Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:54

"Son zamanlar ard-arda nəşr edilən nəsr əsərləri içində ən uğurlusu"


Tənqidçi Cavanşir Yusifli bu məqaləsi ilə gənc yazar Kəramət Böyükçölün "Çöl" romanının Azadlıq Radiosunun "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


BÖYÜKÇÖLÜN "ÇÖL" ROMANI

... atlar yüyürdükcə dəyişər çölün mənası...

Roman - təəssüratlardan ələnib obrazlaşan, obrazlardan qəhrəmana, onun yaşantılarının çözümünə, görüb-yaşadıqlarını səpələntili şəkildə təhkiyəyə çevirən forma üzərində qurulub.

Keçən əyyamların tənqidi əsərdə apriori bir şey kimi ideya (ideologiya) axtarırdı, əsərin verdiyi, verə biləcəyi ideyaları axtarmırdı...

Əsərin verdiyi, verə biləcəyi ideyalar mətndən ayrılıb oxucunu, dünyanı... məşğul edir, şüa kimi hər şeyə nüfuz edərək, orada “özünü toxuyur”, daha fərqli ideyaların yaranmasına yardımçı olur və ədəbiyyatın funksiyası da elə budur, onun gerçəkliyi ötüb keçmə inadı oxucu kontekstində olmazın təbəddülatlar yaradır.


"Əvvəla əsərdə qəribə bir sərbəstlik (...adın cızdığı ərazi), yaxşı mənada yüngüllük, saf hava və... bütün bunların şərtləndirdiyi mükəmməl plan var.

Müasir həyatla keçmişin – keçən əyyamların süjet qatında paralel və çarpaz münasibətləri orijinal biçimdə meydana gəlir".

Son zamanlar bizi narahat edən cəhətlərdən biri ədəbi düşüncənin primitivliyi və bunun üzərində prozaik “cıdır yarışı”nın getməsidir.

Düşüncə primitivliyi özünüreklamda, öz matahını bahasına sırımaq istəyində ... ifadə olunur, günün məzmunu az qala tam şəkildə bundan ibarət olduğundan hamı bunu təbii şey kimi qəbul edir (“ədəbi lunatiklik”).

Dəhşətli bir gözlənti – istisnanın olması, bu hay-küyün, müsabiqələrin, ekspert, münsif dəyərləndirmələrin yanında üzü ovcunda oturub susan insana bənzəyir.

Hay-küy nə qədər çox olsa da, hamı əslində dünyanın çox zəif, hiss olunmayan səsdən dağılacağının intizarındadır – məşhur bir romanda – “Kəpənək effekti”ndə olduğu kimi.
Məncə, “Çöl” romanında buna böyük bir cəhd var.

Universitet tələbəsinin inadı – ortaya əsər qoyması və burada bir sıra uğurların olması məni hədsiz sevindirdi və beləcə romanı bir neçə dəfə oxumalı oldum.

Ancaq mən tənqidçiyəm, müəlliflə “dalaşmalıyam”, onun romanda yaza bilmədiyi məqamları göstərməliyəm.

İdeya (“xaos nəzəriyyəsi”ndə) ondan ibarətdir ki, kəpənək qanadları atmosferdə qasırğanın yolunu qəti şəkildə dəyişdirə, yaxud bəzi yerlərdə bu güclü tufanın meydana gəlməsini əngəlləyə bilən dəyişiklik yaradır.

Çırpılan qanad sistemin ilkin şəraitində çox cüzi dəyişikliyə səbəb olur, bu isə hadisələrin geniş masştabda dəyişməsinə gətirib-çıxaran olaylar silsiləsinə təkan verir.

Əvvəlcə ondan başlayaq ki, nəyə görə “Çöl”?

Ona görə yox ki, bu əsərdə tərəkəmə həyatından bəhs edilib, elə şeylər, adlar, sözlər, hadisələr var ki, bir çoxları üçün doğrudan da təzədir.

Və ona görə yox ki, bu həyat, bu yaşam tərzi istəsən də, istəməsən də səndən ayrılıb gedir, bütün bu yaşantıları, biliyi, təcrübəni gələcək nəsillərə ötürmək lazımdır.

Yox... Məncə, ona görə ki, bu dünyada itən şeylərin hamısı əvvəl-axır gəlib ədəbiyyatda, bədii mətndə tapılır, sənin həyatına, ömrünə, etdiyin bütün hərəkətlərə gizli, açıq ... mənalar verir və bəzən bu mənaların mövcudluğuna, lap elə sənin üçün mövcudluğuna heç zaman fikir vermirsən.

Əvvəla əsərdə qəribə bir sərbəstlik (...adın cızdığı ərazi), yaxşı mənada yüngüllük, saf hava və... bütün bunların şərtləndirdiyi mükəmməl plan var.

Müasir həyatla keçmişin – keçən əyyamların süjet qatında paralel və çarpaz münasibətləri orijinal biçimdə meydana gəlir.

Burda “Köç” romanının fraqmentləri və ona qarşı duran, daxildən qaynayan müqavimət mövcuddur.

Bu paralel və çarpaz xətlər bəzən elə sxem olaraq qalır, mətnin bu çevrəsi ümumi havanı bildirən struktur kimi genişləndirir.

Tərəkəmə camaatının xəyalında Koroğlu diridir, hətta dastandakı qəhrəmandan daha canlıdır.

“Çöl” romanındakı Koroğlu karnaval effekti doğurur – gülüşlə gülüş obyektinin arasındakı məsafənin itməsi, indinin hadisələrinin dastandan qopub başqalaşması, qəhrəmanların adi həyata enməsi bəlli keyfiyyət qazanır – həyatın söndüyü məqamda epik qəhrəmanlar dirilir, “bizdən biri olmaqla” millətin başına açılan oyunları sərgiləyir, tamaşaya qoyub bizə göstərir.

Bəzi yerlərdə söz, təsvir o qədər canlıdır ki, onların barmağının altında döyündüyünü hiss edirsən.

Tərəkəmə həyatı elə təsvir edilir ki, elə bil heç nə baş vermir, sadəcə bir neçə mövqedən görmək imkanı qazanırsan. “...amma Tüvşən vecimə deyil. Sanki uşaq kimidir.

Canavar haqqında təsəvvürü belə yoxdur. Elə bil Səkillə bacı-qardaşdı. Hələ bir az da ürəklənib lap Səkilin başının üstündən tullanır.

Deməli qoyunlar balaca vaxtı qanmırlar, böyüdükcə həyatı anlayırlar, canavarı dərk edirlər.

Babam deyir: - canavar həyatı boyu qoyunların yadından çıxmır, təkcə qırxılan zaman xırçıldayan qayçının qorxusu ürəkdə canavarı yaddan çıxarır...” (s.19-20).

Hər şey Koroğlu ilə başlayır. Dastandakı Koroğlu reallıqda, yüz ildən, min ildən sonra özü öz qarşısına çıxır. Dəliləri, Nigar xanımı, səfərləri, durna teli ilə.

Dastanda var olan epik məntiqlə bir oyun qurulur, bu gün, bu günə gedən yol bütün rəngləri və cəhətləri ilə açılır.

Özü də, diqqət yetirin, ən mürəkkəb, ziddiyyətli olaylar primitiv baxış bucağından keçirərək çözüm tapır.

Dastan (Koroğlu) bu icmanın, bu toplumun içinə daxil olana qədər o sadəcə yaşayırdı, Koroğlu (kitab) cəmiyyəti oyadır, şifahi mədəniyyətin, mədəniyyətin bətnindəki şifahilik hadisənin, faktın, baş alıb gedən prosesin içində yeni nəfəs yaradır, danışılan boylar insanların həyatında yeni rakurs yaradır, hamı nəsə etmək, yaxud boydan boylanıb, özünü dünyanın içində görmək istəyir.

Beləcə, dastan insanların ömrü, taleyi qədər uzanır.

Koroğlunu yeni situasiyalarda görmək, qəhrəmanlığının şahidi olmaq, sükuta, səssizliyə dirənmiş ömrə nəfəs vermək, özlərini, xalqı, milləti yaxınlaşan ölümün pəncəsindən qurtarmaq üçündür.

Ancaq müəyyən məqamlarda və əsərin kompozisiyasında ideyanı doğuracaq olaylar adi məişət düşüncəsinin parametrləri ilə təhkiyə obyektinə çevrilir.

Yəni, tərəkəmə camaatının Koroğluya qoşduğu nağıllar ilkin süjet qatıdırsa, bəzən bu qat “səs keçirir”, məzələnməkdən başqa bir şeyə yaramır.

Bu təsadüflərdə bir-birinin dalınca qoşulan və nağıllanan hadisələr insanların bir-birlərinə söylədikləri lətifə mövqeyinə gəlir, belədə mətndə çatışmayan detallar böyük bir boşluq yaradır.

Kəramət Böyükçöl
Halbuki bu detallar yerində olsaydı, əsər daha mükəmməl alına bilərdi.

Ştrixlərdən biri - tərəkəmə camaatı dastana elə əlavələr edir ki, bu günün həyatının real mənzərəsi yaranır. İndiki halında, - sən bu gündəsənsə, qəhrəmanlıqlardan danışan dastan da dəyişməlidir, tərs üzünə.

Dastanın üzündən astarına keçid, romanın əsas kompozisiya məqamıdır, janrın bu məqamda “görünməsi”, bildiklərimizin gözləmədiyimiz yox, gözləmək istəmədiyimiz mənalara dönüşü sürəkli xarakter qazandıqca, janrformalaşdırıcı məqam bütün problemlər, dərd, qayğı, qüssə, insanı ömründən sürgün edən qəhəri... ovuc içində göstərən universal dilə çevrilir.

Bu məqamın funksional səciyyə qazanmaqla, həm dastanın, həm də təqdim edilən mətnin bütün toxumalarını, element və komponentlərini bir nöqtəyə yığır, bu nöqtədən dünya, gerçəklik, tale, ömür, sevgi, vətən borcu, mərdlik, namərdlik... haqqında bir neçə mövqedən fikirlər səsləndirir.

Xarakterlərin, ömürlərin, yalan və həqiqətin, bir sıra digər keyfiyyətlərin ayrı-ayrı bölümlərdə gah paralelləşməsi, gah da oppozisiyada olması janrın deyə biləcəyi sözlərin daha ifadəli səsləmişinə şərait yaradır.

Bütün bu uğurlar müəyyən mənada “ümumi uğurlardır”, yəni, həm də sona qədər əyaniləşməyən məziyyətlərdir.

Kəramət, doğrudan yaxşı haldır ki, hansı nəzəri texnologiyanı, hansısa modern vasitəni o biri üzünə çevirib montaj effekti yaratmır, həyatın gizlinlərini, tərsin düz, düzün tərs tərəflərini öyrənməyə çalışır, sözün, hadisənin, ifadələrin çevrəsinin laylarını göstərməyə səy edir, yəni getdiyi yol düzgündür, ancaq ilk roman bu çətin metodun gerçəkləşməsi baxımından qüsurlarla doludur.

Bunlardan ən qabarıq olanı müəllifin yüyrək şeir dilinin cazibəsindən qurtula bilməməsidir.

İlk baxışdan oxuyursan, nə gözəl yazıb deyirsən, ancaq nəsr fraqmentlərinin şeir kimi verilməsi, daha doğrusu şeirin dili ilə söylənməsi qarşıya qoyulan məqsədin çözülməməsi ilə sonuclanır. Sintaksis janrın, kompozisiya tipinə uyardır, təhkiyə manerası lakonikdir, bir hadisəni uzun-uzadı nağıllamaq lüzumu yerli-dibli yoxdur.

Ancaq bəzən poetik klişelər sadəcə qəlib kimi sınaqdan keçirilir, kitabxanaçı obrazı, onunla bağlı hadisələr süni və qondarma təsir bağışlayır, belə olduğuna görə, təsvir trafaret effekt üstündə köklənib.

Hər iki Saday bəylə əlaqədar olaylar yuxarıda qeyd etdiyimiz kimi, janrın bir funksional sistem kimi göründüyü məqamlardır.

Qaçaqlıq edən Səməd bəy namərdlik edir, dar ayaqda onu heç kəs xilas etmir.

Sadəlövh, dünyanı qəti tanımayan əsgər Saday bəy ayılan kimi əsgərlikdən qaçır və çox təhlükəli məqam yetişir, hərbi maxinasiyaların, şərləmə, satqınlıq, xəyanət yolunu tutan insanlar məngənə ağzına gəlir.

Ancaq, yenə qeyd edirik, plan mənasında doğru və mükəmməl olsa da, işlənmə baxımından xüsusən bu son hadisələr daha güclü əsaslarla araşdırılmalıydı.

Burada bədii məntiq düzdür, bir sıra produktiv ideya vermək gücündədir, ancaq bu güc yetərincə işləmir, çünki, ayrı-ayrı əhvalatlar, süjet keçidləri arasında bağ assosiativdir, bədii məntiqin çoxplanlılığından irəli gəlmir.

Səs polifoniyaya getdiyi yolda qırılır, batır və mətndən doğan ideyaların yox olması ilə nəticələnir.

Fikrimizcə, “Çöl” romanı gənclərin son zamanlar ard-arda nəşr edilən nəsr əsərləri içində ən uğurlusudur və çağdaş nəsrin gələcəyinə böyük ümidlər doğurur.

Həmçinin oxu
Elnarə Tofiqqızı. Əsər - YARADILMAYIB!..
Nərmin Kamal. Tərəkəmə çölünün kitabı
Kəramət Böyükçöl "Çöl" (Romandan parça)
XS
SM
MD
LG