Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:38

ƏLABBAS "Küçə" (Hekayə)


Əlabbas
Əlabbas
Onu hər gün həyətdə görürdü. Qadın xəcalətindən heç başını da qaldıra bilmirdi.

İndi altıncı mərtəbədə, düz qapının ağzında onunla üzbəsurət dayanmışdı. Həmişəki kimi məhzun görkəmi vardı.

Ev yiyəsini astanada görən kimi satmağa gətirdiklərini tərifləməyə başladı.

-Bilirsiniz... mən bu günlərdə köçəcəm,-öz aləmində, guya, heç nə almamağının səbəbini izah etdi və qadının təbəssümünü cavabsız qoymadığından da çox, əksər günlər həyətdən gələn səsinə oyanıb qarasınca deyindiyi bu adamın qapıdan narazı getməməyinə sevindi.

Divarın o biri üzündə kimsə pianoda tək barmaqla yenə hansısa zəhlətökən bir mahnını dınqıldadır, həmişə də eyni yerdə ilişib, yenidən çalmağa başlayırdı.

Sanki naşı çalğıçıya kiminsə əsəblərilə oynamaq üçün göstəriş-zad verilmişdi. Bu, az zəhlə tökürmüş kimi andır çiskin də bir yandan...

Nə yağan kimi yağır, nə də kəsirdi. Səhər ertədən başlayan külək - bu gün o, yuxudan elə bu səsə qalxmışdı - əməlli-başlı at oynadırdı.

Tərslikdən nahara yaxın işıq da söndü.

Yarıqaranlıq otaq bumbuz idi. Hər dəfə o özünə söz verirdi ki, sağlıq olsun, bir gün vaxtı olanda qapı-pəncərənin yırtıq-deşiyinə gərək əməlli-başlı əl gəzdirə.

Yoxsa keçən ilki kimi? Elə səhlənkarlıq elədi ki, bütün qışı xəstəlikdən göz aça bilmədi. Daha bəsdir canla cavanlıq elədiyi, günü-gündən geri gedir.

Amma o var ki, bəzən havaların xoş keçməsi də bəhanəyə çevrilirdi.

Axmaq kimi zəhrimar tənbəllik də əksər şeylərdə olduğu kimi, elə bu işdə də əl-qolunun kəndiri idi.

Əslində hələ bir həftə əvvəl qonşu apteklərə baş çəkib pambıq tapmayanda yaxşı bilirdi ki, şəhərə olduğu kimi elə bu işə də qar yağacaq.

Xasiyyəti idi, heç vaxt uzaqdan bir şey alıb gətirməzdi. Bazarlığı da evin yan-yörəsindən eləyirdi.

Durub, tutalım, lap vacib olan balaca bir şey üçün bir də gedib şəhərin o başına çıxa - belə şey eləyən deyildi.

Bir yerdən bir şey tapmırdısa, elə bilirdi, o şeydən heç harda yoxdur.

Deməli, yoxdu ki, satışa verilməyib, yoxsa nə matah şeydi, gizlədib əlaltdan xırıd eləsinlər?

İndi də bəhanəsi ayrı şey idi: nə bilir axı elə günü bu gün gəlib mitilini bayıra atmayacaqlar?

Onda o da acı-acı təəssüflənəcək ki, kaş elə dərd qapı-pəncərənin dərdi olaydı. Aydın məsələdir ki, gələn oğul da elə-belə gəlməyəcək, top-tüfənglə gələcək:

-Bilirsən nə var, qardaş, yığ şələ-şüləni, hörmət qoyanda adamın çiyninə çıxmazlar. Səni məndən xahiş elədilər, mən də adam bilib, evi verdim. Yaxşı oğlansan, öz payına. Mənim sənə indiki halda hörmətim o olar ki, uzağı bir həftə də möhlət verim. Bilərsən-bilməzsən, daha bu sənin öz işindi. Onun da dərdini mən çəkən deyiləm ki? Özün də hara gedirsən get, bundan ucuz ev tapsan, gəl tüpür üzümə. Dostun deyir, səndə təzə dərd tapıblar, olub-qalanını yığıb vermisən dava-dərmana. Mənim günahım var ki, sən xəstəsən? Var mənim günahım? Vallah-billah, dostundan keçəmmirəm. Mənim yerimə ayrı biri olsaydı, sənnən başqa cür danışardı. Adam adama borclu qalar bir ay, iki ay, daha beş ay yox ki! Beş ay, yarım il deməkdi. Özü də məni yandıran odu ki, deyillər, şairsən, məqalə-zad yazırsan. Nə məqaləbazlıqdı, ə?! Bu millətin başını sizin elə o məqalələriniz xarab eləmədimi? Get özünə iş-peşə tap, pul-para qazan. Xalq qarnının hayındadı, nə görmüsən bu dəftər-kitabda? Bəlkə də, eşitmiş olarsan, o irəli qonşumuzda bir ər-arvad acından ölüb. Heç bilirsən, gündə nə qədər acından ölən var ölkədə? Hökumət açıb-ağarda bilmir, çünki qorxur, biabırçılıqdan qorxur. Bilir-sən də, beynəlxalq aləm-filan, nə bilim nə... Biri elə sən özün, eşitmişdin burdan-bura? Görürsən ki! Bundan yaz e! Yoxsa bağ belə, bostan belə. Nə olsun? Bəlkə, səhv deyirəm? Getdi sənin o şerinin zamanı! Sən öz canın, gəl bir küçəyə tamaşa elə, gör yağış təpəsinə döyə-döyə camaat nə oyunlardan çıxır? Nədi-nədi axşam balasına bir tikə çörək apara bilsin. Yaşayış budu, qardaş! Millət hamı küçələrdədi. Adam adama deyər: səni görüm küçələrdə qalasan. Qaldı bu xalq küçələrdə.

Ola bilsin bir az hissə qapılır o; bu sazaqlı gündə heç iti də qapıdan qovmazlar. Axı hardan ağlına gəlib bu səfeh fikir?

Kimdi onu evdən qovan? İnsanlıq harda qaldı bəs? Guya, bilmirlər ki, o, fırıldaq adam deyil?

Ondan-bundan minnət götürməkdənsə, imkanı olsa, gedib elə başına çarə qılar, daha kələk niyə gəlir?

Yoxun üzü qara olsun, zəhrimardan elə hamı bezardı.

İşıq kəsildiyindən beş-altı tramvay ard-arda elə dayanmışdı ki, elə bil nümunəvi qocalar nəyəsə növbə tutmuşdular.

Təsadüfə bir bax, özü də düz ərzaq mağazasının qarşısında.

Belə münasib bir oxşarlıq tapdığına ürəyində sevindi, bunu mütləq təzə əsərinə salacağını qət elədi və fikrin təzəliyindən elə bil cana gələn kimi oldu.

Durdu ki, gedib çaydanın altını yandırsın, yadına düşəndə ki, səhər obaşdan qaz da gəlmir, əhvalı yenidən korlandı.

Qapı döyüləndə ani olaraq fikrindən keçdi ki, yeganə yolu var: əgər gələn ev yiyəsidirsə, onu mütləq qabaqlamaq lazımdır: dərman üçün ona pul verərmi, ya yox?!

Belə olsa, aydın məsələdir ki, heç kirayə haqqında söhbətə qayıtmazlar da.

Üstəlik o bunun dərman üçün alındığını bilsə, heç özünün də üzü gəlməz borc söhbətini eləməyə. Hərçənd o gələnin ev yiyəsi olduğuna da inanmırdı.

Hər kim idisə qapının zəngini basmağa ürək eləməmişdi.

Həmişə belədi: üzün gəlmirsə, hər şeyi ehtiyatla eləyirsən, hərəkətlərini ölçüb-biçirsən ki, qəlbə toxunmayasan.

Halbuki bu zənglə bu qapını hər gün azı on dəfə açdırırlar: qaz idarəsindən gələn, işıqçı, dost-tanış, qonşular, usta...

-Seyidəm, bəxtə baxıram! Gələcəkdən xəbər verirəm,-deyənin yanında başqa bir arvad da var idi.

-İşıq yanacaq?-soruşdu və bu sualı vaxtında tapıb verə bilməyinə məmnun-məmnun gülümsündü.

-Görürəm, yaxşı oğlana oxşayırsan,-seyid icazə gözləmədən içəri dürtülmək istədi.

-Onda pulsuz,-o, şərt qoydu və qapını azca sıxdı ki, qonaq içəri girməyə tələsməsin. Bu sözü eşidən bəxtəbaxan utanıb-qızarmadan dedi:

-Ə, arvad arvaddı, heç o da öz əriynən pulsuz yatmır, sən nədən dəm vurursan?

-Heç sözüm yoxdu sənə,-ev yiyəsi təəssüflə başını buladı,-barı adını seyid qoyub, eli özünə güldürmə!

-Ə, yeri ə, yeri! Pulu yoxdu, adını da kişi qoyub!-həm bu qəmişdən üzülüşməkləri üçün əllərinə girəvə düşmüşdü, həm də qulağı eşidə-eşidə kişiliyinə lağ eləyib ürəklərini soyudurdular. Bundan ləzzətli şey? İşin düzəlməyib, daha qanın niyə qaralsın? Hərif-zadsan bəyəm?!

Evi qızdıra bilməməyi cəhənnəm, qaz yansa idi, heç olmasa qaynadıb bir qaşıq isti su içərdi.

Mətbəxdə oturub işləməyi xoşlamasa da, bu saat bu balaca yerin istisi ayrı aləm olardı, hələ şama hazırlamağa - cibdə siçanlar oynaşanda, adətən yuxudan elə qalxardı ki, səhərlə naharı bir eləsin - bir şey tapsaydı, lap əntiqə.

İndi lap yəqini idi ki, nə üçün çıxmasa da, axşama yandırmağa şam almaq və bir qaşıq isti yemək üçün mütləq evdən çıxmalıdır.

Birdən orda da işıq olmasa, onda necə? Çünki hər şeydən göründüyü kimi, bütün şəhərin işıqları sönmüşdü.

Heç trolleybuslar da gözə dəymirdi. Hələ olsun metro da işləmir.

Nədənsə belə vaxtlar həmişə elə bilirdi, həyat dayanıb, dünyanın axırı gəlib çatıb, sondu artıq.

Birdən-birə indidən axşamın fikrini eləməyə başladı.

Zülməti, soyuğu, canının ağrısını düşünəndə qəfildən bütün vücudunu soyuq tər basdı, elə bil bədənində qarışqa rizəsi gəzdi.

Bu hal təqribən yarım dəqiqə çəkdi.

Sonra da özünü danlamağa başladı ki, niyə axı həmişə işin özünə ziyan eləyən tərəfini fikirləşir?

Nəyə görə ümid bağladığı nə varsa hamısı birdəfəlik puça çıxmalıdır? Nə olub axı metroya? İşıqdı, sönüb, yanacaq. Bəyəm az olub belə şey?

Yəqin, bu camaatın halına acıyan da var, ola bilməz ki, bu boyda şəhərdə hamı vicdanını itirmiş olsun.

Həlbət, bir qeyrətli oğul tapılıb, axırı, milləti qurtaracaq bu zülmətdən. Özü də nəyə görə hamının əvəzinə o fikirləşməlidi?

Yəni belə ağıllı çıxıb? Hərgah bu cür millət qədri biləndisə, kimi gözləyir? Niyə buyurmur yuxarı başa?

Xatircəm olsun, hərə öz işini, nəyi necə eləməli olduğunu ondan min pay yaxşı bilir. Adama deməzlərmi, o bildiyin dərmandan öz başına niyə çəkmirsən, ay yazıq?!

Canın xəstə, ev-eşiyin yox, acından günorta durursan, get öz başının hayına qal. Hamı sənin fikrini eləyir, sən kimin fikrini eləyirsən?

Elə düz deyirlər, onun xəstəliyi kasıb xəstəliyidi. Qəpik-quruşu olanda çox da belə şeylərin kəfinə getmir.

Fikirləşməyinə fikirləşir, götür-qoy eləyir, baş sındırır, amma daha belə yox.

Onda azar-bezar da tez unudulur, kef də əlüstü düzəlir, özünə inamı artır, dost-aşnaya qoşulub xeyrə-şərə gedib-gəldiyi günlər də olur. Bunun səbəbini onunla izah eləyiblər ki, guya, hamısı həssaslıqdandı.

Mədə xəstələri dünyanın ən həssas və əsəbi adamlarıdı, elə bilirlər, hamının dərdi onlara qalıb.

Bunu elə deyilən vaxtdan qulağında sırğa eləmiş, öz aləmində səbəbin səbəbini də özü tapmışdı: əgər günü günə satmayıb, vaxtında evlənsəydi, niyə belə şeylərin dərdini çəkirdi?

Yoxsa o nə bilirdi mədə ağrısı nədi, öd kisəsinin iltihabı necə olur?

Vaxt vardı heç böyrəyinin harda olduğunu bilmirdi, amma indi nəinki böyrəyinin yerini, hələ üstəlik onda daş da olduğunu bilir.

Duzlaşma dediyin cəhənnəm, bu prostat vəzilərin söhbəti hardan çıxdı bəs?

Nə biləsən, bəlkə də, gözünün odunu elə həkim özü almışdı, yoxsa nəyi vardı axı onun? Şükür allaha, daş yeyib, qum çezirdi...

Əvvəla, elə onun özünün adamlığı çatsaydı, sözü birbaşa üzə deməzdi, ikinciyə də qalanda, dərdini demişdi, yaxşı oğlan idisə, elə dərmanını da eləyərdi.

Yoxsa nə var deməyə ki, bu cür xəstəliklə dünyanın ən gözəl qadınını gətirib özünə arvad eləsən də, xeyri yoxdu.

Hamıdan fərqli olaraq arvadı sən özünə olsa-olsa qulaq yoldaşı ala bilərsən.

Beləsindən nə ağıl umasan axı? Elə danışır, elə bil adama muştuluq xəbəri verir.

Bəlkə, heç o da qınamalı deyil, düz sözü, açıq söhbəti sevən adamdı, istəyir ki, vəziyyətin nə qədər ciddi olduğunu xəstə özü başa düşsün.

Məgər həkim təqsirkardır ki, o, səfehdi, uşaq kimi hər deyilənə inanır?

Ona, ümumiyyətlə, həmin xəstəliyin törətdiyi fəsadları söyləyiblər, o isə hər şeyi öz payına çıxır, sarsılır, ruhdan düşür, fikirləşir ki, bəli, bu da bütün səfeh adamlar kimi hər şeyi "bu gün-səhər"ə salmağın axır nəticəsi.

Halbuki taleyi ayrı cür də gətirə bilərdi, onunku isə xəstəliklə mübarizəyə həsr olunub.

İndi də oturub acı-acı təəssüflənir ki, niyə axı dünyanın düz vaxtında bir halal südəmmişini tapmadı ki, cana da adam kimi qulluq eləsin?

Guya, o vaxt bilmirdi ki, onun imkanları ilə nəinki beş-on ilə, heç ömrün axırınacan da ideal şərait yaratmaq mümkün deyil?

Ya, bəlkə, ailə quranda dünyanın yarıdan çoxunun ev-eşiyi olmadığını bilmirdi?!

Bəyəm hər kitab yazan ev-eşik yiyəsi olur?

Gərək səfeh olasan ki, gözün görə-görə cavanlığını dolanışığa, evsizliyə görə puç edəsən...

Hər şey üçün ümid bağladığın bu yazı-pozu elminə heç əmin-amanlıq dövründə qiymət verən yox idi, qalmışdı indi ola...

Hardadı o sadiq gözəl, vəfalı qadın ki, qırx yaşda sənin sənətinə, insanlığına aşiq ola? İndi hamı elə bəri başdan rahat yer, xoş güzəran axtarır.

Niyə də axtarmasın, axmaq-zad deyil ki, şirin xəyallara, boş vədlərə aldana. Boş ciblə çox elə lazımdı sənin sənətin.

Boş cibdən boş baş yaxşıdı. Sən elə o fikrində qal ki, evlənməməyinlə kimisə xoşbəxt eləmisən...

Həyatda ən böyük xidmətin elə bu olub.

-Əmi, çörəkpulu istəyirəm!

Qapını döyən diligödək adam idi; sanki qapı döymür, divarda qarışqa öldürürdülər. Açdı və necə düşünmüşdüsə, eləcə də oldu: uşaq və əli qoynunda bir-iki addım o yanda dayanan anası...

-Atam yoxdu, əmi! - uşağın nə istədiyini elə miskin görkəmi dil açıb deyirdi.

-Sənin adın nədi?-pulu uşağın cibinə qoya-qoya soruşdu ki, həmin andasa o, xəcalət çəkməsin,-ay səni, şeytan...

Uşaq cavab vermədən anasına tərəf, anası isə çıxışa doğru yönəldi.

Palto əynində, siqaret damağında pəncərə önündə dayanmışdı. Köhnə tanışlar həmişəki kimi iş başında idilər.

Sanardın ki, bu küçə onların baş girələmək yox, elə daimi iş yeridir.

İdarədə olduğu kimi burda da hamının öz yeri var, kənar adamlar bura icazəsiz gələ bilməzlər.

O bura ilə hər gün də olmasa, günaşırı çörək, göy-göyərti, siqaret, diş fırçası, ülgüc, üz sabunu, qələm və digər xırım-xırda şey-şüy almağa gedib-gəlir.

Bu küçənin əksəriyyətini üzdən tanıdığı işçiləri onu görən kimi heç yaxına gəlməyə imkan verməyib elə uzaqdanca səsləyirlər:

-Ooo, xoş gördük! Xalqımın şair oğluna eşq olsun!-xoş-beşdən sonra isə deyirlər,-bir bizdən yazmadın da! Bir yol oturaq, həyatımı danışam, tüklərin biz-biz durar.

O heç kimi inandıra bilmir ki, şair deyil, bu nə sözdü axı düşüb dillərinə, uzaqdan qışqırıb onun-bunun yanında adama xəcalət verirlər.

-Noolub, şair adam döyülmü, ə?! Özün də bizi aldadıb eləmə, şəklini qəzetdə özüm görmüşəm, - bir dəfə hansı səfehsə ərkqarışıq istehza ilə ona elə-belə də dedi.

O isə bu darqafa adama nəyisə izah etməyi şəninə sığışdırmadı. Amma qırımını necə gördülərsə, odu-budu bu söhbəti yığışdırıblar, elə onu salamlamaqla kifayətlənirlər və hörmət əlaməti olaraq astadan da olsa, hər dəfə soruşurlar ki, şairə nə qulluq eləsinlər?

Köhnə tanışların işləri bu gün fənadı.

Həmişəki qayda ilə səkidə özləri üçün münasib yer düzəldib mallarını dəqiqədəbir sahmana salsalar da, külək elə bil onlarla bəhsə girib, hər şeyi onlar edənin tərsinə eləyir, göz açmağa aman vermir.

Sonra əlişallaqlılar özlərini yetirirlər.

Bilmək olmur ki, qayda-qanun yaratmaqda külək onlara kömək eləyir, ya aranı qatıb çaxnaşma yaratmaqda onlar küləyə?

Amma o dəqiqdi ki, küləkdən fərqli olaraq onları yola gətirmək həmişə asandı, çünki əvvəllər olduğu kimi daha heç xəlvətə-zada keçmək də yoxdu.

O əvvəllər idi ki, xəcalət çəkir, abır-həya saxlayırdılar, indi isə hamının işi əzbərdi, gündə iki dəfə - bir səhər-səhər, bir də günortadan sonra, yəni növbə dəyişiləndə - onları səkinin o başında görən kimi bu başda əllər cibə gedir.

Axır, küçəyə tamaşa eləməkdən də bezdi.

Ona elə gəlirdi, neçə illərdi bu evdə adam özünü küçədə necə hiss eləyərsə, elə o cürə yaşayır, ömrü-günü küçələrdə keçənlərlə onun elə bir fərqi yoxdu.

Bir vaxtlar sevimli əyləncəsi, indi isə cansıxıcı məşğuliyyətdən savayı, heç nə olmayan makinanın arxasında oturmuşdu.

Bu ona indi təkcə dərd-qəm unutmaq yox, həm də əməlli-başlı vaxt öldürmək üçün gərək idi.

Vaxt öldürmək! Görəsən, onu kim deyib ki, insan anadan olan gündən ölməklə məşğuldur. Əcəb sözdü.

Elə o özü də çox-çox qabaqlar ömrün-günün qədrini bilən idi, boş-boşuna itirdiyi vaxt üçün həmişə acıyırdı.

Kef kök, can sağlam, bu dünyadan niyə də kam ala-ala yaşamayasan?

Məgər bunun üçün nə vaxtsa əlavə bir ömür də veriləcəkdi ki, ümid bağlayıb ona arxayın olsun? Bilirdi ki, elə şeylər var, eləsə yalnız indi eləyə bilər, eləməsə heç vaxt...

İndi isə ötən hər dəqiqənin, hər saatın ömürdən-gündən getdiyini bilə-bilə zərrəcə də olsun təəssüflənmirdi. Guya, elə-belə də olmalı idi. Təəssüf!...

Hansı gözəl gün, şirin an üçün? Sanki belə hal heç vaxt olmamışdı.

Olur axı hərdən: həyat bəzən o qədər bihudə və mənasız keçir ki, hətta vaxtilə yaşadığın ən gözəl günlər də bircə anda yaddan çıxır.

İndi də: o, uzun illər əlbəyaxa olduğu taleyi ilə barışıb oturmuşdu, demək olar ki, heç nəyin arzusunda deyildi, heç nə istəmir, heç nəyə can atmırdı.

Onunçün həyat sanki çoxdan başa çatmışdı.

Toxunanda min yerdən cırıldayan köhnə dəyirmi stola, divardakı solğun, sallaq kağızlara, sınıq-salxaq kitab şkafına, onu təngə gətirən mənzərələrə baxıb key-key düşünürdü ki, görəsən, elə bir möcüzə baş verərmi, bütün bunlardan can qurtarsın?

Lap müvəqqəti də olsa...

Təki qurtarsın... Belə-belə necə oldusa, onun ağlına əntiqə bir fikir gəldi: özünü niyə dağa-daşa salır axı, borcunun əvəzinə televizoru peşkəş edər, vəssalam.

Onsuz da Bakının verilişlərinə baxmır, guya, Moskvaya, ya o birilərinə baxmasa nə olacaq? Onsuz da hamısı əsəb mənbəyidi.

Şükür-əlhəmdülüllah, indi camaat elə xəbərlər tapıb danışır ki, televizor onu bir həftədən sonra deyə, ya deməyə.

Nə televizorbazlıqdı axı? Dəfələrlə şahidi olmuşdu ki, ən gözəl fikirlər ağlına ən çıxılmaz anlarda gəlir.

Belə vaxtlar bəzən hətta onda xatircəmlik də yaranırdı ki, boş-boş şeylər üçün özünü çox da yormağına dəyməz, onsuz da son məqamda ağıllı bir şey fikirləşib tapacaq.

İndi çalışırdı ayrı şey barədə düşünməsin ki, ağlına qəfil gələn bu fikirdən daha çox ləzzət ala bilsin.

Sükutdan qulaq dəlindiyinə görə makinanın səsi ilə elə bil boşluğu güllələyirdilər.

O, aldığı ləzzətdən elə vəcdə gəldi ki, səhifənin kənarını qələmlə qaraladı: naşı döyüşçünün atdığı güllə, nədənsə dəyməyir heç vaxt hədəfə...

Əntiqə! Bəyənilsin! Birdən o desə, razıyam, amma bir şərtlə: sat, pulunu ver, yaxud səbəbsiz-filansız heç istəməsə, onda necə?!

Ağlına qəfil gələn fikirdən necə sevinmişdisə, eləcə də pəcmürdə oldu. Kimdi axı onun Nuh əyyamından qalan bu mütrüfünə yiyə duran?

Hardan bilir ki, ondan-bundan eşitdiyi o qət təzə xəbərləri televizorsuz-filansız elə o da eşitmir?

Bəyəm bu şəhərdə yaşamır, ya ayrı planetdən-zaddan gəlib?

Özü də hərgah yaxşı oğlandısa, özü üçün əsəb mənbəyi bildiyi şeyi başqasına niyə sırıyır?

Bu da onun yaxşılıqlarının əvəzidi?! Necə adam olduğu elə burdan bilinir. Qələm əhli olanda nə olar?!

Hərdən ona elə gəlirdi ki, xəcalət hissi necə bıçaq bir şeyi kəsər, eləcə adamın ömrünü kəsir. Əgər bu, gerçəkdən də, belə idisə, indi də ona oxşar bir şey oldu...

Naşı çalğıçı qısa fasilədən sonra divarın o biri üzündə tək barmaqla yenə də od eləyirdi.

Həmişə də ilişdiyi yerdən yox, lap əvvəldən başlayır və ordan o tərəfə keçə bilmirdi.

O da fikirləşə-fikirləşə qalmışdı ki, görəsən, səhər ertədən əsəblərini acıqlı pişik kimi cırmaqlayan pianonun səsidir, yoxsa eyni melodiyanın dönə-dönə təkrarlanmağı?!

Kim bilir, bəlkə də, heç biri: hətta bəzən xoş olan yeknəsəqlik də adamı usandırır.

Kefi kök olsa idi, şübhə yox, onda o səsdə ayrı mənalar axtarar, gözəllik arayardı.

Tərslikdən çöldəki yağmurlu hava da, divarın o biri üzündən süzülüb gələn o zəhlətökən melodiya da, otağın bumbuz səssizliyi də onun əhval-ruhiyyəsinə adam-adama oxşayan kimi oxşayırdı, yoxsa ona nə düşmüşdü bu bomboş otaqda dəyəri qızılla hesablanan vaxtını və ömrünü makina ilə yelə versin.

Dünyanın yüzlərcə dərdi-odu kimi indi onunçün ömür də puç bir şey idi və bu, bir günün, beş günün yox, allah bilir, neçə illərin söhbəti idi...

Külək əsmirdi, elə bil bütün günü asıb-kəsən bir adam, axır ki, yorulub, toxtayıb, dayanmışdı. Əvəzində əvvəlcə təkbir-təkbir qar atdı, sonra get-gedə yağış gücləndi.

Gün başa çatsa da, küçədə işləyənlər başlarına sellofan kisə keçirib əcaib görkəmdə ayaqlarının birini götürüb o birini qoya-qoya işlərilə məşğul idilər.

Bu arada - hava getdikcə qaralırdı - qapının zəngi çalındı, sonra aramsız olaraq onu yumruqla döyəcləməyə başladılar.

Kimsə də orda əsəbi halda deyinirdi. Səsi tanıyan kimi onu xəcalət təri basdığını hiss elədi.

Xeyli vaxt idi ki, hər dəfə qapının bu cür döyülməyini eşitdikcə ömrü yay gecəsi kimi hiss olunmadan günü-gündən gödəlirdi.

Sonra qapıya açar salıb çaqqıldatdılar, ardınca yenə zəng dilə gəldi.

Yumruq səsləri elə gurlayırdı ki, elə bil haqq-nahaq qapını sındırmaq istəyirdilər.

Naşı çalğıçı isə heç nəyə məhəl qoymadan divarın o biri üzündən bu səslərə sənətkarlıqla züy tuturdu...

mart, 1999
XS
SM
MD
LG