Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:06

'Bütün qışı qarın üstündə çadır qurub qaldıq'


Çadırda yaşayan ailə (arxiv fotosu)
Çadırda yaşayan ailə (arxiv fotosu)

Ağsuda, Girdiman çayının sağ sahilindəki quşçuluq fermasında bir ailə məskunlaşıb. Ailədə 5 oğlan, 1 qız böyüyür. Kiçiyinin 2, böyüyünün 17 yaşı var.

Ata Vasif Ağaxanov AzadlıqRadiosu-na danışır ki, ötən ilin dekabrınadək həm orda-burda fəhləlik etməklə, həm də ünvanlı sosial yardımla ailəni birtəhər dolandırırmış. Ancaq hər ikisinin eyni vaxtda yoxa çıxması durumu o qədər ağırlaşdırıb ki... Deyir, “hərdən az qalıram özümü fermanın böyründən keçən çaya atam”.

Buna da bax:​ Köçkün ailəsi: Çadır qurduq

“FERMADA YAŞAYAN OĞLUMLA QARABAĞI ALACAQLAR?”

Vasif Ağaxanov deyir, getməyə yerləri olmadığından bütün qışı qarın üstündə çadır qurub qalıblar. Bundan xəbər tutan İsmayıl adlı birisi istifadədə olmayan fermanın açarlarını göndərib ki, müvəqqəti burada məskunlaşsınlar:

“O adam özü Rusiyada yaşayır. Vəziyyətimiz haqqında eşidəndən ürəyi dözməyib, deyib, çadırdansa fermaya sığınsınlar. Fermanın açarını gətirib çadırdaca bizə verdilər. 6 uşağı, yoldaşımı bura köçürtdüm. Bircə köhnə soyuducumuz var, bir az da yorğan-döşəyimiz. Uşaqları məktəbə göndərə bilmirəm. Geyimləri, ayaqqabıları, məktəb ləvazimatları yoxdur. Məni maraqlandıran odur ki, gələn il nə üzlə oğlumu əsgər aparacaqlar. Bu uşağın aclıqdan qanı aşağı düşüb, heysizdir, bunun əlinə necə silah verəcəklər? Əvvəli çadırda, sonrası fermada yaşayan oğlumla Qarabağı alacaqlarmı bunlar?"

Buna da bax:​ 'Polis qarşımızı almasaydı, 'Ovçular evi' də yerindəydi, şam ağacları da'

BİRCƏ AY İŞLƏYİB

Vasif Ağaxanov uzun müddət iş üçün Məşğulluq Mərkəzinə müraciət edib. İki il qabaq ona rayonun Meşə Mühafizə Şöbəsində iş də tapılıb. Ancaq cəmi bircə ay işləyib. 114 manat maaş aldıqdan sonra ona daha işçiyə ehtiyac olmadığı bildirilib. Bundan sonra bir müddət tikintilərdə günəmuzd fəhləlik edib. Ancaq sahibkarlıq sahəsində durğunluq başladıqca onun da günəmuzd iş tapmaq şansı azalıb. Ötən ilin dekabrında ünvanlı sosial yardımın kəsilməsi durumu daha da ağırlaşdırıb:

"Altı uşaqdan beşi məktəblidir. Dediyim kimi, imkansızlıqdan məktəbə getmirlər. Halbuki, təhsilə həvəslidilər. Axı biz varlı ölkəyik, niyə bir ailənin 5 uşağı məktəbə getməməlidir, məktəb haqqında anlayışı olmamalıdır? Bunlar gələcəyimizdir, ancaq heç birinin sonunu görmək olmur. Bir ata kimi üzlərinə baxa bilmirəm. Birinin hərarəti yüksələndə hamısı bir-birinə qarışıb ağlayır. Səhiyyənin adı pulsuz olsa da, həkim bir iynəni pulsuz vurmur. Onun dərdindən uşaqlar özləri xəstələnir, özləri sağalır".

Buna da bax:​ 3 aydır qaza həsrət qalanlar: 'Rövnəq Abdullayev çıxsın, desin, ki...'

“BAŞÇIYA MƏRUZƏ OLUNACAQ”

Ailə başçısı övladlarının təhsilinə görə təhsil nazirindən, sağlamlığına görə səhiyyə nazirindən, mənzilə görə icra hakimiyyətindən, ünvanlı sosial yardımın bərpasına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, işlə təmin olunmaq üçün Məşğulluq Mərkəzindən kömək istəyir.

Ağsu rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, Ağaxanovlar ailəsinin durumu ilə bağlı başçıya məruzə olunacaq: "Onlar da bu ölkənin vətəndaşlarıdırlar, əlbəttə ki, əlimizdən gələni edəcəyik. Vətəndaş yaxınlaşsın, özünü təqdim etsin, araşdırılmalıdır ki, niyə fermada yaşayırlar. Hər halda ora da hardansa gəliblər".

Buna da bax: Pay torpaqları kəndlilərdən xəbərsiz icarəyə verilib

Qurumdan bildirilib ki, ailənin durumu araşdırılandan sonra uyğun qurumlara məktublar göndəriləcək.

XS
SM
MD
LG