Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:31

43-cü məhəllədəki yataqxanada köçkünlərin üçüncü yanğını


Köçkünlərin yataqxanası yanğından sonra
Köçkünlərin yataqxanası yanğından sonra

"Bu da üç... Bu yataqxana daha neçə dəfə yanmalıdır ki, bizi köçürsünlər..."

Bunu AzadlıqRadiosu-na Sumqayıt şəhəri, 43-cü məhəllədəki yataqxanada məskunlaşan köçkün Arzu Şərifova deyir.

Buna da bax:​ Köçkün: 'İlin 9 ayı bitdi, hanı evlər?'

“BİNA YANA-YANA GEDİR”

Sentyabrın 20-dən 21-nə keçən gecə yataqxanada yanğın baş verib. Bu, köçkünlərin məskunlaşdığı binada son iki ayda sayca üçüncü yanğındır. Qısaqapanmadan yaranan yanğında binanın 4-cü mərtəbəsinin dəhlizi və yaşayış otaqları tamamilə yanıb. Həmin mərtəbənin sakinləri binadan köçürülüb.

Bundan əvvəlki yanğınlar zamanı da binadan bir neçə köçkün ailəsi təxliyə olunmuşdu. Hətta qəzalı binada yaşamaq istəməyən köçkünlər başqa yerə köçürülmə tələbi ilə yolu da bağlamışdılar. Köçkün Arzu Şərifova deyir, həmin vaxt "Qaçqınkom" nümayəndələri gələrək onlara tezliklə köçürüləcəklərini bildirib:

Buna da bax: Biləcəridə karton 'divarların' arasına sığınan ailələr...

"Bina yana-yana gedir. Qısaqapanmadan iki dəfə yanğın oldu, bununla belə, gəlib elektrik xətlərini təzələmədilər. Deyirlər, ‘köçürüləcəksiniz, ona görə də binada təmir adına heç bir iş aparıla bilməz’. Keçən dəfə də yanğından zəhərlənənlər oldu, əşyalarını, yaşayış yerlərini itirənlər oldu, bu dəfə də... 6 nəfəri zəhərlənməylə ‘nasılkada’ xəstəxanaya aparmışdılar. Şükür ki, ölüm-itim olmadı. Kim zəmanət verir ki, bu gecə qəzalı xətlərdə yenə qısaqapanma olmayacaq və dördüncü dəfə yanğın baş verməyəcək?"

HAMI YATANDAN SONRA...

Binada qaz xətti olmadığından otaqlar elektrik cihazlarıyla qızdırılır. Əsasən qışda binadakı yaşayış otaqlarında quraşdırılan qızdırıcılara görə yüklənən qəzalı xətlərdə, demək olar ki, hər gün bir xəta baş verir. Köçkünlər özləri xətaları aradan qaldırırlar. Lakin hamı yatandan sonra – gecəyarı baş verən xətalar yanğınla nəticələnir.

Buna da bax:​ Partlayış baş verən yataqxana sakini: 'İki həftədir çadırda qalmışıq'

Bundan əvvəlki yanğın nəticəsində yataqxana binasının 3-cü mərtəbəsinin sakinləri Fövqəladə Hallar Nazirliyinin qurduğu çadırlara köçürülmüşdü. Bir neçə belə ailə sentyabrın əvvəli AzadlıqRadiosu-na dözülməz çadır həyatından bəhs etmişdilər.

Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsindən ("Qaçqınkom") "Qaynar xətt"ə bildirilib ki, həmin ailələr artıq yataqxanadakı təmir olunmuş evlərinə qayıdıblar. Qurumdan deyildiyinə görə, köçkün ailələrin köçürülməsi plandadır və yaxın vaxtlarda bu gerçəkləşdiriləcək.

XS
SM
MD
LG