Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:17

Sabir Əhmədlidən sovet hökuməti haqda xoş sözlər...


Xalq yazıçısı Sabir Əhmədlinin son kitabı - ölümündən sonra çap olumasını vəsiyyət etdiyi "Yazılmayan yazı" kitabından parçalar.

Indi Sovet hökumətinin xiffətini çəkirik. Halbuki işimiz-gücümüz bu hökuməti söymək, qazımaqdı.

Onun yıxılmağından ötrü əlimizdən gələni etməkdə idik.

Qondarma hökumət yıxılmayınca, ona qarşı çarpışan insanlar – “inokomıslyaşilər”, dissidentlər inanmazdılar belə bir möcüzə baş verər.

Olsa-olsa bu başçılar gedər, başqaları gələr.

Onda yazıçının, alimin də işi qismən yüngülləşər. Amma nə pislik vardısa yıxırdıq hökumətin üstünə. Hamı lənət yağdırırdı. Amma bu nəhəngin yıxılacağına kimsə inanmazdı.

Özü də tezliklə, belə asanlıqla. Kənddə hava korlananda yıxırdılar hökumətin üstünə: “ Sənin ağzını…., hökumət! Belə də hava olar?»

Yıxıldı, saxlaya bilmədilər. Məncə, bu quruluşu ictimai ziddiyyətlərdənsə, qarğış yıxdı.

İki yüz ildən bəri dünyaya meydan oxuyan imperiya, rusların qurduğu zırı bir dövlət demə, kağızdan qurulmuş evcik təkiymiş.

Leninin dediyi təki, lax divarmış, toxunan təki uçacaqmış. Lenin çarizm quruluşunu deyirdi. Elə onun qurduğu Sovet quruluşu da həmin özülsüz divarın tayı imiş.

Müstəmləkə hakimiyyətinin dağılmağı SSRİ-də azacıq bir müddətdə başa gəldi. Hər kəs özünün sahibi oldu. Müstəqil ölkələr yarandı.

17-ci il inqilabından fərqli bu hadisə xeyli yüngül, az qanla başa gəldi. Allahın əlində ən çətin iş asan olur.

Hər nə isə də o quruluş, Sovet hökuməti elə işlər görürdü, indi camaat onları həsrətlə yada salır.

Hökumət vardı, şikayətə baxan vardı, Moskvadan qorxurdular. Bir alverçi, bir quldur dəstəsi, bir yağmalayan nə idi, o boyda nəhəng hökumət onun öhdəsindən gələ bilməsin?

Gəlirdi, atasını da yandırırdı. O, xalq hökuməti idi, əlbəttə, sənəddə, kağızda daha artıq. Rüşvət, oğurluq da bu həddə deyildi.

İndi bu yeni quruluş nədir, onun adı nədir, marksist dilində desək hansı ictimai quruluş, hansı formasiyadır?

Onun adı bəlli, sosializm idi. Xəstəxanalar, institutlar, hər şey xalqın sayılırdı. Xalq da son nəticədə hər hansı işi hökumətin yoluna qoyacağına inam bəsləyirdi.

İndi iş yeni kapitalistlərin üstündə gedir. Bu, kapitalizm cəmiyyətidir. Marks, Engels, Lenin kapitalizm barədə nə yazıb, nə söyləyiblərsə, eşitmişik, oxumuşuq. İndi gözümüzlə görürük.

Bunun necə bir quruluş olduğunu həyatımızla yaşayırıq.

Marksizm klassikləri kapitalizm, imperializm barədə nə yazıbsa, hamısı büsbütün doğrudur. Onlar yazmışdılarmı ömrünü keçirmiş bir quruluş, formasiya yox olub getdikdən sonra yenidən qayıda bilər?

Bəşəriyyətin bir formasiyanı keçdikdən sonra yenidən oraya qayıtmağı olardımı? Əsla! Sosializm qurulmuşdu.

Oradan da keçəcəkdik kommunizmə. Nəzəri baxımdan həm sosializm, həm kommunizm baş tutan işdi. Bəşərin əsl xoşbaxtlığı oralarda aranırdı.

Amma biz getməkdənsə, bir də qayıtdıq artıq keçib getdiyimiz, dağılan bir quruluşa – kapitalizmə. Bu necə olmuşdu? Hansı dialektika ilə belə bir əks hərəkat baş tutmuşdu.

Bunu tarixi gedişatın gerçək nəticəsi, zərurət saymalıydıq, yoxsa bir siyasət kələkbazının qurması? Yoxsa, ABŞ-ın, MKİ - SRU- nun əməlidir?

Demək çətindir. Tarixi materializm hələ bunu aydınlaşdırmamışdır.

İctimai quruluşların biri-birini əvəzləməsi, tarixi qanunauyğunluq, məhsuldar qüvvələrlə istehsal münasibətlərinin ziddiyyəti baxımından aşkarlaşdırılmışdır, əsərlər yazılmışdır.

İctimai formasiyaların geriyə dönməsi, qayıtması, irəli şığıyan qatarın birdən-birə eyni sürətlə əks istiqamətə dönməsinə bənzəyən bu ağlasığmaz hərəkatdır.

Hələ öyrənilməmiş, elmi-nəzəri baxımdan araşdırılmamışdır.

Lənət yağdırdığımız, söyüb, ifşa etdiyimiz bir quruluşa, kapitalizmə böyük həvəslə qayıtmaqdayıq.

Adamlar sosializmin qədrini indi bilir, bazar- dükanda gileylənirlər: “ Neynirdik belə azadlığı? Belə müstəqilliyi? Millət acından qırılır.

Bu, talançılığın, soyğunçuluğun azadlığıdır, rüşvətin sabitliyidir”.

Kapitalizm insafsız bir quruluşmuş. Bunun aşıladığı əxlaq və mənəviyyatsa əsla insani deyil. Görürük!

Mədəniyyət, təhsil, ədəbiyyat işləri qalıb başlı başına. Sovet hökuməti yazıçılara yaxşı baxırdı.

Ürəyindən keçəni yazmağa qoymurdu: amma yazır, keçirir, çap edirdilər.

Elə bir onun özü ki, Soljenitsın kimi yazıçılar Sovet vaxtı yetişmiş, ortaya çıxmışdı, “Obıknovennıy faşizm” onda çəkilmişdi, göstərir ki, onda deyilməli söz deyilirmiş. Nə qədər qabağını alsalar da, həqiqətləri yazan ədəbiyyat batmırmış.

Hər halda o quruluş, onun sıxıntısı, azadlığı boğmağı ona gətirib çıxarmışdı ki, qondarma, quraşdırma sovet ədəbiyyatı ilə yanaşı, maraqlı, dəyərli bir sənət, vicdanlı ədəbiyyat yaranmışdı.

Yazıçılar indi qalıblar neyləsinlər, nə yazsınlar, harada çap olunsunlar? Kitab çıxarmaq necə çətindir! Bu, dövlət işi sayılmır.

Ayrı-ayrı köməkkeşlərin yardımı ilə buraxılır. Sahibkarlar hər adama yox, sərfəli, əlverişli, bir xeyiri dəyəsi kəslərə, yuxarılara ləbbey deyənlərə kömək göstərirlər.

Bir sözlə, hər şeyin ölçüsü pul, gəlir, qazancdı. Marks : “ Pul dünyaya gələndə bir üzü qan olub. Kapitalınsa hər iki üzü qandır”.

Doğru sözdür. Azadlıq, müstəqillik arzulayan, Sovetə əks gedən yazıçılar da deyəsən ömrü boyu uğrunda çarpışdıqları yeni quruluşun gedişindən gileylidirlər.

Görünür, yazandan ötrü azadlıqdansa, azadlıq uğrunda çarpışmaq daha sərfəlidir. Onda yazıçıların kitabları çıxırdı, haqq alırdılar, cildlər nəşr olurdu:

Yazıçılara ədəbiyyat fondu - LİTfond yardım göstərirdi.

Yaradıcılıq evləri indi nə haldadır? Bizimkini Şüvəlanda qaçqınlar tutub.

Sovet hökuməti yoxdur, SSRİ Yazıçılar İttifaqının vaxtilə elədiyi güzəştlər, yaradıçılıq evlərinə gedişlər də yığışılıb. Ruslar özləri gedirlər- getmirlər, amma biz daha SSRİ Yazıçılar İttifaqı deyilik. Öz Birliyimiz var…

Peredelkin Yaradıcılıq evini xatırlayıram. SSRİ vaxtı orada çox olmuşam. Bina – korpusun özündə də, meşə içindəki ağac evlərdə, kottecdə də.

Kottec daha yaxşıdır, asudəlik, təklikdi… Peredelkində, sonrakı gedişlərdə kottecdə qalırdım.

İlk gedişdə binada bir otaqda idim. Onda Məhərrəm Əlizadə də övrəti, qızı ilə oradaca dincəlirdi. Özü də onda deyirdi Krupskaya barədə operetta yazır.

Soruşurdum ondan ki, Məhərrəm müəllim, bu necə olacaq? Operettada Krupskaya oynayacaq, rəqs edəcək, ariyalar oxuyacaq? Lenin necə? Anlamırdım.

Məhərrəm müəllim kəmərdən yuxarı çılpaq otururdu Yaradıcılıq evinin həyətində, çardaqların birinin altında çalışırdı.

Məzəli kişi idi. Qıvrım, halqalanmış sıx saçı ağappaq ağarmışdı. Soruşurdum ondan: Məhərrəm müəllim, saçınız niyə belə bərk ağarıb?” Deyirdi: “Çoxlu qatıq yemişəm ona görə”.

Doğrudan elə bil başını soxmuşdu qatıq badyasına. Uşaqkən məni anam arvad hamamına aparanda, qadınları belə görmüşdüm, saçlarını qatıqla yuyurdular.

Onda Çakovskinin qızı ilə Məhərrəm müəllimin qızı birlikdə gəzirdilər. Çakovski “Literaturnaya qazeta”nın baş redaktoru idi.

Yaylaq evi, bir ayrıca kottec Çakovskinin özünün ixtiyarında idi. Pasternakın, Çakovskinin də bağları Peredelkində idi. Çakovskinin qızı Məhərrəm müəllimin qızı ilə yaşıd olardı.

On dörd, on beş yaşında. Çakovskinin qızı qızılı, sarı, gözəl-göyçək bir gəncdi.

Hərdən mən də onlarla dolanırdım. Məhərrəm müəllim qızını güdür, izləyirdi.

Vaxtilə Bakıda yaşamış bir erməni şairin arvadı və oğlu da orada idilər.

Peredelkin Yaradıcılıq evinin onda direktoru da erməni idi. Arvad pozğundu. Oğlu ilə yaxındıq, bilyard oynayırdıq. Sital, pələ-püsür bir dığa idi.

Biz kottecdə bilyard oynayırdıq. Necə oldusa bu oğlan türkləri söyməyə başladı. Bilyardda uduzmuşdu, acığındanmı, nədənsə ağzı qızmışdı.

Görünür, o vaxtlardan, ondan da çox-çox qabaqlar bunlar türklərə düşmən təki baxır, onları lənətləyirdilər. Bizim elə bil dəxlimiz yoxdu, ayrı-ayrı millətlərik.

Ya o bilirdi, qəsdən mənim yanımda söyürdü, cırnatsın məni. Bir söydü, iki söydü, dedim: "Söymə!" Axırda lap pis söydü.

Dedim ona : “ Bu kiyi görürsən, Səni bununla o qədər döyərəm, meyidin qalar.

Sizi - dedim – bir də genosit etmək lazımdır, toxumunuz kəsilsin”.

İki gün sonra vaxtım qurtardı, çıxıb gəldim Bakıya. Məndən sonra Peredelkinə bərk səs düşüb.

Azərbaycanda yaşayan, “Literaturnı Azərbaycan”da işləyən, bir qıçı ağac Abram Plavnik də onda orada idi, Peredelkində. Abram Plavnik gəlib danışırdı:

“Səndən sonra orada həyəcan keçirmişlər. Sən demisən erməni oğlana sizi yenidən genosit etmək lazımdır. Qorxuya düşüblər”…

Yalta yaradıcılıq evində bir neçə kərə olmuşam. İlk gedişimdə Viktor Nekrasov orada idi. Sinliydi, anası da lap qocalmışdı.

Hər axşam anasının qoluna girib, onu aşağı, şəhər bulvarı, dəniz qırağına endiriridi. Onun “Stalinqrad səngərlərində” romanını oxumuşdum.

Bu, o vaxt dissident ədəbiyyatı təki tanınmışdı. Mənə sataşır, zarafatla deyirdi qarşılaşanda: ” Pijon.” Yaxşı geyinirdim.

Yapon kostyumu, ipək köynək, qalstuk, ayaqlarımda təzə çəkmələr. Belə səliqəli, yaraşıqlı oğlan çıxırdım şəhərə, Nekrasov görürdü və mənə söz atırdı.

Yaltanın iqlimi adama doğma gəlirdi. Adından tutmuş dağlarınacan, meşələri, yalları!

Havası doğma idi. Türk torpaqlarıydı. Üstdən yüz il keçsə də, ruslar buranın sifətini dəyişməyə çalışsalar da, türk ruhu, türk yurdu olduğu bilinir, məhrəmdi…

Həmçinin oxu
Sabir Əhmədli Azərbaycanın sovet dövründəki rəhbərləri haqda
XS
SM
MD
LG