Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 14:03

Misir Azərbaycan politoloqlarının baxış bucağında...


Zərdüşt Əlizadə
«Panorama» verilişində politoloqlar Zərdüşt Əlizadə və Hikmət Hacızadə Hüsnü Mübarəkdən sonrakı Misirin gələcəyi ilə bağlı fikirlərini bölüşürlər.

Zərdüşt Əlizadə:

«ORDUNUN NAMİZƏDİ DAHA ŞANSLI OLACAQ...»

«Məncə, indi Misirin sabitliyini istəməyən güclü ictimai, siyasi qüvvə yoxdur. Xalq da, ABŞ da, Avropa ölkələri də, hətta İsrail də indi orada əmin-amanlıq istəyir. Ona görə də çox əlverişli şərait yaranıb. Konstitusiyaya dəyişiklik edib, azad və ədalətli seçkilər keçirmək üçün. Misirdə siyasətşünaslar düşünür ki, beynəlxalq standartlara cavab verən seçkilər olsa, Mübarəkin daim Qərbi qorxutduğu «Müsəlman qardaşları» cəmi 15-20 faiz arasında səs götürəcək. Misirdə parlamentin çoxpartiyalı bir sistemə çevriləcəyi artıq şübhə doğurmur. Qaldı prezident seçkilərinə, kral Fərrux devriləndən bəri Misirə daim hərbiçilər hökmranlıq edib. Həlledici söz ordudadır. İstisna edilmir ki, ordu hansısa hərbiçini müdafiə etsin. Bu zaman həmin hərbiçinin şansı peşəkar diplomatlar Əmir Musadan və Məhəmməd əl-Baradeyidən daha yüksək olacaq...».

Hikmət Hacızadə:


«MƏSƏLƏ TƏKCƏ HÜSNÜ MÜBARƏKİN GETMƏSİNDƏN VƏ YENİ KONSTİTUSİYANIN QƏBULUNDAN ASILI DEYİL»

«Misirdə hələ də korrupsiyalaşmış məmur aparatı var. Böyük korrupsiya ənənəsi var. Məsələ təkcə Hüsnü Mübarəkin getməsindən və yeni konstitusiyanın qəbulundan asılı deyil. Bəs bu korrupsiya aparatını kim sındıracaq? Bəlkə də mən köhnə təfəkkürlə düşünürəm? Bəlkə parlamenti dəyişməklə ölkədə vəziyyəti dəyişmək olar? Mən bilmirəm. İndi deyirlər ki, Mübarəkin milyardlarla oğurluq vəsaiti var. Mən inanıram ki, indi Misirdə qalan korrupsiyalaşmış aparatın da milyardlarla oğurluq vəsaiti var. Bu pullar geri alınacaqmı? Hələ ki proseslər bu suallara aydınlıq gətirmir...».

Hikmət Hacızadə
Misir hadisələrinin Azərbaycanda təkrarlanma ehtimalı varmı?

Zərdüşt Əlizadə:

«RUSİYADA DƏYİŞİKLİK OLSA, AZƏRBAYCANDA DA OLAR...»

«Mən vaxtilə Misirdə bir ədəbiyyatşünasın bir yazısını oxudum. O yazırdı ki, indi Misirdə insanlar televizorlara baxıb gözləyirlər ki, Fələstin nə vaxt azad olacaq. Mən də yazdım ki, azərbaycanlılar televiziyaya baxıb Qarabağın nə vaxt azad olmasını gözləyirlər. Azərbaycanda obyektiv olaraq dərin ictimai-siyasi islahatlara ehtiyac var. Ancaq azərbaycanlılar bundan ötrü canlarını fəda etməyə hazırdırlar? Bu sualdan çox şey asılıdır. Misir hadisələrinin Azərbaycanda təkrarlanmasına inanmıram. Bəli, oxşar rejimlər, oxşar ölkələrdir. Ancaq biz ərəb dünyasının tərkibi deyilik. Misir hadisələrinin Yəmənə, Suriyaya, lap İrana təsiri ola bilər. Bizdəki proseslər isə Rusiyada gedən proseslərdən daha çox asılıdır. Rusiyada dəyişiklik olsa, Azərbaycanda da olar...».

Hikmət Hacızadə:

«BİZDƏ MÜTLƏQ OLACAQ»


«İnqilabların sirrini hələ heç bir alim açmayıb. Ancaq şəxsən mən Azərbaycanda böyük dəyişikliklər gözləyirəm. Bizdə mütləq olacaq. Bu gec olacaq, tez olacaq - deyə bilmərəm. Ancaq olacaq. Biz dəyişməsək belə dünya bizi dəyişdirəcək. Lap oturub televizora baxsaq da. Çünki dünya çox dəyişib. Heç kim imkan verməz ki, 4 tərəfimiz demokratiya olsun, biz hələ də gözləyək...».

XS
SM
MD
LG