Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:57

Xülya Sabirli. Şeytanla görüş...


(Etüdlər)

SEÇİM


Erkən oyandı. Bu gün çox vacib bir işi var idi.

Həyatdaki rolunu almağa gedəcəkdi. O, cibindəki pulun miqdarını nəzərdən keçirtdi.

Istədiyi obrazı satın almaq üçün kifayət qədər pulu var idi.

Nəhayət, personajların satışa qoyulduğu ucsuz-bucaqsız mağazaya gəlib çatdı. Hər bir alıcıya xüsusi diqqətlə yanaşan nəzakətli satıcı ona yaxınlaşdı:

- Buyurun! Necə bir obraz axtarırsınız?

- Hansı seçimləriniz var?

-Seçimlərimiz boldur. Əminəm ki, bu gün burdan razı halda çıxacaqsınız. Gəlin sizi personajlarımızla tanış edim.

Onlar birlikdə muzeyə bənzəyən böyük mağazada addımlamağa başladılar:

- Baxın, bu obraz necədir? Iki sevgilini ayırmağa çalışan qəzəbli aşiq!

- Xeyr, mənim Romeo olan vaxtım daha keçib. Başqa?

- Aydındı. Bəs bütün həyatını oğluna, ailəsinə həsr edən vəfalı ata necə?

- Heç kəs bütün ömrə dəyməz! Başqa?

- Hm.. Sözsüz ki, elədir. Bəs dahi bir filosof, elm adamı?

- Yox!

- Məşhur bir müğənni, ulduz?

- Yox! Axı şöhrət keçicidir!

- Pulunu sayıb qurtara bilməyən milyonçu necə?

- Bilirəm ki, milyonçunun da milyonlarını saymaqdan daha vacib milyon dərdi var. Sonra?

Satıcı daxilində getdikcə artan əsəbini yalançı bir təbəssümün ardınla gizlətməyə çalışaraq dedi:

- Siz nə yaman kaprizlisiniz! Onda sadə bir şair olun. İstedadlı, çılğın və romantik! Nə aşıb-daşan pulu var, nə də yanıb-sönən şöhrəti.

- Yox! Mən ömrümü kağız-kuğuza sərf edə bilmərəm! Bir də ki, axı şairləri hər adam başa düşmür, hörmət eləmir.

Satıcı artıq əsəbini gizlətmək üçün bir o qədər də özünü yormurdu:

- Onda azğın bir qatil obrazı əsl siz istəyəndir!

- Onların da hörməti yoxdur. Qatillərdən hər kəs qorxur. Həm də ki, heç kimdən qorxmayan şəxs hamının qorxduğu şəxsdən daha güclüdür!

- Bəs onda şəhid obrazı necə? O ki heç kimdən qorxmur!

- Yox! Öləndən sonra quru hörməti neyləyim? Bir halda ki uğrunda ölməyimin vətənimə xeyri dəyib-dəymədiyini belə bilməyəcəyəm, onda nəyə görə ölüm?

Satıcı bu dəfə yarı qəzəb, yarı kinayə ilə soruşdu:

- Tərkidünya həyat tərzi necə? Məncə, artıq buna “yox” deməzsiniz!

- Bu da mənlik deyil. Həyatı dərk etmək üçün həyatdan təcrid olunmaq yox, onun tam mərkəzində olmaq lazımdır. Bir də ki həyatı dərk etmək cəhdi onu puç etməkdən başqa bir şey deyil.

Artıq alıcının heç nə almayacağını anladığına görə səbirsizləşən satıcı son dəfə cəhd edib soruşdu:

- Bütün qadınların xoşuna gələn Don Juan olmaq istəməzsiniz?

Bill yenə də onun kinayəsini qulaqardına vurdu:

- Bu, mənə şəxsi eqomu təmin etməkdən başqa heç nə qazandırmayacaq ki...

Bu cavab satıcının səbir kasasını daşdıran son damla oldu:

- Axı siz necə bir obraz istəyirsiniz?! Həkim, müəllim, fəhlə, şair, sürücü, balıqçı, prezident, şəhid, qatil, qəhrəman, qəssab, cəllad, dəli, ağıllı, çirkin, gözəl, müğənni, bəstəkar, rəssam rəhbər yoxsa kölə? Az qala bütün dünyanı zəbt edən Makedoniyalı İsgəndər yoxsa tənha bir adada yaşamaq uğrunda mübarizə aparan Robinzon Kruzo? Dünyanı dərk etməyə çalışan Sokrat yoxsa onu öz əsərlərinə sığdıran Da Vinçi? Siz kim olmaq istəyirsiniz?

- Heç biri! Mə nə rəhbər, nə də kölə olmaq fikrindəyəm! Bilirəm ki bu, həyatımın ən önəmli seçimidir. Seçəcəyim obraz həyatımda baş personaj olacaq. Həmin rolun ifaçısı da mən.. Mən baş rolda oynayacağı filmin ssenarisini bəyənməyən şıltaq aktyor kimiyəm. Qatil də olsam, qəhrəman da olsam bu, mənim həyatdaki rolum olacaq. Deməli, mən ən çətin seçim qarşısındayam. Düşünməliyəm! Kim olduğumu və kim olmaq istədiyimi düşünməliyəm. Tezliklə görüşəcəyik! Hələlik!

Qəti addımlarla çıxıb getdi. Amma bir də heç vaxt geri qayıtmadı. O, çox fikirləşdi, amma nə qədər axtarsa da, öz sualına cavab tapa bilmədi.

Və beləcə ölüb getdi. Personajların satışa qoyulduğu həmin mağazaya onun da obrazı “həyatı boyu özünü tapa bilməyən şəxs” kimi daxil oldu.

Bəlkə də nə vaxtsa hansısa bir şəxs onun personajını bəyənib alacaqdı...

Axı insanlar ya bilərəkdən, ya da qeyri-iradi olaraq bir-birlərini təkrarlayırlar!


ŞEYTANLA GÖRÜŞ

Qaranlıq bir dəhlizdə həyəcanla irəliləyirəm..

O qədər qaranlıqdır ki, ayağımın altını belə görə bilmirəm.. Yıxılmamaq üçün əllərimlə divardan tuta-tuta gəzirəm.. İşıq..

Bircə işığa çatsaydım.. Bu lənətə gəlmiş qaranlıqdan işıqlı dünyaya çıxa bilsəydim dünyanın ən xoşbəxt adamı olardım..

“Əgər bu xarabadan xilas olsam, bir də heç vaxt, hətta yatanda belə, işıqları söndürməyəcəm”- deyə özümə söz verirəm..

Elə bu vaxt ayağım büdrəyir və yıxılıram.. Uşaqlıq adətim üzrə dərhal qalxmıram, bir neçə saniyə gözləyirəm..

Uşaq ikən yıxılanda kiminsə əlimdən tutub məni qaldırmasını gözləyərdim..

Amma vaxt keçdikcə anladım ki, yıxılana balta vuran doğurdan da çox olur və mənə uzanan əllərin səmimiyyətinə inanmağı artıq çoxdan tərgitmişəm..

Nə isə.. Ayağa qalxıb birtəhər axsaya-axsaya yoluma davam etdim.. Bəxtimdən dəhliz axıra kimi demək olar ki, düz gedirdi..

O qədər də çox döngə yox idi.. Və nəhayət axıra çatanda nəyəsə ilişib dayandım. Aha! Deyəsən bu qapı idi!

Əlimlə qapının dəstəyini axtararkən qəfildən düz qarşımda mənə zillənən bir cüt göz gördüm! Ani bir instinktlə qışqırdım.. İlahi! Bu ki, əsl şeytan gözləri idi!

Bu laqeyd, soyuq, istehzalı baxışlar ancaq iblisdə ola bilərdi! Hə, bu uzun dəhliz məni şeytana gətiribmiş!

Qorxudan donub qalmışdım.. O da sanki mənim bu halımdan həzz alırmış kimi gözlərini düz gözlərimə dikib gözləyirdi..

Qaçmağa cəhd eləsəm həmin an məni tutardı.. Yəqin ki elə o da bunu istəyirdi..

Mən qaçım, o da qovsun.. Sonra da işgəncə ilə öldürsün məni! Ya da mən ona yalvarım, tabe olum..

Bəlkə də şeytan bu gün mənimlə müqavilə imzalamağa gəlib? Bəlkə Mefistofelesin növbəti Faust-u elə mənəm?

Az qalıb.. İndicə öldürəcək məni! Ayaqlarım tərpənmirdi.. Sanki mənim deyildilər..

Bu bir neçə saniyə ərzində bütün həyatım, bir də izlədiyim bütün qorxu filmləri gözümün önündən gəlib keçdi..

Həmin kinolara baxanda çox vaxt daxilimdəki mazoxizm məni özümü ordaki qatilin, iblisin yerinə qoymağa sövq edərdi..

İndi isə özümü ancaq qurban rolunda görürdüm..

Gözlərimi yumdum və ürəyimdə: “Bunlar hamısı kabusdur.. Pis bir kabus.. İndi 3-ə qədər sayacam..

Gözlərimi açacam və öz isti çarpayımda uzanmış olacam.. 1, 2 vəə... 3!”-deyərək gözlərimi açdım.

Aman Allah! Dəhşət! Şeytan hələ də düz qarşımda dayanıb mənə meydan oxuyur!

Tilovuna düşən balıqlara iştahla baxan balıqçı kimi baxırdı mənə! Bir an belə o iyrənc baxışlarını çəkmirdi gözlərimdən!
Mən daha dözə bilməyib qışqırmağa başladım..

Üzümü sağa-sola çevirərək qışqırır, kömək istəyirdim.. Aaaaa... Bircə dəqiqə..

O da mənimlə eyni anda qışqırır! Bu nə deməkdir ki??? Ona daha da yaxınlaşıb diqqətlə baxdım.. Bu ki güzgü imiş! Deməli mən bayaqdan özüm özümdən qorxurmuşam?!

Dəhşətə gəldim! Şokun təsirindən gülmək belə ağlıma gəlmirdi..

Hələ də hadisənin mahiyyətini tam dərk edə bilməmişdim.. Qaranlıq dəhlizdə gəldiyim yolu geri qayıdır və əsla çevrilib arxamdaki güzgüyə baxmırdım.. Qorxurdum..

Çünki bir şeydən əmin idim: Güzgüdəki doğrudan da şeytan idi, içimdəki şeytan!!!


XƏCALƏT – “XAÇ” ALƏT

Boynuma sevdiyim bir aksesuar olan xaçı taxıb qarışdım insanların içinə. Onların fərqli reaksiyaları ilə elə ilk addımdan rastlaşdım.

Metroda mənə kinayə ilə baxıb pıçıldaшanlar, bilərək çiynimdən itələyib keçənlər kifayət qədərdi.

Mənə yolunu azmış bir adam kimi baxan hicablı bir qız yadımda qaldı. Mən onun gözündə yadplanetli idim yəqin ki.

Metrodan enib şəhərin mərkəzi küçələrinə doğru addımladım.

Dikdaban ayaqqabıları sayəsində ucaboy görünən “farmazonka”ların içində özümü daha da individual hiss edirdim.

Ətrafımdaki insanları müşahidə edərək onları kəşf etmək çoxdanki xobbimdir. Hər dəfə kolleksiyamı zənginləşdirmək üçün insan ovuna çıxanda toruma düşənlər mütləq olur. Bu dəfə də belə oldu.

Məs: Öz gözəl, kök və şirə oxşayan iti ilə ətrafdakıların diqqətini çəkən bir oğlan yadımda qaldı.

Mən onu çöhrəsində məğrur bir təbəssüm yaranan anda gördüm və gülməyim tutdu.

Onun diqqət çəkmək üçün əl atdığı üsul xoşuma gəlmişdi.

Elə bu vaxt it mənə qəzəbli bir baxış atdı. Bunu hiss edən kimi addımlarımı sürətləndirdim.

Az sonra arxamca gələn 2 oğlanın dialoqunu aydın eşidirdim:

-Ala, dayan qoy bir üzünə baxım!

Və o, bunu deyəndən sonra qaршыма keçdi, arsızca üzümə baxıb davam elədi:

-Aaa bu xaçpərəst imiş ki!

-Əşi eybi yox. Qoy biri də xaçpərəst olsun da!

Hə. Kolleksiyam getdikcə daha da qalınlaşırdı. Maraqlıdır ki, demək olar hər kəsdə nə isə bir özünəməxsusluq tapmaq olur.

Deməli, hər bir fərq ayrılıqda dəyərlidir. Pis və ya yaxşı olmasından asılı olmayaraq kolleksiyama daxil olan insanları getdikcə sevməyə başlayıram.

Bəzən məni dəlicə sevən bir adama qarşı aysberq qədər soyuq olur, bəzən isə məni heç saymayanı şüursuzca sevirəm.

Məncə bunu siz də yoxlayın. Məs: Sevmədiyiniz, nifrət etdiyiniz bir adamın körpəliyini təxəyyülünüzdə canlandırın.

Balaca, məsum, şirin bir körpə. Yavaş-yavaş onu sevəcəksiniz.

Ya da onu tabutda xəyal edin. Qəzəbiniz soyuyacaq, yazığınız gələcək və nəhayət sevəcəksiniz. İnanın ki, insanları sevmək onlara nifrət etməkdən daha asandır!

Mən ekskursiyama davam edirdim. Nizaminin heykəlinin altında öpüşən sevgililəri görəndə mənə elə gəldi ki, dahi Nizaminin heykəli əlləri ilə gözlərini örtüb ki, bu mənzərəni görməsin. Yanlarından keçəndə yavaş, lakin eşidilən bir səslə dedim:

-KÜÇƏ PORNOSU!

Qız azca aralanıb soruşdu:

-Что она сказала?

-Ничего.

Və davam elədilər.

Elə bu vaxt yanımdan keçən oğlanların söhbətini eşitdim. Onlardan biri türk, digəri azərbaycanlı idi. Türk azərbaycanlıya:

-Oğlum, Vatan diyorsun, ama verdiniz işte Karabağı! N’aber?

Azərbaycanlı heç nə demirdi. Üzündə pərt və maymaq bir təbəssüm var idi.

-Her şeyi de Türkiyeden beklemeyin, lan! Vatanınıza sahip çıksaydınız!

Silahım olsa bəlkə də o azərbaycanlını vurardım! O, demirdi! Demirdi ki, “Ay qardaş ölkədən gələn qardaş!

Bizim axı daha vacib işlərimiz var! Məs: qız tutmaq kimi, avtoşluq etmək kimi, dədəmizin aylıq maaşına D&G-dan bir şalvar almaq kimi və bahalı brendlərin altında “kitayski” ruhumuzu gizlətmək kimi!

Bizim bəzi qadınlarımızı öz hüquqları yox, necə daha seksual görünüb filankəsin ərini başdan çıxartmaq maraqlandırır! Nə Qarabağ?! Heç Qarabağ yadımıza da düşmür!”.

O, bunları demək əvəzinə “dost”unun qabağında hırıldayıb söhbəti dəyişdi.

Mən irəliləyirdim təkcə dolu küçədə. Saysız-hesabsız ölkələrin olduğu bir dünyada bir ada nə qədər təkdirsə, mən də o qədər tək idim.

Və bir o qədər də azad.

“O”nun tez-tez getdiyi kafenin yanından keçəndə qeyri-iradi ayaq saxladım.

İçəri baxdım. Yox idi. “Bu, artıq məndə instinktə çevrilib”-deyə düşünərək geri qayıdanda ofisiantın mənə baxaraq gülümsədiyini gördüm.

Yəqin artıq məni tanıyırdı. Bəlkə də onun da mənimki kimi bir kolleksiyası var idi və mən də artıq ora daxil edilmişdim.

Surətlə yanından ötdüyüm bir binanın şüşə ilə örtülmüş qapısında öz əksimi görəndə ayaq saxladım. Öz simamdaki aqressiya özümü qorxutdu.

Və birdən elə burdaca öz soyuqluğumdan ürküb qışqıra-qışqıra ağlamaq istədim!

Dəli kimi. Boynumdaki xaç da cırmaqlayırdı bədənimi. ruhumu didirdi.

O an mənə tuşlanan qəribə baxışlardan sıxıldım və anamı istədim. Uşaq vaxtı olduğu kimi onun qucağına qısılıb səssizcə ona tabe olmaq.

-ANAMI İSDİYİRƏƏƏM!!! - deyə qışqırdım içimə doğru.

Təkcə özüm eşitdim.

Uzun qara geyimim və xaç mənə aylar əvvəl bir dostumun qəlbimi qıran xitabını xatırlatdı: “Məryəm. MÜQƏDDƏS MƏRYƏM ANA.” Bu dəfə yenə sığınacaq istədim.

Şahzadəmi çağırmaq və indi də onun güclü qolları arasında qeyb olmaq, qucağında gizlənmək istədim. Yenə də silent-da zəng çaldı səsim:

-SƏNİ İSDİYİRƏM, SEVGİLİMMM!!!

Addımlarım da ağlayırdı sanki. Sürətləndim.

Yenə də qəribə baxışlar. İnsanlar məni əlləri ilə deyil, gözləri ilə boğurdular. İndi də uşaq ikən gördüyüm və heç vaxt unutmadığım bir yuxum yadıma düşdü.

Deməli, yuxumda düşmənlər mən də daxil olmaqla çoxlu insanları əsir almışdılar və onları ağlasığmaz işgəncələrlə öldürürdülər. Onların başçıları isə nəisə bir müsabiqə təyin etmişdi.

Həmin müsabiqənin qalibini mükafat olaraq daha az əzabla-GİLYOTİNlə ölüm gözləyirdi!

İndi mənim də mübarizəm sanki AZADLIQ yox, GİLYOTİN uğrunda gedirdi.

Bu dəfə yenidən çağırmaq istədim. Amma nə anamın, nə də sevgilimin təsəlliləri məni ovuda bilərdi.

Daha güclü bir sığınacaq lazım idi. ALLAHı çağırmaq istədim! Onun sevgisini duymaq arzusu ilə alışıb-yanırdım.

Bu dəfə bağırmadım. Sakitcə pıçıldadım:

-Mən ki sənin mənim üçün qurduğun plana tabeyəm! Amma ƏN QƏDDAR MÜDİRLƏR BELƏ ÇALIŞQAN MƏMURLARIN MAAŞINI ARADABİR ARTIRIRLAR! Bəs mənim sürprizlərim hardadı?!

İnsanlar necə də özlərinə özgədirlər! Mənliklərindən boşanıblar!

Ruhlar yuyulmaqdan rəngi qaçmış köhnə paltarlar kimi yamaq-yamaqdı! Siz nə geyinirsinizsə geyinin, gözləriniz daxili aləminizi soyundurur.

Alaqaranlıqda gəzərkən ayağımın yanındaki quşu görmədim. Qorxutdum. Quşlar. Necə də məsum, ürkək və zavallıdırlar…

Evə gedirdim. Vəssalam. Bu da ekskursiyanın sonu. İnsanlarım hələ vicdan azadlığından və tolerantlıqdan bixəbərdirlər.

Buna görə xəcalət də çəkmirlər.

Xəcalət hissi XAÇ qədər yaddır onlara. XAÇ İSƏ SADƏCƏ ALƏT İDİ. Kolleksiyama olan sevgim məni fərqli-fərqli hiylələrə əl atmağa vadar edir bəzən. Nə edək. Bax, belə! Mən yenə də sizi sevirəm, insanlar!

MƏNƏ NİFRƏT EDƏ BİLƏRSİZ, ARXAMCA DANIŞA, TƏHQİR EDİB DOLAYA, HEÇ SAYMAYA DA BİLƏRSİZ, AMMA NİFRƏTİMİ HEÇ CÜR QAZANA BİLMƏZSİZ!


BAŞLANĞIC VƏ SON

Varlıq, həyat, ölüm, reallıq, şüur, əql... Nədir məna? Həyat şüurla qavranılacaq bir gerçəklikdir, yoxsa emosiyalara xidmət edən ötəri yuxu?

Varlığın var olma prosesi necə baş verib?

Necə olub ki, insanın «mən»i yaranıb? Dünya xaosdanmı törənib? Əvvəl və Son olub, yoxsa gülünc atomistika nəzəriyyəsi vahid reallıqdır?...

Hansı qapını açmaq istəsəm, qovuluram.

Dünyanın yaranışına materialist mövqedən yanaşarkən daxilimdəki «ideal başlanğıc»a olan inam məni idealizmə aparır. Monoteist dinlər məni öz ehkamları ilə qıcıqlandırır.

Politeizmə isə ümumiyyətlə meylim yoxdur.

O var... Bilirəm... O var! «İdeal başlanğıc» və ya «Dünya Ruhu», «Yaradan», yaxud «Allah» - adı önəmli deyil, amma O var! Əminəm... İndi baxır və gülür fikirlərimə bəlkə də...

Dünya yaranandan bəri heç nə dəyişməyib. Nə insanlar, nə də cəmiyyət. Fərziyyələr getdikcə mürəkkəbləşib, amma faktlaşmayıb. Gizlilər daha da dərinə enib, aşkara çıxmayıb...

Varlıq nədir? Var olmaq hüququdurmu? Bu hüquqa nail olmaq üçün nə eləmişik?

Əgər insan əqlinin istifadəsi ehkamlar tərəfindən məhdudlaşdırılacaqdısa, onda bu lənətə gəlmiş şüur bizə nəyə görə verilib?

Dini ehkamlara itaət bilirsiz nəyə bənzəyir? Sanki əlimdə bir alma tutmuşam və mənə deyirlər ki, «yemə!». Axı niyə? Nəyə görə?

Ehkamlara niyə boyun əydiyimin mühakiməsini yürütmək (şüurdan istifadə etmək) o almanı yemək deməkdir.

Yəni doğrudan da mümkündürmü ki, o almanı yeməyim?

Lap tutaq ki, yemədim. Bu nəyə və kimə lazımdır? Sənə yemə deyirlər, yemə. Vəssalam. Soruşsan «niyə», cavab yoxdur.

Qəribədi... Çırpındıqca batıram həyat adlı bataqlıqda. Bir «həqiqət» də yoxdur ki, tuta qolumdan, çıxara bayıra...

Mühakimələrim inkar ya da dəlilik kimi qiymətləndirilir. Bilmirəm. Dəliyəm, ya yox?

Dəlilik əgər ifrata varanların qazandıqları yeganə mükafatdırsa, deməli mənim də aqibətim bəllidir: gec ya da tez dəlilik...

İnsanların mahiyyətinə varmadan etdikləri sadəlövhlüklərdir məni heyrətləndirən. Düşünülmədən itaət olunan qanunlar, qadağalar, ehkamlar...

Əslində hər kəs ona – Yaradıcıya quldur. Kimsə Allahdan əlavə birinə quldusa, deməli, ikiqat quldur.

Zavallı materialist filosoflar! Sizlər şahlıq eşqinə düşübmüşsünüz...

Siz də qulsunuz! Öz yaratdığınız ehkamlara, sığdığınız çərçivələrə qulsunuz!

Lakin həm də Allaha qulsunuz! Şeytana qul olanlara da ikiqat qul olmaq qisməti düşüb.

Əslində məğzinə varılmadan edilən saxta ibadətdənsə, mahiyyətə varılaraq edilən səmimi inkar üstün deyilmi?

Bəs üstünlük qazanmaq ehtiyacı hardan yaranır? Mahiyyəti dərk etmək tələbindən, ya şöhrətpərəstliyə qul olmaq ehtirasından?

Cənnət və cəhənnəm... Son... Ədalətli cəza və mükafat anlayışı... İnsan beyninin əqrəblərinin qopduğu nöqtə...

Axı insan əqlinin dərk edə biləcəyi son ağlasığmaz deyil! Düşünəcəksiniz ki, nəyə görə son məhz ağlasığmaz olmalıdır? Cavab verim:

Yox, bu mütləq deyil. Vacib olan «son»un dünyadaxili proseslərdə ağlasığmaz olmasıdır. Dərk edilən, fəqət ağlasığmaz... Yəni əlçatan olduğu zənn edilən, ancaq əlçatmaz...

Ulduzlar kimi. İnsan onlara baxanda elə gəlir ki, əlini uzatsa, qopara biləcək.

Tezliklə isə bunun şirin xəyal qırıntısı olduğu gerçəkliyi ilə barışır.

Bayaqdan şüurdan istifadənin lüzumluluğundan dəm vuran mən indi tamamilə emosiyalara müraciət edərək inanıram ki, «ilahi ədalət» mövcuddur.

Bəlkə insanlar səhv təhlillərə, ya da sadəlövh həqiqətəbənzərlərə aldanırlar, amma nə vaxtsa, hardasa bizi təəccübləndirəcək və gözlərimizin çərçivələrinə dar gəlməsinə səbəb olacaq bir son olacaq.

«Dinin təqdim etdiyi son təəccübləndirmirsə, səhvdir» demirəm.

Sadəcə, bu mənə məhdud son kimi görünür. Bəlkə də mən dərk eləmirəm...

Məni «son» qədər «başlanğıc» da maraqlandırır.

İlk insandan bugünkünə kimi hər kəs «orta»da doğulub.

Heç kəs nə başlanğıcı, nə də hələ sonu görə bilib. Deməli, onların mövcudluğunu sübutsuz iddia etmək qeyri-mümkündür. Bu heç vaxt fərziyyədən kənara çıxa bilməz.

Əvvəllər mənə filosofluq ən yüksək zirvə kimi görünürdü.

Ancaq indi görürəm ki, filosofluq əslində cavabsız suallara cavab axtarmaqdan – boş kassada pul aramaqdan ibarətdir.

Həyat qavranılmaz gerçəklik, insan da qavranılmaz bir varlıqdır. Faktlar mənim yeganə təsəllimdi.

İnsanın yaradılma səbəbini bilmirəm, amma fakt budur ki, o yaranıb və yaşayır.

Dünyanın sonu haqqında heç nə bilmirəm, amma faktdır ki, insanın cisminin sonu ölümdür...

Əgər insan ölürsə, deməli, dünya da onun üçün sona yetir. O, hisslərlə qavranılacaq bütün fəaliyyətlərdən uzaqlaşır.

Həyat bizim üçün doğum və ölüm arasındakı qısa cığırdan ibarət olduğu halda, dünyanın yaranışı və məhvi arasındakı ucsuz-bucaqsız yolu təhlil etmək bizim imkanlarımıza sığmır.

Biz o yolda cəmi 1-2 addım atmağa qadirik, vəssalam...

...Sonra da Son başlayır...
XS
SM
MD
LG