Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:31

Novruz Novruzov "Ritorik" (Hekayə)


Gözlərini aça bilməsə də, beyni oyaq idi.

Axşam futbola baxdığından ikinin yarısında yatmışdı. Yuxu aclığı keçmədiyindən anlayırdı ki, səhər açılmayıb, amma övqatı təlx idi deyə yata da bilmirdi.

Millinin uduzmağı bir yana, onsuz da bu gözlənilirdi, qızının 200 manat istəməyi qəfil vurulan tərs şillə kimi onu tutmuşdu.

Üstəlik, nagümanlığı vardı bu istək sarıdan, bilmirdi qızının doğrudan da pula ehtiyacı vardı, yoxsa qızın anasının növbəti fırıldağıydı bu.

Düşündü ki, belə yatmaqdansa durub işə yollanıb kompüterin qabağında gicəllənmək sərfəlidi. Amma gözlərini açmağa gücü çatmadı.

Yorğunluq və yuxu imkan vermədi. Əlacsız qalıb sağ əlini yorğanın altından çıxarıb barmaqları ilə sol gözünün qapağını araladı.

Başını qaldırıb saata baxmağa da ərindi, ancaq otağın rənginin zülmət qaralığı hələ səhərə çox qalması barədə kosmik informasiyanı beyninin lazımi cihazına çatdırdı.

Qanla işləyən cihazın əmrinə rəğmən büzüşüb yorğanın altında 200 manatın dərdini çözələməyə girişdi.

Dan yeri çırtlayanda problemin dalana dirənməsindən səbr kisəsi cırıldı və əynini geyinib işə qaçmaqla gərginliyin əlindən qurtulmaq istədi.

Evdən metroya bir xeyli vardı. Məktəbin həyətindən keçib yola çıxanda səkidə bir qəpiklik gördü. Qəpiklərin nominalından asılı olmayaraq həmişə onları götürərdi.

Beş qəpiklikdən yuxarını tanrının ona göstərdiyi iltifat kimi qəbul edib cibinə atar, bundan kiçiklərini isə dövlət əmlakına vətəndaşın vicdanlı münasibəti sayaraq bir qutuya yığardı:”saxla samanı, gələr zamanı”.

Amma bu dəfə yarı canı qəpiyin yanında qalsa da 200 manatlıq dərdin hikkəsindən götürmədi:”xalqın qabağına milyonlar çıxar, mənim də qabağıma dilənçilərin də yerə firildatdığı qəpik-quruş”- deyə ürəyində mırıldadı.

Qəssab dükanına çatanda addımlarını yeyinlədib nəfəsini saxlamağa çalışdı.

Hər səhər olduğu tək bu gün də kəsilən heyvanı soyub “dar” ağacından asmışdılar, iti ağızlı balta ilə hissələrə bölürdülər. Amma hər səhər buradan keçəndə kəskin və iyrənc iydən başı çatlayırdı.

Həmişə də fikirləşirdi ki, bu “it” iyi verən əti camaat, o cümlədən o özü necə yeyir?!

Çünki özü də bu qəssabların müştərisi idi və başqa yerdən heç vaxt ət almazdı. Əslində isə iy ətdən yox, malın dükanda kəsilməsi zamanı onun mədəsindən tökülən çürümüş yemin üfunətindən yayılırdı.

Qəssabxananı keçəndən sonra əsəbləri cövlan etdi, çünki əli çəlikli qocanın yenə yolun ağzını kəsdirdiyini gördü və dərhal istiqaməti dəyişib səkidən maşın yoluna çıxdı.

“-Pah atonnan, zalım oğlu səhərin gözü açılmamış yenə kəsdirib yolun ağzını!”-deyə sinirləri gizildədi. Arıq, uzun qocanın yaşı 80-i haqlamış olardı.

Onun əl açıb dilənməsini hekayəmizin kiçik məmur qəhrəmanı qəbul edə bilmirdi, amma nəinki ona, hər hansı dilənçiyə verməyə pulu da yox idi. “Qəpik-quruş” adlandırdığı maaşı ilə güclə dolanırdı.

Gah yanıqlı, gah da acı dilləri, bəzən də yalvarışlı baxışları ilə pul istəyən dilənçilərin yanından emosiyasız ötüb keçə bilmirdi.

Nədənsə həmin anlar özünü narahat hiss edir və çox vaxt bunu dilənənlərin ifraz etdiyi mənfi enerjinin təsiri kimi qavrayırdı.

Qocanın qənşərinə çatanda birdən gözləmədiyi olay baş verdi. Üzü son dərəcə qırışmış olmağına rəğmən qədd-qamətini şax saxlamağı bacaran kişi dönüb əsasını göydə yellədə-yellədə əsəbiliklə üsyan etdi.

Onun boğuq, kal və kar səsindən nə dediyi anlaşılmırdı. Amma birbaşa qəhrəmanımıza yönələn üsyankar davranışından görünürdü ki, onun yolunu nə üçün dəyişdiyini anlayıb və görünür bu səhər əli gətirmədiyindən bu hal qocanı möhkəm qızışdırıb.

Əvvəl istədi qocanın hayqırtısını qulaqardına vursun. Lakin dilənçinin üsyankarlığı onu fikrini dəyişməyə məcbur etdi.

-Offf...-ufuldayıb cibini qurdaladı, barmaqları qəpikləri oynadıb bir on qəpiklik tapdı, yaxınlaşıb qəpiyi qocanın ovcuna basdı. Eyni zamanda beyninin düşünən mexanizmi ənənəvi dialoquna rəvac verdi:

“-Nədi ay qoca, nə istəyirsən? Pulun yoxdu? Mən neyniyim, hökumət-zadam, ya pul kəsirəm?! Mən səndən də beşbetər gündəyəm. 30 ilin işçisiyəm (bu, dilinin daimi ünsürü kimi dəyişməz ifadəsi idi), amma bir qəpiyin yiyəsi deyiləm.

-Sən yenə işləyirsən, yalan-palan nəyəsə ümidlisən, mən zavallı isə bu yaşımda bir qarın çörəyin davasını edirəm!

-Yaxşı edirsən ey, et davanı! Amma daha mənimlə niyə?! Mənim sənə borcum-zadım var? Sənə borclu olan hökumətdir. Get onunla haqq-hesabını çürüt! Yoxsa, zalım oğlu, səhərin gözü açılmamış kəsdirmisən yolumuzun ağzını ki, pul ver!

-Hökumət!? Söz dedin də, hökumət adamın ağzına baxır, bəyəm!

-Baxır, baxır, çox qəşəng baxır, gərək sən elə tələb edəsən ki, baxmağa məcbur ola! Çünki sən onun vətəndaşı, o da sənin hökumətindir. Demirəm ey, get vur, dağıt! Yoox, deyirəm, savadlı tələb et, qanundan bərk yapış, əl çəkmə məmurlardan, haqqını istə!

-Hardandır məndə savad?

-Niyə ki, savadın var, ay qoca, təfəkkürün yoxdur.”

Bu yerdə duruxdu, çılğınlığın baş alıb getdiyini duyub öz-özünü qınadı:

-Əşşi, sən də elə danışırsan ki, elə bil Amerikadan gəlmisən. Yoxdur də, yoxdur bizdə təfəkkür. Deməklə düzələn deyil ki... Nə dilənçisində var, nə də məmurunda, nə varlısında, nə də kasıbında, heç akademikində də yoxdur.

Bu yerdə də düşündü ki, çox “sol” gedir. Bunun da axırı haqsızlığa gedib çıxacaq. Buna görə qızışmış hisslərinə bir az düzəliş verməli oldu:

-Təfəkkür var, amma camaatın beş faizində ola, ya olmaya. Yəni, ictimai təfəkkürü deyirəm. Yoxsa, qoyasan hamı qarpışdıra bir-birindən, adını da qoyurlar ki, bəs, biz də qərbdəki kimi kapitalizm yolu ilə gedirik. Vallah, billah, bu, kapitalizm deyil, kapitalizm qələt eliyər adamı bu cür... lənət şeytana, yenə demişdim ha! Uzun sözün qısası, bunun nə olduğu məlum da deyil. Sonra da yadına düşdü ki, heç sovetin sosializmi də bir zibil deyildi.

Qocadan sıyrılanda yenə maşın yoluna qayıdası oldu. Çünki, qabaqdakı restoranın səkisində qoca dilənçi arvad həmişəki yerində büzüşüb oturmuşdu. O, üsyankar olmasa da lal baxışları ilə daha güclü əzab mənbəyi idi.

Metronun girişindəki dilənçi qələbəliyinin mənasız sarsıntısını yaşamamaq üçün addımlarını yeyinlətdi. “Bircə o həyasız gədə olmayaydı”-deyə düşündü.

“-Ay bacılar, ay qardaşlar...”-gədənin gur və sağlam, amma kəllənin eşitmə mexanizmini bərbad hala salan uğultusu vücudunu on iki ballıq zəlzələnin gücü ilə titrətdi,- hər iki qolu çiynindən cəmi on santimetr uzunluqda olan 13-14 yaşlı oğlanın sitizə səsinə qəti dözümü yox idi. Tez-tez görürdü onu burda, görən kimi də dialoq mexanizmi işə düşürdü.

“-Bunun bir tikə təfəkkürü olsa...

-Nə təfəkkür!? Bundan təfəkkür gözləmək özü təfəkkürsüzlükdür. Bir bax o yandakı arvada, bunu hərləyən odur, it qızının sifətindən zəhrimar yağır, deyirsən, bəs, camaat bunun dədəsinə borcludur. Dəf kimidir, amma gözünü dikib başqalarının əlinə. Bu uşağı da salıb çöllərə, yay demir, qış demir, qar, yağış, külək, isti demir, il boyu uşağı əlil arabasına oturdub küçələrdə sülənir, uşaq da yaramaz səsilə (Allaha ağır getməsin, əlildir!) camaatın beynini gəmirir, hələ əvəzində də pul istəyir. Belə əlillər üçün hökumətin o qədər pansionatı var ki, apar ver, qoy hökumət saxlasın, özun də bir işin qulpundan yapış. Yoox? Buna getməz, təfəkkürü fırıldaqçılığa “hə” desə də, işləməyi özünə təhqir sayar!”

Yanından dikdaban “taq-tuq”la keçən dürüst bədənli gənc qadının əvvəl ətri, sonra da şümal və gözəl ayaqları onun fikrini və baxışlarını hər şeydən yayındırıb dalınca sürünməyə məcbur etdi. Qadınlı-kişili kimi oğrun, kimi də aydın baxışlarını qadından çəkə bilmirdi. Onun paltarı çox qısa idi. Bu isə qəhrəmanımızda yersiz və saf qısqanclıq oyatdı. Buna görə bu mənzərəni həzm edə bilmədi. Gündəlik enerji norması qurtarmayan dialoq mexanizmi yarımçıq qalmış söhbətinə davam etdi:

“-Jurnalist olsaydım, ay nə yazardım bundan!

-Nə yazardın?

-Nə yazacam, açıq-aydın yazardım ki, ... o qədər gödək geyinmişdi ki, lap...

-Lap nə!?

-Lap...-müvafiq sözü tapa bilmədiyindən ağzına gələn köməkçi sözdən istifadə etməli oldu,-lap zadı görsənirdi.

-Zadı, yəni nəyi?

-Əşşi, sən də ucun tutub ucuzluğa getmə də, guya başa düşmədin nəyi deyirəm?!”

Bu yerdə köksünü ötürüb gülümsəməli oldu:sadəcə öz dialoqunun səthiliyinə gülümsədi. Yenə də məmurluğu...

“-30 ilin məmuru...

-Nə olsun?!

-Necə yəni nə olsun?!-bu sual ifrat ritorikdir...

-Bəs, 200 manatın dərdi necə, o da ritorikdir?

-Yox, o, reallıqdır.

-Niyə gedib tələb etmirsən?

-Kimdən tələb edim, qardaşım, kimdən? Deyəcəksən, hökumətdən, hə?! Mən dilənçiyə məsləhət gördüyüm kimi, hə?! Hökumət də təfəkkürsüzdür, qardaşım. Əgər hökumət başa düşmürsə ki, onun vətəndaşı adam kimi yaşamalıdır, demək, onun təfəkkürü cırdır, peyvəndə ehtiyacı var.”

Kiçik məmur işə çatmışdı. Saat 9-a bir neçə dəqiqə qalmışdı. Ondan başqa gələn yox idi. Müdir ola bilərdi ki, gəlsin, ola bilərdi ki, gəlməsin.

Müavin gün ərzində bir-iki saatlığa gəlib dəyəcəkdi.

Digər kiçik məmurlardan Məmmədəli yəqin ki, yenə kiminsə “qulağını kəsmək” üçün hardasa əlləşib-vuruşurdu.

200 manat yenə yadına düşdü və istəmədən özünə sual verdi:

-Doğrudan, niyə tələb etmirsən? Yoxsa buna da deyəcəksən ki, ritorikadır?

Bir az düşündü və əsəbi halda qəti sözünü dedi:

-Ritorik sən özünsən!
XS
SM
MD
LG