Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:46

Salam Qədirzadə "Gözbağlıca" (Hekayə)


-

GÖZBAĞLICA

Tez-tez radioda, televizorda deyirlər, qəzetlərdə yazırlar ki, «istedad axtarırıq!» Yəni yaxşı oxuyan, oynayan, çalan… Qəribədir! İstedad məgər küçələrə tökülüb?!
Əvvələn, o cür qabiliyyətli adamlar çox təvazökar olurlar. Elələri heç vaxt gəlib deməzlər ki, mənim əla səsim var, nə bilim, məşhur artistləri belə təqlid edirəm, yaxud filan musiqi alətində gözəl çalıram… Sonra, bir də axı, istedad təkcə səhnə fəaliyyətindən ibarət deyil!..
Papaq altda oğlanlar tanıyıram, öz bacarığını göstərsə, heyrətdən tamaşaçıların ağızları açıla qalar, gözləri kəlləsinə çıxar, tükləri biz-biz olar.
Götürək elə Lənkəranda yaşayan Fətulla kişini. Sısqa, arığın biridir. Baxanda, qarnı belinə yapışıb. Həmişə də şalvarı düşə-düşə gəzər. Ancaq gözünə döndüyümüz, bir oturumda nə qədər çay içsə yaxşıdır? İyirmi… otuz… bir az da güc eləsə, lap qırx armudu stəkan! Təntiyər, qızarar, pörtər, tər kürəyindən süzülüb üzüaşağı dabanından çəkmələrinin içinə axar, doydum deməz.
Söz yox, onlarla stəkanı boşaltmaq üçün saatlarla da bir yerdə əyləşmək lazımdır. Elə buna görə də evdən çıxıb çayxanaya gedəndə özü ilə döşəkçə aparar ki, quru stul üstdə oturmaqdan yanları döyənək olmasın. Soruşanda:
- Ay Fətulla kişi, mərc gəlsən, neçə stəkan çay içərsən?
Cavab verər:
- Nə qədər xətrin istəsə! Lənkəranda bəyəm çay qıtlığıdır…
İndi gəlin, əyri oturaq, düz danışaq: bu, istedad deyil bəs nədir?! Niyə Fətulla kişini axtarıb tapan, camaata tanıtdıran yoxdur? Paxıllıqdan!
Mən hələ Ağdamdakı pəzəvəng Şiraslanı demirəm. Həmyerlisi danışır:
«Bir axşam kişi xəstələnmişdi, yoluxmağa evlərinə getdim. Gecə saat ondan sonra qoyun kəsdirib, kabab çəkdirtmişdi. Metrə yarımlıq, açılmış stola göy-göyərti, meyvə, çörək, narşərab, şoraba, sumax daşındı. Tənbəllik eləməyib saydım: ikimiz düz on yeddi şiş kabab yedik. Birini mən on altısını Şiraslan.
Arada çarpayıya uzanıb yastığa dirsəklənərək zarıya-zarıya onu da dedi ki:
- Sən iştahla ye. Mənə fikir vermə, naxoşam… Həkim tapşırıb, gərək pəhriz saxlayım…».
İndi özünüz fikirləşin, xəstə vaxtında on altı şiş kababı rahatlıqla həzm-rabedən keçirən Şiraslan saz vaxtında, yəni iyirmi altısını yeyə bilməz? Bu istedad deyil? Niyə Şiraslanı axtarıb tapan, üzə çıxaran yoxdur? Belələrinin bizdə qədir-qiymətini bilmirlər. Arada paxıllıq olmasaydı, aparardılar Şiraslan kimisini Londona, Vaşinqtona, Parisə – sirkdə nümayiş elətdirərdilər. Qabaqcadan meydanlara, küçələrə, parklara afişalar vurdurardılar. Yuxarı başdan yekəqarın Şiraslanın yaraşıqlı bir şəkli, böyründə üstünə şişlər qalanmış odlu manqal. Aşağıdan da iri hərflərlə belə bir reklam: «Sensasiya!! Mister Şir-As-Lan! Orijinal və nadir istedad!!» Camaat hay-küylə tökülüb axışardı sirkə, adam əlindən tərpənmək mümkün olmazdı. Biletin biri beş, altı, yeddi dollara… Toplanan məbləğin çox faizi də Şiraslanın… Musiqi çalardı, işıqlar yanardı, qara fraklı konferansye çıxıb, misal üçün, ucadan belə elan edərdi:
- Ledilər! Centlmenlər!.. Manejə orijinal və nadir istedad, mister Şir-As-Lan dəvət olunur. Bravo!..
Küy qopardı, camaat əl çalardı. Xidmətçilər musiqi sədaları altında tez-tələsik ortaya ağ örtüklü, stol, qab-qacaq, araq, qədəh, göy-göyərti, narşərab sonra da iri ət tikələri çəkilmiş saysız-hesabsız şişlər gətirərdilər. İçi qor dolu yekə manqal manejə qoyulunca şişləri onun üstünə düzüb yelləməyə başlardılar. Çox çəkmədən kababın iyi, tüstüsü sirkin qübbəsinə qalxardı. Tamaşaçılar dodaqlarını marçıldadıb, mədələrinə şirə buraxardılar.
Bir azdan işıqlar sönər, tək projektorun gur zolağı artistlərin çıxdığı qırmızı məxmər pərdəli qapıya tuşlanardı.
Orkestr marş çalar… və mister Şir-As-Lanın əvvəlcə yekə qarnı, sonra pəzəvəng vücudu görünərdi. Sürəkli alqış güclənər, «orijinal, nadir istedad» tamaşaçılara təzim edib, onun üçün hazırlanmış stolun arxasında oturardı. Xidmətçilər yüyürə-yüyürə bir-birini itələyə-itələyə kabab şişlərini daşıyaraq Şir-As-Lana verər, o da yağlı tikələri isti-isti çörəyin arasına çəkib, içəri ötürərdi. Hərdən həzmə vermək üçün qabağına düzülmüş araq stəkanlarından da boşaldar, üstündən şoraba, göy-göyərti yeyərdi. Şişlər boşalıb kənara tullandıqca konferansye sayardı:
- On beş!.. On altı!.. On yeddi!..
Və arada əlavə edərdi:
- Ledilər! Centlmenlər! Siz tamamilə inanın ki, bu, mister Şir-As-Lanın məxsusi sirk üçün hazırlanmış nömrəsi deyil. Onun adi həyat tərzi belədir. Cənab gündə üç dəfə, lakin menyusunu dəyişmək şərti ilə, gördüyünüz qaydada yeyir… On doqquz!.. İyirmi!..
Hər on şiş boşaldıqdan sonra tamaşaçılar çəpik vurar, fit çalar, ayaqlarını döşəməyə döyəclər, sirkin dər-divarları titrəyərdi. Bu alqışlardan onun iştahı artar, yedikcə şişər, şişdikcə yeyərdi.
Yerbəyerdən foto müxbirlər Şir-As-Lanın anbaan yenələn qarnının, tüstülənən manqalın, ətrafa tullanan boş şişlərin şəklini çəkərdilər.
- İyirmi səkkiz!.. İyirmi doqquz!.. – deyə konferansye otuzu elan etməyə hazırlaşanda Şir-As-Lan yerində qalxaraq əllərini yuxarı qaldırıb nömrənin bitdiyini bildirərdi. Tamaşaçıları təəccüb bürüyərdi. «Buna fövrən nə oldu?! Niyə otuzuncu şişi geri qaytardı?» Şir-As-Lan hamını maraqlandıran suala cavab verərdi:
- Ət xoşuma gəlmədi, cənablar!..
Təsəvvür edin, bu sözdən sonra tamaşaçılar arasında nə həngamə qopardı!..
Yəqin deyəcəksiniz ki, belə gözəl nömrəni aparıb qıraqda niyə göstərək? Elə öz sirkimizdə nümayiş etdirsək yaxşı olmazmı? Yox! Bilirsinizmi nə üçün?
Şiraslanın iyirmi doqquz şiş kabab yediyini görən bizim bəzi tamaşaçılar ona mütləq dodaq büzəcəklər.
Bu yandan, söz məsəli, Ağdaşdan birisi yerindən qalxıb deyəcək:
- Nə olsun!? Mən otuz yumurtanın qayqanağını iki kilo çörəklə yeyirəm, heç yada salanım yoxdur!..
Fikirləşəndə görəcəksən haqqına danışır.
O yandan Qusardan gəlmiş ağzıgöyçək bir kişi başını bulayıb lağ eləyəcək:
- Burda təəccüblü heç nə yoxdur! Şiraslan özünə güvənirsə, mənimlə araq içməkdə ayaqlaşsın. Altı butulka boşaltmayan öz payına heç kişi deyil!
Fikirləşəndə görəcəksən bu da haqqında danışır.
Üçüncü bir nəfər də dal cərgədən baş qaldıracaq:
- Mənə də mərdəkanlı balası Mərdan deyərlər! Yetmiş dənə ət qutabı yeyirəm. İnanmırsız, bu meydan, bu da Mərdan!..
Bax, elə buna görə də Şiraslanın çıxışı Bakı sirkində əsla heyrət doğurmaz!
Ancaq… bir az dərindən fikirləşəndə siz də haqlısınız. Şiraslan kimisinin istedadını nümayiş etdirmək bir növ xətalıdır.
Nə üçün ki, xaricilərdən bəzisinin ağzının qaytanı olmur. birdən çaşıb soruşarlar:
- Aya… bu Şiraslan ki, hər oturumda otuz şiş kabab yeyir, bəs onun aylıq qazancı neçə manatdıq? Biz hələ ailəsinin xərcini demirik… Bu nadir istedad hansı qulluğun sahibidir?
Burada məsələ bir az qəlizləşəcək… Durub and-aman eləyəsənki, o kişi adicə bir anbar müdiridir, aylıq məvacibi də cəmisi səksən manatdır, inanmayacaqlar. Onda da səs-küy qaldırıb deyəcəklər:
- Şiraslanın tamaşaçılara göstərdiyi foksdur, gözbağlıcadır!..
Belə olan təqdirdə o şəkkakları necə qandırasan ki, siz hələ birini görmüsünüz, bizdə belə istedadlar çoxdur.
XS
SM
MD
LG