Azərbaycanda minimum əməkhaqqı 400 manat olur

Minimum əməkhaqqı

2025-ci il yanvarın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manat müəyyən edilib. Bu, prezident İlham Əliyevin dekabrın 23-də imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamda öz əksini tapıb.

Habelə, Nazirlər Kabinetinə tapşırılıb ki, əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir aya prezidentə təqdim etsin.

Buna qədər ölkədə minimum əməkhaqqı 345, əmək pensiyasının minimum məbləği isə 280 manat idi.

Azərbaycanda hələ bu ilin ortalarından minimum əməkhaqqının artırılacağı gözlənilirdi. Müzakirələr zamanı bir çox müstəqil iqtisadçılar deyirdilər ki, Azərbaycanda minimum əməkhaqqı azı 500 manata çatdırılmalıdır. Onlar bu fikirlərini inflyasiya və mövcud qiymətlərlə izah edirdilər.

Z.İsmayıl: "Qiymətlər Avropadakına yaxındır, əməkhaqqı isə dəfələrlə azdır"

İqtisadçı Zöhrab İsmayıl da AzadlıqRadiosuna deyib ki, artım yetərli deyil: "Azərbaycanın indiki durumu üçün bu, pozitiv görünə bilər. Ancaq, ümumiyyətlə, biz ölkədəki pensiya və əmək haqlarını Baltikyanı ölkələrlə, Türkiyə kimi başqa ölkələrdəki maaşlarla, pensiyalarla müqayisə etsək, bu, çox azdır. Belə templərlə bizim onların maaşlarının indiki səviyyəyə çatmaq üçün on illər lazımdır".

İqtisadçı vurğulayıb ki, ölkədə gündəlik tələbat mallarının qiymətləri Avropadakına yaxındır: "Əməkhaqqı isə dəfələrlə azdır".

2024-cü il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 773.3 min nəfər olub. Onlardan 881.7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 891.6 mini isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Ölkədə əməkqabiliyyətli insanların isə bundan təqribən üç dəfə çox olduğu bildirilir.