqda danışmaq üçün gərək bildiyimi biləm. Hər halda mən siyasətçi deyiləm. Təbii ki, bütün ağrıdan problemlər məni də ağrıdır. Mənim də bəlamdır. Mən də iki övlad atasıyam. Hər halda istəməzdim heç kim orada qalsın. Yəni bu dərinlikləri mən o qədər bilmirəm. Ona görə də ancaq onu deyə bilərəm ki, Allah qapılarını açıq etsin. Yazsınlar, yaratsınlar.

- Dinləyici yazır: Nüfuzlu «Vaşinqton Post» qəzetinin Dubay mülkləri adlı xəbərinə münasibətiniz?

- Mən onu deyə bilərəm ki, mən təzə obrazlar üzərində işləyirəm. Kimin harada nəyi var, harada nə işlə məşğuldur, mənim onunla maraqlanmağa vaxtım yoxdur. O qəzetlər bizə çox ləkələr də ata bilər. Onlar yazmışdılar ki, guya Amerikada bir dəstə azərbaycanlı tələbə narkomandır. Sonra deyirsiz ki, mətbuatı oxumuram. Hamıdan çox maraqlanıram. Ona görə onlar orada nə yazır, mənə dəxli yoxdur. Məni buradakı yazılar maraqlandırır.Mən nə bilim ki, kimin harada mülkü var? Sabah götürüb mənim üçün də Amerikanın jurnalı yaza bilər ki, Yaşar Nuriyevin nə bilim nəyi var. Mən belə şeylərlə maraqlanmıram. Bizim məhlədə deyirlər mənlik deyil.

- Qəzet oxusaydız bilərdiniz axı.

- Qəzet oxudum və bildim. Mənim bir rolum var: nolsun?

-Vətəndaş kimi mövqeyinizi bildirərdiniz?


- Vətəndaş kimi mövqeyim: Allah bol eləsin. Prezidentin sarayı da olmalıdır, evi də olmalıdır. Nə bilim mətbəxi də səkkiz dəfə məndən böyük olmalıdır. Prezidentdir də bu.

- Hansı pullarla alır? Söhbət bundan gedir.

- Bunun üçün maliyyə naziri var. Mənim sənətim var. Və mən bilavasitə bu sənətlə məşğulam.

- Dinləyici yazır: Yaşar müəllim, mədəniyyətimizin bugünki durumundan razısınızmı? Görkəmli ziyalımız, Rüstəm İbrahimbəyovun Patamdar qəsəbəsindəki torpaq sahəsini Dövlət Neft Şirkətinin mənimsəməsinə necə baxırsınız?

- Vallah və billah Məşədi İbad demişkən mənlik deyil. Mən belə şeylərə qatışmıram axı. Kimin torpağını kim alıb bunun üçün millət vəkili var.

- Söhbət kino evindən gedir. Yəni Rüstəm İbrahimbəyov həmin torpaqda kino evi yaratmaq istəyirdi. Dövlət Neft Şirkəti həmin torpağı alıb.

- Ona görə bunların ikisi həll eləməlidir həmin məsələni. Yaşar Nurini təbii ki, Dövlət Neft Şirkətində qəbul etməyəcəklər. İbrahimbəyov tiksə, gedib orada oynayacağıq. Mübahisəli torpaq məsələsinə gəldikdə isə mən bələdiyyə rəisi deyiləm. Mən bir ziyalı kimi deyə bilərəm ki, nahaq ediblər. Mən ixtiyar sahibi deyiləm axı.

- Bu dünyada ixtiyar sahibi, daha doğrusu rollarınızdan birində dediyiniz kimi, bu dünyada padşahdan, zaddan olsaydınız, neyniyərdiniz?

- Allah dəvəyə qol-qanad versəydi, yıxılmamış dam-baca qoymazdı. Vəssalam.

- Siz padşah olmağa layiq deyilsiz?

- Məndən nə şah olar, nə vəzir. Gəlsəm də şah özü peşiman olar. Qoyun oturmuşam yerimdə özümçün.

- Dinləyici yazır: Sovet dövründə tənqidi tamaşalar həm tamaşaçılar, həm də hökumət tərəfindən səmimi qəbul olunurdu. Bu gün dövlətin bu sahəyə maliyyə ayırmaması onu göstərir ki, hakimiyyət tənqidi qəbul etmir.

- Hakimiyyət tənqidi qəbul edir. Tənqid böyük şeydir. Amma baxır nə cür tənqid. Sovet dövrünün dili ilə danışsaq tənqiddən nəticə. Belə bir şeir var. Sonu belə bitir: Məni çox tənqid etmə, satirik. Babamı tənqid edib Mirzə Ələkbər Sabir. Sənə zatım ki, tanışdır. Deməli yad deyiləm. Özünü yorma, kişi, mən düzələn zad deyiləm. Yəni ki, tənqidin də yeri var. Yaxşı tənqidi adam hekayədən yaxşı oxuyur. Qərəzli yazanda bilirsən ki, qərəzdir. Təbii ki, söz azadlığı var, mətbuat azadlığı var. Amma bu o demək deyil ki, babam mənə kor deyib, gələn- gedəni vur deyib.

- Tənqidi filmlər çəkilirmi Azərbaycanda?

- Tənqid üçün «Mozalan» vardı qabaq. İndi də bərpa olunub. Filmlər çəkilir. Baxır tamaşaçıya. Siz filmdə gözəllik axtarırsınız. Mən sürücüyəmsə filmdə sürücü olan yeri axtarıram. Baxıram ki, sürücü belə olmaz. Hərənin bir tənqid hədəfi var. Bütöv hədəf kinoşünasın, teatrşünasın, bayaq dediyim kimi, torpaq komitəsinin, bələdiyyənin işidir.

- Ayaz Salayevin bir filmi var. Ötən ildən ətrafında müzakirələr səngimir.

- O filmdə mən də çəkilmişəm. Düzdür mən iki kadrdayam. Mən və Nodar Şaşıqoğlu. Film başlayanda yazır ki, Yaşar Nuri və Nodar Şaşıqoğlunun iştirakı ilə. Onun mədəniyyəti, qabiliyyəti, istedadı mənə xoş oldu ki, mən gedim o epizoda çəkilim. Bax budur ziyalı - Ayaz Salayev. Ayaz Salayev bir ziyalı kimi formalaşıb. Ziyalı kimi artıq o hazırdır. Ona qol-qanad vermək lazımdır. Filmdə mübahisəli məqamlar olub. Yəqin ki, düzəldib çıxardarlar ortaya.

- Ümumiyyətlə o film nə haqdadır?

- Doğrusu mən ssenarini tam oxumamışam.Ayaz Salayev hər şeyi olduğu kimi görən bir ziyalıdır. O, yəqin bir neçə şeyi olduğu kimi çəkib deyə burda yəqin senzura məsələsi var. Bayaq dediyiniz orta nəsil ziyalısı Ayaz Salayevdir. O nəsildən Eldar Quliyevdir. Belə ziyalılarımız çoxdur.

- Dinləyici yazır: Xalq sizi bu qədər sevirsə, haqqları tapdalanmış xalqın hansısa bir nümayəndəsinin hüquqlarını qorumaq baxımından hansı addımları atmısınız?

- Kişi elədiyini deməz. Amma çox adamların istər həbsdən buraxılmasında, istər əfv olunmasında mənim imzam var. Eləsi var yerinə yetirilib. Tək mənim imzama görə yox. Orada bir neçə ziyalının imzası olub. Buna böyük risklə getmişəm və imzamın arxasında dayanmışam.

- Dinləyici yazır: Bir sənət adamı kimi hakimiyyətdən «Hanı Qarabağ» deyə soruşa bilərsinizmi?

- Mən də böyük həsrətlə baxıram. Mən də izləyirəm. Mən də izləyiciyəm. Amma mən də deyirəm hamı kimi. Mən deyərəm ki, bəyəm öldü Qarabağ? Mən deyə bilmərəm hanı Qarabağ. Mən gümanımda itirməmişəm. Mən inanıram ki, Qarabağda görmədiyim yerləri görəcəyəm. Mən Şuşada olmamışam. Elə bil ki, bir gözəli sənin üçün tərifləyirlər. Sən o gözəli görməmisən. Amma o gözəl yoxdur. Necə olarsan? Mən bilirəm ki, mənim bu həsrətim ürəyimdə qalmayacaq. Buduree Qarabağ - bunu deyə bilərəm.

- Dinləyici yazır: Azərbaycanda kino yoxdur, yoxsa kinoda sizə yer yoxdur?

- Allah eləməsin mənə yer olmasın. Gör nə məsələdir ki, mənə Əzrayılın siyahısında da yer tapılmadı. Mənə yer yoxdur sözü ancaq orada ola bilər.

- Dinləyici yazır: Sizin də çəkildiyiniz «Yuxu» filmində mənəvi babam Rəsulzadənin portreti var.

- Təbii ki, bu həm rəssamın, həm rejissorun ideyası idi. M.Ə.Rəsulzadənin şəklinin fonunda şəkil çəkdirmək özü də böyük bir şeydir. Film bir saatlıq tarixə düşübsə, aktyorlar da onun şəkli fonunda tarixə düşmüş adamlardır.

- Amma indi kabinetlərdə Rəsulzadənin portreti asılmır. Yəqin dinləyici buna işarə edir.

- Elə adam var Səməd Vurğunun portreti var otağında. M.Ə.Rəsulzadənin portreti yoxdur. Allah qoysa onun kabineti olar, birinci qoyar. Mən çox yerlərdə görmüşəm. Ulu öndərin şəkli də burda olur, M.Ə.Rəsulzadənin də.

- Dinləyici yazır: Yaşar müəllim Azərbaycanda nədən razı, nədən narazısız?

- Çox şeylər var. Nədən başlayasan? Razı şeyləri demək asandır, razıyıq ki, müstəqilik, təyyarədən baxanda Azərbaycanı tanımaq olmur. Amma narazılıq çoxdur ki, o da gəlir ki, müasir gəncliyin tərbiyəsinə. Bir qədər gələcək nəslin ziyalılığına şübhəm var.

- Dinləyici yazır: Yaşar Nuri xalq artistidir, siyasətçi deyil. Ona bu sualları niyə verirsiz?

- Eybi yoxdur. Mən indi bildim mənim də adamım var. Siyasətdən sual verənlər bilsin ki, onları ağrıdan dərdlər məni də ağrıdır. Mən onlara izah edə bilmirəm. Çünki mən siyasət adamı deyiləm, olmaq fikrində də heç vaxt olmamışam. Mən millətə sənətkar kimi xidmət edirəm. millətin vəkili olmasam da, vəkilliyi vəzirlikdən çox edirəm.

- Bir qədər əvvəl zaman sizin üçün dayanmaq istədi. İndi isə sizə bir zaman verilib. Bu zamandan necə istifadə etmək istəyirsiniz?


- İlk növbədə lazımsızlığımı hiss etsəm, bu mənim üçün faciədir. Zaman mənə imkan verir ki, mən arzuladığım hər şeyi görüm. Səadət nə dünəndir, nə sabah. Səadət indidir, oturmuşam, yaşayıram. Allah mənə imkan verib ki, mən bundan sonra az-çox yaradıcılığımda olam. Aktyor xalqın gözü qarşısında doğulmalıdır, böyüməlidir, yaşa dolmalıdır, salam dediyi kimi, əlvida da deməyi bacarmalıdır. Mən salamımı dəfələrlə demişəm, amma əlvidanı bir dəfə deyəcəyəm.

- Vaxtımız bitdi.

- Mən sonda onu deyirəm ki, millət vəkilləri platrforma yazır 60 səhifə. Mən onları deməyəcəyəm. Mənim platformam xalqımı sevməkdir. Bu suallar mənim boynuma məsuliyyət qoyur ki, mən mətbuatla daha çox maraqlanım. Hamınızı öpürəm.

/Hazırladı: Kamran Mahmudov/
XS
SM
MD
LG