Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:45

«Soruşurdular ki, siz hara işləyirsiniz?»


İran futbol liqası Perspolis - Traktorsazi qarşılaşması
Futbol matçına gedirsinizsə, əyninizə nə geydiyinizə diqqət edin. Xüsusilə də İranda. Xüsusilə də əyninizdəki köynəyin sizin milli hisslərinizin nümayişi kimi qəbul edilmək ehtimalı varsa.

Sentyabrın 10-da Təbrizin «Traktorsazi» və İsfahanın «Zobahən» futbol qarşılaşmasının nəticələrindən biri də təbrizlilərin komandasının azarkeşlərinin polis tərəfindən saxlanılması oldu. Saxlananlar 3 gündən sonra girov zəmanəti qarşılığında azadlığa buraxılıblar. Bunu üzərində ay-ulduz işarəsi olan qırmızı köynək geydiyinə görə saxlanan İrəc Nəsirzadə deyir:

SORUŞDULAR Kİ, SİZ HARA İŞLƏYİRSİNİZ?

«Bizi futbol meydançasından tutub polisə aparanda orda 28-29 nəfər var idi. Həmin gecə 10 nəfəri buraxdılar. Qalan 19 nəfər üç gün həbsdə ac qaldıq. Bizi sorğu-sual etdilər ki, niyə bu köynəkdə gəlmişik, matçda bəziləri Türkiyə-Azərbaycan bayrağını çıxarmışdırlar, soruşdular ki, siz hara işləyirsiniz?».

Məhbusların ailə üzvləri və vəkillərlə görüşməsinə icazə verilməyib. İrəc Nəsirzadə deyir ki, suallara cavab verməyənlərə işgəncə edilib, onlar polis tərəfindən döyülüb:

BƏZİ YOLDAŞLARI ÇOX VURURDULAR

«Mənə az vurdular, məsələn, sillə ilə. Amma bəzi yoldaşları çox vururdular. Deyirdilər ki, hara bağlı olduğunuzu yazmalısınız, biz də deyirdik heç hara bağlı deyilik, sadəcə futbolu izləməyə gəlmişik. Onda döyürdülər ki, düzünü deyin. Yoldaşların başına, qoluna vururdular. Kiminin barmağı qırılmışdı, kimisinin kürəyinə o qədər vurmuşdular ki, qan yığılmışdı».

Sentyabrın 13-də axşam saat 7-də bütün saxlananlar azad olunub. İrandakı Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) nümayəndəsi Yaşar Həkkəkpur deyir ki, onlarda həbs olunanlardan cəmi dörd nəfəri barədə məlumat var:

30-A YAXIN AZARKEŞ POLİSƏ APARILIB

Yaşar Həkkəkpur
«Futbol meydançasından 30-a yaxın azarkeş polisə aparılıb. Onların barəsində heç bir ittiham olmadan qanunsuz 3 gün həbs ediliblər. Amma onlardan cəmi 4 nəfərin yaxınları ictimai təşkilatlara məlumat veriblər. Qalanları yenidən onların saxlanmasından, işgəncələrə məruz qalmalarından qorxduqlarından heç kimə heç nə demirlər».

Yaşar Həkkəkpur deyir ki, təkcə bu ilin may ayından indiyə qədər İranda 16 milli fəal heç bir əsas olmadan həbs olunub. Onun sözlərinə görə, futbol azarkeşlərinin qırmızı köynək geyindiklərinə, əllərində Azərbaycan-Türkiyə bayrağı olduğuna və şüarlar səsləndirmələrinə görə üç gün həbsdə saxlanmaları və işgəncələrə məruz qalmaları da növbəti qanunsuzluqlardandır.

Təbrizlilərin şirin ləhcəsində «Traxtur» adlandırdığı bu futbol klubu traktor düzəltmə zavodunun komandasıdır. İranın superliqasında oynayır. Son vaxtlar qırmızı rəng Azərbaycanın milli kimliyi uğrunda dinc fəaliyyət göstərən və «Traxtur» tərəfdarları üçün rəmzi məna daşıyır. «Tiraxtur»un oyunları müxtəlif şüarların səslənməsi ilə yadda qalır. Sonuncu sentyabrın 10-da «Zobahən» və «Traxtur» qarşılaşmasında da «Azərbaycan var olsun, tutulanlar azad olsun!», «Yaşasın Azərbaycan!», «Türk dilində mədrəsə!» kimi şüarlar səsləndirilib.

«TRAXTUR» UDUZUB, AMMA…

İsfahanlılarla oyunda «Traxtur» 1-2 hesabı ilə uduzub. Amma oyunu seyr etmiş təbrizlilər deyir ki, nə bu məğlubiyyət, nə də futboldan sonrakı həbslər onların öz komandaları ilə bağlı coşqusunu azaltmır. Çünki klubun oyunları idmandan çox, bir milli birlik məsələsidir. «Traktorsazi»ni təkcə Təbrizin komandası hesab etmirlər. Onu izləmək üçün Urmiyədən, Zəncandan, Ərdəbildən, Həmədandan, türklər yaşayan bütün bölgələrdən azarkeşlər oyunlara gəlirlər.

Nəzər yetir
:İran türklərinin «Barselona»sı
XS
SM
MD
LG