Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:08

Laçın dəhlizində sərhəd-buraxılış məntəqəsi qurulub. Reaksiyalar


Keçid məntəqəsinin bu nöqtədə qurulduğu bildirilir. 23 aprel 2023
Keçid məntəqəsinin bu nöqtədə qurulduğu bildirilir. 23 aprel 2023

Peskov: ‘Azərbaycanın Laçın dəhlizində post qurması...’

“Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qurması Rusiya Federasiyasından əlavə vasitəçilik səyləri tələb edəcək”.

Bunu aprelin 24-də Kremlin sözçüsü Dmitri Peskov deyib. O əlavə edib ki, Moskva gələcəkdə də Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın icrasına çalışacaq.

Peskov etiraf edib ki, Azərbaycanın Laçın dəhlizində sərhəd məntəqəsi qurmasından sonra yaranmış vəziyyət “həqiqətən də sadə deyil” və Rusiya tərəfindən “əlavə səylər”, Yerevan və Bakıdan isə “üçtərəfli bəyanatın həyata keçirilməsinə alternativin olmadığının” başa düşülməsini tələb edəcək.

Peskov vurğulayıb ki, Moskva üçtərəfli bəyanatların icra olunması üçün vasitəçilik səylərini davam etdirəcək.

Rusiya XİN Azərbaycan və Ermənistan barədə bəyanat verib

“Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonasında, Erməni-Azərbaycan təmas xəttində, habelə rəsmi Bakı və Yerevan arasında dialoqda yaranmış vəziyyətlə bağlı dərin narahatlığımızı ifadə edirik”.

Rusiya Xarici İşlər Nazirliyinin aprelin 24-də açıqlanmış bəyanatında belə deyilir.

Bəyanatda qeyd olunur ki, Rusiya bölgədə atəşkəs rejiminin pozulması hallarının, habelə hər iki tərəfdən qurbanların verilməsi ilə nəticələnən insidentlərin artmasından narahatdır.

Rusiya XİN qeyd edir ki, Azərbaycan və Ermənistanın “ictimai məkanında ittihamedici və aqressiv ritorikanın” şiddətlənməsi narahatlıq doğurur:

“23 aprel hadisəsinin son inkişafı kontekstində istər Laçın dəhlizinin iş rejimində razılaşdırılmamış dəyişiklik, istərsə də ondan sülh gündəliyinə cavab verməyən məqsədlər üçün istifadə olsun, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının baza qaydalarını pozan istənilən birtərəfli addımların qeyri-məqbul olduğunu xüsusilə qeyd edirik”.

Bəyanatda tərəflərə mövcud razılaşmalara qayıtmaları üçün çağırış edilir.

Qeyd olunur ki, “bütün hallarda yerli əhali əzab çəkməməli” və onun həyat fəaliyyəti üçün heç bir əngəl yaradılmamalıdır.

“Xarici oyunçular və yerli rusofoblar”

Bəyanatda vurğulanır ki, hazırkı problemlər üçtərəfli bəyanatın müddəaları əsasında danışıqlarda, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sülh müqaviləsinin imzalanması proseslərində yaranmış durğunluqla bağlıdır:

“Ümid edirik ki, Bakı və Yerevan ən yaxın vaxtda bu mənfi dinamikanın aradan qaldırılmasında siyasi iradə nümayiş etdirəcəklər”.

Bəyanatda deyilir ki, Rusiya tərəfi “ona yaxın olan Azərbaycana və Ermənistana” həm siyasi, həm də “yerində” sülhməramlı kontingentin iştirakilə başqa zəruri dəstəyi verməyə hazırdır.

Bəyanatda habelə “xarici oyunçulara, habelə onların rusofob gündəliyi əsasında işləyən yerli elementlərə Rusiyanın ünvanına qarayaxma kampaniyasının köməyi ilə vəziyyəti sabitsizləşdirməmələri” üçün xəbərdarlıq edilir.

ABŞ narahatdır

Vaşinqton Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratması ilə bağlı "dərin" narahatlığını ifadə edib.

"Turan"ın xəbərinə görə, Dövlət Departamentindən bildirilib ki, bu addım sülh prosesinə etimadın yaradılması səylərini sarsıdır.

"Biz bir daha bildiririk ki, Laçın dəhlizində insanların sərbəst və açıq gediş-gəlişi və ticarət olmalıdır. Tərəfləri sülh danışıqlarını bərpa etməyə, sərhəddə təxribat və düşmənçilik hərəkətlərindən çəkinməyə çağırırıq", - mətbuat katibinin müavini Vedant Patel bildirib.

Azərbaycan XİN-dən cavab

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa XİN-in açıqlamasına münasibət bildirib. Cavabda vurğulanır ki, Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkələrinin suveren və legitim hüququdur.

XİN-in mətbuat katibi Ayxan Hacızadənin bildirməsinə görə, bu addımın üçtərəfli bəyanata, hər hansı bir beynəlxalq sənədə və ya məhkəmə qərarına zidd olduğu iddiasının da heç bir əsası yoxdur.

+++

Paris Bakını beynəlxalq öhdəliklərini, xüsusilə də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral qərarını həyata keçirməyə çağırır. Fransa XİN Azərbaycanın yeni Laçın yolunda nəzarət buraxılış məntəqəsi qurmasını atəşkəs bəyanatları çərçivəsində öhdəliklərə zidd olduğunu, sülh prosesinə zərbə vurduğunu qeyd edir.

Paris Laçın dəhlizində azad hərəkətin bərpasına, qaz və elektrikin fasiləsiz verilməsinə çağırır.

BMT-nin ali məhkəməsi Azərbaycan üzərinə Laçın dəhlizində azad hərəkəti təmin etmək öhdəliyi qoyub. Bu dəhliz Azərbaycanın Qarabağ regionunu Ermənistanla birləşdirir. Ermənistan ötən ilin dekabrından yolun blokadada olduğunu desə də, Azərbaycan bunu təkzib edir, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

+++

Aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun balanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda bu addımın atılması Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması və Yerevanın Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsi qurmasına adekvat cavab kimi təsvir olunur.

Sərhəd Xidməti bildirir ki, sərhəd-keçid məntəqəsinin qurulması ilə bağlı həm Rusiya sülhməramlı kontingenti, həm də Rusiya-Türkiyə Monitorinq Mərkəzi məlumatlandırılıb.

Müdafiə Nazirliyi isə aprelin 23-də video ilə birgə məlumat yayaraq bildirib ki, Ermənistanın Kornidzor yaşayış məntəqəsindən gələn, yaşayış konteyneri daşıyan bir neçə yük maşını Həkəri çayı üzərində yeni inşa edilmiş körpüdən keçib. Avtomobillərin sonradan geri qayıdaraq Ermənistan ərazisində, Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun üzərində dayandığı, avtokran vasitəsilə 2 ədəd yaşayış konteyneri əvvəlcədən hazırlanmış yerə boşaltdığı bildirilir. Həmin maşınlara Rusiya sülhməramlılarının şərait yaratdığı da vurğulanır. Nazirlik Ermənistanın Azərbaycanla razılaşdırmadan sərhəddə sərhəd nəzarət-buraxılış məntəqəsi qurduğunu bildirib.

Ermənistanın Xarici İşlər Nazirliyi isə Laçın-Xankəndi yolunun başlanğıcında keçid məntəqəsini qurmaqla Azərbaycan tərəfi 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 6-cı bəndini kobud şəkildə pozmaqda ittiham edib. XİN Rusiyanı Azərbaycan qüvvələrinin Laçın dəhlizinin bütün təhlükəsizlik zonasından çıxarılmasını təmin etməklə çağırılır.

Azərbaycan XİN aprelin 23-də yaydığı bəyanatda qeyd edib ki, sözügedən sərhəd-nəzarət mexanizmi yolda hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və təhlükəsizliyi təmin edəcək, bu nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcək.

Aprelin 23-də Bakı və Yerevan bir-birini atəşkəsi pozmaqda ittiham edib. Ermənistan Azərbaycan ordusunun atəşindən bir hərbçisini itirdiyini bildirib, Azərbaycan bunu təkzib edib.

Bir gün öncə isə Azərbaycan Şuşada hərbi yük maşınının minaya düşməsi nəticəsində 2 hərbçinin yaralandığını, yardıma gedən hərbçilərdən birini isə yolda minaya düşdüyünü açıqlayıb.

Rəsmi məlumata görə, 2020-ci ildə 2-ci Qarabağ müharibəsi bitəndən 288 Azərbaycan vətəndaşı minaya düşüb və onlardan 50 nəfəri həlak olub.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG