Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:51

Üç general (19-cu yazı)


Səməd bəy Mehmandarov (1904)
Səməd bəy Mehmandarov (1904)

Ötən yazıda cümhuriyyət ordusunun bolşevik ordusuna döyüşsüz təsliminin səbəbləri şahidlərin öz sözləriylə diqqətə yetirilmişdi. Ardınca anons da verilmişdi ki, 19-cu yazı «3 general» adlanacaq və cümhuriyyətin ordu rəhbərliyində təmsil olunan, onu qoruya bilməyən və sonra başı bəlalar çəkən 3 şöhrətli hərbçinin - hərbi nazir Səməd bəy Mehmandarovun, nazir müavini Əliağa Şıxlinskinin və Baş Qərargah rəisi Həbib bəy Səlimovun faciəsindən söz açılacaq.

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

Hər nə qədər faktlar və sübutlar ortaya qoyulsa da, yenə ixtiyarsız bir sual adamı içindən gəmirir: Elə şöhrətli generalların yaratdığı ordu niyə döyüşsüz təslim oldu?

Onlar nəyə ümid edir, nəyə inanırdılar və 1920-ci ilin aprelində hansı gerçəkliklə üz-üzə qalmışdılar?

Birinci general-Hərbi nazir Səməd bəy Mehmandarov

Artilleriya generalı, Azərbaycan Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarov Şuşanın şöhrətli Mehmandarovlar nəslindən olub. 1855-ci il oktyabrın 16-da o zamanlar atasının pristav olduğu Lənkəranda doğulub. Bakıda gimnaziya təhsili alıb. 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olub. Rus-yapon müharibəsində göstərdiyi xidmətlərə görə ona 1908-ci ildə tam artilleriya generalı rütbəsi verilib. Birinci Dünya müharibəsində korpuslar komandanı kimi, onun tabeliyində 52 minlik ordu olub. Bütün fəaliyyəti boyunca dövrün ən sayılan hərbi ordenlərinə layiq görülüb.

«Soyuqqanlı»

Deyilənə görə, Səməd bəy ən qorxunc döyüşlərdə də soyuqqanlılığını qorumağı bacarırmış. Qorxmazlığı dillər əzbəriymiş. Mehmandarov ədalətli və düzgün adamları qiymətləndirər, yalançılara, saxtakarlara qarşı amansız olarmış. O üzdən tabeçiliyində olanlar ondan çəkinər, ancaq onu sevər, ona inanarmışlar.

«Dərdlərə dərman» iki dost

General Mehmandarov Azərbaycan Cümhuriyyəti hökumətində 1918-ci il dekabrın 25-dən hərbi nazir vəzifəsini tutub. İlyarım ərzində silahdaşı və dostu Əliağa Şıxlinski ilə 40 minlik ordu yaradan Səməd bəy Mehmandarov «yuxudan yenicə oyanmış xalqda sağlam milli hiss oyatmalıyıq» deyib və bunu mübarizə tədbirlərindən biri sayıb. «Biz həmişə boyunduruq altında olmamışıq» - sözləriylə əsgərləri ruhlandırıb. Əsgərlər də ona şərqi qoşub və:

«Qafqasiyaya şan gəlir,

Dərdlərə dərman gəlir!» - deyə oxuyublar.

«Denikin məni yaxşı tanıyır»

Səməd bəy öz ordusunun komandanı olmaqdan qürur duyub: «Bütün gəncliyimi, gücümü rus ordusuna həsr etdim. Nə xoşbəxt insanam ki ixtiyar yaşımda millətimin ordusunu yaratmaq mənə nəsib oldu». Bunları bir ziyafətdə «Övladlarım!» - müraciəti ilə söyləyib Səməd bəy Mehmandarov. O dövrdə Denikinin Azərbaycan Cümhuriyyətinə olan təhdidlərindən söz düşüb. Mehmandarov söz alaraq deyib: «Denikin məni yaxşı tanıyır. Mənim komandanlıq etdiyim orduya qarşı Denikin cəsarət edib vuruşmaz».

«İşğalçı ölkənin ordeni mənə gərək deyil!»

Tarixin yaddaşında qalan bu sözlər də Səməd bəy Mehmandarovundur. 1918-ci ilin noyabrında general Tomsonun başçılığı ilə Bakıya soxulan ingilis ordusunun ağalığına etiraz kimi səslənib. Səməd bəy Birinci Dünya müharibəsində ingilis komandanlığının ona verdiyi bütün ordenləri geri qaytararaq deyib: «Torpağımı və xalqımı fəth edən ikiüzlü bir ölkənin ordeni mənə gərək deyil!». Onun nazirliyi dövründə əsgərlər öz dilində salamlaşıb, marşları öz dilində oxuyub, öz xörəklərindən yeyib.

«Heç yerə gedəsi deyilik»

Öz millətinin ordusunun komandanı olmaq xoşbəxtliyi cəmi ilyarım sürüb. Aprelin 27-də parlamentin son iclasından qayıdan Səməd bəy Mehmandarov ailəsinin çamadanları hazırlayıb yola çıxmaq istədiyini görəndə belə deyib: «Boşaldın, heç yerə gedəsi deyilik. Vətəndən ayrılmağa heç bir əsasım yoxdur». Biləcəridə Müsavat hökumətinin başçılarını Tiflisə aparan qatar Səməd bəy Mehmandarovu saatyarım gözləsə də, o, Bakıda qalıb. Onu nələr gözlədiyindən xəbərsiz…

Yenidən Rusiyaya… «Kommunist salamı ilə: N.Nərimanov»

Bolşevik hakimiyyəti iyunun 4-də onu Əliağa Şıxlinski ilə birgə həbs edib. Müasirlərinin yazdığına görə, bolşeviklər generallarla alçaldıcı şəkildə davranıb, ardınca Moskvaya göndərərək, Butırsk zindanına salıblar. N.Nərimanovun V.İ.Leninə məktubu: «Əziz Vladimir İliç! Gəncə üsyanı zamanı köhnə Azərbaycan ordusunun bütün zabitləri həbsə alınmışdı. Bu məktubu Sizə təqdim edən məşhur generallar - Mehmandarov və Şıxlinski də onların içərisində idi. Diqqətli yoxlama nəticəsində məlum oldu ki, generalların üsyanla əlaqəsi olmamışdır. Lakin mövqeyimiz sakitləşənə qədər və ümumi işimizə kömək məqsədilə biz hər halda bu qərara gəldik ki, onları qərargahda işləmək üçün Sizin sərəncamınıza göndərək, çünki onlar hərbi mütəxəssis olmaq etibarı ilə əvəzsizdirlər. Onlardan biri Şıxlinski Nikolay ordusunda «artilleriyanın Allahı» sayılırdı. Polşa cəbhəsi qurtarana qədər qoy onlar Moskvada işləsinlər, sonra Sizdən xahiş edəcəyəm ki, bizim əsgəri hissələrimizi təşkil etmək üçün onları buraya göndərəsiniz. Bu müddətdə onların qayğısına qalmaq lazımdır. Kommunist salamı ilə N.Nərimanov».

S.Mehmandarov (soldan 5-ci) Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin tərkibində. Dekabr 1919
S.Mehmandarov (soldan 5-ci) Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin tərkibində. Dekabr 1919

«Özünüzə yaxşı valideynlər seçməmisiniz»

Tarixin yaddaşında bir də Mehmandarovun oğlu Pirin (İqorun - red.) xatirələri qalıb: «Atamdan sonra tez-tez anamı və məni ÇK-ya (Fövqəladə Komitənin rusca deyilişinin baş hərfləridir – red.) çağırır, min cür hədələyici suallar verirdilər. Suallara düzgün cavab versək də, verməsək də bizi döyüb incidirdilər. Bir dəfə lap cana doyub ağlaya-ağlaya soruşdum ki, axı məni niyə döyürsünüz? Verdiyiniz sualların cavabını mən həqiqətən də bilmirəm, yalandan nə deyim? Mənim günahım nədir? – (cavab – red.) Günahınız ondan ibarətdir ki, özünüzə yaxşı valideynlər seçməmisiniz».

«Məsul postlar tutmamaq hüququ ilə ehtiyata buraxmaqla azad etmək»

Uzun çəkişmələrdən sonra məşhur generalların işi ilə bağlı məsələyə N.Nərimanov, B.A.Şahtaxtinski və b. şəxslərin qoşulması belə bir qərarın çıxarılması ilə nəticələnir: «Yol. Yaqoda! Azərbaycandan sizin sərəncamınıza iki general - Şıxlinski və Mehmandarov göndərilib. Yol. Stalin xahiş edir ki, o gedənə qədər (13.10.1920) bu iş araşdırılsın. Əgər onların heç bir günahı yoxdursa, onları təcili azad etmək. 12.10.20». Sənədin üstündə qeyd var: «Dairədə məsul postlar tutmamaq hüququ ilə ehtiyata buraxmaqla azad etmək» («Cümhuriyyət hökuməti repressiya məngənəsində» kitabından). Beləliklə, generallar noyabrda Stalinin məktubuna əsasən həbsdən azad olunub və ancaq 1921-ci ildə N.Nərimanov və Ə.Qarayevin köməyi ilə Bakıya qaytarılıblar...

S.Mehmandarov
S.Mehmandarov

«Əlində süpürgə… Görk olsun deyə»

«1923-cü ildə ağsaqqal Səməd bəy Mehmandarovu əlində süpürgə Bakıda görüblər». Bu sözlər hərb tarixinin tanınmış araşdırıcısı Şəmistan Nəzirlinin «Azərbaycan generalları» kitabından götürülüb. AzadlıqRadiosuna danışan Ş.Nəzirli MTN arxivindən tapdığı bu faktı təsdiqləyib və əlavə edib ki, bolşevik hökuməti Səməd bəy Mehmandarovu Müsavat hökumətinin hərbi naziri işlədiyi binanın - sonralar «Azneft» kimi tanınan o tikilinin ətrafını süpürməyə məcbur edib. Görk olsun deyə…

Şəmistan Nəzirli generallar haqqında
Gözlə

No media source currently available

0:00 0:21:23 0:00
Direct-ə keçid

Bəy hamamında xəzinədar

Və daha bir acınacaqlı fakt. Səməd bəy ömrünün sonlarında Bakının məşhur «Bəy hamamı»nda kassada xəzinədar işləyib. Ş.Nəzirli hamamın arxivinə baş vurub və generalın ad-soyadını (1930-cu ildə - ölümündən 1 il əvvəl) orda tapıb...

100 manat pensiya

Bakıya gətiriləndən bir qədər sonra Səməd bəy Azərbaycan Hərbiyyə Məktəbində topçuluqdan dərs deyib. Bolşeviklərə hərbi bilən mütəxəssislər də gərək idi. O, mühazirəni rusca, Ə.Şıxlinski isə ana dilində oxuyurmuş. Bu iki ayrılmaz dost hətta Bakı Qarnizonu Hərbi-Elmi Cəmiyyətini də yaradıbmış. Səməd bəy 1928-ci ildə səhhətinə görə istefaya verib. Ona yüz manat pensiya kəsiblər…

S.Mehmandarov
S.Mehmandarov

«Çəmbərəkənddən görünür Bakı»

İstefaya çıxan general çox yaşamayıb. 1931-ci il fevralın 12-də 76 yaşında Bakıda vəfat edib. Onu Çəmbərəkənd məzarlığında dəfn ediblər. 1930-cu illərdə Kirova heykəl qoyulanda məzarlıq dağıdılır. Generalın həyat yoldaşı və yeganə oğlu o zaman sürgündə olduğundan, heç kim onun qəbrini köçürməyib. Ş.Nəzirli «Niyə o zaman Şıxlinski əziz dostunun məzarına sahib çıxmayıb» sualını belə cavablayıb: «Şıxlinskini elə günə qoymuşdular ki, öz dərdini çəkə bilmirdi». Əvəzində, Sergey Mironoviçin heykəli uzun illər o qəbirlərin üstündən bütün bakılılara «düzgün» yol göstərib.

Həzi Aslanovun heykəlinin sol yanında

Bir zamanlar Mehmandarovun qohumuyla görüşən Şəmistan bəy həmin məzarın yerini indi də dəqiq xatırlayır: «Həzi Aslanovun heykəlinin sol yanında 3 qəbir varmış. Birincisində bolşeviklərin Türkiyədə səfiri olmuş İbrahim Əbilov, ikincisində çekist İslam Əliyev və üçüncüsündə Mehmandarov dəfn olunubmuş».

Simvolik məzar

Ş.Nəzirli: «Neçə illərdir çıxışlarımda təkrarlayıram ki, simvolik də olsa, ora bir məzar daşı qoyulmalıdır ki, burada cümhuriyyətin ilk hərbi naziri yatır».

Sibirə sürgün

Səməd bəy Mehmandarovun həyat yoldaşı (xanımı rus olub - red.) ərinin ölümündən sonra oğlunu da götürüb Sankt-Peterburqa köçüb. 1937-də onları Saratova, 1941-də isə Sibirə sürgün ediblər. Xanım faşistlərin partlatdığı qatarda həlak olub. Oğlu sağ qalıb və sürgün həyatına davam edib. Ş.Nəzirlinin dediyinə görə, İqor Mehmandarov sürgündən sonra Kalininqradda yaşayıb, 1977-ci ildə Azərbaycan hökuməti onu Bakıya dəvət edib.

«Cümhuriyyət-100» davam edəcək.

XS
SM
MD
LG