Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:29

Faiq Balabəyli. Lənətlənmiş həyat (2)


(Povest)

Əvvəli

***

- Adə, Mamed, soyuq aparar e, səni. Gəl keç evə də bir.
- Saat neçədi?
- Nə bilim e, “Gecə kanalı” gedir. Ər-arvad vare, onlar genə də camaatı danışdırırlar, maraqlı verilişdi.
- Qız neynir?
- Bəxtəvər başuva, indiyə qız qalar, yatıb də binəva.
- Az, Yetər, bə bu köpəyoğlu helə birbaşa bura gəldi, o cürnə dedi, getdi?
- A kişi, mən hardan bilim birbaşa gəlmişdi, yoxsa harasa dönmüşdü, soradan bu qapıya gəlmişdi, cigəri pörtələnmiş, qara bağlamışın balası. Dedi, bacı ərinə denən sabah pasportunu götürsün, gəlsin.
- Sənə bacı dedi, aaz?
- Hə də, bə nə deyəydi?
- Heç… get mənə çay gətir, üşüyüb eləmirəm, bir dənə də papruz çəkib gəlirəm, özün də yorğunsan, yıxıl yat.
Siqaretin qutusunun içindən bir dənə babatını, tütünü tökülməmişini tapdı, yandırıb tüstüsünü ciyərlərinə qədər çəkdi, gözünü və ağzını yumdu, bir neçə saniyədən sonra hər ikisini açdı. Burum-burum tüstünün ağzından üzü yuxarı qalxmasına baxırmış kimi gözlərini qıydı. Bir qullaba siqaretin “zəhrini” yarmışdı. “Yox balam, bu Yetərə bacı deyibsə, ola bilsin helə də axmaq bir iş üstə çağırtdırmır. Yəqin uçaskovunun həyət-bacasını süpürtdürəcək. Arvada da bacı deməkdə, özünü “mendə” olsa da, mədəni insan olduğunu nümayiş etdirmək istəyib”.
Məmmədin içini doğrayan qara-qorxu çəkilmək üzrə idi, Yetərin gətirib stolun üstünə qoyduğu çaydan bir qurtum içib içəriyə səsləndi:
- Yatdın, aaz?
- Hə, uzanmışam.
- Yatma…
“Bə yaxşı, bu uçaskovı mənə həyət-bacanı təmizlətdirəcəksə, pasportumu neynir onda, elə deyərdi süpürgəni, lapatkanı götürüb gəlsin də. Nə ola bilər, görəsən, bu məni neynir axı?” – fikir yenə Məmmədi ağuşuna aldı, içini doğradı.
- Aaz, Yetər?
- Hə.
- Yetər, gör uşaq üstün açmayıb ki, özün də yıxıl yat.
Yenidən siqaret yandırdı. “Bunlardan adama xeyir gəlməz. Səhər tezdən gedib qıza bir dənə don alacam, bir dənə də ayaqqabı, qabağı yaya gedir, çəkmələri isti olar ona”. Ciblərini qurdaladı. Bu gün yaxşı iş tutmuşdu. Şəhərin girəcəyindəki avtobus dayanacağındakı “Cəlilabad” kafesinin müdiri onu xeyli işlədib, 60.000 manat da zəhmət haqqı vermişdi. Danışıqları da belə olmuşdu ki, hər gün səhər saat 6-7 arası gəlib kafenin ətrafının zir-zibilini daşıyıb, səliqə-səhman yaradıb, “zavtrakını” edib, “şirvan yarımını” alıb gedəcəkdi. Gün ərzində qonşu həyətlərdə sil-süpür eləsə günə 4-5 şirvan qazanc olar. Deyəsən yazığın üzünə həyat indi-indi güləcəkdi, uşağına ürəyi istədiyini alıb yedirdə, geyindirə biləcəkdi.
Məmməd balaca həyətdə bir qədər də var-gəl etdi. O buna türmənin kameralarında adətkərdə olmuşdu. “Krıtı”da olanda dar kamerada, gəzintiyə çıxarılanda üstü qalın dəmirlərlə toxunmuş xüsusi kiçik gəzinti meydançalarında ayaqları, bədəni qıc olmasın deyə belə “tasovkalayardı”. Axırıncı dəfə dustaqlıqdan azad olanda qohumun, dostun, tanışın təklifi ilə evini satıb buraya – şəhərin cənub tərəfdən girəcəyində olan bu kiçik qəsəbəyə köçmüşdü. Aldığı evin həyəti o qədər balaca idi ki, ona Bayıl və Şüvəlan türmələrinin gəzinti meydançasını xatırladırdı. Elə ona görə də həyətə girən kimi, yaxud evinin rütubətli otaqlarından həyətə çıxan kimi ona elə gəlirdi ki, kameradadır və arvadı ilə nə haqdasa söhbət edəndə də əlləri arxasında var-gəl edirdi. Bu həyət-baca ona dar və cansıxıcı görünsə də, əslində çox rahat idi. Onu burda incidən, keçmişini bilən yox idi.
Sahə müvəkkili “həftə səkkiz-mən doqquz” deyib qapısının ağzını kəsdirərək qəsəbədə baş verən hər hansı bir xırda cinayətə görə onu narahat etmirdi. Hər görəndə ciblərini boşaltdırıb qəpik-quruşunu benzin pulu adı ilə almırdı. Burda, bu dar küçələri, yastı evləri, çirkli meydanı olan qəsəbədə Məmməd üçün doğrudan da hər şey yaxşı idi.
Səkkiz ay idi azadlıqda idi. Bu səkkiz ayın 5 aya yaxınını burda yeni məhlədə keçirmişdi. Artıq qonum-qonşu, yaxın-uzaq məhlələr də onu tanıyırdı. Həyət evlərinin işi qurtarmaz. Məmməd də elə bu həyət evlərinin tör-töküntüsünü, zir-zibilini daşıya-daşıya ailəsini dolandırırdı. Arvadının, qızının geyiminə-keciminə də fikir verirdi. Təki onlar babat geyinsinlər, qonum-qonşu yanında sıxılmasınlar, özü pis gündə olsa da olar. Uşağını, arvadını yanına salıb heç yerə getməzdi, birincisi vaxtı yox idi, ikincisi də heç istəməzdi ki, təmizlədiyi, qabaqlarında nökər kimi işlədiyi insanlar onun ailəsinə də yuxarıdan aşağı baxsınlar.
Düzdür, Məmmədə lağ eləyənlər, bəzən ona yuxarıdan aşağı ikrahla baxıb, – “ə, yekə kişisən, get özüvə fərli başlı bir iş tap” – deyənlər də olurdu. İşinin müqabilində verəcəkləri pulun yarısını kəsənlər də tapılırdı. Amma Məmməd onlardan çox özünün taleyindən inciyirdi. Başına gətirilən müsibətlərdə dini-dili bir olan millətimizin səlahiyyət sahiblərini ürəyində söyürdü. Ən çox da polis, prokuratura və məhkəmə sistemində işləyənlər bu söyüşün hədəfi olurdu. Axı onlar qondarma cinayət işləri ilə Məmmədin bu günə düşməsinin səbəbkarı olmuşdular. Məhkəmənin hakimləri onun son iki “işinin” qurama olduğunu, ona torba tikildiyini elə zaldaca açıq-açığına demişdilər axı. Onlar şahidlərə iyrənc baxışlarla baxıb, ayə, nə utanmaz adamlarsınız, bu rayonda baş verən hadisələrin hamısının şahidi siz olursunuz, axı siz nə vaxt işləyib arvad-uşağınızın yanında olursunuz? – desələr də çıxartdıqları hökm, verdikləri qərar yenə də Məmmədin xeyrinə olmamışdır. Birinin kişiliyi, adamlığı çatmamışdı ki, bildikləri həqiqətin ardına düşsünlər, “ağa-ağ, qaraya-qara” desinlər.
Məmməd yazıq adam idi. Məmmədi yazıq gününə qoymuşdular. Məmməd tez-tez fikirləşirdi: bu məmləkətdə bəzi nadürüstlər yazıq olanın anasını gözünün qabağında… ağlar günə qoyarlar. Necə ki, qoyurlar.
Məmməd fikirli-fikirli sonuncu dəfə dar, balaca həyətində var-gəl edib, otağa keçdi.
“Allah özü bilən məsləhətdi”, deyib qızının yatağına yaxınlaşdı. Yorğanını çənəsinə qədər çəkib yatmış qızının saçını qoxlayıb tumarladı. Yorğanın altından çıxmış yalın ayağının barmaqlarını öpdü, sonra ehmalca uşağın ayaqlarını yorğanın altına çəkdi. Dizi üstə oturub ovcunu qızının sifətinin altına qoydu, başını əziz balasının, ciyərparasının yastığına, daha doğrusu sifətini qızının sifətinə söykədi və gözünü yumdu. “İlahi, nə gözəl ətri var balamın. İlahi, sənə qurban olum, mənə kömək ol, bu tifili böyüdə bilim, gəlin köçürüm, xoşbəxt edə bilim qızımı”.
Yumulmuş gözlərindən bir damla yaş süzülüb qızının yanağına düşdü. Uşaq gözlərini açıb yanında atasını gördü, çevrilib atasının boynunu qucaqladı:
- Ata, gəl mənimlə yat.
Məmməd balasının saçını yenə də qoxladı, gözlərindən öpdü.
- Ata, pulun olmasa fikir eləmə, donu mənə sonra alarsan.
- Sabah alacağam, qızım. Sən mənə söz ver ki, dərslərini həmişə yaxşı oxuyacaqsan.
- Ata, axı mən sənə həmişə, hər gün söz verirəm, inanmırsan mənə?
- Niyə, balam inanıram, eləcə səsini eşitmək istəyirdim, istəyirdim danışasan.
Yan otaqdan Yetər dilləndi:
- Qara geymişin oğlu, qoy qız yatsın də, gəl keç bəri.
Məmməd həyətə çıxdı, siqaret yandırıb dərin bir qullab vurdu.

***

May ayının 10-u şəhərdə gül bayramı idi. Məmməd fikirləşdi ki, evə qayıdanda bir dəstə gül alar, evdəkiləri sevindirər. Həm də qızı üçün don və ayaqqabı da almalıdır. Dayanacaqdakı “Cəlilabad” kafesinə gəldi. Mətbəxdəki zibil qabından yemək qalıqlarını aparıb dayanacaqdan bir qədər aralıda qoyulan zibil qutularına atdı. Kafenin içini və ətrafını süpürdü, su çilədi. Bu işə bir saata yaxın vaxt sərf etdi. Danışıqları belə olmuşdu. Hər gün, bir dəfə, – səhərlər burda yemək yeyəcəkdi. Küncdəki stolda əyləşib kafenin müdirini gözlədi. Kafe cəmi beş stol qoyulmuş kiçik bir otaqdan və mətbəxdən ibarət idi. Müştəriləri əsasən mikroavtobusların sürücüləri idi. Balaca da olsa bura avtobusların son dayanacağı olduğundan, deyəsən gəlirli yer idi.
“Halal xoşu olsun, bir az da artıq olsun, insan adamdır” – fikirləşirdi Məmməd. Görəsən beş günün günəmuzdunu qabaqcadan istəsəm verər? Yox, verməz, acığı gələr, mənə yazığı gəldi, verəcəyi pul ayda 60 şirvan eləyir. Üstəlik hər gün bir dəfə də yemək yeyəcəm. Az pul deyil, rulu qabaqcadan istəsəm əsəbləşər, sözünün üstündə durmaz.
Bu zaman müdir gəldi. Sürücü müştərilərlə dilucu salamlaşdı. Mətbəxdə işləyən yuyucu qadını səslədi:
- Keç maşını boşalt.
Gözü Məmmədə sataşdı:
- Nətəhərsən, ə, gəlmisən? Nə durmusan, tərpən Tükəzə kömək elə, – deyib Tükəzin ardınca çölə çıxdı. “Jiquli”nin baqajını açdı:
- Götürün, – dedi.
Çörək, göyərti, ət, kolbasa, sosiska və kafe üçün digər zəruri ərzaqların boşaldılmasında Məmməd canla-başla çalışdı.
- Məmməd, mən rayona gedirəm. Al bu əlliminliyi, mən gələnə qədər xərclik elə. Gec gəlsəm bufetçi o biri günlərini “platit” edər.
Sonra isə sürücülərə tərəf döndü:
- Ayə, bərəkət haqqı, yazıqdı, qoyun maşunuvuzu gəlib silib-süpürsün, adama 2-3 “məmməd” verin. Allaha da xoş gedər, savabdı, bərəkət haqqı.
Sürücülər “yox” demədilər. 3.000 manat o qədər də böyük pul deyildi onlar üçün. Məmməd ani olaraq maşınları hesabladı, yox-yox 30-40 maşın olar, vay dədəm vay, bu gün hayandan üzümə doğdu.
Sevinirdi, tək olan ciyərparasına ürəyi istəyəni ala biləcəkdi, elə indinin özündə cibində 110.000 manat var. Nə yaxşı adam imiş, ə, bu cəlilabadlı balası. Sıxıla-sıxıla kafenin müdirinə yaxınlaşdı:
- Qədeş, məni uçaskovı çağırtdırıb, gedim, görüm nə deyir, sonra gələrəm, maşınları təmizlərəm.
- Getmə, indi harda olsa sülənib gələcək bura, aylığının vaxtıdır. Onda soruşarsan, neynir səni.
- Onlardan adama xeyir gəlməz, qədeş, qəzəblənər, praklatkadan-zaddan qurar mənə. Bilirsən onların nə, texniçkaları var.
Cəlal – kafenin müdirinin adı belə idi – təəccüblə Məmmədə, sonra daimi müştərisi olan sürücülərə tərəf baxdı:
- “Praklatka” nədi, ayə, “texniçka” nə deməkdi?
Məmməd cavab vermədi. Həbsxana terminləri ilə danışmağının fərqinə indi vardı.
- Özün bil, istəyirsən get. Amma harda olsa özü indilərdə gələcək, səni də tapşıraram, bilər mənim işçimsən.
Məmməd Cəlala təşəkkür etdi:
- Getsəm yaxşıdır, – dedi.
Sahə məntəqəsində heç kəs yox idi. Bir qədər gözləməli oldu. Təxminən yarım saatdan sonra mayor rütbəli sahə müvəkkili “Mersedes-190″ markalı avtomobilində gəldi. Məmməd ona yaxınlaşdı, salam verdi. Mayor Məmmədin salamını almadı. Üst-başına baxıb:
- Nədir ə, nə işdi, xeyir ola?
- Evdən dedilər ki, sən məni çağırmısan. Demisən pasportunu götürüb gəlsin.
Sahə müvəkkilinin üzünə qəribə bir işıq düşdü, elə bil sevincək:
- Ə, Məmməd sənsən? Ə, bəs nə müddətdir burda yaşayırsan, nöş gözümə dəyməmisən? Hansı “uqolda” oturursan, kimlərnən kayf tutursan?
- Nə kayf, nəçənnik? Mənimki onun-bunun qapı-bacasını süpürməkdi. Yazığın biriyəm.
- Səni yazıq ilan vursun. Gəl bura görüm, – deyib əlindəki topa açarlardan birini ayırıb kabinetinin qapısını açdı:
- Keç içəri.
Məmmədi içəri buraxıb qapını içəridən örtdü:
- Bəs mən də deyirəm bu Məmməd kimdi. Ə, sənin ömrünün yarısı türmələrdə keçib ki, a bədbəxtin balası. Bə nə vaxt adam olacaqsınız ə, bə siz, hıy?
- Uje adam olmuşam, nəçənnik. Qabırğamın ikisi sınıb, sol əlimin barmaqları da onun kimi, budey bir bax, nə gündədi. Özüm də ki, pis xəstəyəm, bu gün-sabah ölüb gedəcəyəm. Bir balam var, onu böyüdə bilsəm, heç bir dərdim olmaz.
Sahə müvəkkili kreslosunda yayxanaraq Məmmədin yazıq, məzlum sifətinə çimçəşir kimi baxaraq dilləndi:
- Ə, Məmməd, donqili, sən harda işləyirsən, niyə?
- Nə, niyə, nəçənnik?
- Aya, daimi iş yerin hardadır sənin? Az zırılda qabağımda, türkün sözü olmasın.
Məmməd bir az da karıxdı:
- Vallah, dedim sənə, daimi iş yerim olsa-olsa indi olacaq, bu vaxta qədər posyolkada onun-bunun həyətini-bacasını təmizləmişəm. Dükanlara yük daşımışam. Min bərəkət, günə 5-6 məmməd qazanıb tək balamı dolandırmışam.
- Ə, bə bu qiymətlərin Hacıbalanın fontanları kimi asimana meyilləndiyi vaxtda az qala burnumun ucunda evi necə almısan, həm də deyirsən acından ölənin biriyəm.
- Kənddəki ata mülkümü dəyər-dəyməzinə satdım, nəçənnik, köçdüm bura ki, gözdən-qulaqdan uzaq olum.
- Demək buralarda gizlənirsən, niyə?
- Ətağa cəddi, yox, prosto orda uçaskovı vardı, mənə göz verib, işıq vermirdi.
- Barmekdə işləyirdi oranın uçaskovısı, – sahə müvəkkili məzələnirdi Məmmədlə.
Məmməd dinmədi. Sahə müvəkkili:
- Dedin daimi iş yeri tapmısan, hardadı o iş yeri elə, ilin-günün bu vaxtında?
- Kruqda balaca bir kafe var – “Cəlilabad” kafesi. Oranın səliqə-səhmanına baxacağam – bu dəfə “zir-zibilini yığışdıracağam” demədi.
Sahə müvəkkili:
- Birdən “vışıbaldan”-zaddan olarsan, xəbərimiz olmaz. Deyirsən Cəlalın yanında işləyəcəksən?
- Hə, bu gündən.
Sahə müvəkkili mobil telefonunu polis mundirinin yan cibindən çıxarıb hansısa nömrəni yığdı:
- Cəlal? Sənsən, necəsən? Hazırdı əmanət? Bir azdan gələcəm. Cəlal, bu Mamedi işə götürmüsən? Hıy? Yazıq döyülsən? Bir yandan yerlin dövlət çevrilişi eləmək istəyir, tutub salırlar dama, o biri yandan da narkomanlarla əlbir olursan? Cəlilabaddan narkotika daşıtdırıb Mamedin əliynən satdırassan şoferlərə, nə bilim day kimlərə? Hıy? Nə zarafat, sən öl, dədəmin goruna and olsun, namusum küçədə qalsın, Mamed yazıb e, stolumun üstündədi. Di dur, bura gəl.
Sonra telefonun dəstəyi qulağında bir neçə dəqiqəlik pauza verdi. Məmmədin rəngi-rufu sozalmışdı, görəsən bu ciddi danışır, ya Cəlalnan zarafat eləyir.
- Sən öl, mənnik döyül. Gəl özün oxu, gör bunu cırıb ata bilərsən, ya yox. Bunu sən hardan ağlına gətirdin, axı qardaş? Sənnən çörək kəsmişəm, deməsəm olmaz axı, da bə…
Yenə də pauza…
- Yox, canım, üç aydı güdürük, basacağıq gedəcək, yanımda tülküyə dönüb, deyir səmimi etirafıma görə məni bağışlayın. Axırıncı dəfə elə narkoman kimi tutulub da bə. Nə isə günortadan sonra gəl, bir söhbət edək.
Sahə müvəkkili telefonu qapayıb Məmmədə tərəf döndü:
- Qorxma, ə, dostumdu, zarafat edirdim onunla. Gör nə təhər zəhrini yardım. Gəl, sənnən belə edək, sən zarafata çisti poduşa bir priznaniya ver, bu cəlilabadlı balasından bir-iki min boğum, beş dənə də göy sənə verim, əl-ələ verək, işləyək, hıy?
- Yox, nəçənnik, mənim helənçik işlərdə səriştəm yoxdu. Özüm elə axırıncı dəfə “qəhbə postupkasının” qurbanı olmuşam. O dostun da yaxşı adamdı, mənə iş verib, küçələrdən yığışdırıb, həm kafeni təmizləyəcəyəm, həm də ordakı şoferləri yola gətirib, onların maşınlarının salonlarını süpürəcəm, günə 5-10 şirvan qazancım olar, lap sənə də benzin pulu verərəm. Amma məni belə şeylərə qatma, nəçənnik. Dostsuz, çörək kəsmisiz.
- Bax, Mamed, onda sənin orda işdəməyin artıq vozduxdu. Sənin evin yıxıldı. Gəl sən bu dediklərimi yaz, sabah da puluvu götür get evinə, lazım olandan olana çağıracam, fsyo.
- Yox, nəçənnik, məni buna görə çağırmısansa, çox nahaq. Mən “zonnlar” görmüşəm. Bir köpəkoğlu məni “praklatka” qurmaqda, “pomiloyluqda” günahlandıra bilməz. Sağ ol, sözün yoxdusa mən gedim.
- Ə, otur bir görüm. Sən əslinə qalsa mənə lazım deyilsən. Səni bir tanışım var, o axtarırdı. Səndən keçəsi işi var, kömək eləməlisən, qalıb pis vəziyyətdə.
Məmməd çaş-baş qalmışdı. “Mən kiməm axı, bunun dostunun mənə işi düşsün” – fikirləşdi. Ürəyindəkini dilinə gətirdi:
- Məni neynir sənin dostun, nəçənnik? Mən kiməm ki, sənin dostuna kömək edə bilim. Mənim işim nökərçilikdi. Balama yazığın gəlsin, balalarının başına dönüm, onların ayaqlarının altında ölüm. Onsuz da Cəlal məni day o kafenin yaxınına buraxmaz. Kim, narkomanı işlədər axı? O da elə biləcək ki, mən doğrudan da narkomanam. Niyə belə elədin, nəçənnik?
Sahə müvəkkilinin ürəyinə rəhm gəldi deyəsən, Məmmədə, onun əyninə, üst-başına bir daha diqqətlə baxdı:
- Uşağın neçə yaşı var?
- Uşaq kimdir, nəçənnik?
- Ə, sənin qızının neçə yaşı var? Demirdin bir qızım var?
- Səkkiz yaşın içindədir, ikinci sinifdə oxuyur. Cəmi on üç ay görmüşəm qızımı. Mən tutulanda beş aylıq idi. Səkkiz aydır ki, çöldəyəm. Heç onu da əməlli-başlı görmürəm. Mən gedəndə yatmış olur, gələndə də görürəm dərslərini hazırlayır. 1-2 saatdan sonra da yorğun oluram deyə yuxu məni basır. Uşaqla heç əməlli-başlı söhbət də edə bilmirəm. Oxudacam onu, həkim eliyəcəm qızımı, məni sağaltsa qızım sağaldar. Onu xoşbəxt görmək istəyirəm, nəçənnik.
- Allah saxlasın, Məmməd. Mənim də iki qızım var. Birini köçürmüşəm, o birinin də istəyəni var, amma “podxodyaşşi” deyillər deyə, qapıya yaxın qoymuram.
Sahə müvəkkili balaca kabinetində bir neçə saniyə var-gəl etdi. Dayanıb yenə də Məmmədə, onun üst-başına baxdı:
- Mamed, qızının adı nədir?
Məmməd ürəkləndi, deyəsən o biri paqonlular kimi bunun qəddarlığı yoxdur axı, – deyə fikrindən keçirtdi:
- Xoşbəxt qoymuşam adını. Dedim hələlik adı Xoşbəxt olsun, sonra da özü xoşbəxt olar. Adam adına uyğun böyüyür, deyiblər.
- Hə, sənin filosofluğun da varmış. Pasportunu gətirmişdin? – deyə əlavə etdi sahə müvəkkili – ver bura görüm.
Məmmədin qırmızı Sovet pasportuna baxıb:
- Ə, bə bunu niyə dəyişdirməmisən?
- Pulum da yoxdu, vaxtım da, nəçənnik.
- Yaxşı, sən bir dəqiqə çöldə, qapının ağzında gözlə, zəng vurum görüm neynirəm.
Məmməd bayıra çıxdı. Qapını bir qədər aralı qoydu ki, telefon danışığını eşidə bilsin.
Sahə müvəkkili kiminləsə danışırdı:
- Hə, burda, mənim yanımdadır. Vallah yazığın, yetimin biridir. Nə olsun e, statyası elə olub, rəis, o işnən məşğul olana oxşamır… Vallah, nə deyim, siz bilən məsləhətdir… Hə, bir qızı var, ikidə oxuyur. Yazıqdı vallah… Başqa kimi tapım axı, bunun da ki… nə bilim ay rəis, yetimdi e, bu… Rəhmim gəlir deyəndə ki, adam adına çəkir deyillər də, ay rəis. Mən də bəlkə ona görə rəhimliyəm… Nə deyim, siz bilən məsləhətdi, onda adam göndərin… Baş üstə, rəis, nə vaxt desəniz… Sağ olun.
Məmməd qapının üstündəki lövhəyə baxdı. Sahə müvəkkili, polis mayoru Rəhimov Rəhim Apo oğlu. Kaş adı kimi rəhimli olaydı bu – Məmməd fikirləşdi.
Sahə müvvəkkili Məmmədi səslədi:
- Gəl içəri.
Məmməd içəri keçdi, rəngi-rufu ağappaq olmuşdu. Ürəyindən keçirdiyi başına gəlməkdə idi. “Bu köpəkuşağlarından heç vaxt xeyir gəlməyib”. Sonra da yavaşca pıçıldadı, “yaxşılarından iraq, it südü əmiblər elə bil”.
***
Təxminən iyirmi dəqiqədən sonra üç nəfər mülkü geyimli gənc içəri daxil oldu. Rəhimlə salamlaşdıqdan sonra Məmmədə tərəf dönüb:
- Budurmu?
“Hə” cavabından sonra Məmmədə:
- Dur görüm, adə, nə təhər də büzüşüb oturub e, dur getdik.
- Hara, nəçənnik? – yazıq-yazıq sahə müvəkkilinə baxdı, sanki “bu nə oyundu, başıma gətirdin, bu nə torba idi mənə tikdin”, demək istəyirdi. Amma dinmədi. Gələnlərdən sarışın, dolubədənlisi istehza ilə:
- Hesabnan bilməlisən axı, hara gedəcəyini.
Məmmədin qolundan tutub ayağa qaldırdılar. Çölə çıxarıb ağ “07″ markalı “Jiquli”nin arxa oturacağında əyləşdirdilər. Sarışın, dolu bədənli, – deyəsən o həm də gələnlərin böyüyü idi, – sükan arxasına keçdi, digərləri isə Məmmədi qatı cinayətkar kimi araya aldılar.
Maşın mərkəzi rayonlardan birinin yaxınlığındakı Polis bölməsinin yanında dayandı.

***

Sahə müvəkkili Rəhim isə “Cəlilabad” kafesinin sahibi və müdiri Cəlalı yanına çağırıb yazılmamış ifadəni “cırıb” zibil yeşiyinə atdığı üçün ondan 10.000 dollar pul istədi. Və namusuna and içdi ki, bundan bir qəpik də özünə qalmır. Hamısı qəpiyinə kimi rəisə və nazirlikdəki yüksək rütbəli zabitə çatacaq. Rəhim Cəlalla çörək kəsmişdi. Ona kömək etmək onun “şərəf borcu” idi.
Məmmədin hal-hazırda bölmədə olması isə Cəlala, sahə müvəkkilinin hiyləgərliyinə inanmağa əsas verirdi.
“Adamları tanımaq olmur, mən istədim bədbəxt oğlu ailəsinə bir tikə çörək qazansın. Bu narkoman köpəkoğlu isə məni şərlədi, yalandan baqaja qoydu”. Uzun çənə-boğazdan sonra Rəhim harasa “zəng vurub” məbləği 6.500 qədər endirə bildi və bununla da Cəlalın dərin hörmətini qazandı.

davamı
XS
SM
MD
LG