Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:23

Barat Vüsal. "Türk ruhu", "Tanrı gücü"


TÜRK RUHU


Haralardan gəlməmisən,
Haraları görməmisən,
Qara-qorxu bilməmisən,
İçimdəki Türk ruhu, coş!
Yer üzünün tək ruhu, coş!

Qarış-qarış yurd yerisən,
Qədim oğuz yurdlarısan,
Ulaşan Türk qurdlarısan,
İçimdəki Türk ruhu, coş!
Yer üzünün tək ruhu, coş!

Kim deyir ki, köhnəlmisən,
Ölməmisən, ölərmisən?
Şahə qalxan köhlənmisən,
İçimdəki Türk ruhu, coş!
Yer üzünün tək ruhu, coş!

Mete xaqan, Atillasan,
Gültekinsən, atındasan.
Zatımdasan, adımdasan,
İçimdəki Türk ruhu, coş!
Yer üzünün tək ruhu, coş!

Səndə yaşar ruhlar, səndə,
Ruh verdikcə ruhlan sən də.
Ruh içində ruh var səndə,
İçimdəki Türk ruhu, coş!
Yer üzünün tək ruhu, coş!


TANRI GÜCÜ

Oğuz babam! Bu yurda sən gərəksən, sən gərək,
Hər nə varsa bu yurdda sən deməksən, sən demək.
Yenilməzəm, enməzəm dağların zirvəsitək,
Gücüm – igidin qədər!
Gücüm – öyüdün qədər!

Dərd tələb eyləyəndə dərdsiz tutmaram qərar,
Mərd tələb eyləyəndə olaram ata suvar.
Yurd tələb eyləyəndə yaralarım qan verər,
Gücüm – igidin qədər!
Gücüm – öyüdün qədər!

Söyləmisən bu xalqa, bu torpağa arxa ol,
Kişi kimi kişi ol, darğa kimi darğa ol!
Himnə çevril, gerbə dön, yerə düşməz bayraq ol!
Gücüm – igidin qədər!
Gücüm – öyüdün qədər!

Sanma boynum aldığım yaralardan bükülmüş,
Sanma gözüm kor olmuş, səmalardan çəkilmiş.
Qollarım var, tunclardan, qayalardan tökülmüş,
Gücüm – igidin qədər!
Gücüm – öyüdün qədər!

Sən mənim ağsaqqalım – babam Dədə Qorqudsan,
Doğma ulusum, elim, obam Dədə Qorqudsan.
Canımda torpaq, od, su, hava Dədə Qorqudsan,
Gücüm – igidin qədər!
Gücüm – öyüdün qədər!

Zaman-zaman atlanar, igidlərin döyüşər,
Hər əzaba qatlanar, nərlər nərin döyüşər,
İgidlərin qırılar, öyüdlərin döyüşər,
Gücüm – igidin qədər!
Gücüm – öyüdün qədər!

Deyimmi başımdakı şahlıq tacı hardandı,
Deyimmi hər dərdimin ilk əlacı hardandı,
Deyimmi ruhumdakı Tanrı gücü hardandı,
Gücüm – igidin qədər!
Gücüm – öyüdün qədər!

Min bir ordu yerisə dizlərimi bükəmməz,
Qoruyaram ruhunu... Ruhu dara çəkəmməz.
Dünya özü tükənər... Mənim gücüm tükənməz,
Gücüm – igidin qədər!
Gücüm – öyüdün qədər!

www.dgtyb.org
XS
SM
MD
LG