Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:05

Xeyransa


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin hekayə 10-luğundan


Yeganə Kərimzadə


XEYRANSA


O gecə Xeyransa öldü. Səhər qapım döyüldü, qonşu Minəxanım həmişəki kimi xələtinin açıq yaxasını əli ilə tutub, üzümə baxır, yenə də qara rəngə boyanmış pirpız saçlarının arasından boylanan nazik uzun sifətindən mənasız-mənasız boylanan xırda gözləri bir nöqtəyə zillənib, dodaqları rabitəsiz sözləri pıçıldadı:- “Bilirsən, hardan başlayım bilmirəm, səhər Rasim məni oyatdı ki, …hə axşam xəbərin oldu da həyətdəki tut ağacı şaqqalandı axı…

Həyətə ötəri nəzər saldım, tut ağacı doğurdan da yoxuydu, onsuzda o ağacın xeyrindən çox, ziyanı vardı. Yayda həyət qan rənginə bayanardı, uşaqların əlləri qap-qara olardı tut yeməkdən, xəzəli bir yandan nəsə bir sürü əziyyət, görəsən Minaxanım bunamı görə gəlmişdi? – Canın sağ olsun,-dedim.

Qadın mənə :-sağ ol,-deyib, sözünün gerisini gətirdi.

-Axşam tut şaqqalananda Rasim dedi ki, ay Minəxanım, Xeyransa daha yaşamaz, ölər…

-Niyə?

-Bilirsən də Xeyransa o tut ağacıynan yaşıd idi axı…

Özümdən asılı olmadan bağırdım:-Nə olsun, ağac qırılıbsa, Xeyransa niyə ölməlidi, bu nə danışıqdı, nə demək istəyirsən?!

-Hirslənmə bacı, Xeyransa doğurdan da öldü!.. Səhər hamamlanıb, sonra çıxıb həyətə… elə səkidə oturduğu yerdəcə…

Birdən-birə -məməəə… deyib, evdən çıxdığım yadımdaydı. Xeyransanın evinə girəndə qarının üzünü örtüb, ətrafına yığışıb, ağlayan qonşu arvadları gördüm. Onlar məni görcək səslərini bir az da ucaltdılar. Mən Xeyransanın doqquz uşağından sağ qalan yeganə qızının nəvəsi, onunsa nəticəsiydim. Mənim oğlum ona artıq yad olan kötücəsi olsa da Xeyransa onu çox sevərdi, ona evim-eşiyim, dudu-dumanım, girdavoy balam,-deyərdi.

Xeyransanın yaşı yəqin ki, yüzu çoxdan haqlamışdı. Qohum-əqrabasından heç kim qalmamışdı. Nənəm dünyasını dəyişəndə Xeyransa başına döyə-döyə xırda gözlərinin suyunu sıxıb, daha mən də öldüm!-dedi. Nənəm anasından cəmi-cümlətanı on beş yaş kiçik idi ondan sonra səkkiz uşaq doğsa da heç biri sağ qalmamışdı, elə körpə yaşındaca ölmüşdülər. Nənəm anasının yanından ötüb keçəndə arvad öz qızının arxasıycan baxıb,-başyeyən-deyərdi. Qonum-qonşu artıq buna alışmışdılar, bilirdilər ki, arvad belə desə də artıq özü nənə olan bircə qızını çox sevir.

Xeyransa yeddi oğuldan sonra yeddi qurbanla doğulan qız imiş. Atası neftxuda olsa da sovetlər gələndə heç bir yerə qaçmamışdı. Mədənləri sovetlərə könüllü verib, yeddi oğlunu bir qızını yanına alıb, şəhərin mərkəzindəki mülkünə razılıqla köçmüşdü. Kişi düşünmüşdü ki, yəqin ki, ondan əl çəkərlər. Amma elə olmadı… Qızıl orduyla birgə şəhərə girən ermənilər, sanki and içmişdilər ki, Bakıda bir başıpapaqlı qoymayacaqlar. Qoydular ki, evlərə girib, elə ordaca camaatı qanına qəltan elədilər. Xeyransa evin sonbeşiyi idi. Sovetlər gəlməmişdən bir az əvvəl doğulmuşdu.

Bakıdakı mülklərində hay-küy düşmüşdü. Şəhərin ən adlı-sanlı həkimi xanıma baxmağa gəlmişdi. Neftxuda evdə çalışanlara, qonum-qonşuya qızıl pullar bağışlamışdı. Qurbanlar kəsilib, qazanlar asılmışdı. Bəziləri ağanın bu halına arxada gülsələr də üzdə büruzə verməmişdilər. Çoxu,-ağa deyəsən qocalıb, ağlı çaşıb, desələr də bilmirdilər ki, bu onların xoş günlərinin son şənliyi olacaq. Elə onda da Ağa dövrələmə həyətin tən ortasında tut şivi basdıra-basdıra demişdi ki, “səni görüm yüz yaşayasan, qızım da sənən birgə”… Bütün olanları Xeyransa görməmişdi, eşitmişdi. Qundaqda olan körpə nə bilə bilərdi ki…

Xeyransanın atasını, qardaşlarını sovetlər gecənin birində qənşərlərinə salıb, harasa apardılar. Elə o gedən oldular. Mülklərini də sovetlər anasının əlıindən alıb, ona körpə qızıyla balaca , qulluqçular üçün ayyrılan otaqlardan birini verib, - sevin ki, bunu da veririk! -dedilər. Gözünün qabağında mülkünü parça-parça bölüb, erməniyə rusa pay-puş etdilər. Gözündə deyildi, var-dövlət gəldi, gedərdi yeddi oğul, Ağa kimi kişidən sonra bunlar nəyinə lazımdı ki? Onu yandıran başqa məsələ idi; vaxtıilə uşaqlarının səsiylə aşıb-daşan mülkündə indi rus gədələriylə erməni qızlarının kef məslisləri qurulur, yarıçılpaq qadınlar döymə naxışlı sürahili eyvanlarda sovet əsgərləriylə birgə qonum qonşuya məhəl qoymadan bir-birinə sarılır, işlərini görəndən sonra açıq şalvarlarının qabağını islada-islada üçüncü mərtəbədən düz onlar qalan otağın qənşərinə sidik buraxır, sonra şaqqanaq çəkib, gülürdülər. Hər dəfəsində də - burjuyskaya blyad,-deyib, tüpürəni də olurdu. Hara gedəydi, kimə deyəydi? Bu qız da olmasaydı bircə gün belə yaşamazdı. Qız isə dünyadan xəbərsiz böyüyürdü. Özünü tanıyıb, əli qələm tutanda bildi ki, bir otağına sığındığı bu mülk onların olub, yazmadığı yer qoymadı. Axırda onun səsini eşidən tapıldı. Xeyransanı anası ilə birgə yuxarı mərtəbəyə qaldırıb, üç otaqlı mənzil ayırdılar. Həmin gün qızın uçmağa qanadı yoxuydu. Anası isə artıq zəif görən gözlərilə qızına baxıb, fərəhlənirdi. Az müddət sonra evi onlara geri verən komissar Cəfər qıza elçi göndərdi. Əvvəl anası razılaşmaq istəməsə də Xeyransa anasını yola gətirdi:-Məmə, bizim seçmək hüququmuz əlimizdən alınıb, başqası bu qapını döyməyəcək, hamı mənə kulak qızı deyir.

-Xeyrənsə, qızım o Cəfərin atası, atovun faytonçusu olub, məni yandıran da budu…

-Ay mə… görürsən, yenə də çörək itirmir, yenə də sağ olsun…

-Nə deyirəm, onsuzda başqa yol yoxdu. Mən də deyirəm, niyə evi dəyişdi, sən demə qara gədənin dərdi varmış…

-Ay mə…

Cəfər pis adam olmadı. Qızdan on beş yaş böyük olmasına baxmayaraq, hər onu görəndə ayaqları, əlləri əsirdi. Axır ki, evlənəndən bir il keçəndən sonra Xeyransa öz sözünü ona dedi:- Ay, Cəfər… sənə nə olub ey, əllərün nöş əsirrr?

-Rəhmətliyin qızı, hər səni görəndə elə bilirəm dədən gözümün içinə baxıb, mənə deyir ki, “ ay dəyyuss, sən mənim qızımın tayısan?”- deyə astadan Xeyransanın qulağına pıçıldamışdı.

-Ağamı yaxından görmüşdünnn?

-Sussss…

Xeyransa onda hiss etmişdi ki, kişisi onu çox sevir, ailəsinə hörmət qoyur, elə o səbəbdən də hər hərəkətinə, söhbətinə fikir verirdi ki, Cəfərin başını aşağı eləməsin. Hər dəfə kişisinin ayağını suya qoymaq istəyəndə, o çəkinər arvadını yaxın qoymasa da Xeyransa bu işdən zövq alar, kişisi isə pıçıldayardı:- sən xanımsan eyyy, rəiyyət ayağı yumaq sənlik deyil…

-Sus, ayağıvu bura uzat, sən mənim ərimsən.

Doğulub, basdırılan uşaqların acısı Xeyransanı yandırsa da əri onu üzməzdi, əksinə daha çox əzizləyər könlünü ovudardı. Böyük qızından sonra səkkiz uşaq itirdi Xeyransa. Qızı isə onunla birgə böyüdü . Əri anasını ana kimi istər, hörmətini tutardı, arvad isə hər gün artıq rəngini itirmiş naxışlı eyvana söykənib, oturar zəif görən gözlərini mülkün giriş qapısına dikərdi. Yəqin ki, yeddi oğlunun ərinin yolunu gözləyirdi yazıq arvad. Hərdən də həyətdəki yeganə tut ağacına baxıb,- Ağəz, Xeyrənsə sən Allah ağaca bax e, gör necə də böyüyüb… Ağəz, Cəfərə de dəə, qoy bir sorağlaşsın, görsün qərdeşlərin, atan hardadı? Kiçik Ağamirzənin iyi burnuma gəlir… Böyük balam Məhəmməd evlənsəydi… Həsən… Atam, atam, canım balalarım…

-Ay mə…

Arvad balalarım deyə-deyə gözü açıq, əlləri qapıya sarı uzanılı vəziyyətdə canını tapşırdı…

Elə həmin gün də Fin müharibəsi başladı. Cəfər də müharibəyə getdi. Xeyransa fabrikdə işə düzəldi bir balasını böyütməliydi. Otağın birini kirayə verdi. Birtəhər dolanışığını qaydasına saldı. ərindən də bir az qızıl pul qalmışdı, pulu az-az xərcləsə də qızılları qızına saxlayırdı, dünyanın işini bilməkmi olardı. Dünya fırlanırdı, zaman qaçırdı, qız da böyüdü, ərə getdi amma uzağa getmədi, anasının yanında qaldı. Onun da bir qızı oldu, o da böyüdü, oxudu ərə getdi, onun da bir qızı oldu o qız mən idim oxudum, anamı, nənəmi itirdim, amma Xeyransa yaşayırdı mən onun nəticəsi idim, elçilərim onun yanına gəldi. Xeyransa bir elçilərə baxdı, bir də mənə:-Ağəz, deyirsən yaxçu adamdı?

Başımı aşağı diksəm də sakitcə pıçıldadım:-ay məə…

-Nədü, ağəz hara baxıram uğrəş, gütvərəndi özümə də şəkki-şübhəm var…

-Ay məə…

Nəsə, Xeyransa məni də ərə verdi, təhsilimi başa vurmuşdum, müəlliməydim. Oğlum dünyaya gələndə isə Xeyransa məndən çox sevinmişdi. –Ağəz, axır ki, axır ki…

-Nə ay mə?

-Day hər şey yaxçı olacaq, bilirsən nöşün, bilməzsən, hardan biləsən, yeddi qərdeşimdən sonra yeddi qurbannan doğulsam da ayağım ağır oldu, Nikolay köpəyoğlunu, Lenin köpəyoğlu yıxdı elə onnan da bizim evimiz yıxıldı. Neftxuda qızıydım, faytonçu arvadı oldum, səkkiz uşaq basdırdım , bir qız balam qalmışdı onu da Allah aldı. Qurban kəsin, toxumumuz dəyişdi, oğlan gəldi, oğlan! Day hər şey yaxçı olacaq, inanmırsan? Bax, bax, isəyirsən bu tut ağacından soruş, mənnən yaşıddı.

-Ay mə, ağac danışar?



-Sən bilməzsən, danışar… Mən daşa dönmüş danışıramsa, ağac da danışar…

Kəsilən qurbanlığı tut ağacından asmışdılar, budaqlar dözməyib, qırılanda Xeyransa heyfsilənsə də dinmədi. Hələ zarafat da etdi ki,-bunun vaxtı çoxdan çatıb, kəsib atmaq lazımdı. Qonşu arvadlar hay-küy saldılar ki, - paltar asmaq üçün ipin bir ucunu hara bağlayaq pec…

Xeyransa başını buladı, dörd bucaq şəklində tikilmiş həyətə diqqətlə baxdı, baxdı:- Dünya durduqca görüm Lenin oğraşa üstünü örtməyə torpaq tapılmasın,-dedi.

Bu vaxt qapı qonşum, Minəxanım üçüncü mərtəbədən aşağı baxıb, qışqırdı:- Ay, Sona xanım, Xeyransa xaladan soruş gör atasının adı Ağaydı, neft maqnatı Ağa?..

Məhlənin giriş qapısına sarı asta-asta gedən Xeyransa uşaq cəldliyi ilə qəfildən çevrilib,- necə bəgəm?-dedi.

-Gözün aydın, televizorda göstərdilər, tikdirdiyi evləri göstərəndə bizim də evi çöldən çəkmişdilər elə gözəl görsənirdi …

-Qərdeşderim, qərdeşdərim… onlardan bir söz demədilər ki?..

-Hamısını güllələyiblər…

Xeyransa bir an dayandı, sonra asta-asta pillələri qalxmağa başladı, pillə üstündəki qonşular ona yol verir, vaxtıilə yanından düz keçənlər indi onu qucaqlayıb, öpürdülər. O gün ağlıma belə gəlməzdi ki, Xeyransa bu pillələri sonuncu dəfə qalxır. O yuxarı çatıb, əllərini arxasında çarpazlayıb, başını dik tutaraq xeyli müddət yuxarıdan bir zamanlar onun ailəsinə məxsus olmuş mülkə baxdı, baxdı sonra öz balaca otağına çəkildi. O anlarda onun qəlbindən keçənləri duymaya bilməzdim, axı mənim də damarlarımda onun qanı axırdı. Onunla birgə mən də bu gün qürür duyurdum. Bu gün bu mülk sevinirdi, manqallar həyətin ortasında qalanmışdı, həyat yoldaşım hamını səsləyirdi:- Ay camaat, gəlin, hərəyə bir tikə də olsa gəlin bir yerdə yeyək!

Uşaqların səsi aləmi götürmüşdü, qadınlar ərlərinə qoşulub, həyətə enirdi. Xeyransa taxtının üstə oturub, təsbehlə zikr edirdi.

-Ay mə, gözümüz aydın…

-Aydınlıq içində, qızım…

-Axır ki, haqq yerini aldı…

-Onları güllələyiblərmiş…

-Zamanə eləydi…

-İndi nə dəyişib?

-Zamanə…

-Deyirəm, ağamın neft payından süzə verərlər?..

-İstəmirəm ay mə…

-Nöşün?

-Ağan adi adam osaydı, sən bu qədər çəkərdinmi?

-Yox!

-Elə ona görə də istəmirəm ay mə… İnsan kimi, bir tikə çörəyimiz olsa bəsimizdi.

-Ağıllasan, amma qismət, bura nə yazılıbsa odu…

Xeyransa əlini alnına dayamışdı, yaşadıqlarını yenidənmi yaşayırdı? Sakitcə ulu babamdan qalan yeni təmirdən çıxan evimə keçdim, qundaqdakı oğlum ağlayırdı yemək vaxtıydı. Uşağı yedirdib, yuxuya getmişdim, qapının səsinə oyandım. Artıq səhər açılmışdı, həyat yoldaşım gözümə dəymədi, axı bazar günüydü, görəsən hara gedib? Qapı döyülürdü. Uşaq oyandı. Qapı döyülürdü. –Xeyransa öldü! Öldü!

Mənə elə gəlirdi ki, o heç bir zaman ölməyəcək, məni tək qoymayacaq axı o Xeyransa idi, amma o öldü! Gecə isə tut ağacı ölmüşdü…

1 aprel 2012-ci il
XS
SM
MD
LG