Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 21:18

Telnov küçəsi 10-da pusquda duranlar var


Xətai rayonu, Telnov küçəsindəki 10 saylı ünvan.
Xətai rayonu, Telnov küçəsindəki 10 saylı ünvan.

"Sizə fotolar göndərirəm. Diqqətlə baxın. Orada həm maşınların dayanacaq yeri var, həm uşaqlar üçün meydança, həm də əsas gediş-gəliş yolumuz... Bu yaxınlarda hasarlamağa gəlmişdilər. Hay-küy salıb həyətdən qova bildik. Gedəndə dedilər ki, "yenə gələcəyik".

Bunu AzadlıqRadiosu-na Xətai rayonu, Telnov küçəsindəki 10 saylı ünvanda (keçmiş Bakı kinoteatrı ilə üzbəüz) yaşayan Məlahət Şükürova deyir.

“İNSAN EVDƏ OTURUB”

Bu ilin iyununda dörd binanın mərkəzindəki həyəti qazmağa əraziyə gələn şirkət nümayəndələri və qazma əməliyyatı üçün gətirilən ağır texnikalar "müqavimətlə" rastlaşıb. Sakinlər ərazinin hasarlanmasına və texnikaların işə düşməsinə imkan verməyiblər. İş o yerə çatıb ki, əraziyə polis qüvvəsi göndərilib.

Buna da bax: Leyla Əliyevanın şirkəti subsidiya alanlar siyahısında [araşdırma]

Sakin Məlahət Şükürova deyir, bununla belə, sözündə qəti olan sakinlər dağılışmayıblar:

"Düzdür, bizə çox təzyiq göstərdilər, hədələdilər ki, evlərinizə girin, başınıza bəla açmayın, ancaq biz bir olduq, qarşılarından çəkilmədik. İcra hakimiyyətindən də gəldilər, yenə yerimizdən tərpənmədik. Nəhayət, bir günlük mücadiləmizdən sonra texnikaların ərazidən daşınmasına nail ola bildik".

10 saylı binanın sakini Rauf Daşdəmirli deyir, sonralar əraziyə yenə qazma texnikasıyla gələnlər olub:

"Gecəyarı da gəliblər, həftəiçi günlər də gəliblər. Düşünüblər, insanlar işdə-gücdədir, fürsətdir. Daha düşünmürlər ki, insanların səksən faizi işsizdir, evdə oturub".

Buna da bax: Siyasilərin 'psixuşka'ya salınması halları arta bilərmi?

“BACARDIĞIMIZ QƏƏR DİRƏNƏCƏYİK”

Bu yaxınlarda yenə əraziyə gələn iki nəfər həyətdə sakinlərlə görüşüb və yaxın günlərdə ərazidə çoxmərtəbəli bina tikintisinə başlayacaqlarını bildirib. Bu isə sakinləri yenidən narahat etməyə başlayıb.

Rauf Daşdəmirli: "Bilmirik, bu, hara qədər davam edəcək, kim udacaq, kim uduzacaq. Ancaq son vaxtların zəbtolunmaları, söküntülər, tikintilər göstərir ki, udan tərəf sadə insanlar olmur. Yenə də bacardığımız qədər dirənəcəyik".

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

Sakinlər sonuncu xəbərdarlıqdan sonra növbəti dəfə Xətai rayon icra hakimiyyətinə müraciət ediblər. Onlar rəsmi qurumlara qazıntı, tikinti işləri başlayarsa, hər cəhdlə qarşısını alacaqlarını bildiriblər. Sakinlər daxili işlər nazirinə, baş prokurora və ölkə başçısına da yazıblar.

FƏRQLİ MƏKTUBLAR

Sakinlərə Xətai rayon icra hakimiyyətindən və Bakı şəhər icra hakimiyyətindən fərqli məzmunda məktublar gəlib.

Buna da bax: Hakim partiyanın namizədi birinci xanım ola bilərmi? [video]

Xətai rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, qeyd olunan ünvanda heç bir qazıntı, tikinti işi aparılmayıb: "Sakinlərin narazılığına görə dayandırılıb, araşdırılıb, qərara alınıb ki, sakinlərin razılığı olmadan orada hər hansı iş aparılmayacaq".

Lakin sakinlərə bir neçə gün əvvəl Bakı şəhər icra hakimiyyətindən gələn məktubda qeyd olunur ki, Fövqəladə Hallar Nazirliyi icazə verərsə, ərazidə tikinti işlərinə başlanıla bilər.

Bir sözlə, hazırda Telnov 10 ünvanında vəziyyət belədir: Bir tərəf ərazinin qazılmaması üçün növbəylə keşik çəkir, digər tərəf pusquda durub fürsət güdür.

XS
SM
MD
LG