Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:31

Cəlil Cavanşir "Nəyimə gərəkdi səni düşünmək" (Şeirlər)
















YOL


gedərəm, gedərəm, çıxıb gedərəm
milyon il gedərəm
işıq yoluyla
milyon il gedərəm
işıq sürəti
milyon il gedərəm tək O-na doğru
səmanı çiynimə alıb gedərəm
üzüm kainatın sonuna doğru.

dünya duracağım ilk dayanacaq
gəlib dayandığım
durub getdiyim.
gedirəm, gedirəm çıxıb gedirəm
gedirəm işığa, günəşə doğru.
gedirəm atəşə, alova doğru.
bir sirr var, bir sirr var mənim bildiyim.
gedirəm, gedirəm Tanrıya doğru.

milyon il gəlmişəm işıq yolunu,
gəlib dayanmışam bu yer üzündə
dünyanı qoyublar ayağım altda
dünya ilk durağım
dünya son evim.
dünya unutduğum,
dünya sevdiyim.
işığa gedirəm, oda gedirəm
gedirəm əbədi olana doğru
gedirəm əbədi sevgiyə doğru
bəllidir tanrıya hara getdiyim.

gedirəm, gedirəm, yolun sonuna
işıqdan doğulub
işığa doğru.
tanrının elçisi olana qədər.
tanrı dərgahına varana qədər
sevginin dadını duyana qədər
gedərəm, gedərəm tanrı yolunu.
Gedərəm, gedərəm sevgi yolunu
gedərəm, gedərəm tanrıya doğru
Gedərəm, gedərəm sevgiyə doğru.


NƏYİMƏ GƏRƏKDİ SƏNİ DÜŞÜNMƏK

Nəyimə gərəkdi səni düşünmək
bu şəhərdə
yüngül xasiyyətli
gəzəyən
bir az ağıllı kişi görən kimi
əriyən,
hətta “sevirəm” deyən,
şeiri axmaqlıq
roku azadlıq
sayan qızlar varkən.

nəyimə gərəksən axı,
ehtirasımı söndürəcək,
qadınlar
ərinə xəyanət edən
“xanımlar” varkən bu şəhərdə.

Yarı çılpaq, yarı lüt
açıq-saçıq geyinmiş
qadınlar varkən bu şəhərdə
səni düşünməyə dəyməz
bir də.

Nəyimə lazımdı səni yazmaq,
yazılacaq bunca sevdalar içində.
bu şəhərdə sevgilər də,
nisgillər də
tamam fərqli biçimdə.

səni hər doğan günəşdə
hər batan ayda
hər axan ulduzda
və hər sevdiyim qızda itirdim
unutdum
bir azda.

Nəyimə lazımdı səni sevmək?
Bu şəhərdə ən azad sevgilər
ən real görüşlər
ən ucuz fahişələr varkən
yatmağa.
Nəyimə lazımdı səni düşünmək
səni yazmaq
səni bitirmək
səndə bitmək
nəyimə lazımdı?
nəyimə lazımsan sən?


SUSMA

Susma, içimdə təlatüm var,
susma, başımda fırtınalar.
hüzünlüyəm, susma.
susma,
sevdiyim hər kəsdən qaçdım.
qaçdım məni sevənlərdən.
susma, dərd içimi əzir
yoruluram susqunluqdan
çıxıram adamlıqdan
Baxma
belə baxma.

Susma,
Mənim hüzünlü anlarda
bir az danışmaq
bir az səni dinləmək kimi istəklərim var.
Mənim tənha gecələrdə,
kişilərə yaraşmayan
ağlamaq,
qışqırmaq kimi vərdişlərim var.

Susma,
bir şey danış
özündən,
məndən,
sevgidən
Sənin və mənim olmayan
hər şeydən, danış.
susma içimi dərd oyur,
ağrıdan alnımdakı damarlar
ilan kimi qıvrılır.
yum gözünü,
baxma
belə baxma.

Yanğın var içimdə, susma
yoruldum rəsminlə danışmaqdan
ağlamaqdan yoruldum
səni düşünməkdən
və rəsmini sevməkdən bezdim.
bezdim insan olmağımdan
sənsiz qalmağımdan
susmağından bezdim, susma

susma,
içimdə hüzn var,
dərd içimi oyur,
yoruluram baxışından
baxma.
Sənin susqunluğundan,
dəli ola bilərəm,
baxma
belə baxma.
sənin lal baxışından
baxışından
ölə bilərəm...
susma.


SEVDİYİM QADIN

Saçlarının bəyazını xınayla gizləyən,
Kiçiçik qızınını atasız böyüdən,
İşini çox sevən qadın...
Aldın məni tənhalıqdan
Aldatdım özümü,
Səni sevirdim guya...
depressiya...

Niyə qısqandım ki, səni?!

Sən bir ümid belə vermədiyin halda,
Xəyalını qurdun sonsuz gecələrin.
Yanıma qaçmaq isdədin günün birində
Və birdə dəniz gözlərinlə baxdın.
Ah, qadın...

ən çox gözlədiyim telefon zənglərindi,
bir də beşdəqiqəlik, ayaqüstü görüşlərin
kimi sevdin?!
Ömrünün tən yarısında
İki daşın arasında
kimi sevdin???

sevdiyim qadındın sən.
bəlkə də sevmək istədiyim.
Başqa kim sevdi səni, bu halınla,
kim???
Kim sənə görə keçdi hər şeyindən
Və hər şeyinlə sevdi səni?!

Niyə qısqandım ki, səni?!

Sən istədiyin kişiylə yata bilərsən,
istədiyini sevib,
istəmədiyini
ata bilərsən
sən gülə bilərsən bu halıma,
gülə bilərsən.
sən...
sən...
Lənətə gələsən!!!


həyatının tən yarısını yaşamış,
saçlarının bəyazını xınayla gizləyən,
atasız qız böyüdən
və guya başqasını sevən qadın.
Sənin sevdiyin mən idim
Nifrət etdiyin də...
Sevirəm səni
hələdə...
XS
SM
MD
LG