Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:33

Əliağa Kürçaylı. Bir ovuc günəş


İlk dəfə anamdan eşitdim bunu:
Bir ovuc günəşin nə olduğunu.
Naqafil səsdən, bir gurultudan
Bizi bürüyərdi qorxu, həyəcan.
Faşist təyyarəsi gəlir sanardıq,
Torpaq qazmalarda daldalanardıq.
Elə ki qaranlıq qazmaya girdik,
Anam söylənirdi, gileylənirdi:
"Bir ovuc günəş də qəhətdi bizə,
Qaranlıq yazılıb taleyimizə..."

O gündən bir ovuc günəş sözünü,
Bir ovuc günəşin, nurun özünü
Gəzdirdim qəlbimdə öz qanım kimi.
Nəmli daxmaların dərmanı kimi.
Bildim o həyatdır, güldür. çiçəkdir.
Hamıya hər yerdə günəş gərəkdir.
Gərəkdir barmaqlıq arxasında da,
Laləli düzlərin yaxasında da.
Ya bir ovuc olsun, ya da bir qətrə -
O gərək nurunu salsın hər yerə.

Al günəş parlayır indi elimdə,
Bütöv bir günəş var mənim əlimdə.
Lakin gizləyərək öz həsrətini,
Bir ovuc günəşin hərarətini
Gözləyən xalqlar var, qəbilələr var.
Günəşsiz açılan neçə səhər var.
Günəşsiz günləri açıram bu gün,
Anamın sözləri keçir qəlbimdən.
Bir ovuc günəşi gətirmək üçün
Bir ömür piyada yol gedirəm mən.
XS
SM
MD
LG