Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:21

Nərmin Kamal. Yaşadığımız ölkə haqqında öfkə


Nərmin Kamal bu məqaləsi ilə yazıçı Zümrüd Yağmurun "Allah qaydır?!" romanının ("Qanun" nəşriyyatı) "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.



Bugünkü mövzumuz “Allah qayıdır?” romanıdır.

Bu romanın qəhrəmanları kimlərdir?

Harın Kral və məmurlar, Kralın qayda-qanununu Allahdan uca tutan adamlar, iki məmurdan pul alıb qəzetlərdə gah onun, gah bunun haqqında qaralayıcı məqalə yazan eyni bir jurnalist, Krala və onun Atasına məbəd tikdirmək üçün xalq qəbirstanlığını sökdürüb qazıtdıran, sümükləri bir çalaya boşaltdıran nazir, ondan daha böyük hədiyyə ilə Kralın gözünə yaxşı görünmək üçün nazirlə yarışan, nəzir qutularını cibinə boşaldan baş din məmuru, məşuqəliklə millət vəkili olanlar və ətrafımızdakı, özümüzdəki başqa antipodlar.

Onlar romanın mənfi qəhrəmanları, bir redaksiyaya yığışıb məqalə yazmaqla xalqı ayıltmağa çalışan, buna görə həbs olunan azsaylı qəzetçilərlə onların ailələri isə müsbət qəhrəmanlardır.

Quruluşca məsələlərin fasilələli təqdimatı var: Azərin həbsxana səhnəsi, ardınca üç

“Bu cəmiyyət üsyanı öz üzərinə hücum kimi qiymətləndirə bilər… Hətta üsyan mümkün olsaydı belə, o, bir neçə təcrid olunmuş şəxsin fərdi jesti olaraq qalar və onlar təkcə milli (və supermilli) gücün nəhəng aparatı ilə deyil, həm də ilk növbədə uğrunda üsyan etdiyi cəmiyyətin özü ilə üz-üzə qalmış olardı.”

Vaclav Havel “Gücsüzlərin gücü” əsərindən

“ - Sənin nəyinə lazım mənim yaxşı yaşamağımdan, kimsən ə sən, Kralla nə işin sənin, hökümətlə hökumətlik edəcəksən, adamam, adam deyiləm, özüm bilərəm, mənə adam kimi yaşamağı sənmi öyrədəcəksən, başına iş qəhətdir ki, bizim də başımıza iş açırsan...”

Zümrüd Yağmur “Allah qayıdır?” əsərindən;
səfalət içində yaşayanların onların vəziyyətini işıqlandırmağa gələn müstəqil jurnalistə cavabı
ulduz, Teymurun iş axtarması səhnələri, ardınca üç ulduz, Baş dindarın Krala və Allaha münasibəti haqda düşüncələr, ardınca üç ulduz, yenə Azərin həbsxana səhnəsi...

Beləliklə, söhbət siyasi romandan gedir.

Son yüz ildə dünyada ən çox siyasi roman yazılan ölkə Hindistandır; bu ölkədə həm Britaniya müstəmləkəçiliyinə, həm də yerli idarəçiliyə qarşı çoxlu siyasi romanlar yazılıb, dünya dillərinə tərcümə olunub.

Siyasətdə romançı diskursu Hindistan, Nigeriya, Cənubi Afrika kimi tarixən təlatümlü ölkələrin həyatında ciddi yer tutur.

Bu romanlarda yazıçı öz çağdaşlarının, həmyerlilərinin dolayı hakimi kimi çıxış edir və bu hakimə ölkənin hüquq hakimlərindən daha çox inam olur.

Dünyada yazıçı etirazına hörmət ənənələri var.

Vaclav Havel də “Gücsüzlərin gücü” əsərində qeyri-siyasətçilərin, rokçuların, sıravi yazıçıların, elm adamlarının yalansız yaşamaq uğrunda mübarizəsinin prinsipcə siyasətçilərdən, peşəkar müxalifətçilərdən daha effektli olduğunu bildirir.

Bu baxımdan, cəmiyyətin bütün gücü bir qrup paraziti yemləməyə gedəndə Zümrüdün kitabı gücsüzün gücüdür.

***

Allah obrazına çoxlu siyasi romanlarda rast gəlirik.

Onlar arasında bizə ən yaxın olanı “Qar” romanıdır.

Ka insanların Allahın adından istifadə edərək necə zalım işlər gördüklərini, necə cinayətlər işlədiklərini və utanmadan bunları Allah üçün etdiklərini öyrənəndə heyrətə düşür.

Bəzənsə Allah obrazının özü qəhrəman - ədalətin, vicdanın, insani dəyərlərin simvolu olur. “Allah qayıdır?” romanında da belədir.

İnsan azğınlıqları, mənəviyyatsızlaşma ölkəni atıb-tutur, təhkiyəçi və bir neçə qəzetçi Allahın bu işlərə niyə müdaxilə etməməsinə heyrət edirlər.

“Redaksiyadakılar” belə suallar ətrafında baş sındırırlar (Yeri gəlmişkən, romanda müsbət tərəfi təmsil edən qəzetçilərə qoyulan və tez-tez təkrarlanan bu iki adda, bu söz-işarələrin özündə - “Redaksiyadakılar”, “Redaksiyalılar” bir qədər tələsiklik və kallıq hiss edirsinizmi?): “Necə etsinlər ki, adamlar əlini Kralın məmurlarına deyil, Allaha açsın... Necə etsinlər ki, ədaləti ilahidən bilsinlər, Kraldan yox... Necə desinlər ki, Allahın adını eşitsinlər, Kralın yox...”

Lut tayfasına göndərmə verilir.

Məşhur əfsanədə Allah Lut tayfasını cəzalandırıb yer üzündən sildiyi kimi, burada da bir gün Allahın bu harınları cəzalandıracağını gözləyənlər var.

Amma hanı? Kasıblar daha kasıb, varlılar daha varlı oldu, amma Allahın, ilahi ədalətin işartısı da yoxdur.

“Hamısı müsəlman idi, kimsə də onlara müsəlman olmadıqlarını deyə bilməzdi...

Kim desəydi, əgər kimsə belə bir fikrə düşüb söyləsəydi, qan su yerinə axardı”,
ölkədə “məscidə gedən çox idi, amma Hüseyn kimi haqq uğrunda savaşan yox idi”...

Nəhayət, günlərin birində, Kral üçün tikilən “Günəş” sarayı hazır olan kimi uçub dağılır.

Baş din məmuru isə Krala hədiyyə gətirdiyi filin xortumundan tutub deyir: “Sən doyursan, mən niyə doya bilmirəm?” İlahi ədalət özünü göstərir. Səma aydınlaşır.

Doğrudanmı, Allah üz çevirdiyi, əlini üzüb getdiyi bu yerlərə qayıdır?! – ümidi ilə kitab bitir.

***

Romanın özək süjeti müəllifin bioqrafik materialına əsaslanan Azər və Zərifənin həyatıdır.

Romanın ən vurucu nöqtəsi isə Krala hədiyyəlik məbəd tikilməsi üçün qəbirstanlığın qazılması səhnələridir: sümüklərin çıxarılması, torpağı qazıyanda fəhlə Teymurun belinə ilişən uşaq kəlləsini evdəki qızının yaşıdı bilib təsirlənməsi, onu götürüb daha yaxşı yerdə basdırmaq üçün çöllərə düşməsi, axırda itlərin kəlləyə görə Teymuru parçalaması, Leylanın təzə ölmüş balaca qızının qəbirdən qazılıb çıxarılan cəsədini qucağına götürüb şəhərin harasındasa, daha təhlükəsiz bir yerində basdırmaq üçün avtobusa minməsi, qucağında ölü qızcığazla avtobusda getməsi (qədrini bilənlər üçün əla, başgicəlləndirici sürreal obrazdır), gəzib, gəzib, axırda kralın Atasının heykəlinin yaxınlığında can verməsi...

Qəbirstanlıq səhnələri həm də müəllif qiymətləndirməsinin, müəllif yarqılamasının hadisələrin, təsvirlərin, qəhrəmanların önünə keçmədiyi yeganə səhnədir kitabda.

İş elə gətirdi ki, bu romanı Coetzee-nin “Michael K.-nin həyatı” romanı ilə paralel oxudum. C.Afrikada yaşanan bir insan dramıdır. Xəstə anasından başqa heç kəsi olmayan, tezliklə onu da itirib ac-yalavac dolaşan dovşandodaq Michael K.-nı başa düşmədiyi, ona dəxli olmayan bir siyasi müharibənin qarışıqlığı içində görürük.

Kitabın arxasında yazılıb: “Coetzee unuda bilməyəcəyiniz bu romanda sadə kasıb adamların qarşılaşa biləcəyi haqsızlığı öfkəyə qapılmadan, amma təsirli bir dillə danışır.” Öfkəyə qapılmadan!

Z.Yağmurun da mövzusu və ürəyi Coetzeeninkindən geri qalmır, avtoritar sistemdə yaşayan adi insanların həyatını ilk növbədə o insanların özlərini silkələmək üçün nəql edir. Amma öfkəyə qapılaraq!

Kitabda müəllifin öfkəsi, hirsi, emosiyası çağlayır. Bioqrafik materialları və ətrafında, ölkəsində gördüklərini öfkəsiz, özü birbaşa yarqılamadan, hökmləri öncədən vermədən danışmaq çətinləşir.

Məsələn, “Bütün bunlar azmış kimi bir tərəfdən də anasının onu incitməsi Azəri didsə də nədənsə hərəkət etmirdi”, “Azərin anası yenə aləmi bir-birinə vurmuşdu, indi də oğlunun həbsindən əsəbləri pozulan rolundaydı, hər rola girirdi, amma nədənsə heç qayğıkeş nənə, dərdli ana rolunu oynamaq istəmirdi.

Zərifənin hər gün qayınanasından, qayınatasından dinlədikəri bütün əsəblərini pozsa da onları həyatından uzaq tutmaq üçün bir qərar verə bilmirdi. İttihamlar bir-birinin dalınca oxunurdu Zərifəyə...”
– qaynananın “pis, haqsız adam” obrazını yaradan nə təsvir olunan hadisələr, nə qaynananın özü deyil, təhkiyəçinin ümumi neqativ təqdimatlarıdır. Məsələ müəllifə aydındır, amma oxucuya hazır qənaətini təqdim edir.

Həmçinin Krallıqdakı insanların necəliyini bildirmək üçün adətən “Oğru oğurlamadan, sərxoş içmədən qala bilmədiyi kimi burda da adamlıqdan çıxmadan yaşamaq istəmirdilər” və bu kimi cümlələrdən istifadə olunur.

“Adamlıqdan çıxmaq” ifadəsi “adam yerinə qoyulmayan”, “adam kimi yaşamayan”, “özünü adam hiss etməyə”, “onları adam edən”, “adamlara adam olduğunu xatırlatmaq”, “adamlığını itirmişlər”, “krallıqda adam olan az idi”, “adamların adam kimi olmasını istədiyini dedi”, “adamlığını yada salmadan yaşamaq”, “adam kimi adammışlarmış” və s. şəklində 102 dəfə işlənir (kompüterin romanın PDF faylında saydığına görə).

Müəllif adamlığını itirmiş mənfi qəhrəmanlarına elə güclü öfkə hiss edir ki, onlara əlavə zəhmət çəkmədən topasını hər dəfə bu söz-kateqoriyanın altına yığır.

Məncə, lətifə danışan adam danışarkən öz lətifəsinə gülürsə, lətifənin doğuracağı gülüş effektini öldürdüyü kimi, yazıçı da ən qəddar surəti təsvir edərkən özü o alçağın, o qəddarın əlindən hirslənirsə, hirsindən toxunduğu məsələləri, cümlələri, sözləri tələsikliyə salırsa, bu da onun işinə mane olur.

Bir yerdə Zərifəylə qızı gecələmək üçün otaq almaqdan ötrü komendantın yanına gəlirlər: “...kiçik qızıl sırğaları onun qulağından çıxardı, elə qızının gözü önündə də komendanta uzatdı, qızı ağlamsındı, Komendant bunu görsə də insanlıq deyilən nədirsə elə onun da üzünə tüpürüb sırğaları götürdü” - bu məqamda komendantın hərəkətinin qeyri-insani olduğu onsuz da kifayət qədər bəllidir.

Amma müəllif öfkəsindən irəli gələrək, cümlənin ortasına “insanlıq deyilən nədirsə elə onun da üzünə tüpürüb” yazır, münasibətini bir də öz dilindən göstərir.

Yaxud “indi əsas məsələ dünyanın kor olmuş gözlərini qələmin ucu ilə vurub açmaqdı”, “Səid təkcə itlərə yaxşı davranmamışdı, çox adamlara yardım etmişdi, amma nədənsə yaxşılıqlarının əvəzində minnətdarlığı elə ancaq itlərdən almışdı” və s. cümlələrdəki öfkə və qabaran müəllif qiyməti.

Romanın bir çox, xüsusən ilk hissələrində müəllif öz mövqeyini birbaşa deyil, dialoqlar şəklində qəhrəmanların dilindən verir, öz səsini qarışdırmadan qəhrəmanlarını öz məntiqlərilə danışdırır. (“Siyasal İslamcıları ya da Kemalistleri, onları, ben kendi sesimi karıştırmadan onlar kendi mantıklarıyla görüşlerini bağırsınlar istedim.” O. Pamuk “Kar” haqqında)

Amma tezliklə müəllif münasibəti dialoqlardan çıxıb təhkiyəyə girir, müəllif qiymətləndirmələri qəhrəmanları, hadisələri önləməyə başlayır.

Tənqidçilərdən fərqli olaraq, mən bunu müəllifin “çatışmayan istedadı”, “düzəldilməsi gərək olan cəhəti” yox, sadəcə müəllif özünəməxsusluğu hesab edirəm: Hər yazarın bir üslubu var, Z.Yağmur da qəhrəmanlarına xasiyyətnamə verən yazıçıdır, vəssalam.

Mən və ya başqa bir oxucu belə hazır qənaətli üslubu sevməyə bilərik, amma belə üslubu da sevənlər var.

Xüsusən köhnə bədii estetikada Azərbaycanın bir çox xalq yazıçılarının filankəsin “keşməkeşli həyatı vardı” kimi cümlələri olurdu, o keşməkeşin nədə olduğunu təsvir etməzdən öncə (və ya etməklə yanaşı) onun “keşməkeş”, “gözəl” kimi mücərrəd sifətlərlə qiymətini yazırdılar.

Digər tərəfdən, məsələn, bu günə qədər Anardan onun özünün Təhminə haqda nə düşündüyünü soruşurlar. Z.Yağmurdan isə müsahibə alarkən qəhrəmanlarına onun öz münasibətini soruşmağa ehtiyac qalmır, çünki o, bu münasibəti əsərlərində açıq, birbaşa şəkildə göstərir.

Siyasi romanda müəllifin qəhrəmanlara münasibətinin, onları birmənalı şəkildə yaxşı və pis adamlar etməsi normaldır.

Hətta müəllif dilindən bu cür cümlə olsa belə: “O qədər talamağa, ən ağıl almaz pulları qazanıb onları xərcləməyə alışmışdılar ki, bunsuz olmanın formasını bilmirdilər...”

Amma burada bu xüsusiyyət əsərin siyasi roman olmasından yox, müəllifin üslubundan irəli gəlir.

Çünki bir neçə hekayəsində də qəhrəmanlarla tanışlıq müəllifin onların mənəvi keyfiyyətləri haqda hazır xarakteristik tanıdıcı cümlələrilə, dəyərləndirmələrilə başlayır.

***

Yeni nəsl yazarlar arasında yayğın bir sorğu var: “Əgər səncə, filankəsin heayəsi, romanı yaxşıdırsa, ordan bir dənə orijinal bədii cümlə de... Görürsənmi, bir dənə cümləsi yoxdur.”

Əsərlərə konsepsiyasına görə deyil, ayrı-ayrı cümlələrin estetikasına görə qiymət verənlər üçün “Allah qayıdır?” romanında da elə orijinal ifadələr, cümlələr yoxdur.

Buradakı ifadələr, bənzətmələr Azərbaycan dilində dəfələrlə eşitdiklərinizdir: “doymuş məhlul kimi idi”, “dəyirman daşı kimi elə bir yerdə fırlanırdılar.

Üyüdülən də öz ömürləri idi”, “deyənə də dəli kimi baxırdılar”, “talayıb sonra da dilənçi payı kimi xəstələrini müalicə etdirməklə”, “xəmir kimi istənilən formaya düşüb kralın arzuladığı təbəəyə çevrildikləri”
və s.

Amma əsərə kompleks yanaşanda, onun realizmi və diskursu çox əhəmiyyətlidir. Sanki kitabın içindən bayıra doğru bir işarə oxu yönəlib: “Ora bax, ətrafına bax”.
Sonda romanı oxumayanların diqqətinə oradan bir neçə cümləni çatdırıram ki, söhbətin onların öz həyatından getdiyini görüb kitabı oxusunlar, oxuyub bu kitabın içindəkilər haqqında deyil, çölündəkilər haqqında düşünsünlər:

“Kral bu il çıxışında yüz əlli min iş yerinin açıldığını demişdi, amma camaat nə qədər o iş yerlərini axtarmışdısa da hələ tapan olmamışdı.”

“Çünki burda əməl bir yana dursun, adamların daxili dirənişi yoxdu olanlara, kimsə içində belə dirənib lənətləmirdi bunları, eləcə narazı idilər.”

“Bir ev almışdı, bir maşın, bir də Universitetdə iş... Bunlar onun yaltaqlanmaq qabiliyyətinin yanında çox az idi.”

“Bu gün yenə yazısı çıxmışdı, amma bir az vəziyyət çətinləşirdi, indi hər gün yazmasını istəyirdilər, komyüterində iki qovluq acmışdı, biri dindarın, biri Nazirin idi, hər gün əvvəl biri açılır, yazılır, sonra o biri açılıb bir az əvvəl yazılan yazıya cavab verilirdi.”

“dedilər bizim işimiz müşahidə edib hesabat yazmaqdır, eynən onlar kimi Allahın da burda işi müşahidə etməkdir.”

“amma ruhunun Allaha ehtiyacı olduğu qədər mədəsinin də yeməyə ehtiyacı olduğundan bədəninə tabe olurdu.”

“Zəlimxan yenə irəlidə dayanmışdı, deyəsən, gələnlərin başçısını axtarırdı ki, möhtərəm krallarına mədhiyyə oxusun, gözünə sataşan adamın gələnlərin böyüyü olduğunu o dəqiqə anladı, o qədər yaltaqlanmışdı ki, yaltaqlanacağı adamı gözündən tanıyırdı.”

“Ən vacib isə Ata üçün tikilər məbədlər, parklar, salınan göllər, meşələr, o meşələrdəki heyvanlar, göllərin içindəki delfinlər, dənizdə salınacaq ada idi.”

“Əgər indi onu maşından düşürüb “bu düşməndir, sizin Kralınızın üzünə ağ olanlardandır” desəydilər, hamı irəli atılıb bir yumruq vuracaqdı, yumruğa gücü çatmayansa üzünə tüpürəcəkdi.”

Həmçinin oxu
Zümrüd Yağmur "Allah qayıdır?!" (Romandan parça)
Cavanşir Yusifli. Əsl hadisə xarabazarlığı
XS
SM
MD
LG