Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:12

Çoxölçülü məkanın və insanın nağılları


Ədəbi tənqidçi Cavanşir Yusifli bu məqaləsi ilə yazıçı Nərmin Kamalın "Aç, mənəm" romanının "Oxu zalı"nda başlanan müzakirəsinə qoşulur.

ÇOXÖLÇÜLÜ MƏKANIN VƏ İNSANIN NAĞILLARI

Nərmin Kamalın romanı “Ən yeni ədəbiyyat” seriyasında fərqlənən kitabdır – üslubu, yazı tərzi, gerçəkliyə (real həyata və bizim kontekstdə roman təfəkkürünə) münasibəti və digər cəhətləri ilə.

Nəşriyyatın “Ən yeni ədəbiyyat” “konsepsiyasına” müdaxilə etmədən birbaşa romanın təhlinə keçmək istərdim.

Əsər, yaxud fərqli bir anlamda mətn geniş sahəli boşluqlardan və dar bir ərazidə olmazın sıxlıq yaradan fraqmentlərdən ibarətdir.

...Romanın ideyası etibarı ilə mükəmməl struktura malik olmasında onun bütün anlamlarda dilinin uyğun olması vacib şərtdir. Faktiki oxuduğumuz dil isə bizə aşılanan ideyaya, fikrimizcə o qədər də uyğun deyil. Müəllif bəzən hekayələrdə mükəmməl şəkildə göstərdiklərini bir də öz dilindən “təkrarlamağa” üstünlük verir, duyursan ki, imkanı olsa, oxuduğu kitablardan, məsələn Umberto Ekonun kitablarından daha gözəl cümlə işlətmək istər.

...Bəzən müəllif “mən burdayam” demək üçün darıxır, boylanıb ətrafa nəzər salmaq istəyi üzülmür, bununla da, özünün qurduğu, yaxud qumaq istədiyi sistemin işləməsinə imkan vermir, nəyin bahasına olursa-olsun görünmək, kütləyə qarışıb söz demək istəyir, bu məqamlarda təhkiyə pozulur, sistem laxlayır, cümlələr köşə yazılarının məntiqini qışqırır. Yeri gəlmişkən, mətndə dilin bərbad göründüyü yerlər az deyil, hiss olunur ki, redaktə lazımi şəkildə həyata keçirilməyib, yaxud redaktə zamanı mətn müəyyən dərəcədə korlanıb.

... Bir az ənənəvi çıxsa da, sonda deməyi lazım bilirəm ki, bu roman müəllifin daha gözəl və mükəmməl əsərlər yazacağından xəbər verir. Yaxınlarda lap yeni bir şey olacaq...
Müəllifin konsepsiyası maraqlıdır – köhnə terminlərə yeni can verməklə insan həyatının sirrinə işarə etmək; bu işarələr bəzən ayrı-ayrı istiqamətlərdən, bəzən də eyni mənbədən şüalanır, bəzən güclə sızan işıq haləsi, bəzən kor işıq formasında.

Məkanın ən müxtəlif ölçülərini deformasiyaya uğratmaqla effekt yaratmaq, böyük bir sərgüşəşti rabitəsiz fraqmentlərə bölüb uyğunluq, rabitəlilik, vahidlik .... anlayışına qayıtmaq, əvvəl ölmək, sonra yaşamaq haqqında düşünmək, insanı iç-içə geydirilmiş və bir-birini qəribə tənasüblərdə kəsən dairələr şəklində verməyə çalışmaq.

Qədim və ultra-müasir təsvir momenti.

İstənilən yerindən, məkanın həm qaranlıq, həm də işıqdan ağaran (yəni görünməz olan) məqamından oxuya bilmək perspektivi təhkiyə mövqeyidir, əsərin kompozisiyasının əsasında duran amildir.

Mətndə hadisələrin və təsvirin (təhkiyə kütləsinin) tənasübü pozulur və belə olduğu üçündür ki, çəpəki perspektiv yaranır, irəli baxdıqca heç nə görünmür, çünki baxış bucağı bu şəkildədir (...yəni, reallıq qurtarandan sonra baxmaq -!), onu normal mövqeyə gətirmək üçün yeni mövqe seçməlisən, hadisləri uydurmalı, yaxud istədiyin şəkildə qayçılamalısan.

İnsan həyatının əslində çoxölçülü olması, ömrünün son gününə kimi olsun ki, yalnız bir ölçüdə yaşayıb digərlərindən xəbərdar olmaması.... öz oxundan sıyrılıb yer kürəsinə səpələnməsi, ömrü başqa bir çevrədə, verilən istiqamətin əksinə, yaxud ona şaquli istiqamətdə (yaxud kor bucaq altında) yaşamaq istəyi ... poeziyanın qurtaracaq məqamıdır, elə bir nöqtədir ki, burda həyat ölümün, ölümsə həyatın qucağındadır, yaxud girovundadır, durduğun nöqtədə dairələr kəsişir və çox yerə bölündükcə, adını sonsuza qədər dəyişməklə yoxa çıxırsan, səni tapmaq perspektivi itir.

Adın xəritədə konkret şəkildə yazılsa da, sənə işarə edən kimi hərflər pozulur, heç kəsin tanımadığı başqa bir məkana, fərqli bir məmləkətə çevirilirsən.

Mətndə verilən “.... eyni zamanda bir neçə həyat yaşayırdı” əslində, fiksiyadır, aldadıcı informasiya ilə yüklənmiş cümlədir, - yəni, bu adam təkcə adını, meridianları, qitələri... dəyişdirmirdi, həm də müxtəlif zamanlarda yaşayırdı, Berlində, Azərbaycanda, Əfqanıstanda .... yaşadığı zamanın daxili kütləsi, sıxlıq ölçüsü, sürəti eyni deyildi.

Əsərdə bu perspektiv yetərincə açılsaydı, fikrimizcə baxış bucağı genişlənərdi, bu mövqedən baxıldıqda Şərqlə Qərb oxlarının kəskinlik, çarpazlaşma kontrastı bir az səthi və zəifdir.

Belə olsaydı ömrün içindən zühur edən məqam - məsdərdə verilən xronotop (uçmaq, açmaq , ölmək, dəyişmək, ayrılmaq...) yaranan təsəvvürə maksimum ifadəlilik və dolğunluq gətirərdi.

Mətndə zaman amorf deyil, lay-laydır, ancaq burada ardıcıllıq, sürət, çeşidlilik anlamı mövcud deyildir, hər kəs bir ömrə sığan həyatların fərqli variantlarını nəql edir (“... qoy onlar qəhrəmanımızla harda, necə görüşdüklərini söyləsinlər, sizsə onun öz, birinci keçmişilə tanış olun...”).

Bu cümlə zaman hissini tutmaq üçün vacib elementdir, zaman boyunca o, necə deyərlər, “saat əqrəbinin əksinə hərəkət edir”, perspektiv keçmişlərə (birinci, ikinci... onuncu) dönməklə maddiləşir.

Mətndə “zaman” konsepti çox işlənsə də (xüsusi ilə “zaman durbini” kimi ifadələr, yaxud “Nöyüt ili” ifadəsi), əslində daha çox məkan təsviri yerli-yataqlıdır, koloritli və yapışqandır.

Bu məkanda əşyalar həm var, həm də yoxdur, çünki məkanın özü sürüşkən və açılıb-yığılandır, belə sürüşkən (həm də yapışqan) məkanda təsvir sehrli-magik səciyyə daşıyır, danışıq, ləhcə, baxış, küsmək, ayrılmaq, dava-qırğın... hamısı bir sözdür, bu aləmdə söz bəlkə də hələ maddiləşməyib, hara gəldi axır, sən onu deyil, o səni idarə edir.

Sözün belə bir mövcudluq forması insanların taleyini idarə edir.

Sözlər də, əşyalar da bir-birinə nüfuz edir, qəribə həlməşik mühit formalaşır, zarafat, ironiya, insanların yaşayış tərzi elədir ki, bir-birinə əks anlamlar “matryoşka” kimi bir-birinin içindən çıxır, hər şey mümkün (-!) ifrat dərəcədə deformasiya vəziyyətində (sərhəd vəziyyətində -!) təsvir edilir ki, canındakı həqiqət qırıntıları yerə tökülsün.

Bütün sirlər, deyiləsi mümkün olmayan nəsnələrin sirri faş olsun.

Bu mənada, yəni belə bir perspektivdən insanı tam olaraq öyrənməklə bağlı ədəbi cəfəngiyyat da altdan-altdan lağ obyektinə çevrilir.

Hər bir hekayə insanı dərinə dartmaq üçün (yaxud batırmaq üçün) vasitədir, hadisənin, reallığın, zülmün, sevincin, kədərin ... sözün dərinliyinə.

Müəllif buna bəzən nail olur, bəzən yer-yerdən uduzur...

Mətndə təhkiyə perspektivi elədir ki, hekayələr arasındakı məsamələr vaxtaşırı olaraq müxtəlif istiqamətlərdən axışan informasiyalarla dolur, bir anlığa əhvalatlar unudulur, nəyin danışılması belə şərtiləşir, hər şeyi laylararası informasiya nüfuzunun məntiqi idarə edir; məsamələrə dolan kütlə kadrarxası mövqe yaradır, müəyyən məqamlarda bir neçə mövqedən nəql edilən əhvalatın arxa planı fəallaşır, informasiyanın burada üst-üstə, yaxud digər nisbətlərdə toplanma əmsalı dəyişib sıxlaşdıqca, müəllif sıxışdırılıb aradan çıxır.

Mətndəki mövqe əhvalatların deyil, onları bir sistem şəklinə salan, acını şirinə, təbəssümü göz yaşına, zarafatı baş daşına çevirən bədii məntiqin istinadgahına çevrilir.

Məntiq qəribələşdikcə, “məntiq” deyilən anlama yadlaşdıqca romanın alt qatlarından daha maraqlı, insanın səbrini yoxlayan, nəbzini tutan, onun əsəbiləşdirib ələ salan nəsnələr peyda olur.

Əsl məqsəd də budur – bir adam hamının, hamı –bir adamın taleyini, ömrünü, həyatını yaşayır, ömür dərəsi həyatlarla dolduqca, dibi görünməz olur, sən ona “fəth etdim” dedikcə, o səndən və düşüncələrindən ilğım kimi uzaqlaşır.

Ancaq bəzən müəllif “mən burdayam” demək üçün darıxır, boylanıb ətrafa nəzər salmaq istəyi üzülmür, bununla da, özünün qurduğu, yaxud qumaq istədiyi sistemin işləməsinə imkan vermir, nəyin bahasına olursa-olsun görünmək, kütləyə qarışıb söz demək istəyir, bu məqamlarda təhkiyə pozulur, sistem laxlayır, cümlələr köşə yazılarının məntiqini qışqırır.

Yeri gəlmişkən, mətndə dilin bərbad göründüyü yerlər az deyil, hiss olunur ki, redaktə lazımi şəkildə həyata keçirilməyib, yaxud redaktə zamanı mətn müəyyən dərəcədə korlanıb.

Bu məqamlarda mətnin xalis nəsr layı deşilir, hava qarışır, nəzərə almır ki, romanın ideyası etibarı ilə mükəmməl struktura malik olmasında onun bütün anlamlarda dilinin uyğun olması vacib şərtdir.

Faktiki oxuduğumuz dil isə bizə aşılanan ideyaya, fikrimizcə o qədər də uyğun deyil.

Müəllif bəzən hekayələrdə mükəmməl şəkildə göstərdiklərini bir də öz dilindən “təkrarlamağa” üstünlük verir, duyursan ki, imkanı olsa, oxuduğu kitablardan, məsələn Umberto Ekonun kitablarından daha gözəl cümlə işlətmək istər. Halbuki söhbət nəsrdən gedirsə, bu, qəti şəkildə yolverilməzdir.

Ən qorxulu məqam buradadır: müəllifin yazdığından artıq bilməsi və hər an bunu söyləmək, başqalarına bildirmək inadı.

“Aç, mənəm” romanında mövcud laylar – təhkiyə, kadrarxası deyilənlər, hadisələrarası münasibətlərdən hasil olan nəsnələr dünyanı yeyib-qurtarmaq istəyən qüvvəyə çevrilir.

Şərti olaraq “təhkiyə metastazı” adlandıra biləcəyimiz bu hadisə istənilən romanın nə dərəcə güclü olduğunu şərtləndirən bir amildir.

Bu məqamda yerinə düşüb-düşməməsindən asılı olmayaraq çox sevdiyim M.Paviçdən sitat vermək istərdim:

“...Roman da xərçəng xəstəliyi kimi metastazların hesabına yaşayır, onlarla qidalanır.

Özümü getdikcə yazılan kitabların deyil, gələcək, bəlkə heç zaman yazılmayacaq əsərlərin yazıçısı hesab edirəm...”

Təəsüflə qeyd etməliyik ki, “Aç, mənəm” romanında daha çox “metastaz görüntüsü” üstünlük təşkil edir, yəni, əsər üslubu etibarı ilə fərdiləşmir, məlum formulların üzərində gəzişir, mövcud ənənəyə, baxış bucağına orijinal münasibət yerinə bəzən təqlid səviyyəsinə qədər enən üslub interpretasiyaları ilə qarşılaşırıq.

Diqqət yetirin: “... həkimin dalınca üçüncü mərtəbəyə qalxdım. Burada çoxlu kitab rəfləri (?) vardı.

Hər rəfdə üç, dörd kitab bir-birindən aralı qoyulmuşdu. Bu mərtəbədəki qapıların üstündə yazılmışdı: “rentgen otağı”, “Xüsusi havalı rejim”...

Hakim dəhlizin sonundakı otağa girdi, həmin otağın geniş girəcəyi olsa da, qapısı yox idi. İçəridəki iri zalda iyirmidən çox həkim və tibb bacısı masaların üstündə müxtəlif kitabları cürbəcür skoçlarla yapışdırıdılar.

Zalın divar boyu enli iri pəncərəsi vardı, onun qarşısında sırayla ağ və qırmızı rəngli telefonlar düzülmüşdü, tez-tez ağ şəhər telefonalrına zənglər gəlir, qızlar “aydındır, oldu” deyib, qırmızı daxili telefonlarla zəng edirdilər...

Nərmin Kamal
- Təcili bu ünvana ambulans yollayın, orda ağır xəstə var.

- Doktor, çağrış aldıq, bir kitabın dərisi soyulub, şiddətli ağrı keçirir.

- Növbətçi həkimə xəbər verdik, indi gələcək. İçəridə qızğın iş gedirdi. Həkim tibb bacısına deyirdi:

- Bu bir kitaba bax, necə arıqdır, vərəqləri lap nazilib, təcili buna altı ampul kağız vitamini vurulsun.” (səhifə 210).

Bu fraqmenti sitat verməkdən məqsəd müəllifin konkret olaraq kimi, hansı məqamı təqlid etməsini sübutlamaq deyil; nümayişin məqsədi məlum klişelərin parıltısından yapışıb stilizasiyaya geniş meydan verməyi göstərməkdir.

Diqqət yetirin. M.Paviç. “Xəzər sözlüyü”. “...Daubmannusun sözlüyünün içinə qum saatı gömülmüşdü, gecələr tam sakitlik çökəndə kitab rəfindən qəribə səslər gəlirdi, səs kəsilən kimi, kitabı çevirməliydin, qaldığın yerdən tərsinə oxumağa davam etməliydin.

Bu qaydaya əməl edən hər kəs kitabın sirrini öyrənə bilərdi... ”.

Bir daha təkrar edirəm ki, məsələ hər iki mətndə kitablardan bəhs edilməsində deyil, əslində kitab bu iki fraqmentdə fərqli mövqedən təsvir edilib, ancaq müəllifin təhkiyəsi, söyləm tərzi məlum üslubi istiqamətlərin arasında çox zaman itib-batır, onalrın üstündən deyil, üzəriylə süzüb gedir...

... Bir az ənənəvi çıxsa da, sonda deməyi lazım bilirəm ki, bu roman müəllifin daha gözəl və mükəmməl əsərlər yazacağından xəbər verir. Yaxınlarda lap yeni bir şey olacaq...

Həmçinin oxu
Nərmin Kamal: “İstədim ki, qəhrəmanımın adı Azərbaycan olsun…”
Nərmin Kamalın "Aç, mənəm" romanından bir parçanı oxu
XS
SM
MD
LG