Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:44

Torpaq kəndliyə belə qaytarıldı


Foto: Arxiv
Foto: Arxiv
-
Neftçalanın Xəzərkənd kəndindən Xanağa Ağayev «Qaynar xətt»imizə şikayət edib ki, qanunla ona verilmiş torpaq sahəsi başqası tərəfindən zəbt olunub. O da problemi hüquqi müstəviyə çıxarmaq istəyir. Ancaq torpağın zəbt olunması haqda kənd bələdiyyəsindən arayış ala bilmir ki, məhkəməyə üz tutsun.

Şikayətçi danışır:

«Yaşadığım yerdə bələdiyyədən qanuni yolla torpaq götürmüşəm. Vergisini də ödəmişəm, ancaq başqaları gəlib torpağımı zəbt edib. Torpağa dair dövlət aktı, şəhadətnamə və başqa sənədlər mənim adıma ola-ola torpağı başqası şumlayıb əkir. Məhkəməyə müraciət etmək istəyirəm, məhkəmə ərizəmi geri qaytarır ki, gərək zəbt olunmayla bağlı yerli bələdiyyədən sənəd alıb təqdim edəm. Xəzərkənd bələdiyyəsi də məni get-gələ salıb, tələb olunan sənədi mənə vermir ki, pozulmuş mülkiyyət hüquqlarımı məhkəmədə bərpa edəm. Məhkəmə özü də yayda kənd bələdiyyəmizə sorğu göndərib, ancaq sorğuya da cavab verilmir».

Xəzərkənd kəndinin bələdiyyə sədri Loğman Sultanov isə «Qaynar xətt»ə bildirib ki, Xanağa Ağayevin torpaq problemi həllini tapıb.

Bələdiyyə sədri:

«Torpağı özünə qaytarılıb, proseslərdə mən özüm şəxsən iştirak etmişəm. Artıq Xanağa Ağayevə bildirilib ki, torpaq qanunla ona məxsusdur və kim ki zəbt etmişdi, şumlamışdı, o adamdan alınaraq Xanağa Ağayevə qaytarılıb. Problem həllini tapıbsa, bizdən tələb olunan həmin arayışa nə ehtiyac var?».

Xanağa Ağayevlə növbəti telefon danışığımızda bildirdi ki, AzadlıqRadiosunun «Qaynar xətt»inə müraciət etdikdən sonra yerli bələdiyyə sənədlə ona məxsus olan torpaq sahəsinin özünə qaytarılmasını təmin edib və məhkəməyə ehtiyac qalmayıb.
XS
SM
MD
LG