Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Azərbaycan-ABŞ gərginliyi davam edir


AzTV-nin "Həftə" verilişi
AzTV-nin "Həftə" verilişi

Bu həftə də ABŞ səfirliyi Azərbaycan Dövlət Televiziyasında (AzTV) bəzi rəsmi şəxslərinə yönəlik ittihamlara cavab verib.

"Son vaxtlar uydurma ABŞ xoxanlarına qarşı məktəb həyətindəki dalaşqanlara xas sözlər işlədilir. Bu ayın "ən məşhur"ları AzTV-nin "Həftə" verilişinin "açıq şantaj" və "namərdlik" sözləri oldu. Yaxşı cəhddir, ancaq, bu, diqqəti Azərbaycanda 300 nəfərdən artıq siyasi məhbusun əsassız ittihamlarla həbsdə olmasından və onların bayramlarını ailələrindən uzaqda keçirmələrindən yayındıra bilməyəcək", - səfirliyin açıqlamasında vurğulanır.

AzTV-nin dekabrın 22-də efirə gedən buraxılışında iddia edilib ki, ABŞ rəsmiləri "ənənəvi ritorikaya müraciət edərək" Azərbaycanı bəzi məsələlərə məcbur etmək istəyir: "İlk növbədə yarımçıq sülh sazişinin imzalanmasına".

Verilişdə iddia edildiyinə görə, sonra da "arxadan zərbə taktikası ilə" insan haqları məsələsində ölkələrinə "iftira" atıblar.

Səfirliyin açıqlamasına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə X platformasında yazıb: "...Özünü ifadə azadlığının müdafiəçisi kimi təqdim edən ABŞ tərəfinin media azadlığına qarşı dözümsüzlüyü heyrət doğurur".

Prezident İlham Əliyev və Fransanın səfiri Ann Buayon
Prezident İlham Əliyev və Fransanın səfiri Ann Buayon
19 dekabr

Fransa səfiri prezidentə, ABŞ səfirliyi AZTV-yə cavab verdi

Dekabrın 19-da Fransanın Bakıdakı səfiri Ann Buayon prezident İlham Əliyevin bir gün öncə Rusiya mediasına müsahibəsində Fransa barədə dediklərinə reaksiya verib. Prezident demişdi ki, "hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir".

Səfir isə X hesabında belə yazıb: "Fransa səfirliyinə göndərilən viza sorğuları bu il yenidən artmaqdadır. Uğursuz dövlətlərin sirli cazibəsi haradan gəlir?".

Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə X platformasında səfirə cavab verib ki, Fransanın Bakıdakı səfirliyi yalnız həmin ölkəyə səfər üçün viza vermir. O, əksinə, səyahət xəbərdarlığına baxmayaraq, Azərbaycana səyahət üçün Fransa vətəndaşlarının müraciətlərinin artdığını deyib.

Dekabrın 19-da ABŞ səfirliyi də sosial media hesablarında AZTV-nin yayımladığı süjetə münasibət bildirib. "Azərbaycanın "yox" cavabı ABŞ-ni silkələdi: Vaşinqtondan Bakıya qarşı "namərd diplomatiya"" adlı süjetdə iddia edilib ki, ABŞ dövlət katibi Antoni Blinkenin hökuməti haqsız tutulanları azad etməyə çağırışının arxasında Bakının Maltada onun vasitəçiliyi ilə Yerevanla təmasdan imtinası dayanır.

ABŞ səfirliyi isə bildirir ki, hökumətin azad mediaya və vətəndaş cəmiyyətinə təzyiqləri ilə bağlı beynəlxalq tənqidlər bir səbəbdən irəli gəlir: hökumətin göstərdiyi təzyiqlərdən: "2023-cü ilin noyabrından bəri 30-dan çox jurnalist və bloqerin həbs edilməsi artıq bir faktdır. Bunun səbəbini soruşmaq "namərdlik" sayılır? Yoxsa əsl "namərdlik" Azərbaycan ictimaiyyətini bu faktlardan yayındırmaq cəhdidir? Media Savadlılığı Həftəsi keçirilərkən, unutmayaq ki, müxtəlif məlumat mənbələrini araşdırmaq, gündəmdə olan iddiaları təhlil edib qiymətləndirmək və yanlış məlumatların təsirinə qarşı ayıq-sayıq olmaq vacibdir".

XİN-in sözçüsü A.Hacızadə bu bəyanatı da cavabsız qoymayıb. O, X platformasındakı paylaşımında yazır ki, "...əsl "namərdlik" ABŞ-nin "məşhur, dürüst və qərəzsiz" kimi təqdim edilən qurumları tərəfindən yalanın həqiqət kimi göstərilməsi və sırf geosiyasi məqsədlər üçün insan hüquqlarından bəhanə kimi istifadə olunmasıdır".

Bu söz atışmaları Azərbaycanın Qərblə münasibətlərinin gərginləşməsi fonunda baş verir. Rəsmi Bakı Fransanı Ermənistanı silahlandırmağa liderlikdə ittiham edir.

Son dövrlər ölkədə müstəqil media və vətəndaş cəmiyyətinə təzyiqlərlə bağlı Qərbdən gələn bəyanatları isə rəsmilər qərəzli sayır, ölkənin məhkəmə-hüquq sisteminə müdaxilə kimi dəyərləndirirlər.

XS
SM
MD
LG