Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:55

Əliyevin müsahibəsinin mesajları: 'Rusiyanı rahatlamağa çalışır'


Media "AbzasMedia" jurnalistlərinin məhkəməsinə buraxılmayıb.
Media "AbzasMedia" jurnalistlərinin məhkəməsinə buraxılmayıb.

Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində hansı mesajları verdi? "Bu itirilən mövqelərdə boşluğu Rusiyanın əzəli rəqibi, NATO üzvü Türkiyə doldura bilər". "Putin İlham Əliyev vasitəsilə Ərdoğana mesaj göndərməklə Suriyadakı məğlubiyyətinin əvəzini çıxmaq istəyir".

-------------------------------------------

Bu həftə "AbzasMedia" jurnalistlərinin məhkəməsi ilə başladı. Hökumətdəki korrupsiyanı ifşa edən, bir ildən çoxdur Kürdəxanı təcridxanasında olan bu jurnalistlər orada da araşdırma aparıblar. Onlar məhkəmədə dedilər ki, işə baxan hakimlərin siyasi sifarişləri yerinə yetirdiklərini üzə çıxarıblar.

AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də təqsirləndirilən sırasındadır, baxmayaraq ki, o, "AbzasMedia" ilə əməkdaşlıq etmədiyini deyir. Radionun prezidenti Stiven Kapus məhkəmə günü Fəridin azadlığa buraxılması üçün daha bir çağırış etdi.

Avropa Parlamenti isə bu il üçüncü dəfə qətnamə qəbul edərək Azərbaycanı vətəndaş cəmiyyətinə, müstəqil mediaya repressiyaları dayandırmağa çağırıb. Qurum həmçinin insan haqları pozuntularında əli olan rəsmilərə sanksiyalar çağırışı səsləndirib.

Mark Libbi
Mark Libbi

ABŞ-Azərbaycan tərəfdaşlığı olmasaydı...

Dekabrın sonunda ABŞ səfiri postundan gedəcək Mark Libbinin bu həftə bir çıxışı da diqqət çəkdi. O, Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolundan danışarkən dedi ki, ABŞ-Azərbaycan tərəfdaşlığı "Əsrin müqaviləsi"nin mərkəzində durmasaydı, Azərbaycan qlobal enerji təhlükəsizliyində "böyük və etibarlı" iştirakçıya çevrilməzdi.

Bu çıxış hakimiyyət mediasında işıqlandırılmadı. Son dövrlər Vaşinqtonla Bakının münasibətlərində gərginlik xeyli yüksəlib, hakimiyyətdən getməkdə olan Co Bayden administrasiyası Azərbaycan hökumətinə insan haqları ilə bağlı çağırışları intensivləşdirib, haqsız tutulanları azad etməyə çağırıb.

İlham Əliyevin Dmitri Kiselyova müsahibəsi
İlham Əliyevin Dmitri Kiselyova müsahibəsi

Əliyevin Trampdan öyrəndiyi ifadə

Belə bir dönəmdə Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibə verib. O, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampdan ağızdolusu danışıb, onun ABŞ Beynəlxalq İnkişafa Yardım Agentliyini (USAİD) qadağan edə biləcəyini söyləyib. Əliyev "feyk xəbərlər qrupu" ifadəsini məhz Trampdan götürdüyünü və çox xoşuna gəldiyini deyib.

Prezident Əliyev Qərb mediasını ölkəyə qara yaxmaqda ittiham edib. Dünyadakı tendensiyalar, ABŞ-də Trampın yenidən prezident seçilməsi barədə deyib ki, "bu, məhz onu göstərən amildir ki, o, elə bizimlədir. Necə deyərlər, ənənəvi dəyərlərə münasibətdə bir qayıqdayıq".

İ.Əliyev Rusiya hökumətinin propaqandaçısı D.Kiselyova Ermənistanla sülh sazişi layihəsində razılaşdırılmayan məqamlardan da danışıb, konstitusiya, sərhəddəki Aİ müşahidəçiləri, silahlanma ilə bağlı iradlarını bir daha dilə gətirib.

Ermənistanın baş naziri Nikol Paşinyan isə "Armenpress" xəbər agentliyinə "biz silahı yalnız sərhədlərimizi və ərazi bütövlüyümüzü qorumaq üçün alırıq" deyə bildirib.

Əliyevin və Putinin mesajları

Prezident müsahibəsində Rusiya ilə Azərbaycanı "iki etibarlı tərəfdaş" adlandırır. Rusiyanın müdafiə sənayesi hazır olunca silah alışı üzrə yeni müqavilələr imzalanacağını deyir. İ.Əliyev eyni zamanda Azərbaycanda Türkiyə hərbi bazasına ehtiyac olmadığını da vurğulayır.

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

Siyasi şərhçi Nəsimi Məmmədlinin fikrincə, prezident Rusiya hökuməti və ictimaiyyətinə mesaj ötürür ki, Moskva ilə imzalanmış strateji müttəfiqliyə sadiqdir, Rusiyanı bölgənin güclü dövləti sayır və ondan silah almağa da hazırdır. Türkiyə bazası ilə bağlı deyilənlərə gəlincə, təhlilçi burada iki istiqamət görür: "Birincisi, dövlət başçısı göstərməyə çalışır ki, Azərbaycan ərazisində hər hansı xarici dövlətin bazasının olmasıyla bağlı fikirlərə müsbət yanaşmır. İkincisi, yenə də Rusiya ictimaiyyətini, siyasi hakimiyyətini rahatlatmağa çalışır ki, biz sizin maraqlara tərs gələcək addımlar atmayacağıq, azından ondan çəkinəcəyik".

"Suriyaya əvəz olaraq Putinin Türkiyəyə Azərbaycandan əlini çək mesajı". Bunu isə sosial şəbəkədə müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı yazıb. Siyasətçinin fikrincə, Suriyada Əsəd rejiminin devrilməsindən sonra Kreml bu ölkədəki hərbi bazaları vasitəsilə Aralıq dənizi hövzəsində, Yaxın Şərqdə təsir imkanlarını itirib və buna görə Ərdoğana çox qəzəblidir:

Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

"İndi Putin İlham Əliyev vasitəsilə Ərdoğana Azərbaycanda Türkiyə hərbi bazalarının olmayacağı ilə bağlı mesaj göndərməklə Suriyadakı məğlubiyyətinin əvəzini çıxmaq istəyir. Demək istəyir ki, Qarabağ savaşında Türkiyənin Azərbaycan üçün etdiklərinə baxmayaraq, Cənubi Qafqazda Rusiyanın yerinə iddia etmək planları baş tutmayacaq".

Siyasi şərhçi N.Məmmədli də Türkiyənin Yaxın Şərqdə və Cənubi Qafqazda nüfuzunun güclənməsinə, Rusiyanın bundan rahatsız olmasına diqqət çəkir. Onun sözlərinə görə, Rusiya yaxşı başa düşür ki, Türkiyənin təsiri artdıqca o, sürətlə Orta Asiyada, Cənubi Qafqazda, Yaxın Şərqdə mövqelərini itirə bilər: "Bu itirilən mövqelərdə boşluğu isə əzəli rəqibi, NATO üzvü Türkiyə doldura bilər. Türkiyə regionda köklü dayaqlara malikdir, milli və dini baxımdan bölgəyə sürətlə nüfuz edə bilər. ABŞ-dəki yeni administrasiyanın da regional məsələlərdə Türkiyə ilə uzlaşdırıcı siyasət aparacağını bilir. Prezident də bunları nəzərə alaraq Rusiyanı rahatladan mesajları verdi".

Elə müxalif siyasətçi F.Qəhrəmanlı da düşünür ki, Ankara Qərbin Rusiyaya qarşı geosiyasi savaşında getdikcə əsas kilid rola yüksəlməkdədir. Bu vəziyyətdə özünü Qərbə qarşı qoyan Bakı həm də Türkiyə və Rusiya arasında seçim etməyə məcburdur. Siyasətçi Əliyevin sözügedən müsahibəsinin bu seçimin Moskvadan yana olduğunu göstərdiyini vurğulayır.

Hakimiyyətyönlü "Report" agentliyi isə prezidentin müsahibəsinə dair şərhində yazır ki, "Azərbaycan bu gərginliklər içində "sabitlik adası" rolunu oynayır. Şübhəsiz ki, bunlara praqmatik, balanslı və çoxvektorlu siyasətlə nail olunub".

Qafar Dəmirçi
Qafar Dəmirçi

Üzr istəmə videosu...

Dekabrın 19-da "AQA Şirkətlər Qrupu"nun vitse-prezidenti, ötən həftə həbs edilən Qafar Dəmirçi azadlığa buraxılıb. Buna Şəkidə ağacların qanunsuz kəsilməsindən vurulmuş maddi ziyanın – 8 milyon 300 min manata yaxın vəsaitin tam ödənildiyi əsas gətirilib. Ancaq cinayət işinə xitam verilməyib. Məhkəmədən bir neçə saat öncə onun atası, "AQA Şirkətlər Qrupu"nun prezidenti Aydın Dəmirçinin üzr istəməsinin videosu yayılıb. İşadamı həm ağacların kəsilməsinə görə ölkə ictimaiyyətindən üzr istəyib, həm də meşə örtüyünün tam bərpa ediləcəyini deyib.

İndiyədək müxtəlif ittihamlarla həbsə atılan jurnalistlər, ictimai fəallar, siyasilər barədə həbs-qətimkan tədbirinin dəyişdirilməsi nadir hadisə sayılır. 10 il öncə AXCP üzvü Asif Yusifli 6 min 500 manatın mənimsənilməsi ittihamı ilə həbs olunmuşdu. Anası pensiya kartı ilə həmin məbləğdə kredit götürərək zərərçəkənə ödəsə də, müxalifətçiyə 7 il 6 ay həbs kəsilmişdi.

Nə "namərdlik" sayılır?

Və sonda. Bu həftə Bakıdakı ABŞ səfirliyi yerli mediaya operativ reaksiyası ilə gündəmə gəldi, AZTV-nin "Vaşinqtondan Bakıya qarşı "namərd diplomatiya" adı reportajına cavab verdi. Reportajda iddia edilib ki, ABŞ dövlət katibi Antoni Blinkenin hökuməti haqsız tutulanları azad etməyə çağırışının arxasında Bakının Maltada onun vasitəçiliyi ilə Yerevanla təmasdan imtinası dayanır.

Səfirliyin postunda isə deyilir ki, ötən ilin noyabrından bəri 30-dan çox jurnalist və bloqerin həbs edilməsi artıq bir faktdır: "Bunun səbəbini soruşmaq "namərdlik" sayılır? Yoxsa əsl "namərdlik" Azərbaycan ictimaiyyətini bu faktlardan yayındırmaq cəhdidir?".

XS
SM
MD
LG