Dekabrın 24-də İranın Kiberməkan üzrə Ali Şurası "WhatsApp", "Google Play" daxil, bir neçə xarici tətbiqə aid yasağın aradan qaldırılmasına qərar verib. Bu bilgini dövlət IRNA xəbər agentliyi yayıb.
"Bu gün internetdə məhdudiyyətlərin aradan qaldırılması istiqamətində ilk addımı yekdilliklə və konsensusla atdıq", - ölkənin rabitə naziri Səttar Haşemi X sosial şəbəkəsi paylaşımında belə bildirib.
Qərarın nə vaxt qüvvəyə minəcəyi hələ aydın deyil. Şura iclaslarını qapalı keçirir və səsvermə sonuclarını ictimaiyyətə açıqlamır.
Tətbiqlərdən istifadə 2022-ci ildə "Qadın, həyat, azadlıq" adlı etirazlar qəddarca dağıdılandan sonra yasaqlanmışdı.
"WhatsApp" və "Google Play"ə yasaq aradan götürülsə də, İranda "Facebook", "X", "Telegram" və "YouTube" kimi digər populyar mediaplatformalara giriş bloklanıb.
"Məhdudiyyətlər… heç nə gətirmədi"
Məhdudiyyətləri tənqid edənlərin fikrincə, bu platformalara nəzarət hökumətə baha başa gəlib.
"Məhdudiyyətlər insanların həyatına qəzəb və əlavə xərclərdən başqa heç nə gətirmədi", - ictimai və siyasi fəal Əli Rəbiei dekabrın 24-də "X" sosial şəbəkəsində belə yazıb.
Vitse-prezident Məhəmməd Cavad Zərif deyib ki, ölkə prezidenti Məsud Pezeşkian məhdudiyyətlərin ləğvinə inanır və yasaqların xalqla ölkənin maraqlarına xidmət etmədiyini düşünür.
"Bütün ekspertlər də düşünür ki, bu məsələ ölkənin güvənlik maraqlarına uyğun deyil", - Zərif dekabrın 24-də belə deyib.
Başqa ekspertlər də sözügedən məhdudiyyətlərin aradan qaldırıldığına diqqət çəkiblər.
İslahatçı "Şərq" qəzeti dekabrın 24-də İranın 290 parlament üzvündən 136-sının Şuraya məktub göndərdiyni, bu addımın İranın düşmənlərinə "hədiyyə" olacağını bildirdiyini yazıb. Onlar sözügedən onlayn platformalara girişə yalnız "İslam cəmiyyətinin dəyərlərinə sadiq qaldıqları və İran qanunlarına əməl etdikləri halda" icazə verilməsinə çağırıblar.