Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:55

İlqar Rəsul "Körpü və yol" HEKAYƏ


-Məncə siz düz yer seçməmisiniz.
-Yaxın gəlmə!

- Anlamadınız. Deyirəm düz yer seçməmisiniz.
-Yaxın gəlmə!

- Siz oradan düşsəniz qəza törədib kimisə məhbəsə saldıra bilərsçiniz.

Özünüzsə şikəst olub ömrünüzün qalanını həqiqi zillət içində keçirərsiniz.

Amma bu tərəf, yolun kənarı – o sərt daşlar olan yer, niyyətinizin lap boyuna biçilib…

Yenə də özünüz bilən məsləhətdir. Mənmçün fərqi yoxdur.

- Necə yəni «mənimçün fərqi yoxdur»? İnsan həyatı səninçün heç bir əhəmiyyət daşımır?

- İnsan həyatı daşıyır. Amma sizinki yox.

-…. Niyə elə deyirsən, mən insan deyiləm?!

- Hal hazırda siz ölümlə həyatın arasında vurnuxan dəriyə bükülmüş günah topasından başqa bir şey deyilsiniz.

-Lənətə gələsən!

Səhərin gözü açılmamış nə çəkib gətirir səni bura!

- Amma məncə siz sonra gəldiniz.

-Düzdü, mən səndən sonra gəlmişəm. Elə ona görə də bayaqdan bu soyuqda cəhənnəm olub getməyini gözləyirəm.

-Yenə də yanılırsınız.

-Niyə, indi nə oldu?

-Çünki cəhənnəmə mən yox siz gedəcəksiniz.

-Bunu sənə kim dedi?

-Bağışlanmayacaq günahları daşıyanların yeri cəhənnəmdir. Siz isə bir azdan günahların ən böyüyünü törədəcəksiniz.

-….Hə…. haqlısan….. İntihar böyük günahdır. Amma mənimçün elə bu həyat da cəhənnəmdir. Nə fərqi var, hansı cəhənnəm.

-Fərqi var. İş ondadır ki, burada cəhənnəm sənin içindədir.

Orda isə sən onun içində olacaqsan. Buradakı müvəqqətidir, oradakı əbədi. Burada sən ağlının ucbatından cəzalanırsan.

Orada isə həm də başqalarına bu dünyanı cəhənnəm elədiyinə görə cəzalanacaqsan. Fərqin bir neçəsini mən dedim, qalanlarını özün görəcəksən.

- Nə çərənləyirsən?!

Başqaları deyəndə kimi nəzərdə tutursan?!

-Siz mənə bir az yaxınlaşmısınız.

- Lənətə gələsən! Başaqaları kimdi ?!

- Sizin doğmalarınız yoxdur?

- Var. Anam, kiçik bacım və qardaşım…

- Deyirsiniz yəni sizin bu hərəkətiniz onlara təsir etməz?

- …Edər…. Yazıqlar mənnən nəfəs alırlar.

- Deməli mən haqlıyam.

- Hə. Amma artıq bunun heç bir mənası yoxdur.

-Baxın, mən hər gün evdən çıxanda yaxınlarımı gözümün önünə gətirib hətta maşın olmayan küçəni belə ehtiyyatla keçirəm. Özümə görə yox, onlara görə.

Sizdən fərqli oaraq bir an belə unutmuram ki, hər bir insan öz yaxınlarının ən qiymətli əmanətidir.

Başqalarının əmanətinə əl uzatmaq hansısa bir yaramazın şirin dilinə aldandığın üçün özünü günahkar saymaqdan daha pis işdir…

Yanılmaq xətadır. Qəsd etmək günah.

-Siz mənim aldandığımı haradan bilirsiniz?

-Sonra demiyəsiniz a mən sizə yaxınlaşdım. Siz artıq bir addım da irəlilədiniz.

- Onun məni aldandığımı haradan bilirsiniz?

- Belə gözəl xanımın başı ancaq sevgidən xarab ola bilər.

Əgər insalar nə vaxtsa tam əmin ola bilsələr ki, məhəbbət həm də ciddi xəstəlikdir, onda körpülərin bəxti sizin kimilərin günahına bulaşmaz…

Bax o keçən yük maşınını görürsünüz?

-Hə, nə olsun?

-O cür maşınları şirkətlər təcrübəli sürücülərə həvalə edir.

-Bunun mənə nə dəxli var?!

- Məsələ ondadır ki, o sürücü səhər evdən çıxanda hara gedəcək, nə aparacaq və hansı gün saat neçədə evinə –ailəsinin yanına qayıdacaq, yəqin ki, hələ uşaqlarına nə alıb gətirəcəyini, kimin necə sevnəcəyini də təsəvvür edib.

Gecə də yaxşıca yatıb ki, yolda mürgüləməsin, qarşıdan gələni, arxadan keçəni, sağında və solundakıları aydın görsün. Yəni hər şeyi hesablayıb. Və birdən göydən sən düşürsən təkərlərin altına.…

Bax bunu o ağlına gətirməmişdi.

- ….iki gündür səhər bura gəlirəm. O aşağıdakı çinarların arxasında dayanıb getmənizi gözələyirəm. Siz getmirsiniz, mən məcbur olub geri qayıdıram. Bu gün artıq daha bir gecənin əzabını yaşamağa davam gətirməyəcəyimi düşünüb körpüyə qalxdım.

Nədən hər gün səhər bu körpünün üstünə gəlib saatlarca dayanırsınız?

-Bir il əvvəl avtomobil qəzasında ailəmi itirdim. Ağır dərd idi. Hiss eləyirdim ki, məv oluram.

Dünya sürətlə dəyərini itirirdi gözümdə.

Çalışırdım ki, nə yollasa bu uçqunu dayandırım. Çünki yaxşı bilirəm ki, həyat Tanrının dünyaya gəlməyəcək milyonlarla insandan fərqləndirərək mənə bəxş etdiyi əvəzsiz bir nemətdir. Onu dəyərləndirməliyəm.

Bax bu səbəbdən yapışıb qalmışdım həyatda. Bir gün təsadüfən bu körpüdən keçəndə buradan dünyanın nisbətən fərqli, bir az da cəlbedici göründüyünü duydum. O dəqiqə anladım ki, bu təsadüf deyil.

O vaxtdan hər səhər içimdəki boşluqda bağrı çatlayan ruhumu götürüb bura gətirirəm. Birlikdə dayanıb baxırıq. Baxırıq və bir birimizi ölənə qədər yaşamağın vacib olduğuna inandırırıq. Sonra aşağı düşüb yeni günə başlayırıq.

Axşam tənhalığının gətirdiyi şirin xatirələrin acısını isə növbəti günün körpü üstündə qarşılanacaq səhirinin yaratdığı ümidə qatıb bir təhər içirik.
Beləcə çətinliklə də olsa hər gün dərdimiz bir az yüngülləşir.

…….Eh, nə isə, gecdi, mən getdim…
- Daynın!

Doğrudanmı siz bir başqasının öz həyatına qəsd etməsinə bu qədər laqeyidsiniz!
-Siz mənə xeyli yaxınlaşmısınız…
- Laqeyidsiniz?

- Laqeyid olsaydım üç gün ardıcıl burada həmişəkindən artıq dayanıb ömrünüzü xeyli uzatmazdım.
- Siz məni görürdünüz?
-Görürdüm.

-Yalan demirsiniz?
-Yalan demirəm.

-Nədən bilim ki, bütün bunları məni fikrimdən daşındırmaq üçün söyləmirdiniz?

-Sizi bu körpüyə yalan qaldırıb. Yalan da aşağı düşürə bilməz… Amma mənə inanmağınız da vacib deyil. Onsuz da bu heç nəyi dəyişmir…

…5 dəqiqə sonra nəhəng avtomobil yolunun üstündən uzanıb iki kol-koslu qayanı birləşdirən körpüdən çinarların arasında nazilən kənd yoluna yönəlik qışqırıq:
-Deməli sabah yenə gələcəksiniz?!

Yoldan körpüyə cavab:
-Sabah yenə gələcəm!

Körpü:
-Birisi gün, tay birisi gün, hər gün-hər gün gələcəksiniz?!

Yol:
- Birisi gün, tay birisi gün, hər gün-hər gün gələcəm!

Körpü:
- Nə vaxta qədər belə davam edəcək?!

Yol:
- Yaşamağı yenidən öyrənənə qədər!

Körpü:
-Olar mən də gəlim?!

Yol:
-Olar, olar!

Bakı 18 mart 2009
XS
SM
MD
LG