Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:57

Nitq qüsurlu uşaqların məktəb problemi


Nitq qüsurlu Elvin Bağırov
Nitq qüsurlu Elvin Bağırov

"Bədənim qəlpələrlə, tikişlərlə doludur. Bilmirəm canımın hayına qalım, yoxsa azyaşlı, xəstə övladımın təhsilinin dərdini çəkim. 5 aydır ki, uşağım məktəbə getmir. Məktəbə getməyən uşaqla heç bir dövlət qurumu maraqlanmır. Biz özümüz bu barədə dövlət qurumlarına müraciət edəndə elə davranırlar ki, sanki onlardan maddi umacağımız var. Bu vəziyyət də bizi ailə olaraq həm əsəbiləşdirir, həm də ruhdan salır".

Bunu AzadlıqRadiosu-na Ağstafanın Eynallı kənd sakini, ikinci qrup müharibə əlili Asim Bağırov deyir. Onun sözlərinə görə, anadangəlmə nitqi qüsurlu olan oğlu Elvinin təhsil problemi var. Bu problem həllini tapmadıqca həm balaca Elvin, həm də ailə üzvləri ümidsizliyə qapılır.

Buna da bax:​ Dörd uşaq ikinci ildir ki, məktəbə getmir

“MƏCBUR OLUB EVDƏ SAXLADIQ”

Əlil deyir, dövlət qanunlarının xəstə uşağa verdiyi hüquqdan yararlanmasına şərait yaradılmır:

“Üç övladım var. 13 yaşında olan qizım Aysel anadangəlmə əlildir, cəngolması var. 8 yaşında olan oğlum Elvin isə nitq qüsurlu əlildir. O da anadangəlmə xəstədir. Hər ikisi daimi müalicələr altında yaşayır. Həkim bildirdi ki, uşaq məktəbə getsə, nitqi qüsurların aradan qaldırılmasına böyük köməyi dəyər. Mən də rayon təhsil şöbəsinə müraciət etdim".

Atanın sözlərinə görə, 2013-cü il sentyabrın 15-dən Elvin Ağstafa şəhərindəki 1 saylı orta məktəbə gedib. Ancaq qısa müddətdən sonra valideynlər müəllimlərin nitqi qüsurlu uşaqla kobud davrandığını görüblər. Bu barədə əvvəl məktəbin direktoruna, sonra isə rayon təhsil şöbəsinə və yerli icra hakimiyyətinin aidiyyəti şöbəsinə müraciət ediblər. Müraciətləri və şikayətləri cavabsız qaldıqda isə balaca Elvin cəmi 6 aylıq məktəb həyatını evlə əvəzləməli olub.

Buna da bax: «Yerli loqopedlərin xarici təcrübədən öyrənəcəyi çox şey var»

Ata danışır:

"Gördük, uşağa münasibət dəyişmir, məcbur olub evdə saxladıq. Ancaq bu uşaq təhsil almalıdır axı... Rayon təhsil şöbəsinə getdik, müəllimlərdən, direktordan şikayət etdik ki, xəstə uşaqlarla kobud davranırlar, şöbənin rəisi bizi qovdu. İcra hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyasına müraciət etdik, oradan da səs çıxmadı. Bu uşaq təhsildən kənarda qalır, halbuki, icbari təhsil onun konstitusion hüququdur. Övladım hazırda bu hüquqdan məhrumdur".

Ümimiyyətlə Elvinin valideyninin əsas istəyi distant, yəni evdə təhsildir. O uşağa peşəkar loqopedin evdə təhsil verməsini istəyir.

Buna da bax:​ Hündürmərtəbəli yaşayış binası, yoxsa şahmat məktəbi?

MÜƏLLİMƏ TƏYİN OLUNUB

Ağstafa rayon təhsil şöbəsindən “Qaynar xətt”ə bildirilib ki, bu il martın 3-də uşağın valideynləri ilə görüş olub. Hazırda 4-cü sinifdə təhsil almalı olan Elvinə dərs keçməsi üçün Eynallı kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi İradə Məmmədova təyin olunub:

"Hamı istəyər ki, o uşaq təhsildən kənarda qalmasın. Dövlət belə uşaqlara xüsusi qayğıyla yanaşır. Əgər hazırda valideynlərin hansısa bir təklifi varsa, buyursunlar".

Hüquqşünas Vaqif Alıyev deyir, qüsurlu və əngəlli azyaşlıların da təhsil almaq hüququ var və bu hüququ tanımayan məktəblərin rəhbərliyi ilə bağlı valideynlər məhkəməyə müraciət edə bilər.

XS
SM
MD
LG