Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:46

Yaşı 30-dan yuxarı əlillər peşəylə məşğul olmağa yer tapmırlar


Asif Qasımov
Asif Qasımov

«Məni oradan çıxardılar ki, sənə görə işıqpulu ödəyirik, əlavə xərcdir, filan... Halbuki, mən ora gələn nə qədər əlilə peşə öyrədirdim».

Bunu AzadlıqRadiosuna bu yaxınlarda 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən çıxarılmış 1-ci qrup əlil, əlil arabasına təhkim olunmuş Asif Qasımov deyir.

«HƏM İŞLƏYİR, HƏM DƏ SƏNƏT ÖYRƏDİRMİŞ»

A.Qasımov düşünür ki, ölkədə fitri istedadı və əl qabiliyyəti olan yüzlərlə əlil var ki, onların bu qabiliyyətlərini üzə çıxarmaları və başqa əlillərə ötürmələrinə şərait yoxdur. Şəraiti olan yerlər də bu əlillərin qarşısına min bir bəhanə qoyaraq onları uzaqlaşdırır.

A.Qasımovun 39 yaşı var. 2011-ci ildə yıxılaraq əlilə çevrilib. 2014-cü ildə 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin ilk məzunlarından biridir. Milli Paralimpiya Komitəsinin üzvüdür. Mərkəzdə həm rəssamlıq, həm oymaçılıq kursları keçib. Mərkəzin emalatxanasında həm işləyir, həm də başqa əngəllilərə bu sənəti öyrədirmiş:

***Buna da bax-Qarabağ əlili: 'İlham Əliyev mənə maşın verib, ancaq...'

«Mən orda kurslar keçirdim. Kursların müddəti 7 ay idi, hər dəfə bu müddət başa çatandan 3 ay sonra Komitənin məktubu ilə yenidən ora gedirdim. Həm də idman məşqləri edirdik. Ötən ilin dekabrında növbəti dəfə müddət bitdi. Ancaq bu dəfə bildirdilər ki, Mərkəz ora gələn əlillərin peşəyə yiyələnmələrinə və yüngül müalicə kursları keçməsinə görədir. Paralimpiya Komitəsinin nəzdində deyil, buna görə də artıq Mərkəzdə məşqlərə icazə verilmir. Halbuki, orada hazırda da başqa idman növləri üzrə məşqlər davam edir».

İŞIQPULU SƏBƏB GÖSTƏRİLİR

A.Qasımova Mərkəzdə peşəsiylə məşğul olmağa da icazə verilməyib. Onun deməsinə görə, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə müraciət edən əlillərə həm də yaş məhdudiyyətini əsas gətirərək imtina cavabı verirlər. Üstəlik də, Mərkəz rəhbərliyi əlilə emalatxananın işıq sərfiyyatına görə ödənişləri edə bilmədiyini deyib.

***Buna da bax-Qarabağ əlili: 'Sənədlərimin arasında pul yoxdursa, heç araşdırmırlar'

Mərkəzdən «Qaynar xətt»ə bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası 2 il əvvəl qərar qəbul edib. Həmin qərarla Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə fiziki və yüngül formalı əqli qüsuru olan yalnız 15-29 yaşlı şəxslər qəbul edilir.

«MƏHDUDİYYƏTLƏR ARADAN QALDIRILSIN»

Əlilinsə iddiasına görə, hazırda Mərkəzdə yaşı 30-dan yuxarı əlillər var. Mərkəz əlilin dediyini təkzib edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

«Azad İstehlakçılar» İctimai Birliyinin nəzdində yaradılmış «Tibbi müayinə, müalicə, profilaktik və bərpa iştirakçı hüquqların müdafiəsi komissiyası» bu məsələ ilə bağlı dəfələrlə nazir Səlim Müslümova və prezident İlham Əliyevə müraciət edib. Əlillər reabilitasiya mərkəzlərindəki yaş məhdudiyyətinin və başqa əngəllərin aradan qaldırılmasını istəyirlər. Komissiyanın sədri Əhməd Rəhmanov:

«1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbulla bağlı yaş məhdudiyyəti qoyulması əlillər arasında diskriminasiyaya səbəb olur. Çünki bu əlillər üçün ölkədə başqa peşə reabilitasiya yerləri yoxdur».

Komissiya rəhbəri deyir, eyni səbəbdən hazırda ölkədə yüzlərlə əlil peşəyə yiyələnmək və vaxtı səmərəli keçirməkdən kənarda qalıb.

XS
SM
MD
LG