Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:00

İmişlinin Aranlı kəndində idman meydançası satılıb


Aranlı kəndində idman meydançası
Aranlı kəndində idman meydançası

-

Bakıda Avropa oyunlarına şıdırğı hazırlıq getdiyi bir vaxtda İmişlinin Aranlı kəndində idman meydançası yeniyetmə və gənclərin üzünə qapanıb. Yerli bələdiyyənin meydançanı ayrı-ayrı şəxslərə satması sakinlərin bir qismində narazılığa səbəb olub.

«DAŞLI-KƏSƏKLİ YERDƏ MEYDANÇA DÜZƏLTDİM, BƏLƏDİYYƏ SƏDRİ SATDI»

AzadlıqRadiosuna müraciət edən Aranlı kəndinin sakini Babək Cəfərov ucqar yaşayış məntəqəsində idman ənənəsinin olduğunu deyir:

«Bəyənmədiyimiz sovet hakimiyyəti dövründə kənddə uşaq-gənclər idman məktəbi təşkil edilib, əhalinin istifadəsində çoxsaylı idman qurğuları, meydançalar olub. Burada müxtəlif idman növləri üzrə yarışlar keçirilib. Kollektiv təsərrüfatın ləğvi idman məktəbinin bağlanmağına, əlvan metaldan olan pavilyonun sökülməsinə səbəb oldu. Sonra hər şeyi öz hesabımıza bərpa etdik».

Babək Cəfərovun sözlərincə, yerli islahat komissiyasının qərarı ilə keçmiş Lenin adına kolxozun iki hektar ərazisini əhatə edən avtopark «əhalinin asudə vaxtının səmərəli keçirilməsi işinin, idman tədbirlərinin təşkili məqsədilə» ona verilib:

«Bu barədə yerli islahat komissiyasının qərarı var, 265 nəfər kənd sakininin iştirakı ilə qəbul edilib. «Avtopark» ərazisini almaq üçün ailəmizin pambıq yığımından topladığı 172 min 261 manat ödəmişəm. Ərazinin kənarlarını öz vəsaitimlə hasarlatdırdım, daşlı-kəsəkli, hər cür tullantılar olan yerdə yaşıl örtüklü meydança düzəltdim, ağac göyərtdim. Öz şəxsi mənfəətimi güdsəydim, burada bostan əkər, ferma yaradardım. 10 ildən çoxdur ki, fasiləsiz və etirazsız olaraq bu yerdən təyinatı üzrə istifadə olunub. İndiyədək yerli bələdiyyə 1 qəpik də olsun bizə yardım etməyib. Əvəzində meydançanı da əlimizdən aldı, onu kiçik hissələrə bölərək ayrı-ayrı şəxslərə satıb».

Babək Cəfərov
Babək Cəfərov

Babək Cəfərov 7 yaşından idmanı öz hobbisinə çevirdiyini, dördüncü dan qara kəmər sahibi olduğunu, karate üzrə məşqçi-müəllimlik və hakimlik etmək səlahiyyəti qazandığını deyir. Əlavə edir ki, bu işdə heç bir təmənna güdmür:

«Qonşu kənddə fiziki tərbiyə müəllimi işləyirəm, 4 dərs saatım var və buna görə 40 manat əməkhaqqı alıram. İctimai əsaslarla Gənclər və İdman Nazirliyinin yerli şöbəsinin nümayəndəliyini yaratmışam. Yetirmələrim respublika və beynəlxalq səviyyəli turnirlərə cəlb olunur, aralarında uğur qazananlar da var. Yer olmadığından bir müddət kəndin mədəniyyət klubunda məşğul olurduq, bizi oradan da çıxardılar. Bədən tərbiyəsi və idmanın kütləviliyinə dövlətin önəm verdiyi bir vaxtda yerli özünüidarə orqanının hərəkəti heç cür başa düşülən deyil».

«GEDİB MƏKTƏB MEYDANÇALARINDA OYNASINLAR»

Aranlı bələdiyyəsinin sədri Nadir Vəliyev idman mütəxəssisinin iddialarını əsassız hesab edir:

Nadir Vəliyev
Nadir Vəliyev

«Bu yer bələdiyyə mülkiyyətinə verilib, yaxın vaxtlaradək «perspektiv inkişaf fondu»nda saxlanılıb. Əhalinin təbii artımı var, yeni ailələr qurulur. Sahəni 14 nəfər kənd sakininə ev tikintisi üçün vermişik. Babək Cəfərova kolxozun maşın-traktor stansiyasının əmlakı satılıb. Bu adamın əlində torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiqləyən heç bir sənəd yoxdur. Sahə boş olub deyə, burada futbol oynayıblar. Kənddə iki məktəb meydançası var, istəyən gedib orada idmanla məşğul ola bilər».

İCRA NÜMAYƏNDƏSİ BƏLƏDİYYƏ QƏRARININ ƏLEYHİNƏDİR

İmişli rayon İcra Hakimiyyəti başçısının Aranlı kəndi üzrə nümayəndəsi İlham İmanov isə yerli özünüidarə orqanının qərarını qanunsuz sayır:

Aranlı kəndində idman meydançası
Aranlı kəndində idman meydançası

«Mən 2004-cü ildə həm yerli aqrar islahat komissiyasının sədri, həm də icra nümayəndəsi təyin olunmuşam. Həmin il rayonun sabiq icra başçısı Əbülfəz Ağayev kəndə gəlmişdi. Həm islahat komissiyası üzvlərinin, həm də kənd ziyalılarının, ağsaqqalların məsləhəti ilə «Avtopark» ərazisinə baxış keçirildi və oranın idman məqsədilə istifadəsinə razılıq verildi. O tədbirdə iştirak edən adamların çoxu sağdır, soruşsanız təsdiqləyərlər. Aranlı kəndi rayon mərkəzindən 33 kilometr uzaqda yerləşir, əhalisinin sayı 4 min 500 nəfərə çatıb. Bir neçə nəfərin marağını təmin etmək üçün minlərlə insanın hüququnu pozmaq olmaz».

İDMAN İDARƏSİ DƏ «OYUNDANKƏNAR VƏZİYYƏT»DƏDİR

İmişli rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şamxal İmanov da Aranlı kəndində baş verənlərdən məlumatlı olduqlarını deyir:

İmişli rayon Gənclər və İdman İdarəsi
İmişli rayon Gənclər və İdman İdarəsi

«Qaralar və Aranlı kəndlərində futbol meydançaları yerləşən torpaq sahələri satılanda, biz bunun qarşısını ala bilməzdik. Çünki torpağın mülkiyyətçisi bələdiyyədir. Əsasnaməyə görə, yerli nümayəndəliklərimiz yerləşdikləri idarə, müəssisə, yaxud bələdiyyə tərəfindən saxlanılmalıdır. Biz heç onları idman ləvazimatları və geyimləri ilə də təchiz edə bilmirik. Müxtəlif idman növləri üzrə keçirilən açıq rayon çempionatlarında bütün kənd, məhəllə komandalarının iştirakına şərait yaradılır. Lakin təşkilatımız yerlərdə idman qurğuları təşkil etmək imkanına malik deyil».

«İDMAN OLMAYAN YERDƏ İNSANLIQDAN DANIŞMAQ OLMAZ»

«Məhsul» Kənd Könüllü İdman Cəmiyyəti İmişli rayon şurasının sədri Əlisafa Şükürov idman obyektləri və qurğularının satılmasının yolverilməz olduğunu deyir:

«Yerlərdəki tək-tük idman qurğuları, zəif də olsa fəaliyyət göstərən idman cəmiyyətləri sovet dövründən qalanlardır. Bizim fəaliyyətimiz o dərəcədə zəifləyib ki, həmkarlar təşkilatının hesabına yalnız əməkhaqqı ala bilirik. Mən olan obyektlərin, meydançaların satılmağının qəti əleyhinəyəm. İllər öncə təklif etmişdim ki, hər kənddə kiçik idman kompleksi yaradılsın və onların saxlanılması üçün maliyyə mənbəyi olsun. Bütün dünyada inkişafa bu yolla nail olunur. O yerdə ki, idman qurğuları üçün yer ayrılmır, idmanla məşğul olmağa şərait yaradılmır, orada sağlam həyat tərzindən, insanlıqdan danışmaq olmaz».

XS
SM
MD
LG