Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:38

Yerin altından pul çıxarmaq


Metro
Metro

Azərbaycanda fövqəladə bir hadisə baş verib. Dövlət təşkilatı tender elan edib və o, baş tutmayıb. Metropolitenin tender komissiyası xəbər verir ki, iyulun əvvəlindən keçirilən və bir dəfə də müddəti uzadılan satınalmada iştirak edən iddiaçılar «tender təkliflərini təqdim etməyərək gəlməyiblər». Bu səbəbdən krossover tipli avtomaşınların satın alınması məqsədilə keçirilən tender baş tutmayıb və komissiya onun davamından imtina edib.

Məlumatı görən ekspertlər çaşqınlıq içindədir. Axı təcrübə göstərir ki, bütün dövlət qurumlarında, o cümlədən haqqında söhbət açacağımız «Bakı Metropoliteni» QSC-də də satınalmalar sanki öncədən razılaşdırılıbmış kimi nəticələnərdi, qaliblərin əksəri isə adı iş dünyasında tanınmayan şirkətlər olardı. AzadlıqRadiosu bu tip tenderlərin dövlət qurumu rəhbərlərinin qohumlarına, ailələrinə peşkəş edilməsi barədə dəfələrlə araşdırmalar edib.

Baba Rzayevin ailə biznesi («Bakıelektrikşəbəkə» araşdırması)

«Azərsu» dövlət pullarını kimə və necə xərcləyir?

METROYA MAŞIN SATMAQ İSTƏMƏDİLƏR

Necə olub ki, indi Bakı Metropoliteninə maşın satmaq və bundan gəlir götürmək heç kimin ürəyincə olmayıb?

AzadlıqRadiosu məsələni aydınlaşdırmaq üçün tender komissiyasına müraciət etdikdə isə məlum olub ki, sən demə, heç bir avtomobil dilleri «Bakı Metropoliteni» QSC-nin tenderinə qatılmayıbmış.

Yer altında sərnişin daşıyan metropoliten ilk dəfə deyil ki, minik avtomobilinə ehtiyac hiss edir. 2014-2015-ci illərdə qurum ümumi sayı açıqlanmayan minik avtomobilləri almaq məqsədilə 5 dəfə satınalmaya baş vurub və buna görə «Auto Azərbaycan», «Avtounuversal» firmaları və «LPN» MMC-lərə 126 min manat pul ödəyib. Elə bu il də metropoliten avtomobil almaq üçün «LPN» şirkətinin hesabına 12331 manat pul köçürüb.

METROPOLİTENİN ADI ŞÜBHƏLİ ŞİRKƏTLƏRLƏ BİR ARADA

AzadlıqRadiosu bu ilin mayında saxta şirkətlərin izi ilə gedərək aşkara çıxarmışdı ki, bir ailəyə bağlı olan 40-dək şirkətin bulaşdığı dövlət satınalmalarında «Bakı Metropoliteni» QSC-nin adı 302 əməliyyatda keçir. 2012-2015-ci illərdə metropolitenin keçmiş və indiki rəhbərliyinin həmin şirkətlərin bir çoxu ilə bağladığı müqavilələrin toplam dəyəri 7 milyon manata yaxınlaşırdı. Araşdırmada həm də ona toxunulurdu ki, metropolitenin tərəfdaşı kimi çıxış edən şirkətlərin əksəriyyəti satın alınan malların Azərbaycana gətirilməsində birbaşa iştirakı yoxdur. Nə metropoliten rəhbərliyi, nə barəsində danışılan şirkətlərin sahibi olduğu bildirilən Ağazamanovlar ailəsinin nümayəndələri ittihamları təkzib etmişdi.

HESABLAMA PALATASI «YERİN ALTINDA» NÖQSANLAR TAPIB

Qeyri-peşəkar şirkətlərlə geniş əməkdaşlıq Hesablama Palatasının «Bakı Metropoliteni» QSC-də apardığı audit yoxlamasında da önə çəkilib.

Palata «Bakı Metropoliteni» QSC-də 2014-2015-ci illəri əhatə edən audit yoxlaması keçirib. Məqsəd - maliyyə-təsərrüfat əməliyyatları üzrə mühasibat uçotunun aparılması, dövlət vəsaitlərindən və əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğunun müəyyənləşdirilməsi olub. Yoxlamanın nəticələri sentyabrın 8-də açıqlanıb. Bu haqda məlumat verən Palata konkret hal və rəqəmlər səsləndirmədən bildirir ki, yoxlama gedişində bəzi hallarda malların birbaşa istehsalçılardan deyil, rəsmi təmsilçilik hüququ olmayan şirkətlərdən satın alınmasını aşkar edib.

Hesablama Palatası tapıb ki, metropolitendə sərnişin daşınmasına bağlı olmayan alışlar üzrə satınalma prosedurları tətbiq edilmədən birbaşa müqavilələr bağlanıb, eyni malların satın alınması üzrə ayrılan vəsait məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı hissələrə bölünərək satınalma metodu dəyişdirilib. Bu azmış kimi, satın alınacaq malların ehtimal olunan qiymətləri müəyyən edilmədən tender prosedurlarına yol verilib. Yəni satın alınacaq mallara ədalətli qiymət qoymaq təchizatçıların öz insafına qalıb. Nəticədə isə dövlət büdcəsindən ayrılan subsidiyalar hesabına maliyyələşdirilən bu cür satınalmalarda daha çox vəsaitin xərclənməsinə yol verilib.

Metro
Metro

METRODA İRİ VƏ XIRDA «BALIQLAR»

Bakı Metropoliteni kiçikhəcmli alışlardan fərqli olaraq, metro tikintisi üçün bağladığı müqavilələr haqda ictimaiyyətə hər-hansı məlumat vermir. Halbuki, cəlb edilmiş kredit resursu nəzərə alınmaqla dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına son iki ildə bu məqsədlə 602 milyon manat sərf olunub. Hesablama Palatası müəyyən edib ki, hətta bu işlərin belə bir hissəsi təcrübəsi və böyük potensialı olmayan podratçı şirkətlər vasitəsilə həyata keçirilib.

Hesablama Palatasının kollegiyası nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə «Bakı Metropoliteni» QSC-nin rəhbərliyinə təqdimat verib. Açıqlamada belə deyilir. Söhbət çox güman ki, heç inzibati məsuliyyətdən də getmir. Əks halda, yoxlama sənədləri metropolitenin özünə yox, Baş Prokurorluğa göndərilərdi.

Bəs bu il metropolitendə dövlət alışları necə təşkil olunub?

VƏZİYYƏT YAXŞIYA DOĞRU DƏYİŞİR

Bakı Metropoliteninin 2016-cı ilin birinci yarısında satınalma prosedurlarının nəticəsi olaraq bağladığı müqavilələrin tərəflərinin təhlili göstərir ki, əvvəlki illərdən fərqli olaraq, onların çoxu malın istehsalçısı və xidmətin yerli təchizatçısıdır. Halbuki, əvvəlki illərdə bu qayda deyil, qaydalardan istisna idi.

Bu dövrdə metropoliten 28 şirkətlə 30 satınalma müqaviləsi bağlayıb. Bunların bir çoxu («Headstart International», «Аксион-Рус», «Нефтегазовые Технологии», «Bareleks», «Kontek») xarici sərmayəli yerli və ya Azərbaycandan kənarda yerləşən şirkətlərdir.

Bu il bağlanmış müqavilələrin ümumi dəyəri 5.5 milyon manatdır. Bunun əsas hissəsi (4.3 milyon manat) Rusiya şirkətlərinin payına düşür.

Tenderlərin qalibi olmuş şirkətlərin əksəriyyətinin korporativ saytları var. Saytların kontentinin təhlili isə onların gerçək mal və xidmət təchizatçısı olduğunu göstərir. Halbuki, əvvəlki illərdə belə deyildi.

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində AzadlıqRadiosuna deyiblər ki, dövlət satınalmalarına nəzarət artırılıb və potensial imkanları olmayan şirkətlərin iddiaçılar sırasında yer almasının qarşısı xeyli dərəcədə alınıb.

ŞÜBHƏLİ MƏNŞƏLİ ŞİRKƏTLƏR METRODAN ƏL ÇƏKMİR

Amma Bakı Metropolitenində tenderlərin tam nizama salındığını söyləmək hələ tezdir. Qaliblər arasında hələ də «bu gün yaranıb, sabah dövlət vəsaitlərinə daraşan» qurumlara rast gəlmək olur. Məsələn, «ASSA B Group» MMC-nin təsis olunması (fevral, 2016-cı il) ilə metropolitenin tenderində qalib elan edilməsi arasında 2-3 ay var. Başqa heç yerdə adına rast gəlinməyən bu şirkət metropolitenə yeməkxanada istifadə olunan 33400 manatlıq məişət malları sata bilib.

«AYSBERQ»İN GÖRÜNƏN VƏ GİZLİ TƏRƏFLƏRİ

Yaxud , «Aysberq SH» MMC-ni götürək. Dövlət satınalmalarının rəsmi reyestrinə görə, bu şirkət Bakı Metropoliteninin bir tenderində qalib gəlib. «N. Nərimanov» deposundakı sahələrdən birinin dam örtüyünün, «28 May» metrostansiyasında yerləşən sanitar qovşağının və «20 Yanvar» stansiyasında havalandırma köşklərindən birinin ventilyasiya şəbəkələrinin əsaslı təmiri işləri ona həvalə olunub. Buna görə şirkətlə 45 min 921 manat 34 qəpik məbləğində müqavilə bağlanıb.

Satınalmaların reyestrində yer alan məlumatlara görə, «Aysberq SH» MMC Mingəçevir şəhərinin və Samux rayonunun təhsil, səhiyyə müəssisə və təşkilatları, həmçinin Saatlı Suvarma Sistemləri İdarəsi ilə 2015-ci ildə 15 müqavilə bağlayıb. Ümumi dəyəri 1 milyon 171 min 175 manat olan bu müqavilələrə əsasən, həmin dövlət təşkilatları yumşaq və bərk inventar, tibbi avadanlıq və tikinti materialı ilə təchiz edilməli idi.

Bu ilin birinci yarısında isə şirkətin adı, 19-u «Meliorasiya və Su Təsərrüfatı» ASC olmaqla, dövlət qurumlarının 32 satınalmasında qalib kimi göstərilir. Müqavilələrin əsas hissəsi mal-material və ərzaq təchizatı ilə bağlıdır. Şirkətə Samux və Siyəzən şəhərlərinin daxili yollarının əsaslı təmiri də tapşırılıb, Siyəzəndə abadlaşdırma və yaşayış evlərinin təmiri də. 2015-ci ilin martında yaradılmış şirkət bu ilin birinci yarısında dövlətdən 3 milyon manatlıq sifariş alıb.

Bəs bu şirkət haqqında nə məlumdur? Faktiki olaraq heç nə. Düzdür, şirkətin internet saytı var. Amma bu saytda onun fəaliyyəti haqda heç nə yazılmayıb. Şirkətə aid olan mobil nömrəyə zəng etdikdə isə onun mövcud olmadığı aydınlaşır. Buna görə də AzadlıqRadiosu şirkətin direktoru Azər Nəsirovun şərhini ala bilməyib.

METROPOLİTENİN NÜMAYƏNDƏSİNİN TÖVSİYƏSİ

«Bakı Metropoliteni» QSC-nin satınalmalara məsul əməkdaşı Rauf Yusifov AzadlıqRadiosuna «Aysberq SH» MMC ilə bağlanmış müqaviləni xatırlamadığını deyib və İqtisadiyyat Nazirliyinə müraciət etməyi tövsiyə edib.

Maraqlıdır ki, «Aysberq SH» MMC-nin Bakıda qeydiyyatdan keçdiyi ünvanda 2015-ci ilin 9 ayında və 2016-cı ilin 6 ayında dövlət satınalmalarında adı qalib kimi 116 dəfə çəkilən daha bir şirkət yerləşir. «Kristal-SA» MMC-nin hesabına, bu müqavilələrə əsasən, 7.2 milyon manatdan çox dövlət vəsaiti köçürülüb.

XS
SM
MD
LG