Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:05

Vasif Talıbovun oğlunun şirkəti büdcə sifarişlərini müsabiqəsiz qazanır


Rza Talıbov
Rza Talıbov

Naxçıvanın builki dövlət büdcəsi 350.5 milyon manatdır. Amma yüz milyonlarla məbləği xərcləyən dövlət qurumları il girəndən muxtar respublikada vur-tut 3 müsabiqəli satınalma təşkil edib. Qanunvericilik isə dövlət ehtiyacları üçün məbləği 5 min manatdan yuxarı mal, iş və xidmətlərin müsabiqə yolu xərclənməsini tələb edir. Dövlət büdcəsinin necə sərf olunmasına nəzarət etməli olan qurumlar da muxtar respublikada satınalmalar sahəsində vəziyyətin dəyişməsi üçün ciddi addım atmaq niyyəti göstərmirlər.

Bu il Naxçıvanda bir uşaq bağçası və 2136 şagird yerlik dörd tam orta məktəbin tikintisi başa çatıb, daha bir neçə məktəbin tikintisi və yenidən qurulması davam edir. Nax.MR-in Dövlət Statistika Komitəsi bu haqda məlumat verir. Amma bu işləri icra edən, yəni tikinti işlərini görən, tikinti materiallarını, mebel və digər avadanlığı təmin edən şirkətlərin kimliyi haqda bir kəlmə söz açmır. Elə «Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasına cəlb olunan şirkətlərin adları da rəsmi sənədlərdə çəkilmir. Bəs, dövlət qurumları podratçı və təchizatçı şirkətləri hansı yolla tapırlar?

Yüz milyonlar kimə qismət olur

AzadlıqRadiosu Nax.MR İqtisadiyyat Nazirliyinə bu haqda sorğu göndərsə də, cavab ala bilməyib. QHT-lərin «Milli Büdcə Qrupu»nun və Hesablama Palatasının məlumatlarına görə, 2008-2016-cı illərdə Naxçıvana təkcə dövlət investisiya qoyuluşlarının ümumi məbləği 777 milyon manatdan çox olub. Amma bu işlərin icrasına cəlb olunan şirkətlərin çox az bir hissəsi müsabiqə yolu ilə seçilib.

Bir çox yerli və beynəlxalq hesabatlara görə, avtoritar üsullarla idarə olunan muxtar respublikada 2014-cü ildən bəri mərkəzdən ayrılan vəsait hesabına saysız-hesabsız obyektlər inşa olunub. Bu dövrdə Şərur rayonunda 20.5 meqavat gücündə «Arpaçay-1» SES-i və 1.4 meqavat gücündə «Arpaçay-2» SES-in tikintisi başa çatdırılıb, Ordubad rayonunda isə 36 MVt gücündə «Ordubad SES»in tikintisi davam etdirilir. Muxtar respublikanın rəsmi mətbuat orqanı olan «Şərq qapısı» yazır ki, tikinti işlərini «Gəmiqaya Yol-Su Enerji» MMC icra edir.

***Buna da bax-Rza Talıbov türk işadamı ilə ortaqlıqdan çıxdı

20 MVt-lıq Naxçıvan Günəş Elektrik Stansiyasının tikintisi 2015-ci ildə başa çatdırılıb. Amma Nax.MR Dövlət Energetika Agentliyi niyə məhz Belçikanın «Soltech» şirkətinin günəş panellərinə üstünlük verdiyini, eləcə də bu şirkətlə bağlanmış müqavilənin dəyərini nə prezident İlham Əliyevin də iştirak etdiyi açılış mərasimində, nə də sonra açıqlayıb.

«Gəmiqaya Holdinq» Şirkətlər İttifaqı Biləv Su Elektrik Stansiyasını inşa etdiyini, Naxçıvan-Sədərək avtomobil yolunu və Naxçıvan şəhərinin su-kanalizasiya sistemini yenidən qurduğunu, daha bir neçə infrastruktur layihələrini icra etdiyini bildirir. Amma seçimin nədən onun üzərinə düşdüyünü rəsmi qurumlar açıqlamır.

Ola bilsin ki, Türkiyə kommersiya qurumları reyestrindən əldə etdiyimiz məlumatlar bu müəmmaya aydınlıq gətirsin. Azərbaycanda qeydiyyatdan keçmiş «Gəmiqaya Holdinq»in təsisçiləri barədə reyestr məlumatları açıqlanmasa da, Türkiyədə eyni brendi daşıyan şirkətin sahibləri barədə məlumatlar açıqdır. «Gemikaya Dış Ticaret İnşaat Enerji Sanayi ve Ticaret Anonim Şirketi»nin Naxçıvandakı nümayəndəliyi də Azərbaycan «Gəmiqaya»sının şirkətləri ilə eyni ünvanda qərar tutub. Bu il iyulun 18-dək şirkətə Rza TalıbovEmin Uçar sahiblik ediblər. Həmin gündən etibarən şirkətin tək sahibi Emin Uçardır. Rza Talıbov Naxçıvan MR Ali Məclisinin sədri, bölgəyə rəhbərlik edən Vasif Talıbovun oğludur.

Rza Talıbov öz rəsmi Facebook səhifəsində də «Gəmiqaya Holdinq»ə rəhbərlik etdiyini açıqlayıb.

Mənbə: http://www.gemikaya.com/index-2az.html
Mənbə: http://www.gemikaya.com/index-2az.html

Bölgədə tikirlər, qururlar, amma tender keçirmirlər

Son 3 ildə Naxçıvanda 207 kilometr yol salınıb, 8 körpü, 1 yerüstü piyada keçidi tikilib. Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binası, iki sərnişin terminalı tikilib. Dəmir yollarında da tikinti işləri aparılır. Amma burada da podratçı təşkilatların seçimi haqda rəsmi məlumatlar yoxdur.

Tender keçirməyə lüzum görməyən qurumlar arasında «Naxçıvan Aqrolizinq» ASC də var. Səhmdar cəmiyyəti 2014-cü ildən bu il aprelin 1-dək 637 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alıb. Kimdən və nə qiymətə - məlumat yoxdur. Məlumatı əldə etməyin özü də müşkül məsələdir: SC-nin nə əlaqə telefonu, nə də elektron poçtu var.

Muxtar respublikada dövlət satınalmalarına dair məlumat yalnız bir mənbədə - Ali Məclis və Nazirlər Kabinetinin təsisçisi olduğu «Şərq qapısı» qəzetində açıqlanır. Bu qəzetin məlumatlarına görə, 2016-cı ildə Nax.MR-in 15 dövlət qurumu hərəyə bir satınalma müsabiqəsi (1 tender, 1 təkliflər sorğusu və 13 kotirovka sorğusu) keçirib. Həmin il yerli hökumət - mərkəzi büdcədən ayrılan dövlət investisiyaları və Prezidentin Ehtiyat Fondundan verilən vəsaitlər nəzərə alınmadan -354.5 milyon manat xərcləmişdi. Bunun 282.4 milyonu Bakıdan – dövlət büdcəsindən dotasiya şəklində ayrılan vəsaitdir.

***Buna da bax-Səhmdarları arasında talıbovlar olan 'Naxçıvanbank' mənfəət vergisi ödəmir

Bundan başqa, Prezidentin Ehtiyat Fondundan Nax.MR Nazirlər Kabinetinə il ərzində bir layihənin icrasına 5 milyon manat, Nazirlər Kabinetinin Ehtiyat Fondundan isə bir layihənin icrasına 47 milyon 53.6 min manat ayrılıb. Hesablama Palatası 2016-cı ildə dövlət əsaslı vəsait qoyuluşu proqramı üzrə Naxçıvanda 3 layihənin maliyyələşdirilməsinə 32 milyon manat sərf olunduğunu bildirir.

«Şərq qapısı» qəzetində və digər açıq informasiya resurslarında az-çox təşkil olunan satınalmaların nəticələri haqda da məlumat yerləşdirilmir. Muxtariyyətdə satınalmalara nəzarət edən İqtisadiyyat Nazirliyinin saytı isə ümumiyyətlə boşdur. Elə Nax.MR-in dövlət büdcəsinin xərclənməsi vəziyyətini yoxlayan Azərbaycan Respublikası Hesablama Palatasının (HP) Nax.MR üzrə İdarəsinin internet səhifəsində də onun fəaliyyətinə dair hər hansı məlumat yoxdur.

Ekspert: «Məsuliyyət maliyyələşdirməyə cavabdeh qurumlarındır»

AzadlıqRadiosunun HP-nin Nax.MR üzrə İdarəsinə satınalmalar gedişində aşkar edilən nöqsanlara dair ünvanladığı sorğuya Naxçıvandan cavab gəlməyib.

Ölkənin digər regionlarında dövlət satınalmaları zamanı yol verilən qanun pozuntuları haqda HP mütəmadi məlumat yayır. Naxçıvanda bu cür halların müşahidə olunması haqda isə heç bir rəsmi məlumat yoxdur.

Rövşən Ağayev
Rövşən Ağayev

İqtisadçı Rövşən Ağayev dövlət satınalmaları haqda qanunvericiliyə söykənərək deyir ki, istər dövlət büdcəsinin, ya büdcədənkənar dövlət fondlarının, istərsə də Naxçıvan MR-in büdcə vəsaitlərinin tərkibində iqtisadi təsnifat üzrə mal, iş və xidmətlərə ayrılan vəsait satınalma yolu ilə xərclənməlidir.

«Burda yalnız təbii inhisarçıların təqdim etdiyi iş və xidmətlər istisna ola bilər. Mal, iş və xidmətlərin dəyəri 50 min manatı ötdükdə açıq tender, ötmədikdə digər satınalma üsullarından istifadə edilməlidir. Əgər buna əməl edilmirsə, həm Azərbaycan Respublikasının, həm də Naxçıvanın maliyyə nazirlikləri, yəni maliyyələşdirməyə cavabdeh qurumlar məsuliyyət daşıyır».

***Buna da bax-Naxçıvanda 1 manat qazanıb, 5 manat xərcləyirlər

Neft gəlirlərinin azalması nəticəsində bu il Azərbaycanın büdcə xərcləri 554 milyon manat azalıb. Mərkəzi hakimiyyətdən subsidiya hesabına büdcəsini formalaşdıran Naxçıvan hökumətinin illik büdcə xərcləri isə əvvəlki ilə nisbətən cəmi 3 milyon manat kəsilib. Ümumi həcmi 348 milyon manat olan builki büdcədən avtomobil yollarına 13 milyon manat, dövlət sərmayələri üzrə tikintiyə 17.5 milyon manat, meşə təsərrüfatına 540.4 min manat, meliorasiya və su təsərrüfatına 18.4 milyon manat, abadlaşdırma, eləcə də tullantıların yığılması və təmizlənməsinə 9.8 milyon manat xərclənəcək. İl yarı olub, hələlik bu vəsaitlərin xərclənməsi ilə bağlı tenderlər keçirilməyib.

Alanın da, nəzarətçinin də internet saytları boşdur

Naxçıvanda dövlət təşkilatlarını ərzaq malları ilə təmin etmək səlahiyyəti verilmiş «Naxçıvan Məhsulları» MMC bu il aprelin 14-də nəqliyyat xidmətlərinin göstərilməsindən ötrü təkliflər sorğusu elan edib. Qısa müddətdə - bir həftə ərzində baş tutan müsabiqədə «Naxçıvan Bağları» MMC qalib gəlib. Həmin müsabiqədə komissiyanın əlaqələndiricisi olmuş Namiq Əhmədov AzadlıqRadiosuna deyir ki, «Naxçıvan Bağları» şirkəti onlara 3 avtomobillə xidmət göstərəcək. Nəticələrin açıqlanmasına gəlincə, N.Əhmədov mətbuatda məlumat verilməsə də, lazımi sənədlərin yuxarı təşkilata – Nax.MR İqtisadiyyat Nazirliyinə təqdim olunduğunu bildirib. Muxtar respublikada büdcə təşkilatlarının 2017-ci il ərzində azuqəyə olan tələbatı və bu ehtiyacların necə ödənilməsi haqda «Naxçıvan Bağları» MMC-nin saytında məlumat yoxdur. Qurumun nümayəndəsi həmin məlumatın İqtisadiyyat Nazirliyinin informasiya resursunda yerləşdirildiyini deyir. Fakt isə budur ki, həmin sayt boşdur.

Naxçıvan MR İqtisadiyyat Nazirliyinin internet səhifəsi. http://www.in.nakhchivan.az/
Naxçıvan MR İqtisadiyyat Nazirliyinin internet səhifəsi. http://www.in.nakhchivan.az/

​Naxçıvanda 9 ildir Hesablama Palatasının idarəsi var

Naxçıvanda büdcə-maliyyə nəzarətini Hesablama Palatasının NAR üzrə İdarəsi yerinə yetirir. Bu, «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulub. Milli Məclis sədrinin NAR-da Hesablama Palatasının yerli strukturunun yaradılması barədə 2008-ci il 22 avqust tarixli razılıq məktubu verilib, sentyabrın 19-da Palatanın əmri ilə onun Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi yaradılıb. Funksiyasına görə o, həm də bölgənin büdcəsinin icrası barədə illik hesabata və müvafiq qərar layihələrinə rəy verir. Nə sirdirsə, hər il Ali Məclis büdcənin icrasını təsdiq edir, rəy isə açıqlanmır.

İqtisadçı Qubad İbadoğlu bu səbəbdən Hesablama Palatasının fəaliyyətindən razı deyil və deyir ki, Naxçıvanın dövlət büdcəsi ilə yanaşı, palata Dövlət Neft Fondu kimi büdcədənkənar fondların da illik büdcələrinə rəy verməlidir. Amma buna indiyə kimi əməl olunmayıb.

Qubad İbadoğlu
Qubad İbadoğlu

«Bu o deməkdir ki, Hesablama Palatası müstəqil olmayıb, indi də müstəqil deyil. O, Milli Məclisin təsisatı olsa da, Prezident Aparatından idarə olunur, parlament üzvlərinin isə bu barədə danışmağa cəsarəti çatmır».

Əvəzində Milli Məclis qarşısında hesabatlı olan Hesablama Palatası Naxçıvandakı fəaliyyəti barədə səthi məlumat verir. Palatanın 2016-cı ildəki fəaliyyətinə dair hesabatında deyilir ki, həmin il Naxçıvan MR dövlət büdcəsi üzrə 10 analitik təhlil və 9 audit tədbirinin başlanılması ilə bağlı qərar qəbul edilib. Palatanın kollegiyasının 16 dekabr 2015-ci il tarixli qərarı ilə Naxçıvan bölməsinin iş planı təsdiq edilib.

Milyonların içində parlayan qəpik-quruş

Ötən il idarənin yoxladığı qurumlar arasında iri inşaat layihələri icra edən büdcə təşkilatları yoxdur. Bəs, Naxçıvanda maliyyə əməliyyatları yoxlanılan təşkilatlar hansılardır? Tibb və musiqi kollecləri, Gigiyena və Epidemiologiya Mərkəzi, Baytarlıq Laboratoriyası və Elmi-Tədqiqat Baytarlıq Mərkəzi, Dövlət Sosial Təminat Xidməti, 5 nömrəli mənzil istismar idarəsi, Meşə Təsərrüfatı İdarəsi və Dövlət Statistika Komitəsi. Audit gedişində Naxçıvan MR büdcəsinin 2.2 faizinin – 7 milyon 970.9 min manatın istifadə vəziyyəti əhatə edilib. Buraya 22 milyon manat məbləğində mərkəzi büdcədən bölgə hökumətinə 2016-cı ildə ayrılan dövlət investisiyaları və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 124 milyon manat məbləğində illik xərcləri daxil deyil.

AR Nazirlər Kabinetinin 22 fevral 2016-cı il, 95s saylı sərəncamından
AR Nazirlər Kabinetinin 22 fevral 2016-cı il, 95s saylı sərəncamından

​Bəs «idarənin auditorları yoxlamalar gedişində il ərzində hansı pozuntu aşkar ediblər» deyə soruşursunuzsa, bunun da cavabı var: 3 təşkilatda tarif səhvi nəticəsində 12 nəfərə 2 min 840 manat 78 qəpik artıq əməkhaqqı ödənilibmiş. İdarənin Ali Məclisə təqdim etdiyi hesabatda deyilir ki, «Görülmüş tədbirlər nəticəsində artıq ödənilmiş 2 min 840 manat 78 qəpik əməkhaqqı büdcəyə bərpa edilmişdir». Satınalmalara nəzarət tədbirləri barədə isə hesabatda bir kəlmə belə yoxdur.

Mənbə: http://hpni.nakhchivan.az/
Mənbə: http://hpni.nakhchivan.az/

​Palata «bizlik deyil» deyir

Muxtar respublika ərazisində satınalmalara dövlət nəzarətini 2016-cı ilin iyunundan bölgənin İqtisadiyyat Nazirliyi həyata keçirir. Dövlət satınalmalarının təşkili ilə bağlı nəzarət tədbirləri və hesabatlılığa dair AzadlıqRadiosunun suallarına muxtar respublikanın İqtisadiyyat Nazirliyində cavab verməyiblər.

AR Hesablama Palatasında isə Naxçıvanda satınalmalar gedişində dövlət vəsaitlərindən səmərəli istifadə olunması və aşkara çıxan nöqsanlara dair AzadlıqRadiosunun sorğusuna cavab məktubunda bu məsələlərin onların səlahiyyətinə aid olmadığını bildiriblər. Halbuki, ayrı-ayrı dövlət qurumlarında audit tədbirlərinin nəticələrinə dair hesabatlarında qurum bir qayda olaraq satınalmalar gedişində yol verilən nöqsanların geniş təhlilini təqdim edir.

Hesablama Palatasının AzadlıqRadiosunun 17 iyun 2017-ci il tarixli sorğusuna cavab məktubundan
Hesablama Palatasının AzadlıqRadiosunun 17 iyun 2017-ci il tarixli sorğusuna cavab məktubundan

​«Dizayn Holding», su və kanalizasiya xətlərinə qarışan milyonlar

Hesablama Palatası 2015-ci ildən fərqli olaraq, 2016-cı ilin dövlət büdcəsinin icrası haqqında rəyində iqtisadi rayonlar üzrə dövlət əsaslı vəsait qoyuluşu xərclərinin strukturu haqda məlumat vermir. 2015-ci ildə mərkəzdən tikinti işlərinə ayrılan vəsait, əsasən, aşağıdakı layihələrə sərf olunub:

- Şərur, Babək, Culfa, Kəngərli, Şahbuz, Ordubad və Sədərək rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yaradılması və yenidən qurulması tədbirləri üzrə layihə-smeta sənədlərinin hazırlanması və tikintisi – 9.9 milyon manat;

-Naxçıvan Respublika Xəstəxanasının tikintisi – 8.4 milyon manat;

-Babək rayonunda Şəkərabad-Babək qəsəbəsi-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması - 5 milyon manat;

-«Arpaçay-2» SES-in tikintisi – 3.5 milyon manat;

-Ordubad SES-in tikintisi - 3 milyon manat;

-«Naxçıvan Muxtar Respublikasında selə qarşı tədbirlər, suvarılan ərazilərin modernləşdirilməsi və genişləndirilməsi» layihəsində Azərbaycan tərəfinin payı - 2 milyon manat;

-«Şəhər su təchizatı və kanalizasiya investisiya proqramı, Tranş-1, 2 və 3» layihələrində Azərbaycan tərəfinin payı – 1.1 milyon manat;

-Naxçıvan Muxtar Respublikasının Psixi Xəstəliklər Dispanserinin əsaslı təmiri - 840 min manat.

Bəs bu layihələri kim icra edib? Bu suala cavabı az-çox muxtar respublikada fəaliyyət göstərən holdinqlərin internet resurslarından əldə etmək olur. Məsələn, bölgənin şəhər və rayonlarında çoxlu sayda tikinti və sənaye müəssisələrinə sahib olan «Dizayn Holding» burada su təchizatı və kanalizasiya xətlərinin çəkilişi ilə bağlı bir çox layihələri icra etdiyini bildirir.​

«Dizayn Holdinq» Şirkətlər İttifaqının www.dizaynholding.com saytından
«Dizayn Holdinq» Şirkətlər İttifaqının www.dizaynholding.com saytından

Tender keçirmədən satınalma müqaviləsi bağlamaq cinayətdir

Bu ilin mayında Cinayət Məcəlləsinə dövlət satınalmalarını müvafiq prosedurlar keçirmədən təşkil etməyə görə 308-2-ci maddə əlavə edilib. Bu maddədə deyilir ki,

satınalan təşkilat dövlət vəsaitlərini satınalma prosedurlarından kənar üsullarla bağlanılmış müqavilələrlə xərcləyərsə, vurulmuş ziyanın iki mislindən üç mislinədək cərimə edilməklə üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə ilə cəzalandırıla bilər.

Hələlik bu maddə ilə nə Naxçıvanda, nə də digər bölgələrdə cinayət işinin açıldığı haqda məlumat verilib.

XS
SM
MD
LG