Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:30

Nəriman ƏBDÜRRƏHMANLI "Yelçəkən" (Hekayə)


…Nə sirrdisə, hər gecə yuxumda uçuram.
Elə bil, hardansa əsən yel məni
qabağına qatıb aparır…

Bu hekayənin qəhrəmanının
müəllifə etirafı

…- Gördünmü?

- Yox, eşitdim…

…deyirlər, səhər-səhər teleradioşirkətdə olub: görünür, yanına getdiyi adamın işə gələn vaxtını dəqiq bilirmiş; içəri girəndə görüb pələ-pötür, cöngəsifət, iki qulaqdan da mayıf dostu özündən balaca yazı masasının arxasında oturub, üz-gözündən rahatxanada gücənib-gücənib, birtəhər azad olan adamın xoşbəxtliyi yağır.

Adət elədikləri kimi görüşüblər; o, qapıdan girən kimi bərkdən «hə-ə-ə!» - deyib, dostu da uzun illərin vərdişiynən onun ilk kəlməsinin nə olduğunu səhvsiz-filansız bilirmiş, əvəzində ürəkdən gələn «hə-ə-ə də-ə-ə!» deyib, yəni salamının cavabını verib; düzdü, gövdəsinin ağır yerini stuldan qaldırmağa bir balaca çətinlik çəkib, amma girdə, gonbul əlini onun ovcuna şappıldatmaq ləzzətindən özünü məhrum eləməyib, o da örgənişlikli adam kimi çöküb dostunun qənşərindəki stula, axşam yazdığı əsərin nimdaş sellofon torbasından çıxarıb, ucadan:

«Qulaq as, gör bir nə yazmışam», - deyib və kəmali - ədəbnən bir dəstə kağızı oxumağa hazırlaşıb.

Dostu da onun əlindəki kağız-kuğazı görəndə məqsədini başa düşüb, cöngə sifətini balaca masanın üstündən ona yaxınlaşdırıb, «Oxu görək, - deyib, - bu millət sənin də qədrini bilmədi».

Eşitdiyi sözdən azacıq kövrəlib, amma görüb ki, idilliyanın yeri deyil, başlayıb əsərini avazla oxumağa; dostu də əlini iri qulaqlarının dalına qoyub, təfərinclə onun dodaqlarına baxıb, hərdən mayıf qulaqlarının pərdəsinə «demokratiya», «azadlıq», toxunanda ağzını mırçıldadıb, başını bulayıb, köksünü ötürüb, hətta bir-iki kərə gövdəsinin ağır yerini stuldan qaldırmağa da cəhd eləyib; axırdasa, qaçqın çadırına oxşayan pencəyinin yan cibindən yekə bir dəsmal çıxardıb, basıb gözlərinə:

«Eşitməyən qulaqlar kar olsun, - deyib, - təcili çap elətdir, qoy görsünlər, həqiqət nədi!»

Bu isti sözlərdən əməlli-başlı köyrəlsə də, özünü birtəhər toxdadıb, oxumağına ara verməyib; əksinə, ağzını dostunun qulağına daha da yaxınlaşdırıb, qıraqdan baxan elə bilərmiş kişinin qulağını gəmirir.

Axırıncı abzası oxuyanda dostunun fəryadı ərşə bülənd olub; bu səs-küydən üzlərini görməyənlərin ağlına ayrı fikir də gələrmiş.

Beləcə, yarım saat hövürləşiblər, sonra da qalxıb elə yazı masasının üstündəncə qucaqlaşıblar; dostu qışqıra-qışqıra:

«Sən millətin qaymaqlarındansan, - deyib, - Allah canına dəyməsin!»

Üstəlik, əlavə eləyib ki, «Sənin yazdıqlarını oxuyub necə mənəvi zövq aldığımı bilsəydin!

Mən də bir əsər başlamışam, milli mentalitetimiz haqqındadı…»
Başını dostunun ağzından qurtarıb çıxandın sonra yolunu «mağar» dediyi folklor otağından salıb.

Elə bil, otaqdakılar bütün gecəni yatmayıb, intizarla yolunu gözləyirlərmiş; qapıdan girən kimi başına yığışıblar, ordan-burdan sual verib danışdırıblar. Amma qurulan qurğudan xəbəri yoxuymuş:

Qəmsiz cavan beş-üç manat qazanmaq imkanını ötürmək fikrində deyilmiş, zarafata salıb beş-on kəlmə kəsəndən sonra gizlicə səsyazanın düyməsini basıb, qoyub böyrünə; o da dünyadan, dünyanın bəzi-bəzi işdəklərindən xəbərsiz, açıb söz boğçasının ağzını, bir qaravəlli danışıb, bir-iki şəbədə söyləyib, yanşaqla aşığın fərqini izah eləyib, söhbətinin axırını da hansısa klassik aşığın duvaqqapmasıyla yekunlaşdırıb.

Qəmsiz cavan daha götürdüyünü götürübmüş, qılıqla: «Allah sənin başından bir tük əysik eləməsin, - deyib, - söz dəryasısan».

Həmin məqamda da köyrələn təki olub, əlini tükü seyrəlmiş başına çəkib, sonra da sellofan torbasını vurub qoltuğuna, halal-hümbət eləməmiş çıxıb aradan. Yolüstü bir-iki dost-tanışının yanına da dəyib; biri iclasdaymış, otağında tapmayıb, o biri də başını masanın altına salıb nəsə yeyirmiş, narahat eləmək istəməyib.

Küçəyə çıxanda çiyni paqonlu, başı furajkalı tanışına tuş gəlib; tanışının tər-təmiz qırxılmış üzü otuzluq lampa kimi yanırmış, köbəyi az qalırmış köynəyinin-kitelinin düymələrini qırsın; amma salam-kalamdan, xoş-beşdən sonra payız yarpağısayaq sızıldayıb ki, ağrıyıram, ölürəm, vəziyyətim xarabdı; tanışı danışdıqca gözü onun nehrə kimi çalxalanan göbəyinin üstündə dolanırmış, fikirləşib ki, yəqin bu bənəvanın xəstəliyi içalatında olar; odu ki, elə gözü tanışının köbəyindəcə soruşub:

«Mədə fəsadlığınmı var, nədi?»

Tanışı da ağlar görkəmiylə əlini qoyub sinəsinin sol tərəfinə. «Yox, - deyib, - sağlığına, mədəm əziyət verən deyil, andıra qalmış ürəyimdi». Bu boyda gödənin bapbalaca ürəkdən asılı olmağı birdən-birə ona qəribə gəlib, tanışına ürək-dirək verməyə tutarlı söz tapa bilmədiyindən zarafata keçib:

«Puluyun qədrini bil, - deyib, - can gəldi-gedər şeydi».

Tanışı, deyəsən, onun sözlərinin mənasını anlamadığından elə həmincə mağmın təbəssümüylə: «Canın sağ olsun», - deyib və çıxıb gedib işinin dalınca. O da küçəaşağı elə sürətlə yellənib ki, elə bil, vacib görüşə tələsirmiş.

- Bəs, ondasa tuta bilmədinmi?

- Yox, uzaqdan gördüm, mən küçəni keçənəcən yel kimi ötdü, özümü çatdıra bilmədim…

…deyirlər, yolüstü Akademiyaya dəyib, qabağına çıxan tanışlarınnan kəlmə kəsib, axır ki, özünü kitabxanaya çatdırıb, uzun müddət xırdaca qutularda qurdalanandan sonra bir-iki kitab sifariş eləyib, kitabları gətirənəcən oturub qəzetlərə göz gəzdirib; ismarıcı gəlib yetəndəsə, götürüb xeyli o üzünə-bu üzünə baxıb, ora-bura vərəqləyib, bir-iki səhifəsini yarı-yarımçıq oxuyub; amma fikri-zikri yan tərəfdə oturmuş xanımın yanındaymış; xanım da onun yetik baxışlarını duyub, qalxıb yerini dəyişib; bunnan da həvəsi tamam qaçıb, kitabları qaytarıb, bir-iki yerə zəng eləməkdən ötrü institutdakı dostunun yanına yollanıb.

Dostunnan üzbəüz oturan xanım da adəti üzrə onun gəlişinnən əməlli-başlı dəyişib, ikibaşlı sözlərinin, zarafatlarının başını buraxıb.

Xanım, dedikcə, özünü itirirmiş, oturduğu yerdə özünə yer tapa bilmirmiş; dostu da arabir iş-gücündən aralanıb xanımın atmacalarına qoşulurmuş; bu dehadeh içində imkan tapıb Köşəyazan dostuna zəng vurub, onun şirin ləhcəsindən ləzzət ala-ala xudmani görüşlərinin vaxtını-vədəsini dəqiqləşdirib.

Dostunnan xanımın dueti «qulamhüseyn nöqtə»sinə çatanda daha duruş gətirə bilməyib, qalxıb, tələm-tələsik sağollaşıb və özünü institutun yeməkxanasına salıb.

Bir qab sulu xörəyi höləkə-höləkə mədəsinə boşaldandan sonra düşüb küçənin ağına.

Yolüstü Susatan tanışının yanında ayaq saxlayıb, bir az kənddən-kəsəkdən, bir az dünyanın işlərindən və tanınmış adamların işdəklərindən, bir az dindən-elmdən gap eləyib, həmsöhbətinin evlənmək barədə üstüörtülü eyhamlarından ağlagəlməz ustalıqla yayınıb və qəfildən tələm-tələsik vidalaşıb, birbaşa Yazarlar Birliyinə yollanıb.

Uzunsaçlı şair iş otağında tək-tənha oturubmuş, axşam yazdığı şerini oxumağa bir Allah bəndəsi axtarırmış; o qədər intizar çəkibmiş ki, onun qapıdan girməyi göydəndüşmə olub.

O ağırlıqda kişi qalxıb əl tutub, hörmət-izzətnən yer göstərib, hal-kefini, yazı-pozusunu, ev-eşiyini xəbər alıb.

O da sağ-salamat olduğunu həmsöhbətinin diqqətinə çatdırıb, axşam yazdığı, səhər-səhər dostuna oxuduğu əsəri barədə bir balaca bilgi verib, sonra öz növbəsində Uzunsaçlı şairin hal-kefini, yazı-pozusunu, ev-eşiyini xəbər alıb və cavabında xeyli xoş söz eşidib.

Belə bir səmimi girişdən sonra Uzunsaçlı şair şerini oxumaqdan ötrü ondan rüsxət istəyib və gözlədiyi cavabı alan kimi oxumağa başlayıb.

Uzunsaçlı şairin avazı ona xoş gəlirmiş, hətta kişi yüzcə misralıq şeri oxuyub qurtaranacan bir balaca gözünün acısını da alıb; məqamı yetişəndəsə, şer haqqında xeyli ağıllı, sanballı sözlər, orijinal bənzətmələr deyib, bununla da müəllifi əməlli-başlı xoşbəxt eləyib.

Bu yerdə ikisinin də gözlədiyi adam – Bəyazüzlü şair gəlib çıxıb, hərəsinnən iki kərə öpüşəndən sonra uzun və şirin bir söhbət başlayıb, söhbətin axırı da həməşəki kimi uzana-uzana gedib millətçi mülahizələrə dirənib.

Burda adətləri üzrə Bəyazülü şairlə möhkəm dartışıblar, Uzunsaçlı şair olmasaymış, bəlkə də dartışma toqquşmaya çevrilərmiş; amma kişi vaxtında araya girib, onun xahişiynən Bəyazüzlü şair şirin xatirələrindən birini danışmağa başlayıb: o da neçənci dəfəsə eşitdiyi bu xatirəyə qulaq asıb-asıb, birdə onda ayılıb ki, Solğunbənizli nasirlə görüşünə az qalır.

Tələm-tələsik şairlərlə vidalaşıb, sellofan torbası da qoltuğunda özünü yaxınlıqdakı bağa çatdırıb.

Solğunbənizli nasir də adəti xilafına gecikirmiş; o gələnəcən vurğun vurmuş kimi, bağı dörd dolanıb, rastına çıxan beş-altı nəfərlə ayaqüstü kəlmə kəsib, qırsaqqız kimi yaxasından yapışanları min fəndlə azdırıb. Axır ki, Solğunbənizli nasir özünü yetirib, xırdaca bir dehadehdən sonra arxalarınca göz qoyanlardan birtəhər canlarını qurtarıb, xəlvəti çayxanaların birində məskunlaşıblar.

Yanını yerə qoyan kimi sellofan torbasından axşam yazdığı, səhər-səhər dostuna oxuduğu və günorta Uzunsaçlı şairə bilgi verdiyi əsərini çıxarıb, müqəddiməsiz-filansız başlayıb oxumağa.

Solğunbənizli nasir də elə bundan ötrü gəlibmiş, qulağı onda arabir gözlərini fikirli-fikirli qıyıb, «Aha, aha» deyirmiş, bəzi məqamlarda dik qalxıb təzədən otururmuş, stulunu bir az da yaxına çəkirmiş; o da Solğunbənizli nasirin bu halətini görəsi halda deyilmiş, avaznan, əl-qolunun hərəkətiynən yazdıqlarına rövnəq verə-verə öz işindəymiş; qurtaranda Solğunbənizli nasir bir az susub, çayını içə-içə fikrini cəmləşdirib və axırda öz mövqeyini bildirib. Əvvəl hər şey yaxşı gedirmiş, sonra söhbətləri yavaş-yavaş mübahisəyə, axırdasa, sözgüləşdirməyə çevrilib, əməlli-başlı tutaşıblar.

Solğunbənizli nasirə deyib ki, «Sənin belə şeylərdən başın çıxmaz, get şirin-şəkər balalar üçün nağıllarını yaz; sən nə bilirsən, azadlığın, demokratiyanın fəlsəfi anlamı nədi?»

Solğunbənizli nasir də cavabında qayıdıb ki, «Sözə qulaq asmadığına görə bu günə qalıbsan; nə institutu bitirdin, nə də əməlli-başlı bir işdə işlədin, düşdün absurd ideyaların dalınca, sonra da oturdun ona-buna elmi əsər yazmağa, elə bildin, bunnan özünə gün ağlayacaqsan; sənin qələmiyin hesabına neçələri elmlər namizədi, doktor oldular, kitab çıxartdılar, ad-san qazandılar, vəzifələrdə oturdular; sən də elələrindən sıxıla-sıxıla aldığın beş-üç manatı havaya sovurdun, kababxanalarda, çayxanalarda arı kimi başına yığışanlara xərclədin; nə ata-ana sözünə baxdın ki, evlənəsən, arvad-uşaq yiyəsi olasan, nə də öz ağlına gəldi belə şeylər; qohum-qardaşdan, kənddən-kəsəkdən qaçaq düşdün, elə bilirdin ki, bunnan kiməsə, nəsə eləyəcəksən; nə elədin, özünə elədin: bu gün-sabah əlli yaş özünü yetirir, sənsə, bir həsirsən, bir Məmmədnəsir; olan-qalanın dörd-beş yeşik kitab-dəftərin, qalaq-qalaq yazı-pozundu, onu da həftə səkkiz-mən doqquz bu evdən-o evə daşıyırsan, şəhərin elə məhəlləsi yoxdu ki, kirayədə qalmamış olasan; söz deyəndə də tərsləşirsən, qulaqardına vurursan».

Solğunbənizli nasir bu sözləri deyəndə bət-bənizi daha da ağarıbmış, əlləri əməlli-başlı əsirmiş, səsində ağlartı, gözlərində yaş varmış; axırda əlini yelləyib, «Eh, kimin sözünə baxdın ki, mənim də sözümə baxasan, - deyib, sonra köksünü ötürüb və əlavə eləyib ki, - əşşi, özün bilərsən, can sənin, cəhənnəm Allahın», - beləcə də, çıxıb gedib…

- Sonra tapa bildinmi?

- Yox, tapammadım…

…amma deyirlər, Solğunbənizli nasir çıxıb gedəndən sonra çox pis ovqatdaymış; tutduğu işdən peşman olduğu bir yana, eşitdikləri kefinə əməllicə soğan doğrayıbmış.

Bir istəyib ki, yüyürsün onun dalınca, birtəhər dilə tutub, könlünü alsın, bu qədər yaşadığı ömründə daha heç nəyi dəyişə bilməyəcəyini anlatsın; amma başa düşüb ki, bütün bunların zərrə qədər də xeyri yoxdu:

Solğunbənizli nasirlə belə atışmaları çox olubmuş, bilirmiş ki, bu gedişin ömrü uzaqbaşı sabahacandı; ya axşamüstü hardasa rastlaşacaqlar, ya da Solğunbənizli nasir gecəyarı da olsa, zəng eləyəcək, aralarında qanıqaralıq baş verməmiş kimi, yazı-pozudan danışacaqlar.

Otuz ilin dostuydular, bir-birlərinə o qədər öyrəşmişdilər ki, ehtiyac duyduqları ünsiyyətdən hələm-hələm əl çəkə bilməzdilər.

Busayaq fikirləri beynində dolandıra-dolandıra xeyli küçənin tinində durub; görənə elə gələrmiş ki, guya vacib bir işdən ötrü kimisə gözləyir; o kimsə də söz verdiyi vaxtda gəlib çıxmayıb, bu səbəbdən də, get-gedə səbrini itirir.

Sən demə, onun belə laübalı halını küçədən başının dəstəsiylə keçən Öndər maşının tutqun şüşəsi arxasından görübmüş, ya maşını saxlatmağa macal tapmayıbmış, ya da bunu lazım bilməyibmiş; amma yerinə çatan kimi adam göndərib, əski arkadaşını yanına çağırtdırıb, bir saatacan onun kabinetində baş-başa, ürək-ürəyə qalıblar.

Nədən danışdıqlarını bilən olmayıb; amma Öndərin otağından çıxanda üz-gözündə çox xoşbəxt ifadə varmış, elə bil, ömrü boyu həsrətini çəkdiyi vüsala yetişibmiş.

Bir xeyli Öndərin oturduğu binanın həndəvərində vurnuxub, elə bil otuz ildən bəri yanında olduğu, birmənalı münasibət bəsləmədiyi adamın cazibə dairəsindən çıxmağa çətinlik çəkirmiş.

Bir balaca özünə gələndən sonra istəyib ki, bir-iki yerə dəysin: hansı qəzetəsə, yazı veribmiş, çapının gecikməsi lap səbrini tükədibmiş; qərara gəlib ki, gedib yassar redaktora dişinin dibindən çıxanı desin; desin ki, sən nə bilirsən, tarixi soy-kök nədi, səninki elə ucuz qeybətlərdi ki, geninə-boluna çap eləyəsən, təəssübkeşlik-filan vecinə deyil; amma fikrindən daşınıb, fikirləşib ki, gedib institutdakı o şümür oğlundan borcunun qalanını alsın, verməsə, qandırsan ki, müdafiə məsələsi müşkül ola bilər; amma ağlına nə gəlibsə, tamam başqa tərəfə üz tutub, birbaşa İşbaz dostunun yanına yollanıb.

Özünü onda çatdırıb ki, İşbaz dostu qüdrətli sağlıq deyir; həməşəki kimi öz şərikiynən xudmani məclis düzəldibmiş, süfrənin ortasında bir-birinə söykənmiş, tərli qız yanağına oxşayan şüşələr adamın gözünə şox salırmış; hər dəqiqə onun yolunu gözlədiklərindən masanın baş tərəfindəki yer də boşuymuş.

Onun zühuru İşbaz dostuynan şərikinin kefini əməlli-başlı açıb, bəh-bəhlə yuxarı başa keçiriblər, alıb-satmaqdan bezmiş adamlar kimi, o dəqiqə ziyalı söhbətlərinə girişiblər;

İşbaz dostu məmləkətdəki mənəvi-siyasi durumu soruşub, o da birinci stəkanı boşaldandan sonra bu yönümdə mülahizələrini açıqlayıb, Öndərlə görüşündən, bir para şeylər ətrafında söhbətlərindən üstü-örtülü danışanda onların baxışlarında maraq sezib, ikinci stəkandan sonra öndə duran böyük işlərdən danışıb; axırda elə vəcdə gəliblər ki, növbəti stəkanı Öndərin sağlığına qaldırıblar.

O məqamda balaca otağın havasında elə möhrəmlik, kövrəklik varıymın, birdən-birə az qalıb ki, hönkürüb ağlasın.

Amma özünü saxlayıb, içindəki ağırlığı boşaltmaqdan ötrü deyib ki, bu gün günaha batmışam, bir dostumun xətrinə dəymişəm, ona görə gəlin, dostlarımızın sağlığına da içək.

Sonra sağlıqlar bir-birinə söykənib, stəkanlar dolub-boşalıb, axırda oturduqları yerdən duman içində, kölgə kimi çıxıblar.

Bir tin o tərəfdə qəfil yadına düşüb ki, açarını kafedə qoyub, təzədən götürülüb geri.

Bütün bunların sonucunda çay içmək kimin ağlına gəlib, onu xatırlayan yoxdu; amma o yadındadı ki, çayxanadakı məclisləri get-gedə böyüyüb, stolları birləşdiriblər, stəkan-nəlbəkini, çaynikləri artırıblar; üstəlik də, hamı danışırmış, bir-birinə qulaq asan, cavab verən yoxuymuş.

Çayxanadan axırıncı çıxıblar, İşbaz dostuynan şəriki hərəsi bir tərəfə üz tutub, onun da evə necə gedib çıxdığından belə xəbəri olmayıb…

- Yaxşı, sabah necə, onu tapa bilərsənmi?

- Nə deyim, Allah bilir. Özü gəlib rastıma çıxmasa, çətin ki, tapım.

- Lap Yel Əhmədə dönüb…

- Yel Əhməd dedin, qoydun. Lap Yelçəkəndi.

- Yelçəkən niyə?

- Öz dediyidi…

…deyir, canım gecələr dünyanın yelini içimə çəkir.

Səhər qalxıram, canımdakı yel məni dinc oturmağa qoymur; o yel çıxanacan, canım bir balaca rahatlıq tapanacan özümü oda-közə vururam.

Amma özünün özünə verdiyi ayamanı eşidəndə ağlıma ayrı fikir gəldi; elə bildim, yel çəkib-aparandı, yəni yel hara aparır, ora da gedir. Hələ də bu qənaətdəyəm; əlli il yelə qoşulub gedəsən, amma hara getdiyini bilə-bilə yoldan dönməyə cəhd eləməyəsən…

Nəsə, buna da iradə lazımdı…

- Hə də, hərənin öz alın yazısı var…

- Düzdü, ancaq çox vaxt bunu təskinlik xətrinə deyirlər…

…hərdən boşalan, açılan vaxtları da olur; onda tanıdığın hüt-hüt, höləkə adamdan əsər-əlamət qalmır, ömrünü səhv yaşadığını, hardan əsdiyini belə bilmədiyi yelə verdiyini dilinə gətirir; deyir ki, elə bilirdim, həmişə əlim gətirəcək, sözüm ötəcək, qələmim işləyəcək, sonra gördüm, başıma arı kimi yığışanlar yavaş-yavaş çəkildilər, ev aldılar, evləndilər, ailə-uşaq yiyəsi oldular, vəzifələrə qalxdılar; istədim, onların getdiyi yolu gedim, gedəmmədim, daha doğrusu, getməyə özümdə güc tapmadım; otuzu ötəndə dedim, hələ cavanam, qırxa çatanda fikirləşdim, hələ qocalmamışam, indi əlli özünü yetirib, bundan sonrakı toydan sonra nağara çalmaq kimi bir şeydi.

Həmən o boşalan, açılan vaxtların birində dilinə gətirib ki, qadın təmasından, övlad duyğusundan ötrü burnunun ucu göyüm-göyüm göynəyir; amma içindəki vaxt arasını, yaş uçurumunu keçmək çox çətindi; yoxsa nə varıdı ki, gözünü yumub özünə tay bir Allah bəndəsini yola gətirərdi.

Onu da başa düşmək olar.

Dərd burasındadı ki, sabah tək-tənha, baxımsız gündə qalsa, yiyəlik eləyən olmayacaq; indi hələ canı suludu, özü bazarlığını eləyir, paltarını yuyur, yeməyini bişirir; sabah canı əyiləndə bir həyan lazım olacaq, dərdini-qayğısını çəkən lazım olacaq.

Uşağın ad günündə bir günnən dartıb aparmışdım evə.

Ailə havası ağlını başından çıxartmışdı, gördüm, o bircə saatın içində olmazın əziyyət çəkdi, axırda az qala yarımçıq yola salası oldum.

Bilirdim ki, gedib oturacaq özüynən üzbəüz, özünün hayıfını özündən çıxacaq; amma saxlamağa gücüm çatmadı…
- …
- Belə… Gözdə-qulaqda ol, bəlkə yel gətirib sənin rastına çıxartdı.

Gücün çatsa, bir az yelini al, de ki, dünyanın sovuruğuna getməsin…

May, 1999.
XS
SM
MD
LG