Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:55

Bakıda daha bir ərazidə yaşıllıqlar bina tikintisinə qurban gedir


Bakıda Nəsimi rayonu, 4-cü mikrayon, Mir Cəlal küçəsi, 68-saylı ünvanda tikilməkdə olan bina.
Bakıda Nəsimi rayonu, 4-cü mikrayon, Mir Cəlal küçəsi, 68-saylı ünvanda tikilməkdə olan bina.

-

4-cü mikrorayonda tikilinin güdazına gedən yaşıllıq

“Yaşıllıqlarla əhatə olunan ərazidə indiyədək bina, obyekt inşa etmək istəyənlər çox olub. Ancaq etirazımız nəticəsində gerçəkləşməyib. Etirazımızın da ciddi səbəbi var.

Bu sahə bizim, eləcə də qonşu binalarda yaşayan uşaqların, qocaların arabir nəfəs ala, dincələ bildiyi yeganə yerdir. Bu gün isə etirazımıza məhəl qoymadan həmin ərazidə çoxmərtəbəli bina inşa edirlər. Ağaclar kəsilir, yaşıllıqlar məhv edilir, uşaqların oyun meydançası əldən çıxır, bina sakinlərinin istirahət yerləri dağıdılır”.

Bakıda Nəsimi rayonu, 4-cü mikrayon, Mir Cəlal küçəsi, 68-saylı ünvanda yaşayan Vidadi İsmayılov AzadlıqRadiosunun “Qaynar xətt”inə yaşadıqları ərazidəki tikintidən danışır.

Onun sözlərinə görə, həyətin ərazisində yeni hündürmərtəbəli, təyinatı sakinlərə bəlli olmayan bina tikilir. Tikinti-texniki təhlükəsizlik qaydalarına məhəl qoymamaları bir tərəfə, ətrafdakı istirahət yerləri də zəbt olunur.

Həyətə qaldırıcı kranlar, ağacdoğrayan aparatlar gətirildi

Vidadi İsmayılov AzadlıqRadiosunun “Qaynar xətt”ə danışır ki, ötən ilin iyun ayında həyətdə çoxmərtəbəli bina tikintisinə başlayıb:

“Dedik, həyətin ərazisi elə bu binalara görədir. Burada əlavə bina tikməyə yer yoxdur. Məhəl qoymadı. Bir gecədə əraziyə çoxlu sayda ağırtonnajlı yük maşınları, qaldırıcı kranlar, ağacdoğrayan aparatlar gətirdi. Azı 30 ağacı kəsib-dograyıb getdilər. Tikdiyi binanın ərazisindəki yaşıl agacları kəsdi. İndi yeni tikili yaşadığımız binanin, orta məktəbin, uşaq bağcasının və mənə məxsus olan “777” adlı kafenin ərazisini zəbt edib. Bu tikintiyə heç bir aidiyyəti qurum nəzarət etmir”.

Bina sakini Vidadi İsmayılov deyir, vaxtilə o da kafesinin ərazisini genişləndirmək fikrində olub, amma buna görə ağacların qırılmasına zərurət olduğunu görüb fikrindən daşınıb:

“Biz kafemizin ərazisini genişləndirmədik ki, buna görə bir neçə ağac kəsilməlidir. Qanunlara hörmətlə yanaşdıq, ancaq qanun hamı üçün qanun olmalıdır”.

“Pəncərələrimizi kərpiclə hörməli olacağıq”

Ətrafdakı binalarda yaşayan sakinlərin etirazına baxmayaraq, yeni tikilinin başa çatması üçün işlər davam etməkdədir. Sakinlər iş icrasından binanın tikintisinə dair sənəd tələb etsələr də, onlara heç bir sənəd göstərilmir. Vidadi İsmayılov:

“Eləcə deyirlər ki, tikinti yuxarılara məxsusdur. Pulunu veriblər, tikirik. Blokun qapısından çıxa bilmirik. Toz-tozanaq, daş-kəsək… Binanın hündürlüyünü qaldıra-qaldıra gedirlər.

Yapışdırıblar düz binamıza. Belə getsə, pəncərələrimizi kərpiclə hörməli olacağıq. Çünki tikiləcək binanın yuxarı mərtəbəsindən birbaşa evlərimizin içərisi görünəcək. Həyətə maşınların giriş-çıxışı məhdudlaşıb, maşın saxlamağa ümumiyyətlə, yer qalmayıb. Bu boyda bina tikirlər, ancaq sabah bir yanğın baş versə, ağır texnika həyətə haradan girəcək, düşünən yoxdur”.

Sakinlərin sözlərinə görə, buradakı binalar onsuz da zəlzələdən qəzalı vəziyyətə düşüb, divarlarında çat var. Binaların arasında dərin özül qazılır, kiçik bir təkan olsa, binalar çökəcək.

İcra hakimiyyəti tikintinin qanuni olduğunu deyir

4-cü mikrayon, Mir Cəlal küçəsi, 66 saylı ünvandakı yarımçıq tikilinin qarşısındakı lövhədən görünür ki, burada 9 mərtəbəli yaşayış binası tikilir. Sifarişçi isə “Tərlan T” MMC-dir.

Binanın tikintisində çalışan fəhlələr bildirdilər ki, tikinti sahibinin kimliyini bimirlər və burada qara fəhlə kimi günəmuzd çalışırlar.

Nəsimi rayon İcra Hakimiyyətindənsə tikilinin sahibinin adı açıqlanmasa da, tikinti işlərinin qanuni aparıldığını bildirdilər.

XS
SM
MD
LG