Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:28

Arif Qasımzadə “Yuxu” (Hekayə)


Cəsur müəllim şirkətimizdə on ildən artıq olar ki, çalışır. Saçını saqqalını şirkət üçün ağardanlardan biridir.

Hər zaman əlindən gələni şirkət üçün əsirgəməmişdir.

Haqq üçün deyək ki, Cəsur müəllimin yaşayış yeri də iş yerindən çox–çox uzaqlıqdadır.

Elə bil dünyanın o başındadır. Lap dəqiqliyiynən desək onun evi ən ucqar sərhəd kəndində yerləşir.

Bəli, əziyyətə və yorğunluğa baxmayaraq Cəsur müəllim bu uzaq yolu on ildən çoxdur ki, gedib gəlir.

Bir dəfə də olsun eşitməmişəm ki, taleyindən şikayətçi olsun. Həmişə sözü “min şükür”olub. Hətta müdirimiz də ona demişdi ki, niyə Bakıya köçmür?

O da cavabında demişdi ki, anam kənddən çıxa bilmir, bu Bakının da havası düşmür ona, o saat xəstələnir. Ona görə də məcburam belə eləyim, gedim – gəlim...

O, hər tərəfi zibillik qaynayan, küçələrindən kanalizasiya suyu axan gecəqondu məhəlləsində olan evlərdə kirayədə qalardı.

Birotaqlı, evəoxşar bir yerdə əsl məhbus həyatı yaşayırdı.

O qədər darısqal bir otağıydı ki, içəri balaca bir stol, stul, bir də yatacaq adında olan köhnə bir divan zorla sığışırdı.

Qonaq gəlsəydi gərək ayaqüstə qalaydı. Birdə ki, nə qonaq. Cəsur müəllim bura ancaq yatmağa gələrdi, nəinki qonaq qəbul etməyə.

Qonaq demişkən, bir iş yoldaşımız vardı, olardı əlli - əlli beş yaşlarında. Bir gün qonaq gedir həmin bu Cəsur müəllimin “evinə”. Ordan burdan danışıb bu darısqal otaqda gecəyarısına kimi “vururlar”.

Səhərisi xəbər yayılır ki, bunlar “bazlıq”daymışlar.

Sən demə, həqiqətən də bu gecəqondu məhəlləsi “quş yuvası”, “fahişəxana yurdu” kimi məşhur imiş.

Bundan da zavallı Cəsur müəllimin xəbəri yoxmuş. Beləcə “rumka dostunu” da pis vəziyyətə salmışdı.

Necə də salmasın ? Dostunun arvadına çatdırmışdılar ki, “ərin gecə vaxtı filan məhlədə nağayrır?”

Bu suala cavab verməyi arvadı ərindən tələb edəndə dostuda nə qədər and – aman eləmişdisədə arvadını inandıra bilməmişdi. Bax burda deyiblər e “adın çıxınca, canın çıxsın”.

Cəsur müəllim də bu xəbərin kəndə - arvadına çatmağını gözləməmiş, qaldığı yeri dəyişmişdi. Onsuz da beş – altı gündən bir üz tutardı kənddəki evinə. Uşaqlarıda onun üzünə həsrət qalmışdı.

İstirahət günü cəmi iki gün olurdu, onun da çox olsa, çox qalsa bir sutkasını evində keçirə bilirdi, qalanını bu zavallı məxluq elə yolda keçirirdi...

Bir gün həmişəki kimi yenə də iş başındaydıq. İş də ki maşallah başımızdan aşır.

İşə başlamazdan əvvəl Cəsur müəllim otaq yoldaşlarımıza gördüyü qəribə yuxunu danışmağa başladı : “Yuxuda gördüm ki, maaşlarımızı qaldırıblar, özü də iyirmi üç faiz”.

Söhbətin ortasında qonşu şöbələrdən kimsə bizim otağa girmişdi və söhbətin məğzini başa düşməyərək, eləcədə çıxıb getmişdi.

Mən, Cəsur müəllim və şöbə müdirimiz həmin şəxsin nə vaxt gəldiyini və nə vaxt getdiyini görməmişdik. Bizim başımız qarışmışdı şirin söhbətə. Elə sualları yağdırırdıq Cəsur müəllimə:

- Ə bu nədi, gic – gic yuxuları görürsən.

- Ac toyuq yuxusunda darı görər.

- Niyə məhz iyirmi üç, onu başa düşə bilmirəm.

- Nə bilim e, elə gördüm ki, iyirmi üç faiz yazılıb əmrdə.

- Gələn dəfə yatanda pulqabını yanına qoy...

Elə bu vaxt qonşu şöbədən birisi içəri girdi və guya ki, bizi cinayət üstündə yaxaladı:

- Hə nə vaxtdan artırılır, bu aydan, yoxsa gələn aydan?

Mat – məəttəl deyirik, yox e, az qala qışqırırıq:

- Nə ay, nə artırma?

- Mənə də yox da. Maaşların artırılması söhbəti olub da. Niyə gizlədirsiz. Elə sizin otaqda adın demiyəcəm, söhbəti öz qulağı ilə eşidən olub. Niyə danırsız axı?

- Əşşi elə bir şey olmuyub...

- Hə də gizli saxlayırsız, nolar, nolar, heç eybi yox...

Beləcə sözünü deyib gedir. Baho. Buna deyiblər yağışdan çıxıb yağmura düşmək. Biz çəkildikcə zalım oğlu zalım elə bilib ki, ondan gizlədirik...

...Nahar fasiləsində hamı yeməkdən çox ancaq və ancaq hörmətli direktorumuzun maaşların artırılması barədə əmrindən danışırdı.

Hətta neçə faiz artırılması da hamıya məlum idi. Simvolik 23 faiz.

Deyənlər vardı ki, bu rəqəm bir çox riyazi, iqtisadi qanunauyğunlara əsasən hesablanıb.

Bəli, bəli. Məhz belə fikirləşirdilər.

Artıq artım hesabına ev tikənlər, qum alanlar, daş daşıtdıranlar, nə bilim kurorta gedənlər də tapılmışdı. Xülasə, nahar fasiləsi dönüb olmuşdu, maaş fasiləsi.

Cəsur müəllim artıq yaddan çıxmışdı. Necə də çıxmasın. Axı yaxşılıqlar tez unudulur. Amma belə deyil.

Qalmaqallı Cəsur müəllimi iş gününün sonlarına yaxın direktorumuzun əzilib – büzülən nərmənazik katibəsi narahat elədi.

Qapı astaca döyüldü. Sonra katibə yırğalana – yırğalana, az – maz olan ətimi tökə - tökə içəri girib üzünü Cəsur müəllimə tutdu :

- Casur myuallim, sizi direktorumuz çağırır. Özüdə təcili.

- Oldu. Bu saat.

- Neynəmisizsə, əlinizdən yaman hirsli o.

Katibə heç bilinmirdi hansı millətin nümayəndəsiydi, yoxsa metisiydi, bilmirəm, mənə bəlli olan oydu ki, sözləri və cümlələri azərbaycanca qarışdırırdı.

Amma indi zaman o zaman deyildi. Beləcə Cəsur müəllimi direktorun kabinetinə yola saldıq.

Cəsur müəllim bu yaşa gəlmişdisə də, amma çox qorxaq adam idi.

Balaca bir hadisə olan kimi daz başını o saat tər basar, ətli sifəti isə qulaqlarına kimi pomidor kimi qızarardı. Elə indi də belə oldu...

...Özünə gələndən sonra bizə demişdi ki, direktorun kabinetinə girəndə, iclas gedirmiş. Məsul şəxslərlə söhbəti yarımçıq saxlayıb mənə bozardı ki:

- Ay kişi utanmırsan, bu nədi kollektivdə hərc-mərclik yaradırsan?

- Vallah bir səhvlik var burda.

- Nizam-intizamı pozursan?

- Öz aramızda danışırdıq.

- Hərc- mərclik yaradırsan?

- Bu mənim yuxum olub.

- Heç bilirsən ölkə nə vəziyyətdədi?

- Yuxumu danışırdım.

- Heç bilirsən dünya nə vəziyyətdədi?

- Kimsə gəlib axırın eşidib...

- Belə vəziyyətdə də...

- Və gedib səhv başa salıb.

- Maaş qaldırmaq olar, rəhmətliyin nəvəsi?

- Axırıda belə...

- Əgər səni tanımasaydım, neçə illər burda can qoyduğunu bilməsəydim elə birinci səni ixtisara salardım.

- Salardın. Dınız...

- Bəli. Get başını sal aşağı. İşinlə məşğul ol. Gic – gic şeylərlə məşğul olma. Get.

- Oldu. Oldu Əlvan müəllim. Oldu.

Beləcə Cəsur müəllim azacıq təzim eliyərək, yəni başını azca önə əyərək direktorun kabinetindən çıxır. Hələ həmin o katibə qızda qanlı – qanlı bu çıxa çıxda Cəsur müəllimə baxır.

Elə bil erməni – müsəlman davası gedir burda.

Bütün bunları Cəsur müəllim çox çox sonra bizə demişdi. Düz üç stəkan limonlu çay içib özünə gələndən sonra. Hə, Cəsur müəllim belə “cəsur” müəllimiydi.

Səhərisi işə gələndə yazı lövhəsində zarafat – zarafat “hörmətli” direktorumuzun doğurdan da əmrini gördük. Orada yazılmışdı :

ƏMR :

“ İşində yol vermiş ciddi nöqsanlara, kollektivdə nizam-intizam qaydalarını pozduğuna görə Cəsur Əkbər oğlu Məmmədzadəyə şiddətli töhmət elan edilsin. Şəxsi işinə tikilsin.

Bir daha belə hal təkrarlanarsa, işindən azad olunsun”.

...MMC – nin direktoru Əlvan Dəmir oğlu Daşdəmirov


Daha şərhə ehtiyac yoxdu...

Cəsur müəllim danışmağı belə tərgitmişdi. Kənar şəxs otağa girəndə barmaqları ilə dodaqlarını bir birinə biləşdirib deyərdi : atam qardaşım mən lalam, lal...
XS
SM
MD
LG