Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 15:05

«Ağ ölüm»ün tranzitində əhəmiyyətli ölkə


Azərbaycan narkotik vasitələrin daşınmasında tranzit ölkə olaraq qalır
Azərbaycan narkotik vasitələrin daşınmasında tranzit ölkə olaraq qalır

Azərbaycanın coğrafi mövqeyinin ona verdiyi üstünlüklər bərədə çox danışılır. Bu üstünlük regionda gerçəkləşdirilən nəhəng iqtisadi layihələr, bərpa edilən qədim ipək yolu və sair kimi misallarda da öz izahını tapır. Tranzit mövqeyinə görə ta qədim dövrlərdən bu yerləri «Şərqin qapısı»da adlandırırlar. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə artıq bu qapı təkcə enerji daşıyıcılarının deyil həm də narkotiklərin Avropaya daşınması işində mühüm məntəqəyə çevrilib.


Onu da deyim ki, hələ ki, Azərbaycandan Avropaya yönələn neft, qaz kəmərlərinə Qazaxıstanın, Türkmənistanın nefti, qazı axıdılmasa da açılan yollarla Əfqanıstanın narkotikləri Qərbə və Rusiyaya daşınır. Yəni region dövlətləri iqtisadi qüdrətlərini artırmaq, səmərəli marşrutlara qoşulmaq barədə öz aralarında hələ də razılaşa bilmədikləri halda qeyri leqal narkotik biznesi artıq öz marşrut problemini həll edib.


Azərbaycanın narkotik vasitələrin ticarətində əsas tranzit ölkələrdən birinə çevrilməsi ABŞ Dövlət Departamentinin hesabatlarında da qeyd olunur

BMT-nin Cənubi Qafqazda narkotiklərə nəzarət proqramının Azərbaycan üzrə rəhbəri Məzahir Əfəndiyev bir qədər əvvəl bu barədə «Azadlıq» radiosuna demişdi ki, 1990-cı illərin əvvəllərindən narkotiklərin Asiyadan Avropaya daşınması məsələsində Cənubi Qafqaz, xüsusilə də Azərbaycan marşrutu digər marşrutları demək olar ki, üstələyib. İş o yerə çatıb ki, narkotik vasitələr Əfqanıstandan İrana və ya Orta Asiya ölkələrinin hansına çıxmasından asılı olmayaraq Avropa və ya Rusiyaya çatdırılmaq üçün hərlənib yenə də gəlib məhz Azərbaycandan keçir.


Bəzi mütəxəssislər hesab edirlər ki, əgər Əfqanıstan dünyanın ən ciddi problemlərindən sayılan «ağ ölüm»ün yetişdirildiyi münbit məntəqədirsə Azərbaycan da onun tranzitində əhəmiyyətli ölkədir.


Azərbaycanın narkotik vasitələrin ticarətində əsas tranzit ölkələrdən birinə çevrilməsi ABŞ Dövlət Departamentinin hesabatlarında da qeyd olunur.


Heç şübhəsiz ki, böyük həcmdə narkotik vasitələrin hər hansı bir ölkədən maneəsiz və müntəzəm keçirilməsi üçün onun təminatı olmalıdır. Nəzərə alsaq ki, narkotik vasitələrin ticarətindən əldə edilən gəlir hətta strateji məhsulların gəlirləri ilə müqayisə edilə biləcək qədər böyükdür, onda bu prosesdə iştirak edənlərin sıravi şəxslər olmadığını anlamaq çətin deyil. Bir də ki, belə bahalı və qadağan olunmuş malı kiminsə hansısa ölkədə necə deyərlər allahın ümidinə buraxması inandırıcı görünmür.


Söhbətləşdiyim mütəxəssislər iddia edirlər ki, narkotiklərin qanunsuz dövriyyəsi əsasən yüksək vəzifəli məmurların nəzarətindədir.


Hüquq mühafizə orqanlarında çalışan vəzifəlilər isə belə fikirlərlə razılaşmayıb, narkotik vasitələrin daşınmasının Azərbaycanda iddia edildiyi həcmdə olmadığını bildirirlər.


Gəlirdən söz düşmüşkən, BMT-nin Cənubi Qafqazda narkotiklərə nəzarət proqramının Azərbaycan üzrə rəhbəri Məzahir Əfəndiyev deyir ki, narkotik vasitələrin qiyməti şərqdən qərbə doğru irəlilədikcə artır:


«Əfqanıstanda bir kilosu təxminən 4 min dollar olan heroin Avropanın inkişaf etmiş ölkələrində 250 min dollara satılır».


Əslində Azərbaycanda narkotik vasitələrin ticarətinə dair açılan cinayət işlərinin əksəriyyəti xırda həcmli mallara aid olur. Elə Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmənin qarşısında da bu məsələ ilə bağlı bizə müraciət edənlər kiminsə cibinə kiminsə nəşə qoduğundan danışırlar. Amma hər halda deyək ki, İrandan Goranboya və ya Gəncəyə gedən yük maşınlarının benzin çənindən və digər yerlərində bir neçə kiloqram heroin aşkar edilib götürlməsi faktları da var.


Ədliyyə Nazirliyi beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Zavər Qafarov deyir ki, Azərbaycan həbsxanalarında narkotik qaçaqmalçılığına görə cəza çəkənlər az deyil. Bunlar daha çox ətraf ölkələrin vətəndaşlarıdır. Bu məsələdə İran İslam Respublikasının vətəndaşları üstünlük təşkil edir.


Cənab Qafarovun sözlərinə bu məsələ ilə bağlı saxlanılanların sayında hələ ki, azalma hiss edilmir. Ancaq bu işdə Azərbaycan vətəndaşlarının da əməyi az deyil:


«Narkotiklərlə bağlı məsuliyyətə cəlb olunanlar arasında İran vətəndaşlarının sayı digərlərindən çoxdur. İrandan buraya müəyyən qüvvələr narkotik vasitələr daşıyırlar və təbii ki, məsuliyyətə cəlb olunurlar».


Zavər Qafarov bildirir ki, indiyə qədər 10 dəfə İran vətəndaşlarının öz ölkələrinə ekstradisiyası həyata keçirilib.


Sonuncu ekstradisiya aprel ayında olub. İrana verilən 17 nəfərin arasında sərhədi qanunsuz keçənlərlə yanaşı narkotik vasitələrə görə həbs olunanlar da var.


Onun sözlərinə görə Azərbaycan həbsxanalarında narkotiklərə görə həbs olunan xaricilər arasında say etibarı ilə ikinci yerdə Gürcüstan, üçüncü yerdə isə Rusiya vətəndaşlarıdır. Onlarla yanaşı, Ukrayna, Türkiyə, Orta Asiya ölkələri, hətta Əfqanıstan vətəndaşı da bu iş üstə cəza çəkirlər.


Ədliyyə Nazirliyi idarə rəisinin dediyinə görə narkotik üstündə başqa ölkələrin həbsxanalarında cəza çəkən azərbaycanlılar da az deyil. Belələri daha çox Rusiya həbsxanalarındadırlar. Onların əksəriyyəti də Cənub bölgəsindən olanlardır.


Azərbaycan miqrasiya mərkəzi İctimai birliyinin rəhbəri Əlövsət Əliyev isə deyir ki, Azərbaycan narkotik vasitələrin daşınması işində tranzit ölkə olduğunu bilmək üçün heç də mütəxəssis olmaq lazım deyil. Ancaq İrandan Azərbaycana, Azərbaycandan isə Rusiyaya və ya Avropaya narkotik vasitə daşımaq üstündə həbs olunanlar da bu işin əsas sahibləri deyil. Bunu onlardan götürülən narkotiklərin həcmi də göstərir.


İrandan Azərbaycana narkotik daşınmasının arxasında böyük qüvvələr dayanır. Bu həm Əfqanıstandakı, həm də İrandakı qüvvələrin marağında olan məsələdir. Əfqanıstan bundan pul qazanmaq istəyir. İranın isə pul qazanmaqla yanaşı Azərbaycanın imicinə zərbə vurmaq istəyi istisna deyil. Narkotiklərlə bağlı açılan cinayətlərin əksəriyyətinin İran və Əfqanıstanla bağlılığı, İranda indiyə qədər bu məsələ ilə əlaqədar yüksək vəzifəli şəxslərin həbs olunmaması və sairə də bunu təsdiləyir. Həmin ölkələrdə olduğu kimi Azərbaycanda da bu işin arxasında kifayət qədər güclü, şəxslər dayanır:


«Azərbaycanda narkotiklərlə bağlı daha böyük məmurların həbs olunmaması da onu göstərir ki, bu işi himayə edənlər adi vəzifə sahibləri deyil».


Əlövsət Əliyevin sözlərinə görə İrandan Azərbaycana daxil olan narkotikin qiyməti 3-4 dəfə artır. Yəni söhbət adi gəlirdən getmir. Belə bir prosesi dayandırmaq üçün, Azərbaycan qonşu dövlətlərlə birgə mübarizə aparmalıdır. Əlbəttə ki, bütün tərəflərin həqiqi istəyi olmadan bu mümkün deyil. Hələ ki, belə bir mübarizə nəzərə çarpmır. Deməli hələ ki, Azərbaycan narkotik vasitələrin daşınmasında tranzit ölkə olaraq qalır.


XS
SM
MD
LG