Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:56

Hadı Rəcəbli: «İşsiz 500 manatlıq kostyum geyir, mən 250 manatlıq»


Hadı Rəcəbli
Hadı Rəcəbli
Sumqayıtda yataqxanada yaşayan Elsevər Məmmədov altı ildir iş axtarır. Sumqayıt şəhərindəki əmək və məşğulluq idarəsində işsiz kimi qeydiyyata düşsə də, iş tapa bilmir. Bir dəfə öz peşəsinə uyğun elektrik kimi işə götürülsə də, sonradan maaşını ala bilməyib.

Elsevər Məmmədovun sözlərinə görə, yaranmış vəziyyətlə bağlı əmək və məşğulluq idarəsinə müraciəti də müsbət bir nəticə verməyib:

“İş tapmaq bir yana, aztəminatlı ailə kimi mənə 2010-cu ilin sentyabrında təyin edilən 120 manat ünvanlı sosial yardımı da heç cür ala bilmirəm. Deyirlər kart hələ dekabrın axırında olacaq. Belə şey olarmı?! Ay insanlar, axı mən yaşamaq istəyirəm, axı mən insanam!”.

İŞSİZ 500 MANATLIQ KOSTYUM GEYİR, MƏN 250 MANATLIQ

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli isə deyir ki, Azərbaycanda indi iş tapmaqla bağlı problem yoxdur. Sadəcə, insanlar hər işi bəyənmirlər:

“Adamdan soruşarlar ki, niyə işləmirsən? Məgər iş yoxdur? Əgər hər işə nazla yanaşmasalar, iş həmişə tapmaq mümkündür. Diplomu var, hüququ qurtarıb, gəlib bizə deyir ki, iş istəyirəm. Soruşan lazımdır ki, indi testlə işə girmək olur da, niyə getmirsən? Bu gün israfçılıq baş alıb gedir, insanlar ayaqlarını yorğanına görə uzatmırlar. Mən 250 manatlıq kostyum geyirəmsə, işsiz biri 500 manatlıq kostyum geyir. Vaxtilə ata-analarımız 200 qram ətlə necə xörəklər bişirərdilər? İndi çörək bir balaca boyat olan kimi atırlar”.

İSTƏYİRLƏR, NECƏ OLURSA-OLSUN, DÖVLƏTDƏN YARDIM ALSINLAR

Hadı Rəcəblinin sözlərinə görə, Azərbaycanda 10-11 faiz arasında kasıb təbəqə var. Və onların sayının azaldılması üçün dövlət tərəfindən hər bir iş görülür - əlillərə verilən müavinətlərin həcmi artır, Qarabağ əlillərinə prezident təqaüdü verilir, şəhid ailələri 120 dollar civarında müavinət alırlar:

“Son 7 ildə 3,4 dəfə pensiyanın baza hissəsi artıb. Ünvanlı yardımla bağlı zəruri ehtiyac meyarını artırdıq. İndi bir ailə təxminən 90 manata qədər ünvanlı yardım ala bilir. Amma mən istərdim ki, ümumiyyətlə ünvanlı yardım sisteminə yenidən baxılsın. Bu gün adamlarda aludəçilik olub ki, nə yolla olursa-olsun dövlətdən vəsait alsınlar. Ünvanlı yardımı o adam almalıdır ki, həqiqətən də tərpənməyə yeri yoxdur”.

H.Rəcəbli deyir ki, əlillər üçün iş yerlərində kvota var. Amma bu qanunun işləməsi üçün gərək sahibkarlar humanistlik edib onlara iş versinlər.

BİZNESMENDƏN HUMANİSTLİK GÖZLƏMƏK DÜZ DEYİL

Sahib Məmmədov
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə hesab edir ki, bu məsələdə biznesmenlərdən humanistlik gözləmək düzgün deyil. Bunun əvəzinə mövcud qanunların işləmə mexanizmini qurmaq lazımdır:

“Gərək yeni açılan iş yerlərində əlillər üçün zəruri infrastrukturun olmasına dair tələb irəli sürülsün. Binada pandus yoxdursa, xüsusi lift qoyulmayıbsa, 18-ci mərtəbədəki ofisə əlil necə gedib-gələcək?”.

ÜNVANLI YARDIMLARIN 70 FAİZİ ÜNVANINA ÇATMIR

Sahib Məmmədovun rəhbərlik etdiyi təşkilat yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə dövlət proqramının ünvanlı yardımla bağlı hissəsinin monitorinqini aparıb. Onun dediyinə görə, orada ürək açan bir şey tapılmayıb.

S.Məmmədovun iddiasına görə, Azərbaycanda paylanılan ünvanlı yardımların 70 faizi ünvanına çatmır. Bu məsələni araşdıran hüquq müdafiəçisi təklif edib ki, ünvanlı yardım alanların siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin veb-səhifəsində yerləşdirilsin:

“Amma nazir deyir ki, bu, insanların şəxsi həyatına müdaxilə etmək deməkdir. Əslində isə bu, ictimai vəsaitdir, bizim vergilərdən ödənilir. Belə olsa, həyətində 5 dənə JEEP-i olan adam daha ünvanlı yardım almaz. Bunun qarşısının alınmasının mexanizmi olmalıdır. Bu məsələlər tənzimlənməsə, yoxsulluğun azaldılmasından söhbət getməyəcək. Hadı müəllim düz deyir, büdcədən nə lazımdırsa ayrılır. Amma elə etmək lazımdır ki o pullar ünvanına gedib çatsın”.

Sahib Məmmədov hesab edir ki, hökumət məşğulluğun artırılması ilə bağlı dövlət strategiyasına dəyişiklik etməlidir. Yəni, yalnız yeni iş yerlərinin açılması yox, insanların qısa müddətli təhsil alıb peşə profilinin dəyişməsinə önəm vermək lazımdır.
XS
SM
MD
LG