Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:11

Zümrüd Yağmur "Xoşbəxtlik nədir?" (Esse)


Dolub boşalan bulud, açıb solan çiçək, doğub ölən kəpənək, çıxıb batan günəş, ölən-dirilən ümid…

Xoşbəxtlik hər kəsin arzusudur, amma heç kəsin deyil, çünki yer üzündə insan çoxdu, xoşbəxtlik az…Zərrə- zərrə doğranıb parçalansa da bu qədər insana yetməz…

Bəlkə də yetər, amma məmnun edib xoşbəxtliyə çatdıra bilməz o parça kimsəni…

Xoşbəxtlik əldə edə bilməyəcəyin, tutub ovucunda salamat qoruya bilməyəcəyindir, o üzdən yasaqlara meyilli insan çata bilməyəcəyi o “xoşbəxtliyi” hardasa, kimdəsə arayır.

Bir evin küncündə, bir dənizin sahilində, bir bağçanın guşəsində, yaxud da birinin gözlərində…

Bir kimsənin çiynində, sevdiyinin sinəsində… Amma o xoşbəxtliyi tutub saxlamaq olmur, cünki evin küncünü toz basır, dəniz sahilə qabarıb izləri yuyur, bağçanı soyuq, külək soldurur.

Bir kimsə çiynini çəkir, sevdiyinin sinəsində həyacan, hərarət buz kəsir…

Gözlərindəsə daha özünü görmürsən. Sənin yerini bir başqası, bəlkə xəyanət, bəlkə başqa bir sevda, ya da sevgisizlik alır.

Sənəsə o gözləri ağlar gözlərlə tərk etməkdən başqa çarə qalmır.

Xoşbəxtlik nəyin arxasında, kölgəsində saxlanıb, yaxud da kim onun çırağını üfləyib söndürüb?!

Bəlkə xoşbəxtlik çıraq kimi yanmayıb heç, elə köz olub, insanlar onu söndürmək üçün yox, əksinə alovlandırmaq üçün üfləyib, o közdən bir qığılcım düşüb onu üfləyənə, o da alışıb yanıb…

Yəqin elə belə olub. Axı xoşbəxt olmaq istəyənlərin hamısı bu arzudan yanıb, atəşə verib özünü.

Bilərəkdən, bilməyərəkdən… Sonra göz yaşları söndürüb alovları, kül qalıb, daha sonra zəif bir meh o külü sovurub, qara torpaqlara qarışdırıb…

Qara torpaqsa soyuq olur, bumbuz, üşüdücü…

Xoşbəxtlik insanlığın özü üçün uydurduğu nağıldır, başqasının dediyindən, əməlindən, xoş sözündən, məmnun baxışından özü üçün uydurduğu nağıl… Sonra nağıl bitir, son yaxınlaşır, amma göydən heç nə düşmür, tək düşən qəlbə düşür.

Qəlbəsə “dərd” adlı bir əzabın yükü, əzab boyda yanğı düşür, qəlb yanğından alovlanıb yanır, için-için, sakit-sakit, bəzən hıçqırıq, bəzən hayqırtı, azacıq etiraz, amma nə etsən də sonucu yenə kül olmaqdı…

Kül olmağın taleyindəsə sovrulmaq var…

Bəlkə də bunların heç biri deyil…

Bəlkə də xoşbəxtlik hardasa, o tozlu yolların sonundakı tənha ağacın kölgəsində gizlənib, bəlkə də düzdə açmış çiçəyin ləçəkləri arasında, ya da nə bilim bir körpənin övucunda.

Yaxud qoxusinda, gülüşündə… Bilmək özü xoşbəxtliyi bilmək qədər sirr, məchul, görünməz…

Amma xoşbəxtlik deyilən bir şey varsa qorxuncdur.

Ümidverici boşluqdur. Ilğım qədər aldadıcıdır. Susuz səhra qədər öldürücüdür...

Xoşbəxtlik əlçatmazlıq cazibəsidir.

Öncə qəlbə meh əsdirir, bütün ruhunu əsir edir, sonra əldə etdimi, xəncərini saplar, sənə göz yaşı, nalə, ah düşər…

Xoşbəxtlik istəyindən qazanc qəm, kədərdi, əzabdı, bir də boşluq.

O boşluqda əzabın döydüyü qapılar elə hey açılıb örtülər, amma kimsə içəri girməz, gəlməz- getməz…

Sonra insan o əzaba alışar, qucaqlaşar onunla, hətta o əzabsız darıxar, gözü onu axtarar…

Amma əzab da səninlə qalmır, onun da döyəcəyi qapılar var, ağladacağı fidan qəlblər var, o üzdən o da səni tərk edir, yerini boşluğa buraxır. Boşluqsa sükutdur, sükutsa ölüm…

Bu dünyada xoşbəxtliyin döymədiyi qəlb qapısı, sonra da viran etmədiyi qəlb yoxdur.

Və xoşbəxtlik deyilən bu ümiddə elə bir məstedicilik var ki, sanki dünya səninkiləşir, hər şey sənindir.

Az, lap az sonra bəlli olur ki, heç nə sənin deyil, sənə heç nə verilməib, əksinə səndən alınıb, qoparılıb, arzu, ümidlərin, gələcəyin, keçmişin, illərin, ömrün…

Xoşbəxtlik ümidinə qapılmaq özünü amansız qatilin əllərinə təslim etməkdir bəlkə… Yaxud da o qatil taleyin, ömrün özüdür, xoşbəxtlik özü də bunların qurbanlığıdır…

Milyon illər, milyon insanların arxasınca qaçdığı xoşbəxtlik bəlkə yorulub, əldən düşüb, dünya kimi qocalıb, tükənib, bitib?

Nə baş verib, bəlkə xoşbəxtlik insanlardan doyub, onların kasadlaşmış qəlbinə məskunlaşmaq istəmir.

Ya da insanlıqdan qisas alır xoşbəxtlik?…

Axı hərənin, hər dövrün, hər bir ölkənin belə öz xoşbəxtlik bucağı var.

Ya bu çoxluqdan başı hərlənıb, ya da bir xoş pıçıltıdan pul xışıltısına enən, endirilən xoşbəxtlik diksinib, ikrah edib onu bu günə salanlardan…

İndi qəlbini düşünən, yaxud qarşısındakının qəlbinin nə istədiyini düşünən varmı?

Qəlb istər ki, bir pıçıltı qopsun dodaqlardan, onu oxşasın. Qəlb istər ki, bir damla göz yaşı düşsün gözlərdən, onu yuyub təmizləsin.

Qəlb istər ki, bir ağuş olsun, onu isitsin. Qəlb istər ki, bir qəlb olsun “ səni sevirəm” desin…

“Səni sevirəm”… Qəlbin vulkan anı. Amma ən boyük “vulkanlar” sönür və aydın olur ki, səni sevmirmiş “səni sevirəm” deyən, səndə görmək istədiklərini, gözlərini, saçlarını, gülüşünü, gəncliyini sevirmiş…

Bir sözlə, öz istədiklərini, özünü sevirmiş, sonra istədiklərinin bucağı, rəngi, səsi, daha nə bilim nələrisə dəyişir, başqa bir “özünü” seçib yenidən “ səni sevirəm” deyir.

Bu qədər adi, bəsit, sadə… Və nankorcasına “səni sevən” olmur…

“Sənin sevirəm” aldanışdı, başdan-ayağa yalandır, saxtadır, cünki “sən” deyilən birisini sevən yoxdur. Hər kəs “mən”ini sevir.

Sevgidəki məncillik də bundandır, cünki mahiyyəti “mən”dir sevginin, “mən”in məmnunluğu, istədikləri, ehtirası, arzuları, aldıqları, nələr, nələr…
Böyük, susuz, sonsuz, isti bir səhra…

Gerçək olan budur., nə xoşbəxtlik, nə sevgi… Hər şey ilğımdır, səhranın aldanışıdır. Ümidin ölməməsi ücün gözə görünən sudu, xilas olmaq ümidinin cazibəsidir.

Bütün bunlar gerçək deyil…

Tək gerçək olan əslində olmayandır…
XS
SM
MD
LG