Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:20

COP29 bitdi, həbslər başladı


Yerli və beynəlxalq insan haqları qurumları Azərbaycanda azı 300 siyasi məhbusun olduğunu deyirlər.
Yerli və beynəlxalq insan haqları qurumları Azərbaycanda azı 300 siyasi məhbusun olduğunu deyirlər.

Bu həftə də ölkə gündəmi həbs xəbərlərindən əskik olmadı. AXCP sədrinin aylardır uzanan məhkəməsi bitdi; 1-ci qrup əlil ev dustaqlığına buraxıldığı gün hüquq müdafiəçisi saxlanıldı; Qərbin dörd diplomatı Bakını haqsız yerə tutulanları azadlığa buraxmağa çağırdı; ABŞ-ın Azərbaycandakı səfiri səhhəti ilə bağlı istefa verdiyini açıqladı; Azərbaycan-Ermənistan sülh danışıqları yenidən gündəmə gəldi.

--------------------------------------

Artıq ölkədəki həbslər "Həftəyə baxış"ın hər buraxılışının ayrılmaz mövzusuna çevrilib. Aylar öncə beynəlxalq insan haqları qurumları xəbərdarlıq edirdilər ki, Bakıda BMT-nin COP29 iqlim konfransından sonra hökumətin tənqidçiləri qisasla üzləşə bilərlər. Bu həftə həmin narahatlıqlar qismən təsdiqlənmiş kimi göründü.

Həftənin əvvəli AXCP sədri Əli Kərimli həbslə deyil, pul cəriməsi ilə cəzalandırıldı. AXCP üzvlərinin ötən həftənin sonundan başlayan həbsi məhkəmə günü davam etdi, partiya üzvləri proses başlamazdan öncə məhkəmənin qarşısından zorakılıqla uzaqlaşdırıldı, ikisi 15 və 30 sutka həbs edildi. Bəzi fəallar döyüldüklərini dedilər.

Hüquq müdafiəçisinin həbsi, Qərbin reaksiyası

Narkotiklə şərləndiyini deyən 1-ci qrup əlil Famil Xəlilov bu həftə ev dustaqlığına buraxıldı. Ancaq elə həmin gün insan haqları müdafiəçisi Rüfət Səfərov dələduzluq və xuliqanlıq maddələri ilə saxlanıldı. Bir gün sonra ona qəsdən sağlamlığa az zərər vurma ittihamı da verildi və barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçildi.

R.Səfərovun Facebook səhifəsində paylaşılan postda deyilir ki, o, hüquqlarını müdafiə etdiyi F.Xəlilovun azad olunmasını saxlanandan sonra öyrənib. O, gələn həftə ABŞ-da ilin güclü hüquq müdafiəçisi kimi mükafatını almalı idi.

Rüfət Səfərov
Rüfət Səfərov

Bu yazı dərc olunandan bir neçə saat sonra isə MeydanTV beş jurnalistinin saxlanması barədə məlumat yaydı.

Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər, fərdlərin konkret cinayətlərə görə cəzalandırıldığını bildirirlər. Yerli və beynəlxalq insan haqları qurumları isə hazırda Azərbaycanda azı 300 siyasi məhbusun olduğunu deyirlər. Artıq bir sıra hüquq müdafiəçiləri əvvəlki tək cəzaçəkmə müəssisələrinə gedib monitorinq apara bilmədiklərini söyləyirlər.

Bu həftə bir qrup Qərb diplomatının ölkədə fundamental azadlıqlardan istifadə etdiyinə görə həbs olunanları azadlığa buraxmaq çağırışı isə XİN-in qəzəbinə tuş gəldi. XİN bəyanatları "Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdi" adlandırdı.

Bu həftə həbslərdən əlavə, daha bir neçə nəfərin ölkədən çıxışına stop qoyulduğu bəlli oldu, iqtisadçı Qubad İbadoğlunun səyahət qadağası qaldırılmadı.

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi diplomatik xidmətindən istefa verdi və bunu xəstəliyi ilə əlaqələndirdi.

Azər Qasımlı
Azər Qasımlı

Diktaturanın yarım addımlığında...

Siyasi Menecment İnstitutunun rəhbəri, bu yaxınlarda ölkədən çıxışına stop qoyulmuş Azər Qasımlı son günlər baş verənləri "Azərbaycanı diktaturaya aparan son addımlar" adlandırır. Səbəbinə gəlincə: "Çünki Azərbaycan iqtidarı Rusiyadan yana öz geopolitik seçimini edib və yerini avtoritarlar klubunda tutub. Ölkə artıq Rusiyanın tam nəzarəti altındadır. Ona görə də Azərbaycanda bütün demokratik institutları yox etmək, azad medianı, qeyri-hökumət təşkilatlarını, müxalifəti qapatmaq, danışan ağızları bağlamaq, bununla da ölkəni SSRİ vaxtında idarə etdikləri vəziyyətə qaytarmaq istəyirlər. Azərbaycanda artıq tək adamın sistemi deyil, diktaturaya keçməsinə yarım addım qalıb".

Hakimiyyət təmsilçiləri isə ölkənin Rusiyanın xeyrinə geopolitik seçim etməsi fikirlərini qəbul etmirlər. Onların fikrincə, Azərbaycanın xarici siyasətini onun milli maraqları təyin edir.

Baş tutmayan görüş, razılaşdırılmayan məqamlar

Bu həftə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Maltada görüşü alınmadı. Azərbaycanda hakimiyyətə yaxın medianın iddiasına görə, ABŞ dövlət katibi Antoni Blinkenin görüşün keçirilməsi təklifindən Azərbaycan tərəfi imtina edib. Mənbələr bunu Bayden administrasiyasının Azərbaycanla bağlı "ədalətsiz, qərəzli" siyasət yürütməsi ilə izah edib.

Nikol Paşinyan parlamentin iclasında.
Nikol Paşinyan parlamentin iclasında.

Bu həftə AzadlıqRadiosunun erməni xidmətinin yazdığına görə, parlamentin dörd deputatı hökuməti məhkəməyə verib. Səbəb hökumətin onlara sülh sazişi layihəsinə konfidensial çıxış verməməklə bağlı qərarıdır. Hökumət onlara 2023-cü ilin dekabrında sənədin nüsxəsini oxumağa icazə versə də, sonradan bu çıxışı bloklayıb. Müxalifətdə olan "Hayastan" alyansından deputatlar sənədlə tanış olandan sonra deyirdilər ki, baş nazir Nikol Paşinyanın Bakıya birtərəfli güzəştləri davam etdirəcəyindən narahatdırlar.

Bakı və Yerevan indiyədək saziş layihəsinin 80 faiz razılaşdırıldığını, yalnız üç müddəanın mübahisəli qaldığını bildiriblər. Prezidentin sərəncamı ilə yaradılmış Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev noyabrın əvvəlində X hesabında bu müddəaları açıqlayıb. Bunlar Bakının Ermənistan konstitusiyasına dəyişiklik edilməsi, ikitərəfli sərhəddə üçüncü gücün olmaması və Yerevanın hüquqi və diplomatik mübahisələrini kənara qoyması ilə bağlı tələbləridir.

F.Şəfiyev mənbəsinə istinadla Ermənistanın çərçivə sazişini imzalamaqdan imtina etdiyini, sözügedən maddələri saziş layihəsindən çıxarmaqla bağlı təklif verdiyini bildirirdi.

Azərbaycanla Ermənistanın sözügedən məsələlər üzrə razılığa gəlməsinə nə mane olur? Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputatı Hikmət Babaoğlu "Turan"a deyib ki, sənəddə bir bənd razılaşdırılmayıbsa, deməli, heç nə razılaşdırılmayıb. Deputat Azərbaycanın ATƏT-in Minsk qrupunun ləğvi məsələsini qaldırmasına, ancaq Ermənistan tərəfdən oxşar bəyanatın səslənməməsinə diqqət çəkir. Bunu razılaşdırılmayan məsələlərdən biri adlandırır.

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

"Digər məsələ isə tərəflərin beynəlxalq məhkəmələrə müraciət etməməsidir. Sülh müqaviləsi imzalanandan sonra tərəflər uzun müddət bir-birlərinə qarşı iddialar qaldıracaqlarsa, o zaman sülhün pozulması ehtimalı gündəmə gələ bilər", – deputat sözlərinə əlavə edir.

Rusiya, yoxsa vasitəçisiz danışıqlar?

Siyasi Menecment İnstitutunun rəhbəri A.Qasımlı isə fərqli düşünür. Onun fikrincə, nə qədər ki Rusiya bölgədə söz sahibidir, Bakı Moskvanın regionda yeganə müttəfiqidir, sülh sazişi imzalanmayacaq: "Vaxtilə Ermənistan Rusiyanın forpostu idi, indi Azərbaycanı Ermənistanın yerinə forposta çeviriblər. Nə qədər ki bu belədir, hesab edirəm ki, sülh sazişi imzalanmayacaq. Hətta imzalansa belə, müvəqqəti imzalanma olacaq. Bölgədə istənilən vaxt müharibə də ola bilər, toqquşma baş verə bilər".

Ancaq YAP-dan deputat H.Babaoğlu Azərbaycanın sülh danışıqlarına praqmatik yanaşdığını, Ermənistanla sərhədlərin təhlükəsizliyi və demarkasiyası ilə bağlı razılığın məhz vasitəçisiz görüşlərdə əldə olunduğunu bildirir: "Azərbaycan görüşlərin ikitərəfli olmasında israr edir. Hər iki tərəfin mövqeyi belə olmalıdır. Bakı heç bir vasitəçiyə üstünlük vermir, çünki sülh danışıqlarının uzunmüddətli olması üçün tərəflər könüllü şəkildə mətni qəbul etməlidirlər, hansısa vasitəçinin təzyiqi, yaxud israrı ilə yox".

A.Qasımlı isə iqtidarın Qarabağ mövzusunu maksimum uzadaraq ictimaiyyətin diqqətini digər vacib məsələlərdən yayındırmağa çalışdığını bildirir: "Qarabağ, yeddi rayon azad olunub. Biz niyə təhsildən, səhiyyədən, iqtisadi azadlıqların olmamasından, inhisarlardan danışmırıq? Vaxtilə deyirdilər ki, "Qarabağ boyda dərdimiz var". İndi sanki bu dərd davam etməkdədir. Bu, hakimiyyətə ölkəni talamaq üçün gərəkən bir mövzudur".

XS
SM
MD
LG