Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:38

Nərmin Kamal: “İstədim ki, qəhrəmanımın adı Azərbaycan olsun…”


Nərmin Kamal son 10 ildə adı ən çox səda yaradan gənc yazarlardandır. “Qanun” nəşriyyatının çap etdiyi “Ən yeni ədəbiyyat” seriyasından “Aç, mənəm” romanının çıxması imzaya marağı daha da artırmışdır. “Ədəbi həftə” qəzetində gedən söhbət də elə roman ətrafındadır.

– Nərmin xanım, kitabınızın çıxması münasibətilə təbrik edir, roman ətrafında söhbətə çəkmək istəyirik sizi. İndi dəbdir: hər yeni əsərin uğuru göründümü, “plagiat”, “təqlid”, “təsir” və s. kimi inamsızlıq ifadə edən sözlər çıxır ortaya.

Sizin özünüzün yaradıcılığı dəfələrlə bu suçlamalarla üzləşib. Postmodernizm haqqında yazmısız, rus müəlliflərindən köçürmədə ittiham ediblər; köşə yazılarınızda əcnəbi müəlliflərin fikirlərinə sahib çıxmısız.

“Times New Roman” adlı əsərinizdən parçalar dərc etdirmisiz, Manaf Süleymanovdan icazəsiz bəhrələnməyinizi yazıblar və s. Sakitcə, oxucularınız qarşısında postmodern oyun qaydalarını irəli çəkməklə bəraət qazanmağa çalışmısız.

Hətta postmoderndə qaydadır deyib,U.Eko haqqında monoqrafiyanızı imzasız çap etdirmisiz. Sualı kəskin qoyuruq. “Aç, mənəm” romanından sonra necə, eyni həmlələri gözləmirsiz ki?

Sizcə, tənqidçiləriniz romanda plagiat, təqlid, təsir sırasından nəsə aramaq eşqinə düşəcəklərmi? Ya ən nəhayət, ədəbiyyatımıza yeni bir romançının gəlişini qutlayacaqlar?


- “Aç, mənəm” indi tərcüməçidədir, ilkin olaraq “Dorrance Publishing” nəşriyyatı ilə yazışmışam, annotasiya göndərmişəm, kitabın xaricdə çapı üçün indi tərcümənin tamamlanmasını gözləyirəm, yerli ədəbi mühitdə nə deyəcəklərindən çox, məni belə məsələlər qayğılandırır, açığı.

Hər iki kitabımı mən çox sevirəm, hər ikisinin haqqında həmkarlarımın müsbət rəylərini eşitmişəm, oxumuşam.

“Aç, mənəm”i kitab kimi əlimə alıb oxuduğum birinci gün öz-özümə dedim: “pişik bala, zor yazmısan”, xeyli məqamlar üçünsə dedim: “burası pisdi, gərək belə yox, elə yazaydın”, bu mənada mənə böyük təcrübə qazandırdı roman.

Lakin heç bir yerində plagiata, təqlidə rastlamadım, yalnız yeniliyə canatmaya rastladım.

Təsir barədə isə onu deyim ki, 2004-cü ildən postmodernizm fəlsəfəsi mövzusunda dissertasiya götürüb o sahədə özüm üçün araşdırma aparmasaydım, beynimi o qeyri-ordinar əsərlərə qoşmasaydım, bu gün “Aç, mənəm” ortaya çıxmazdı.

Bu, mənim oxuduğum yenilikçi nəzəriyyələrə verdiyim bədii cavabdır. Sözüm hərfi başa düşülməsin; buradakı həyat bizim ölkəmizdəki həyatdır, eynilə belə bir məsdərli bölgü, belə struktur da oxuduğum qədərilə dünya ədəbiyyatında yoxdur, lakin fərqli strukturun Qərb nəzəriyyəsində əsasları, əla nümunələri var.

Onlar haqqında postmodernizm fəlsəfəsi kitabımda yazmışdım. Həmin birinci kitabımın çıxdığı gün “Kultaz” saytında ön sözünü çap etdirdim.

Bir azdan anonim bir oxucunun kommentariyasını oxudum: “Ey qız, ey növcavani-şəkər, etmə, eləmə, Kostukoviçdən-zaddan çırpışdırmısan, bu barədə yazı yazacam”. Lakin kitabı plagiatda ittiham edən bir dənə də olsa, başqa kommentariya, məqalə görünmədi bugünəcən.

Yəqin ki, anonim dostumuz sonra xatırladı ki, Yuliya Kostukoviç nəzəriyyəçi deyil, U.Ekonun romanlarını italyan dilindən rus dilinə tərcümə edən tərcüməçidir və Ekonun Bakıda satılan rusca kitablarında onun adı olur.

Rusiyada U.Ekonu və postmodernizmi yaxşı bilən müəlliflər var və elə dissertasiya yaradıcılığının qaydasına uyğun olaraq, kitabımın sonunda 151 adda kitab, məqalə siyahısı göstərmişəm, rus, ingilis, italyan, alman nəzəriyyəçilərə dəqiqliklə istinad etmişəm.

“Times Roman Az Lat”-ın da girişinin altına bənzər oxucu kommentariyaları yazdılar.

Orada əsrin əvvəllərinin Bakısında baş vermiş qadın üsyanından söhbət gedir, Manaf Süleymanov 1912-ci ildə anadan olub, o, həmin üsyan haqda arxiv materiallarına əsasən yazıb, istinad edib, o arxiv materiallarına əsasən bir başqası da öz nəsr dililə yaza bilər, yazıb da.

İlk yazılarımda mən də onu-bunu plagiatda ittiham edirdim, amma ümumən doğru deyirlər; postmodernizm fəlsəfəsilə tanışlıqdan sonra mənim özümdə mənbələrə sayğısızlıq yarandı, pastişin arqumentlərini haqlı saydım.

“Umberto Eko və postmodernizm fəlsəfəsi” kitabımın ilk vərəqində belə bir yazı var: “Müəllifin istəyilə onun adı kitabda göstərilmir”.

Lap postmodern qayda bir yana dursun, o kitabın içində uzun-uzadı “müəllifin ölümü” haqda nəzəri əsərlərdən söhbət gedir, indi özünüz deyin, içində “bizim bütün dediyimiz sözlər ən müxtəlif kombinasiyalarda bizdən əvvəlkilər tərəfindən dəfələrlə deyilib, indi kiminsə dediyi sözün altına öz imzasını qoymasının mənası yoxdur, danışan sən deyil, mədəniyyətin səsidir” kimi cümlələr olan kitabın üstünə durub müəllif kimi öz adımı yazsaydım, necə olardı.

- Romanda giriş səciyyəli bir “Açmaq” bəhsi olduğu halda, bununla kifayətlənmir, nəşrə “ön söz” yazıb oxucularınıza oxu qaydaları diqtə etməyə çalışırsız.

İfrat narahatçılığınız nədəndir, Azərbaycan oxucusundanmı, romandanmı?


- Doğru deyirsiz, belə bir məsələ var. Nəşriyyat dedi ki, tanıdıcı annotasiya yazım, hər təbəqə oxucunun başa düşəcəyi dillə romanı izah edən balaca yazı olsun, kitab mağazasında oxucu ayaq üstə birinci onu oxuyub kitabı alsın, ya almasın, mən də yazdım.

Amma o bir səhifə romanın özünə yox, kitaba məxsusdur. Kitabın üz qabığı və nəşriyyat ön sözü bir qutudur, roman onun içində 39 hekayə, südün yazılı qutusu kimi romanın da qutusunu aç tulla, içi qalsın.

- “Ayrılmaq” bəhsində qəhrəmanınızın “Azərbaycan” adında rəmz axtarmamağa çağırırsız. Bunu “oğrunun yadına daş salmaq” üsulu kimi anlamalıyıqmı, yoxsa romanın ifrat simvolistik qatda qavranılmasından təlaş duyursuz?

- İstədim ki, qəhrəmanımın adı Azərbaycan olsun və onu azərbaycanlılar kimi yedirdim, güldürüm, qorxudum, yatırdım.., o, Şərqlə Qərb dəyərlərinin ortasında qalsın, bir ölkənin, xalqın alaçiy taleyini bir oğlanın həyatına yığım.

Amma adın Azərbaycan olduğunu oxuyan kimi istər-istəməz qabaqcadan niyyətim başa düşüləcəkdi, həddən artıq sadə simvol olacaqdı bu ad. Ona görə “yox elə deyil” deyə-deyə “elədir”ə apardım oxucunu.

Bu, həm də əyləndiricidir. Rene Maqrit adlı rəssamın bir rəsmi var, qəlyan təsvir olunur, altında isə yazılıb: “Bu, qəlyan deyil”. Düzdür, bununla o, tamam ayrı şeyi – gözlə sözün oyununu verir.

“Yox, Azərbaycan adlı oğlan ölkəmizin rəmzi deyil” deyə-deyə ölkəni göstərmək də bir az qəlyan məsələsinə oxşayıb.

- Roman necə olur, roman qəhrəmanı, təhkiyə mədəniyyəti və s. kimi məsələlərə “Aç, mənəm”in müəllifinin gərəyincə bələd olduğu bilinir. Bəs nədən bunları bilə-bilə Nərmin Kamal özgələrinə, konkret halda Aqşinin “Göləqarğısancan”ı haqqında yazınızı nəzərdə tuturuq, eyni tələbkarlıqla yanaşmır?

Bu mövqeyi ədəbi qısqanclığa, gənc həmkarını azdırmağa yozmaq olarmı?


- Səmimi yazmışdım o yazını. Ancaq mən o yazımda hər nə qədər digər mühafizəkar tənqidləri qınasam da, Aqşin üçün o mühafizəkar yazılar da faydalı olub. Bir müsahibəsində oxudum ki, o indi yeni əsəri və yeni əsərin strukturu barədə düşünür.

- Nərmin Kamal Qərb ölkələrini gərəyincə gəzmiş, canlı müşahidələri var, bunu romanda Almaniyanın təsvirində də görmək olur. Amma burda Əfqanıstanın təsviri də ondan heç geri qalmır?

Əfqanıstanda da olmusuzmu, yoxsa bu, sadəcə biliklərə güvənən təsvirlərdir. Doğrudan da mı, Əfqanıstanda məktəblər hələ də “Kəlilə və Dimnə” üzərindədir? Ya yenə də rəmzi qata üz tutmalıyıq?


- O vaxt Qarabağ müharibəsində vuruşan iki əfqan döyüşçünü dayım bizə qonaq gətirmişdi, günorta yeməyi yedilər, getdilər, yadımda isə qaldılar. Əfqanıstan, Pakistan – əsl Şərqdir, Şərqi biz Qərb vasitəsilə tanıyırıq, şərqliləri mən həmişə Avropa küçə ticarətində və aeroportlarında görmüşəm, nəinki Şərqin özündə.

Bir il əvvəl Kabula getmək üçün ABŞ səfirliyində konsulun qəbulunda oldum, axı ən sadə yolla əfqan vizasını onlar verirlər, amma yenə də bir çox viza əngəlləri çıxdı, gedə bilmədim.

Odur ki, internetdə əfqanların toplaşdığı Pakistanın tanışlıq saytını tapdım, kitabdakı materialı o gənclərlə uzun-uzadı söhbətlərdə əxz elədim.

Orda indi modern Qərb tipli iki-üç özəl məktəb var, şagirdləri azdır, əksər məktəblər isə Maftah səviyyəsindədir.

Həmin sayt vasitəsilə tapdığım bir pakistanlı oğlan mənə deyir ki, qonşuda bir qızdan xoşu gəlir. Pakistan uzaq, o qızı tanımıram, bu oğlanın adi qara üzünün şəklindən başqa heç nə görməmişəm, təsəvvür edin, qonşusundakı hansısa qızı sevdiyini uzaq ölkədəki mənə dediyinə görə, o, elə təşviş keçirirdi ki!

Dəfələrlə e-mail yazdı, neçə dəfə xahiş elədi ki, bunu heç kəsə deməyim.

Bu 20-22 yaşlı oğlanın prototipi kitabda Səmiullah adlı şagirddir. Görün necə xof var o cəmiyyətlərdə adi insani məsələlərdə. Şərqi yazdıqca yazmaq lazımdır, bunları dəyişməyə, o insanlara kömək etməyə yalnız “Kəlilə və Dimnə” kitabının yerinə qoyulacaq yeni kitablar qadirdir.

- Nərmin Kamal Azərbaycana münasibətdə qatı Qərbçi mövqeyindən tanınır.

Romanın bir yerində elə bir detal var ki, bərkdən gülməmək olmur. Qərbdən vətənə dönən Azərbaycan çayxanada dostlarını qabaqlayıb, amma səhvən pulu çayçıya yox, müştərilərdən birinə ödəyir. Ümumiləşmə baxımından çox xırdaçı mövqe deyilmi?

Xüsusən nəzərə alanda ki, əsərin “Atmaq” fəslində daha ciddi gülüşə səbəb olan bir hekayə-pritça verilmişdir?


- 14-15 yaşlı oğlan uzun ayrılıqdan sonra öz şəhərinə qayıdır, o, bu şəhərdə məyus olmalıdır.

Onu hər addımda bu şəhərdən soyudan hadisələr baş verməlidir. Bunun üçün dükanda ona koruş deməlidir ilk satıcı, müştərilərdən biri ofisiantam deyib onun pulunu alıb getməlidir, iş axtardığı yerdə qarşısına Tahir müəllimin monoloqu çıxmalıdır, ən nəhayət, o bezmiş qarı.

Bütün bu xırdalıqlar yığılıb onu Bakıdan hürkütməlidir.

- Romanınızı hekayələr romanı kimi təqdim edirsiz, hərçənd həm də roman strukturundakı bütövlüyə işarə edərək.

Ən maraqlısı, bizdə olmayan bir təcrübə ilə fəsilləri (hekayələri) feillərlə adlandırır, romanın bir yerində feillərin muxtarlığını da qeyd edirsiz.

Burda, təbii ki, bir altyapı vardır. Amma nədənsə “Sevmək ” adlı bir məqama rastlamırıq romanda.


- Hə, açığı, Sevmək adlı hissə yaza bilmədim, elə bir hekayə düşünüb tapa və ya eşidə bilmədim ki, Azərbaycandakı Sevməyi ifadə etsin, insanlar öz sevməklərindən danışırdılar mənə, amma dinləyib görürdüm ki, bunların heç biri axtardığım deyil.

İndi isə boş qoyulmuş 40-cı məsdərin yerində qoy bir oxucu onu yazsın.

- Önsözündə romanda həm də bir fəlsəfə olduğuna işarə edirsiz. Bir ipucu verməzsizmi, oxucu onu hansı istiqamətdə aramalıdır?


- Bildiyiniz kimi, fəlsəfə varlıq fəlsəfəsi, idrak fəlsəfəsi, dil fəlsəfəsi kimi bir çox sahələrə bölünür. Onlardan biri də həyat fəlsəfəsidir. Kitabda qəhrəmanın yaşadığı həyatın əsas fəlsəfəsini Qurtulmaq adlı hissəyə toplamışam.

- Mətbu dialoqlardan birində bildirmişdiz ki, Azərbaycan ədəbiyyatının təcrübəsindən kənarda, zəminsiz bir yerdə roman yaradacaqsız. İlk romanınızda buna müvəffəq oldunuzmu, yoxsa bu hələ bir eksperimentdir?

- Eksperiment, məşq, qaralama mənim üçün “Times Roman Az Lat” idi. Bunu isə sualınızdakı qəbildən olan ilk romanım kimi yazdım. Hər növbəti romanda o məqsədə daha çox yaxınlaşacağam.

- Bizcə, “Aç, mənəm” haqqında demək olar: “Ən yeni ədəbiyyat” sırasından ən nəhayət “ən yeni roman” yarandı. Bunu Nərmin Kamal daha kimdən gözləyir, S.Baycandan, Qanturalıdan, Cavidandan, ya kimdən?

- Onların hər birindən gözləyirəm. Təzə imzalar da olsaydı, yaxşı olardı. Qoy ədəbiyyatımızda daimi qan təzələnməsi getsin.

Uşaqlıqda mən çoxlu mozaika ilə oynayırdım, xırda rəngli daşları qarışdırırdılar, onlardan tutalım ortada sarı daş kənarlarda qırmızı daşlarla gül düzəldirdim. “Aç, mənəm”in quruluşunda yaddaşımda qalmış “özün kəs düzəlt”, kubik-rubik oyunlarından çox şey var.

Hərəmizin uşaqlıq oyunlarımız fərqlidir. Qoy o oyunların quruluşuyla, qaydalarıyla fərqli-fərqli romanlar yazılsın.

16-17 yaşlı təzə nəsr yazmağa başlayan gənclər qoy özlərini Adəm kimi hiss etsinlər. Elə bil ki, dünyada ilk romanı onlar yazırlar.

Bu qədər böyük gənc həvəslə ədəbiyyata gələk, bir-birindən fərqlənən, bir-birini şəxsən tanımayan imzalar, kitablar, oxucular çoxalsın.

Kultaz.com
“Ədəbi həftə” qəzetindən
XS
SM
MD
LG