Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:47

Səkkizyaşlı Şölə yatdı, ayılmadı...


Foto illüstrasiya.
Foto illüstrasiya.

«Dedilər, qolundakı kateterdə qüsur var, mütləq dəyişdirilməlidir. Ona görə də Bakıya -Topçubaşov adına xəstəxanaya götürdük. Orda narkoz verib uşağımızı öldürdülər».

Sumqayıtda yaşayan Kərimovlar ailəsi evin ərköyünü, sevimlisi, bircəciyi – səkkizyaşlı Şöləni faciəli itirib. Ailənin iddialarına görə, 2-ci sinif şagirdi olan Şölə narkozdan ayılmayıb.

«MÜAYİNƏ ETMƏDƏN NARKOZ VERDİLƏR»

Ata Sübhan Kərimov göz yaşlarından boğulur, danışa bilmir. «Öldürdülər Şöləmizi», – deyir. Sözləri boğazında düyünlənib qalır...

İki ay əvvəl Şölədə qəfil bayılmalar baş verir. Valideynlər uşağı hərtərəfli müayinə etdirirlər. Səkkizyaşlı Şöləyə böyrək çatışmazlığı diaqnozu qoyulur:

«Bakıda Şölənin qoluna kateter qoyuldu, bir az müalicə aldı, qaytardıq Sumqayıta... Sumqayıtdakı uşaq xəstəxanasının nəzarətindəydi. Biz Səhiyyə Nazirliyinə müraciət etdik, nazirlikdən Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə göndəriş aldıq».

***Buna da bax-Ölən gəncin dayısı: 'Narkozu çox verdilər, ayılmadı'

Deyir, kaş o göndərişi almamış olaydıq... Ata iddia edir ki, Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində uşağı müayinə etmədən ona narkoz verilib. Şölə o uyuyan uyuyub:

«Həkimlər bir-birlərinə dəydilər. Artıq bilirdilər ki, uşaq ayılmayacaq. Bilirdilər ki, narkozun dozası çox olub... Şöləm ayılmadı...».

«UŞAĞIN ÜRƏYİ YOXLANILMALIDIR AXI»

Ata deyir, Şölənin qolundakı kateterin dəyişdirilməsi üçün cərrahiyə əməliyyatına ehtiyac olub. Uşağa narkoz verilməmişdən əvvəl onun müayinə olunmadığını görəndə dillənib:

«Dedim, «bu uşağın ürəyi yoxlanılmadı axı»... Həkim üstümə acıqlandı, üstəlik, uşaq ağlayanda onun da üstünə acıqlandı ki, «sakit dur, işimizi görək». Mən həkimləri uşaqla kobud davrandıqlarına görə qınadım. Sonra da heç nə... Bu, uşağımın son ağlaması oldu... Verdikləri narkozdan yatdı, ayılmadı... Bir də deyirəm, uşağın ürəyini yoxlamadılar ki, bu uşağın ürəyi narkoza dözəcək, ya yox...».

Atanı yandıran həm də uşağın ölümündən sonra həkimlərin hadisəyə soyuqqanlı yanaşması olub:

***Buna da bax-Mərhum modelin ailəsi: 'Dedilər, dua edin, yaşasın...'

«Deyirəm, «axı, mən sizə dəfələrlə xatırlatdım ki, uşağın ürəyini müayinə etməmisiniz, siz dediz, işimizə qarışma... İndi qaytarın uşağımı»... Həkim dedi, «tibdə belə hallar olur, Allah rəhmət eləsin»...».

S.Kərimov deyir, Şölənin nəşi tibbi ekspertizadan keçirilmədən ailəyə verilib.

«VALİDEYNLƏRİN RAZILIQ İMZASI VAR»

Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzindən AzadlıqRadiosuna bildirilib ki, səkkizyaşlı Şölə Kərimova əməliyyata götürülməmişdən əvvəl bütün müayinələrdən keçirilib. Onun əməliyyatı üçün valideynlərinin sənəddə razılıq imzası da var.

Səhiyyə Nazirliyi məsələni araşdırır. Bu barədə AzadlıqRadiosuna qurumdan bildirilib.

Hüquqşünas Vaqif Alıyev deyir, istənilən şübhəli ölüm faktını ərazi üzrə prokurorluq araşdırır. Əgər belə bir araşdırma başlanmayıbsa, valideynlərin Yasamal Rayon Prokurorluğuna ərizə ilə müraciət etmək hüquqları var.

XS
SM
MD
LG