Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:34

Zərqavalılardan məktəb tələbi


Qubanın Zərqava kəndinin məktəbi
Qubanın Zərqava kəndinin məktəbi

"2 ildir ki, uşaqlarımız məktəbə kənd klubuna gedir. Ötən yay söz verdilər ki, məktəblər açılanadək təmir başa çatacaq, uşaqlar dərslərini məktəb binasında keçəcək. Olmadı. Bu il yenə bizi aldatdılar. Vəd etdilər ki, bu təhsil mövsümü başlayanadək məktəb binası hazır olacaq. Yenə olmadı. Bu il də uşaqlarımız dərsə kənd klubuna gedəcək".

Qubanın Zərqava kəndinin sakinləri iki ildən çoxdur təmirə dayanan kənd məktəbindəki işlərin yarımçıq qalmasından, kənddəki şagirdlərin kənd klubunda dərs keçməsindən narahatdır. Kənd sakini Fikrət Abbasov deyir, iki il əvvəl sakinlərin və müəllimlərin təpkisindən sonra məktəb təmir-bərpaya bağlandı. Ancaq işlər o qədər ləng gedir ki, məktəb nə ötən, nə də bu tədris ilinə hazır olmayıb.

Buna da bax: Sakinlər: ‘‘Neftçilər’ metrosundan bazaradək ağaclar məhv edilib...’

DURUM DƏYİŞMƏYİB

Zərqava kəndi Qubanın mərkəzindən 42 kilometr aralıda yerləşir. Bir neçə il əvvəl kənddə baş verən təbii hadisələr azı 45 yaşı olan məktəbi yararsız vəziyyətə salıb. Nəhayət, valideyn və müəllimlər dilə gələrək aidiyyəti qurumlara müraciət ediblər ki, kənddə ya yeni məktəb tikilsin, ya da köhnə məktəb əsaslı təmir olunsun. Hətta həmin vaxt müəllimlər məktəbdə dərs keçməkdən imtina da ediblər. Bundan sonra məktəbdəki avadanlıqlar kənd klubuna köçürülüb.

O zaman Quba rayon icra hakimiyyətindən AzadlıqRadiosu-nun "Qaynar xətt"inə bildirilmişdi ki, kənd məktəbinin təmir-bərpasına vəsait ayrılıb, tezliklə məktəb ən müasir tələblərə cavab verəcək duruma gətirilərək şagird və müəllimlərin ixtiyarına veriləcək. Lakin bu vəddən iki ildən çox vaxt ötüb. Məktəbin durumu fotolarda gördüyünüz kimidir.

Buna da bax: 2,9 milyarda nələr etmək olardi? – Q.İbadoğlunun cavabı

Zərqava məktəbinin kontingenti 143 şagirddən, 21 müəllimdən ibarətdir. Sakinlərin deməsinə görə, təmir-bərpa işlərinin yarımçıq qalmasına səbəb material çatışmazlığı və fəhlələrin maaşlarının vaxtında verilməməsidir. Onların iddiasına görə, rayon təhsil şöbəsi hazırda məktəb daxilindəki suvaq və başqa işlərini bir neçə müəllimin üzərinə öhdəlik kimi qoyub.

“SİÇOVUL YUVASINI XATIRLADIR”

Kənd sakinlərin sözlərinə görə, iki müəllimə tapşırılıb ki, öz imkanları hesabına məktəbə əl gəzdirsinlər və bir neçə günə məktəb açılanda uşaqlar elə burada dərs keçsinlər. Məktəbin pəncərələri qoyulmayıb deyə, pəncərə yerləri sellofanla tutulacaq. Binanın içərisinin nə suvağı, nə döşəməsi, nə tavanı hazırdır. Yalnız dam örtüyü düzəldilib.

Qubanın Zərqava kəndinin məktəbi
Qubanın Zərqava kəndinin məktəbi

İş orasındadır ki, sakinlər məktəblilərin sığındıqları kənd klubunun binasının da qəzalı olmasından narahatdılar. Kənd sakini Dürdanə Namazova:

"Klubun binası hər an uça bilər. Orda tədris avadanlıqları, məktəbli vəsaitləri yoxdur. Təbii ki, tədrisin keyfiyyəti də yoxdur. Binada istilik də yoxdur, siçovul yuvasını xatırladır. Qarşıdan qış gəlir, uşaqlarımızın həyatı ilə oynayırlar. Biz uşaqlarımızın bu il də həmin klubda dərs keçilməsini istəmirik və şəxsən mən uşaqlarımı bu il o kluba dərsə göndərmək fikrində deyiləm. Dövlət pul ayırıb, zəhmət çəkib məktəbi düzəltsinlər. İki ildir bir kəndin bu qədər sakinini aldadırlar, məktəbi təmir edib camaata qaytarmırlar".

Buna da bax: Yaralı quşa görə cərimələnən gəncəli

TƏMİR-BƏRPA SÜRƏTLƏNDİRİLİB

Quba rayon təhsil şöbəsindən "Qaynar xətt"ə bildirilib ki, Zərqava məktəbinin bərpası üçün Nazirlər Kabinetinin xəttilə vəsait ayrılıb və məktəbin təmir-bərpası işləri sürətləndirilib. Şöbədən məktəbin daxili təmirinin müəllimlərə tapşırılması ilə bağlı deyilənlər təkzib olunub.

Məktəbin içi
Məktəbin içi

Quba rayon icra hakimiyyətindən isə Zərqava məktəbinin tezliklə şagird və müəllimlərin istifadəsinə veriləcəyi bildirilib: "Tamamlanma işləri başa çatan kimi məktəb istifadəyə veriləcək".

Bu il iyulun 13-də kənd sakinləri təmir-bərpası yarımçıq qalmış məktəbin qarşısında toplaşaraq etirazlarını bildiriblər. Rayon rəsmiləri əraziyə gələrək sakinlərə məktəb binasının tam təmirli şəkildə tezliklə istifadəyə veriləcəyini söyləyib.

İki il əvvəl Nazirlər Kabineti Zərqava kənd məktəbinin bərpasına 500 min manat vəsait ayırıb. Sakinlər ayrılan vəsaitin məmurlar tərəfindən mənimsənildiyini iddia edirlər.

XS
SM
MD
LG