Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:05

Ülviyyə Heydərova "Noutbuk" (Hekayə)


Rüstəm babasının adını daşıdığından ona diqqət bacısıyla müqayisəyəgəlməz dərəcədə çoxuydu.

O, uşaq kimi əzizlənər, səbrsiz olduğu üçün kiçik istəyi bir anda hüzurunda hazır olardı. Amma hərdən istəməsə də arzularına qoşulub gözləmək məcburiyyətində idi.

Artıq bir aydı ki, istəklərindən biri son cərgədə gözləməkdən təngə gələrək özünü irəli çəkib birinci yerə keçmişdi.

Elə o vaxtdan Rüstəmin gecəsi gündüzünə qarışmışdı, özünə yer tapa bilmirdi.

Kəsəsi, o, ad günündə əminliklə noutbuk gözlədiyi halda atasının evə kompüterlə yox, tortla gəldiyini görüb, qəzəbindən dişlərini bir-birinə elə sıxdı ki, az qala onlar yerindən oynayacaqdı.

Söz yox ki, atasının kompüter almaq niyyəti vardı (əlbəttə, o, heç cür oğlunun gecədən səhərə kimi internetklubda atılıb qalmasına razı olmazdı), sadəcə kreditlə götürdüyü maşının ödənişi bitmədiyindən Rüstəmin arzusunu bir ay da gözlətməli olmuşdu.

Nəhayət, bu gün noutbuk gəlintək “xoş qədəmləriylə” evlərinə təşrif buyurdu. Axır ki, Rüstəm kefinə düşəndə küçənin ortasında, çıxılmaz vəziyyətdə isə ayaqyolunda da internetlə yazışmaq şansını qazana bildi. Neçə vaxtdı o, bu istəklə yatıb, bu istəklə dururdu.
Beş aydı internet azarına yoluxduğundan hər gün ailəsinə oradakı forumlardan ağızdolusu danışıb, oxuduğu maraqlı məlumatları çatdırmaqla onları da qiyabi olaraq bu aləmlə tanış edirdi.

Əslində, kompüter imkanlarını bu qədər tərifləməkdə Rüstəmin planı vardı: internet sevgisini valideynlərinə aşılamaqla noutbuk qazanıb həvəslə izlədiyi pornosaytlara öz evində xansayağı bardaş quraraq tamaşa etmək.

Təbii ki, ailəsinə hər gün çatda yazışdığı qızlar haqqında danışmağa cürət etməzdi.

O, ailəsində elə bir fikir yaratmışdı ki, guya təhsilində lazım olan materialları yalnız və yalnız internet vasitəsilə əldə edə bilər və elə buna görə noutbuk ona hava-su kimi lazımdır.

Valideynləri ona inanmaya bilməzdilər. Çünki o, universitetinin beynəlxalq münasibətlər fakültəsinin ikinci kurs tələbəsi idi və düşünürdülər ki, Rüstəmin təhsilində internetin köməyi ola bilər.

...Bu gün onların ailəsində əsil bayram ab-havası vardı. Ona görə yox ki, evə kompüter alınmışdı. Rüstəmin qırışığına ütü çəkildiyindən bu hadisə onlar üçün “toy-bayram” hesab olunurdu.

...Rüstəm dərhal noutbuku qutusundan çıxararaq internetə qoşulub dost-tanışlarına qısa ismarıclar yazmaqla onları da sevincinə qonaq etdi.

Dostları tərəfindən gələn təbriklər, açıqcalar, musiqi parçaları bir-bir noutbukuna ayaq açdıqca onun keyfi daha da kökəlib şişirdi.

Bacısı Rüstəmin yanında əyləşib onun kompüterdə işləməsini heyranlıqla seyr edir, anası xalatının ucuyla sevinc göz yaşlarını silir, atası isə hər dəfə oğlunun kürəyinə vurmaqla “halal olsun!” deyib onunla fəxr etdiyini nümayiş etdirirdi.

Bacısı marağını gizlədə bilməyib ehtiyatla noutbukun düyməsinə toxunmaq istəyirdi ki, Rüstəm onun əlinin üstünə sillə vurub, “bu sənlik deyil!”- deyə acıqlandı.

Artıq Rüstəmin səbr kasası daşmaq üzrəydi. Məharətini göstərməkdən təngə gələrək, “daha bəsdir, məni tək buraxın!”- deyib çımxırdı. Valideynləri onun bu etirazına qarşı çıxmadılar. Əksinə, atası anasına göz edərək, otağı tərk etmələrini işarə etdi.

Bacısı acıqla qapını çırpan kimi elə bil Rüstəmi qəfəsdən buraxdılar.

O dəqiqə hər zaman həvəslə izlədiyi pornosaytları açıb gözünün qurdunu öldürənə kimi çılpaq qız rəsmlərinə baxdı.

Qızlardan bezib mavilərin, lesbiyanların bölməsinə keçdi. İnternetklubda olanda belə saytlara diqqətlə baxmağın həsrətində idi. İndi əlinə əsl fürsət düşdüyündən saytın hər dəlmə-deşiyinə baş vurmaq istədi.

Hətta “Cana” adlı maviyə yazıb özünü onun həmkarı kimi qələmə verməklə, bir az əylənmək də ürəyindən keçdi. Lakin səhnələri gözünün qabağına gətirəndə çimçəşən kimi olub, o dəqiqə istəyini “yola saldı”.

İnternetklubda olduğu kimi indi də çata qatıldı. Dostlarına danışmadığı, ailəsiylə paylaşmadığını çatda – başqa ad altında bölüşüb yüngülləşəndə o, elə bil hər dəfə başqalaşır, özünü ayrı aləmdə hiss edirdi.

O, bu aləmdə o qədər sərbəst idi, hərdən elə zənn edirdi ki, çatda əməlli-başlı lüt-üryan gəzib dolaşır.

Bu fikri ona təəccüblü gəlsə də, çılpaq düşüncələri sözün məcazi mənasında, çatda onun özünü “soyundururdu”.

Söz yox ki, o, gerçəkdə də müəyyən çərçivələrdə verilmiş azadlığından istifadə edib heç nədən və heç kəsdən çəkinmədən istədiyini edə bilərdi. Sadəcə, çərçivəli azadlığında, özü demişkən, “duxu” çatmırdı.

...Artıq gecə saat üçdü. Yuxusu gəlsə də, gözünü bərəldib monitora baxaraq noutbukdan ayrılmaq istəmirdi.

Əlacı olsaydı, lap göz qapaqlarını alnına yapışdırardı. Çarpayısında xansayağı bardaş quraraq rahatca işləməkçün noutbuku dizləri üstünə qoyub yazmağına davam etdi. Daha göz qapaqları dözə bilmirdi, nəhayət, əldən düşmüş fəhlələr kimi aşağı çöməlib “istirahətə qapıldı”.

Mürgüsünün neçə dəqiqə keçdiyini bilməsə də, qısa müddətdə gördüyü yuxusunu xatırlayırdı: liftdə bir rəqəmini basıb aşağı düşəndə özünü quyunun dibində gördü və qəribə də burasıydı ki, qaranlıqdan əsər-əlamət yoxdu, hər tərəf işıq saçırdı. Başı noutbukun monitoruna dəyəndə yuxusu kino lenti kimi qırıldı.

...Çatda on adam ismarıc gözləsə də, onlara qısa yazmaqla yatmaq istədiyini bildirdi. “Drakon” adlı çat dostu cavablandırdı ki, “nə var yatırsan, həyat elə indi başlayır...”, “Virus”sa əksinə, “yuxunun qapısını döyüb gələ bilərəmmi?” deyə soruşdu.

Rüstəm söz altında qalmayıb “ay, Virus, giriş pulludur, imkanın olacaqmı gəlməyə? Bir də axı yuxum çox uzaqlardadır” yazıb, ona hətta ürək işarəsi də göndərdi. “Mersedes” də yatmağa hazırlaşırdı, odur ki, icazə alıb sağollaşmaq istəyəndə Rüstəm, “ged yat, yoxsa yuxun səndən inciyər” – yazmaqla özü də bir kəsə xəbər etmədən çatı tərk etdi. Amma qətiyyən kompüterdən ayrılmaq fikri yox idi.

Yadına düşdü ki, sabah bazar günüdür və odur ki, gecəni səhərə rahatca təhvil verə bilərdi.

Bayaqdan başı çata qarışdığından elektron poçtunu açmağa macal da tapmamışdı.

Onun eyni saytda ayrı adlarla iki elektron poçtu var: “Rüstəm” və “ilan”. “İlan” yazandan sonra parol yerinə təvəllüdünü əlavə edəndə hər dəfə dodağı qaçar, ilan kimi monitora dil çıxarıb hərəkətindən həzz alardı.

Düzdür, o, bu hərəkətini hər yerdə etməzdi. Lakin internetklubun xüsusi otağında tək olanda fürsətdən bolluca yararlanardı. Dili ağzına bir az böyük olduğuna görə hərəkəti uşaqlıqdan vərdiş kimi başında qalsa da, məhz “ilan” peyda olandan bunu etməkdən zövq alardı. Elə çatda da hamı onu “ilan” nikiylə tanıyırdı.

Çata ilk dəfə qatılanda özü də nikindən hürkmüşdü. Əvvəl elə zənn etmişdi ki, nikinə görə heç kəs onunla yazışmayacaq.

Lap bir dəfə “ad”ını dəyişmək fikrinə də düşmüşdü. Amma görəndə ki, onun nikindən də eybəcər adlar hər gün çatda at oynadır, ürəyi rahatlayıb fikrindən vaz keçmişdi. Düzü, ilandan xoşu gəlməsə də monitorda iri qara hərflərlə İLAN adını görəndə sevinc hissləri ürəyini sanki ağuşuna alardı.

“İlan” olan ünvanını açdı. Təzə heç bir məktub gəlməmişdi. Nə vaxtdandı ki, Olya adlı moskvalı rus rəfiqəsinə açıqca göndərmirdi. Özünə söz vermişdi ki, noutbuk alan kimi birinci açıqcanı ona yollayacaq.

Olya ayağını Moskvadan bir addım kənara atmadığından, Rüstəm fürsət düşəndə həmişə ona dənizi əks etdirən fotolar göndərirdi.

Çatda yazışanda bilərəkdən hər dəfə Xəzərdən söz salıb onun arzusunun qapısını döyürdü ki, bəlkə nə vaxtsa Olyanın ürəyində Bakını görmək istəyi baş qaldırdı. Hətta gecələr, yorğanını başına keçirib xəyallar belə qururdu: onu hava limanında qarşılayır, Xəzərin qırmızı qumluğunda axşama kimi kef çəkir, gecəni də oteldə səhərəcən eyş-işrətlə məşğul olurlar. Ümumiyyətlə, onda bir az xəyalpərəstlik vardı.

Və qəribə də olsa xəyallarını məhz yorğanın, yayda isə üstünə örtdüyü ağ mələfənin altında qurardı. Sanki yorğan, yaxud da mələfə təsəvvürü canlandırmaq üçün böyük ekran rolunu oynayırdı.

...Dəniz rəsmini seçib Olyaya göndərmək istəyirdi ki, çaşıb “Rüstəm” ünvanına yolladı. Onu elə bil yuxudan silkələyib ayıltdılar. Hərəkətinə təəcübləndi. Axı necə ola bilər ki, özü-özünü təbrik etsin? Elə bil kimsə içində oturub beynini, barmaqlarını hərəkətə gətirmişdi. Açıqcanın çatıb-çatmadığını bilmək istədi, “rüstəm” olan ünvanını yoxladı. “İlan”ın ürək sözləri yazılmış açıqca Rüstəmin ünvanında oturmuşdu.

“Əzizim Rüstəm! Bu gün həyatında əlamətdar bir gündür. Sənin də nəhayət ki, öz evində yazmaq imkanın yarandı. Təbii ki, sevincinə şərik çıxıram. Heç bilirsən, bu gününü necə gözləyirdim? Səninlə ünsiyyət yaratmaqçun, nəhayət ki, bir imkan yarandı. Ümid edirəm, səni görmədiyin dünyalarla tanış etməklə həyatında yeni səhifə açacam.

Bu dəniz də Səninçündir. Hələlik. Hörmətlə, “İlan!”

Yazılanları oxuyar-oxumaz qorxudan canına üşütmə gəldi. Cəld noutbuku qapadı, işığı keçirib çarpayısına uzanan kimi özünü yorğanın içində gizlədi.

***

- Rüstəm, Rüstəm, qalx ayağa!

Rüstəm gözünü aça bilməsə də, dodaqları biixtiyar bir-birindın ayrıldı.

- Deməmişəm məni oyaaatmayın, işşşşşşşş...

- Bağışla, senyor!- deyə bacısı noutbuku açmaq istəyəndə Rüstəm cəld yerindən sıçrayıb onun üstünə cumdu.

- Ona əlin dəyməsin! Elə eləmə ki, bayıra çıxanda da özümnən aparmalı olum- deyib noutbuku yastığının altına qoydu.

- Pay atooonnan, çaşıb hamama da gedəndə onu özünnən apararsan.
Anası səs-küyü eşidib otağa gəldi. Həmişə belə edərdi. Bacı- qardaş arasında xırda bir mübahisə düşən kimi oğlunun günahı oldu olmadı, hər zaman onu vəziyyətdən çıxarmağı özünə borc bilərdi.

Rüstəmin boynunu qucaqlayıb alnından öpməklə yenə də vəzifəsini yerinə yetirdi.
Maması qurban buna! Balam da axır ki, noutbuklu oldu e...

- Ay mama, sən də daha yaxşı görək, oğlunu əzizləyə-əzizləyə uje başımızda oturtmusan?! Heç qoymur kompüterə yaxın gedim... Axı mən də istəyirəm baxım görüm orada nə var, nə yox. Elə bil kompüterini yeyəcəm.

- Bax, neynirsən o kompüteri, hə? Başın çıxır? Bir yerin qurdalayıb xarab edəndən sonra neyləyəcəyik? İstəyirsən balamın əli yerdə qalsın? - deyib anası Rüstəmin saçını qarışdırdı.

Rüstəm yuxudan doymasa da təzədən yatmaq həvəsi qaçıb gizlənmişdi. Səhər çağı olsaydı, bəlkə də həvəsini tapıb yuxusunu bərpa edə bilərdi, amma günorta olduğundan bunu bacarmadı. Ondan savayı, hamı, hətta naharını da etmişdi. Rüstəm tez-tələsik nahar edib noutbuk məsələsini dostuna çatdırmaq üçün zəngləşib küçəyə çıxdı. Dostu da deyəsən, yuxudan kal oyanmışdı. Gözlərini ovuşdurub laqeyidcəsinə ona “necəsən?”- dedi.

- Əla! Dünən kişi noutbuk aldı... “Sony”, əsl mən istəyən, son modeldən.

- Ooo...Təbriklər! Axır ki, istəyüvə çatdun. – deyib dostu əsnədi.

- Sagol! Dedim, çıxım bir az hava alım, səni də görüm. Elə mən də bir az var yuxudan oyanmışam. Səhərə kimi çatda miningitləri sökürdüm... Əşi, bir qız var, deyəsən, onnandı. Həəə, day zalım qızının yalvarmaqdan axırıdır. Qalmışam belə, nə deyirsən, gedim yanına? Səncə, getsəm başıma bəla açmaram ki?

- Əşşi, boş burax, sən Allah! Bir ay biriynən yazışdım, sonra məlum oldu ki, zalım balası oğlanıymış. Lap ətim töküldü. Yenə bax da, ancaq ehtiyatlı ol! Aldadıb tora sala bilər. Deyər, ay nə bilim uşağa qalmışam, məni almalısan...Yaxşı, mənlik başqa işin yoxdur ki? Səhər gəlirsən universitetə?... Gedəsi yerim var. Sən də evə cum, noutbukun gözləyir!

Dostundan ayrılıb ürəyində götür-qoy edə-edə kompüter satılan dükana yollandı. Eşitdiyi, lakin işlətmədiyi oyun proqlamlarından alıb noutbukunun belinə yükləmək istəyirdi ki, sabah dostları ondan soruşanda, “yoxumdur” deyib xəcalət çəkməsin.

İki oyun proqramı alıb evə yollandı. Bacısı qapını açanda Rüstəmin əlindəki diskləri görcək sevincdən gözləri parladı.

Disklərdə film olduğunu zənn edib onların hansı mövzuya və hansı ölkəyə məxsus olduğunu götür-qoy etməyə başladı. Uşaqlıqda amerikan filmlərinin pərəstişkarı olsa da, son illər hind filmlərinə yaman meyl göstərirdi.

Hətta oxuduğu məktəbin qarşısındakı mağazadan hind aktyorlarının təqvimini alıb yataq otağında çarpayısının üstünə yapışdırmışdı. İndi isə Rüstəmin əlində disklərin üz qabığını görə bilmədiyindən onların aidiyyatını aydınlaşdıra bilmədi.

Qardaşının dünənki kobud hərəkətindən incidiyi üçün ondan nəyisə soruşmağı özünə sığışdırmadı.

Rüstəm onunla salamlaşmadan otağına keçib noutbukda rahat məşğul olsun deyə qapını içəridən bağladı. Proqlamları noutbuka yerləşdirdi. “İlan“ yazıb çata daxil oldu. Bu dəfə də internet dostları bir yerdə toplaşmışdılar.

“Su pərisi”: “ Ey, ilan, gəldin? Ay səni xoş gördük!”

“Narkoman”: “İlan, zəhərindən bir az borc verə bilməzsən? )))”

“Malcolm”: “İlan, gəl məni sanc! Ya da dişlə )) Kef, əhval?”

“Dəlixana”: “Privetik, yuvandan çıxmısansa, gəl bura, gözlüyürük : ))”

“Barby”: “ Hi? My ILAN!!! I miss you : )) Kiss!!!!!!!”

“Unitaz”: “ƏƏƏƏ, nətəəərsəəənn əəəəəə? Dünən yazdığın sayta baxdım, sənə nə deyim, ətin tökülsün :) “

“Bittls”: “Hi, i am arabian, but i live here... age 30. And you? 

“Zaqs” : “İlan müəllim, anakondayla evlənmək istəmirsən? Gəl kəbininizi kəsim:)) “

“Playboy”: “İlan, ask pls!! Where are you from?“

“Galatasaray”: “Merhaba! Nasılsın, canim? Dün gecen nasıl gecdı? Ben bir az rahatsızdım (((“

“Eşq dəlisi”: “Gəl, tanış olaq. Gəncədənəm. 23 yaş . Subay...”

“Aptek”: “Zəhərini şirin edə bilərsən?”  Tanışlığa nə deyirsən? 20 yaş.

Yazılanları oxuyanda Rüstəmin nazik dodaqları qulağına çatdı. Eyni vaxtda bu qədər insana cavab verib üstəlik də fikirlərini işə salaraq maraqlı suallarıyla “tanışlarını” mat qoymaqdan ləzzət alırdı. Lakin bu dəfə bilərəkdən, internetklubda olduğunun əksinə olaraq, sağollaşmadan onları tərk etdi. Vaxtilə internetklubda saatlarla, lap hərdən də səhərə kimi cavab gözlədiyinə görə sanki o, bu hərəkətilə onlardan əvəz çıxmaq istəyirdi. Ancaq çatdan ayrılmasının bir səbəbi də var idi: “İlan” olan poçtunu yoxlamağa tələsirdi.

Bu səfər də dostlarından məktub gəlməmişdi. Gecəki hadisə yadına düşdü. Özünə yenidən nəsə yazmaq istəsə də, nədənsə, tərəddüd etdi. Hərəkətinin kənardan necə yozula biləcəyini düşündü. Fikirləşirdi ki, əgər bunu başqası yazsaydı, onun ilk reaksiyası necə ola bilərdi? Bu sualı özü-özünə verəndə beyni elə bil bir anlığa dondu və cavablar da tüstü kimi yayılmağa başladı. Lakin yazmaq istəyini heç cür boğa bilmirdi. Çox fikirləşmədən belə qərara gəldi ki, ürəyində on beş dəfə “yazım-yazmayım” söyləsin, əgər sonda hansı qalacaqsa, onunla da razılaşsın. Belə də etdi. Sonda “yazım” deyəndə uşaq kimi əl çalıb “yes” dedi.

Birdən hiss etdi ki, beyninə cürbəcür sözlər axır. Barmaqları da buna bəndiymiş kimi işə düşdü:

“Salam, Rüstəm! Necəsən? Xahiş edirəm, kameranı elə düzəlt ki, sənə əməlli-başlı baxa bilim... Ay sağol, bax, belə!

Bayaqdan ürəyim partlayırdı ki, sənə sözümü deyə bilim. Başına xeyir, nə olub nə xəbərdi, noutbukunu əlindən alan var? Bir bacına da imkan ver, qoy, o da internetə baş vurub gəzib dolansın. Day belə eqoistlik olmaz! Heç elə bacının da ürəyinə dəyərlər? Desəm ki, utanım yerinə, haqlı olduğumu bilib məndən heç inciməzsən... Görürsən, o, necə nazınla oynayır?

Qəribə oğlansan e. Bir şəhərə çıx, gəz, dolan. Belə getsə, evdə oturmaqdan kiflənəcəksən. Nədir, yoxsa səhv deyirəm, hə?

Bilirsən, əzizim, necədi, ömür kaset və ya CD deyil ki, əvvələ yığıb onu hər dəfə yenidən yaşaya biləsən. Gəncliyini elə sürməlisən ki, qocalanda “kaş belə eləyəydim, elə olardım” - deyib əlini dizinə çırpmayasan. Bura bax, “sür” deyirəm, day, ağlın indiki avtoşların maşın sürməyinə getməsin e . Yəni, deməyim odur ki, həyatını 180-lə olmasa da, amma 100-lə elə sür ki, peşman olmayasan.

Odur ki, hər gününü istədiyin kimi yaşa. Ən əsası isə özün olmağa çalış. Bax, xoşum gəlir ki, internetdə əsl özünsən. Elə ki, internetlə sağollaşırsan, o dəqiqə maskanı sifətinə taxırsan. Əgər həyatda da internetdəki kimi səmimi ola bilsən, necə vışşi oğlan olduğunu görərsən?! Nə isə... Hələlik! İlan.”

Yazdığını bir daha oxuyandan sonra “Rüstəm” ünvanına göndərdi. Elə bil ürəyi rahatlandı. Yenə də ”Rüstəm” yazıb o biri ünvanını açdı. Məktub artıq yerindəydi. Tənbəllik etməyib bir də oxudu. Oxuduqca ona elə gəlirdi ki, yazını onun barmaqları yox, ilanın dili yazıb.

İlanın müdrik heyvan olduğunu uşaq vaxtı nənəsindən eşitmişdi. Amma heç cür ağlına sığışdıra bilmirdi ki, baxışından vahimə yağan sürünən necə müdrik ola bilər. Bəs atalar onda nəyə görə “ilanın ağına da lənət, qarasına da” deyiblər?!

Düşünürdü ki, ümumiyyətlə, heyvan müdrik ola bilərmi? Bu keyfiyyət yalnız insanlara aiddir. Onun aləmində müdrik, zəkalı məxluqun üzündən gərək nur tökülsün.

Bir an düşündü ki, nahaq “ilan” adını seçib. Sonra sakitləşdi, nikinin adının “ilan” olması onun heyvana çevrilməsi demək deyil. Bir də axı o, pis heç nə yazmır. Elə indicə oxuduğu öyüd də ağlabatandı. Səhərki hərəkətini yada salıb, hətta, özünü danladı da.

- Rüstəm, gəl, yeməyini soyutma! – bacısı acıqla onu mətbəxdən səslədi.
Səhvini düzəltməkçün əsl məqam olduğuna sevinib cəld yerindən sıçrayaraq mətbəxə cumdu.

- Senyor Rüstəm əmrinizə tabedir!- deyə sağ əlini alnına dayayıb gülümsündü.
Bacısı soyuducuda eşələndiyi üçün başını qaldırmadan:

- Oyy, deyəsən, ağıl Rüstəmin başına təşrif buyurmaq niyyətindədir?!- dedi.

- Nə olub, mənim balama? Gül kimi uşaqdır!- anası soyuducuda eşələnən qızını dümsüklədi, əlindəki pomidoru doğrayıb boşqaba- xiyarın üstünə qoydu.

- Bəyəm ona tikan deyən oldu?

- Yaxşı-yaxşı... Süfrə üstündə danışmazlar! – atası qaşıqla xörəyini qarışdırdı. Sonra onlar da əyləşib yeməyə başladılar. Anası bu dəfə də adəti üzrə küftə-bozbaş bişirmişdi. Nədənsə Məlikovlar ailəsi bu xörəyə daha çox üstünlük verirdi.
Qadın ayağa qalxıb süfrəni yığışdırdı. Güllü çay dəsmalı ilə çaydanı sobadan götürüb masanın üstünə qoydu. Stəkanları yan-yana qoyub çay süzən zaman qızı onların sırayla düzüldüyünü görüb sevincək əllərini havada oynatdı.

- Yes!... Urra!! Qonağımız gələcək.

- Di bəsdi! Bu vaxtı bircə qonağımız çatmırdı...- deyə anası süzdüyü çayın rəngini yoxlamaq üçün stəkanı işığa tutdu. Çayın tünd olduğuna əmin olub stəkanı ərinin qarşısına qoydu.

Rüstəm ayaq üstə bir qurtum çay içib qalanını rakovinə tökdü, anasının deyinməyinə əhəmiyyət verməyib mətbəxdən çıxdı.

***

...Rüstəm qələmini dəftərinə keçirib qarnına dayayanda hələ dərsin bitməsinə beş dəqiqə qalırdı. Səbrsizlikdən nəfəsinin daraldığını hiss edib dostuna göz vurdu, icazəsiz dəhlizə çıxdılar.

- Hə, nə oldu, o qızla görüşmədün?- dostu cibindən papiros çıxardıb alışqanla yandıranda Rüstəm tütünün qoxusundan üzünü turşudub əliylə onu qovdu.

- Yox, əşşi... Qırılmışlar o qədərdir ki... Bir istəyirəm, ümumiyyətlə, nikimi dəyişim. Ya da, day çata-zada girməyim. Nə deyirsən?

- Paaah, nə oldu, çatçun ürəyi gedən sən döyüldün? Çata görə iki ayağuvı bir krasofkaya dirəyib noutbuk istəyən yoxsa sənün dublikatun idi? Bəlkə bütün günü virtualnı seksdən başın ayırd olmur, hə?

Rüstəm qımışıb, başını çiyinlərində gizlətdi.

- Fürsət düşəndə. Amma özüm ölüm, evdə xəbər tutsalar qanım getdi e.. Eh, bir
bilsən, mamam məni hər gün körpə uşaq kimi necə oynadır?!

- Gül balasan da...puuşşşş!!- deyib dostu onun burnunu sıxdı.

- Düz deyirsən, ancaq evdə- mama, papanın yanında. Elə ki, noutbukla təkbətək qalıram, dönüb oluram şir.

- Day sən də az gopla! Şir, yox bir pantera olarsan çaşıb. Yenə, vallah, maskalanmağı bacarırsan. Elə şeyi bilsəydim, gündə evdə bir belə qırğınlar olmazdı,- deyib dostu başını yuxarı qaldıraraq siqaretinin tüstüsünü havaya üfürdü.

Rüstəm acı-acı gülümsünüb dostundan ayrıldı. Universitetdən “Elmlər Akademiyası” metrosuna tərəf üz tutdu. Yol boyu yalnız “ilan”ını fikirləşirdi.

Düşünürdü, görəsən, ondan savayı ikinci belə bir insan varmı ki, öz- özünə məktub yazsın. Yazının gündəlik deyil, məhz məktub formasında olması onu yaman təəccübləndirirdi. Birdən məktub yaza-yaza yazıçı olsa, necə olar? Axı yaxın gələcəkdə diplomat olacağı təqdirdə yazıçılıq nəyinə lazımdır? Əminliyinin nədən irəli gəldiyini izah edə bilməsə də, hansısa ölkəyə səfir qismində gedəcəyinə zərrə qədər şək-şübhəsi yox idi.

Bir istədi taksiyə minib psixoloqun yanına getsin. Yazdıqlarını bir-bir ona danışsın. Nədisə, özündən utandı. Bir də düşündü ki, psixoloq ona yazmamağı məsləhət görsə belə, onsuz da dediklərini qulaqardına vuracaqdı- “Mənə nə olub e, bəyəm pis şeylər yazıram? Dəli onda olaram ki, oturub gic-gic çərənləyəm. Güya elə psixoloqlar özləri ağıllıdırlar?!”

O, ümumiyyətlə, həmişə psixoloqlara şübhə ilə baxırdı. Daxili problemləri elə oradaca həll etməyn daha münasib olduğu qənaətində idi.

Düşüncələrindən ayılanda gördü ki, evlərində ayaqqabılarını soyunur.

...Nahar etdı. Çay içə-içə ailə üzvlərinin suallarını “hə”, “yox”, “nə bilim, vallah”, “bəlkə də” – deməklə cavablandırdı. Nədən danışıldığının fərqində deyildi. Bacısı onu niyə ələ salır, anası nə üçün müdafiə edir? Elə bil uzun, boş qutuya çevrilmişdi. Onu yalnız o “qutu”da qıvrlıb oturan “ilan”ı narahat edirdi. Onun daha nələr yazacağını bilmək istəyirdi. Nədənsə “ilan”ın sürprizlər edəcəyinə yüz faiz əmin idi. Axı o, sürpriz sevəndir. Özü xoş sürprizlər etməyi xoşlamasa da, həmişə kiminsə onu sevindirəcəyini gözləyirdi. Elə o ümidlə də “ilan”ın yanına getməyə tələsdi.

- Yaxşı, siz Allah, mənə mane olmayın, gedim görüm internetdə nə var,- deyib otağına çəkildi.

Əvvəlcə MSN-nini açıb “tanış”larının orada olub-olmamasını yoxladı. “Kiss” adlı qız rəfiqəsi “Privetik!” yazıb onu gözləyirdi. Bəli, bu o “kiss”di ki, Rüstəmi canlı görmək üçün əldən-ayaqdan gedirdi.

Rüstəm ondan asanlıqla qurtulmayacağını bilib həvəssiz yazışmağa başladı.

“Kiss”: “ Eyyyyy, maraqlıdır, bu vaxta kimi haralardaydın?”

“İlan”: ”Heç, təzə noutbuk almışam, ona görə başım qarışıq idi. Necəsən?

“Kiss”: “Təbriklər!!!  Mənəm də, yaman darıxıram... Sən də ki özünü göstərmirsən! Takoy tı bezserdiçnıy?! Bəs biz nə vaxt görüşürük e? ((“
“İlan!” : “Qoy bəzi işlərimi qaydasına salım. Ok? Bilmək olmaz, bəlkə lap elə gələn həftə görüşdük.”

“Kiss” : “Gələn həftə yaza-yaza dörd aydır məni fırladırsan. Belə olmaz axı. ((( ”

“İlan”: “Çestno, gələn həftə görüşürük.”

“Kiss” : “O gün dediyim filmə baxdın? Gördün Antonio Banderas Colini neynəyir? ))

Rüstəm sualın nəyə işarə olduğunu anlayırdı. Bilirdi ki, “Kiss” onunla əməlli-başlı “görüşmək” istəyir. Tövsiyə etdiyi filmi görsə də, vaxtının olmamasını bəhanə edib, guya gələn həftə baxacağına söz verdi.

Yazışmağı yarımçıq saxlayıb, “İlan” olan ünvanı açdı. Bu dəfə də özündən ixtiyarsız dilini ilan kimi çıxarıb monitora acı- acı gülümsünərək yazmağa başladı:
“Salam, Rüstəm! Nə var, nə yox? Kameranı aç, görüm nətərsən...Afərin!

Gözlərinə diqqətlə baxıram, onlar da mənimki kimi dərindədir. Nədir, təəccübləndin, deyəsən?

Bilirsən, hərdən mənə elə gəlir ki, biz bir-birimizə yaman oxşayırıq. Deyə bilmərəm, bəlkə elə sən özünü mənə oxşadırsan, qoy olsun! Burda pis nə var ki..

Onsuz da ürəklərimiz bir döyünür. Səni düşünən kimi, o dəqiqə peyda olursan. Hər dəqiqə yazışmaq imkanımız olmasa da gündə bir dəfə, məncə, bizə kifayət edər.
Bura bax, nahaq yerə o qızı intizarda saxlayırsan. Nədir, yoxsa qorxursan? O, elə səndən bunu istəyir də. Yadında saxla ki, həyat təkcə internetdən ibarət deyil! Ondan daha ürəkaçan məşğuliyyətlər var. Gic-gic porno şəkillərə, filmlərə baxıb kayf tutunca, qızla görüş, sonra mənə “sağ ol” deyəcəksən.

Nə isə... Fikirləş... amma məcbur etmirəm. Qərarı özün ver. Qız da səni gözləyir.

Hələlik, İlan!”.

Rüstəm yazını ünvanına göndərən kimi “Kiss”ə üzrxahlıq edib ayaqyoluna getdiyini yazdı.

“ Kiss”: “A ya podumala , tı menya opyat brosil...”

“ İlan” : “Aytən, istəyirsən, gəl elə indi görüşək. )) Nə deyirsən?”

“Kiss”: “Tı çto? Gün hayandan çıxdı? Harada olursan?”

“ İlan” : “Bəlkə mən gəlim sizə? “

“Kiss” :“Urra!!!!  Davay...Tı znayeş da qde ya jivu? Uvidimsya..seluyu.. poka!”
Rüstəmə elə bil güc gəldi. Çiyinlərini oynadıb boynunu şaqqıldatmağa başladı. Özünü stula yayaraq gərnəşib sağ əlini sinəsinə çırpdı. Kompüteri söndürəndən sonra ayağa qalxıb şkafdan mavi rəngli köynəyini çıxarıb səliqə ilə geyindi.
Sevincdən Rüstəmə elə gəlirdi ki, qanadlanıb uçur. Əgər atı olsaydı, Aytəngilə getmək üçün dördnala çapardı. Ancaq onlara atla yox, taksiylə getməkdən başqa çarəsi yox idi. Tıxaca düşdüklərindən, həyəcan Rüstəmin alnına muncuq-muncuq tər düzürdü. Saatına baxmaqdan bezərək, onu qolundan çıxardıb cibinə qoydu.

...Nəhayət, taksi onu “Neftçilər” metrosunun yaxınlığındakı beşmərtəbəli binanın yanına gətirdi.

Pilləkənləri üç-üç qalxdığından tər su kimi kürəyindən süzülürdü. Tərs kimi tələsdiyindən evdə dezodorant da vurmamışdı ki, tərləyəndə heç olmasa üzüqara olmasın. Hələ bu azmış kimi, birdən yadına düşdü ki, əliboş gəlib. Geriyə qayıdıb mağazadan nəsə almağın mənası yoxuydu. Artıq Aytən qapını açmışdı.

- Privet!! Elə səni belə də təsəvvür edirdim...- Gülməkdən Aytənin boyanmış qırmızı dodaqları iri qızıl halqa sırğalar sallanan qulaqlarına çatdı.

Qara qıvrım saçları nazik ipləri olan çəhrayı rəngli sarafanını şərf kimi örtürdü. Gel sürtdüyündən saçları dəhlizin çılçırağı altında par-par yanırdı. İri ala gözlərini qırpa-qırpa Rüstəmə müştəri gözüylə baxıb, onu altdan yuxarı süzdü. Sevindiyindənmi, yoxsa özünü itirdiyindənmi Rüstəmi içəri dəvət etməyi unutmuşdu. Gözlərini oğlandan çəkmirdi. Bir az əvvəl bəzənməsinə baxmayaraq, anidən ona elə gəldi ki, dünyanın bəlkə də ən çirkin qadınıdır və bunun belə olmadığına əmin olmaq üçün dəhlizin divarından asılmış iri aynaya baxdı, ürəyi yerinə gəldi.

- Amma belə uzun olduğunu bilməzdim,- Aytən məmnunluqla qeyd etdi. O dəqiqə ürəyində götür-qoy etdi ki, Rüstəm bir az kökəlsə, arıq çənəsi ətlə dolar və bu onu daha da yaraşıqlı göstərər.

- Necə olub ki, sənə boyumu yazmamışam. Hələ uşaq vaxtı məktəbdən məni basketbol komandasına götürürdülər. Otkaz elədim.

Aytən gözlərinə düşmüş saçını əliylə arxaya çəkib, gülə-gülə:

- Nə dayanmısan, gəl içəri!- dedi.

Rüstəm içəri keçən kimi ikiqat əyilib ayaqqabılarını soyundu.

- Deyəndə ki, uzunun ağlı topuğunda olur, vallah , o vaxt atalar gopa basıblar!

- Yaxsı, sən allah?! – Rüstəm günahkar kimi başını aşağı dikib –gərək bağışlayasan, əlim boşdur!- deyib gülümsündü.

- Ladno, tı moy sladkiy!!- O anda Aytənin kölnündən Rüstəmin boynuna tullanmaq keçsə də, istəyini boğdu. Onu otağa dəvət edib, özü mətbəxə keçdi.

Mənzil birotaqlı olduğundan əşyalar elə bil bir-birinin üstünə çıxmışdı. Televizor masanın küncünü, kompüter taxtın yanındakı tumbanı zəbt etmışdi. Hətta taxtla üzbəüz divan da güc- bəlayla yerləşdırilmışdi. Ola bilsin ki, əşyalar bu darlıqdan “sıxılmasın”, amma döşəmədə ikiyə qatlanıb sərilmiş xalça dəqiq “əziyyət” çəkirdi.

Əlbəttə, darısqallıq Rüstəmi qətiyyən sıxmırdı. Əksinə, ona elə gəlirdi ki, cənnətin hansısa guşəsinə putyovka qazanmaqla, oraya istirahətə gəlib. Taxtı görən kimi az sonra baş verəcək “döyüş”də ilk olaraq kimin “hücum”a keçəcəyini düşündü.

Taxtın üstünə örtülmüş al qırmızı atlas örtük onu ilk olaraq “hücuma səsləsə” də, tərəddüd etdiyindən nəfsini boğmaqdan başqa əlacı yox idi. Odur ki, səbrini sakitləşdirib mətbəxtdə qab-qacaqla əlləşən Aytəni gözləməyə başladı. Elektrik çaydanın boğuq səsindən, stəkan-nəlbəkinin cingiltisindən hiss olunurdu ki, Aytən çay dəstgahı hazırlayır. Rüstəmin bu dəqiqə çay içməyə qəti həvəsi olmasa da, bir qurtum olsa da mütləq boğazını yaşlamalı idi ki, Aytən ondan inciməsin.

Gözləməyə daha səbri çatmadı. Ayağa qalxıb otağın açıq qapısından eyvana keçdi. Eyvanın şüşəbəndi olmadığından hər tərəfi, hətta mətbəxdə iti hərəkətlərlə çay süfrəsi hazırlayan Aytəni də görürdü. Diqqətlə onun necə iş görməsini izlədi: limonu qalın doğradığından bir daha kəsərək barmaqlarının ucuyla dilimləri nəlbəkiyə düzdü. Əlini yuyub üstünə sürtəndə Rüstəm onun işinin bitdiyini guman edib tez otağa qayıtdı. Fikrində yanılmamışdı. Aytən əlində məcməyi masanın yanında göründü:

- Sən stolun altındakı jurnalnını divanın qarşısına çəkə bilərsən? –dedi.

Rüstəm həvəslə, öz evindəymiş kimi, masanın altında gizlənən jurnal stolunu divanın qarşısına çəkəndə, Aytən ona bir daha diqqətlə nəzər yetirdi. Rüstəm o qədər zövgüncə olmasa da, ona məhz internetdən peyda olan şahzadə lazım idi.

Yazışdığı digər oğlanlarla müqayisədə Rüstəmin bir pillə yüksəkdə dayanmasına şübhəsi yox idi. Çünki Rüstəm yazışdığı yeganə oğlandır ki, dörd aydan sonra onunla görüşməyi qərara alıb. Amma digərləri tanışlığın beşinci dəqiqəsində onu “sevgilim” adlandırıb cürbəcür təkliflər etdiyindən heç cür ürək qızdıra bilmirdi. Aytən məhz onu intizarda saxlayan Rüstəmi internet “tanış”ları arasında üstün bilib
kirayə tutduğu evə gətirməyə nail olmuşdu.

Özünü Rüstəmə ofis işçisi kimi təqdim etsə də, əslində Pedaqojı Universitetin biologiya fakültəsinin rus bölməsinin dördüncü kurs tələbəsiydi. Sonuncu kursda təhsil alsa da, yaxın gələcəkdə harada çalışacağını hələ də müəyyənləşdirməmişdi.

Təyinatı isə düşünməyə dəyməzdi. Qərara almışdı ki, əgər onu ucqar kəndlərin birinə dərs deməyə yollasalar, bir bəhanə ilə bu işdən boyun qaçıracaq. Bakı məktəblərinin birində çalışmağı ağlına sığışdıra bilmirdi. Çünki şəhərdə onu işə düzəldəcək bir kimsəsi yox idi. Ümumiyyətlə, ixtisası ürəyincə deyildi. Çünki onun arzusu müəllimlik yox, ağ xələt geyinib xəstələri müalicə etmək idi. Taleyilə barışıb ömrünü, necə deyərlər, biologiya elminə bağlasa da, sahəsi üzrə çalışmağı heç arzulamırdı. Təhsil almaqda onun bir məqsədi vardı- Bakıda qalıb yaşamaq. Elə buna görə də ümidi valideynlərinin birinci kursu əla bitirdiyinə görə on qoyunun puluna ona hədiyyə aldıqları kompüterə, daha doğrusu, internetə idi. Çatda əcnəbi oğlanlarla yazışmasına baxmayaraq, onları o qədər də yaxına buraxmırdı.

Düşünürdü ki, əgər onlardan birinin eşqi güc gəlib onunla evlənəsi olsa, yaşadığı rayonda ağızlara düşərək ömürboyu müzakirə obyektinə çevriləcək.

Ancaq altı ay bundan əvvəl o, heç nəyi vecinə almadan (valideynlərini belə) Elçin adlı vəkillə görüşürdü. Hətta münasibətləri o dərəcədə isti idi ki, onu yaxın gələcəkdə “həyat yoldaşı” qismində belə görürdü. Lakin Aytən günlərin bir günü uşaq gözlədiyini Elçinə deyəndə o, əvvəlcə təəccüblənib, sonradan guya bu xoş xəbəri “yumaq” üçün alış-veriş etmək bəhanəsilə aradan çıxmışdı.

Aytən əslində ondan uşaq-filan gözləmirdi. Sadəcə, bu addımı atmaqla Elçini özünə ram etmək istəyirdi, lakin gözləmədiyi halla üzləşməli olmuşdu. Birinci cəhdin uğursuzluğuna baxmayaraq, nədənsə Rüstəmin onun torundan çıxa bilməyəcəyinə əmin idi.



Rüstəminsə, əksinə, hələ “Vağzalı” haqqında düşünməyə cəsarəti çatmırdı. Düzünə qalsa, heç fikirləşmirdi də. Aytənin bədənini retngen şüalarından keçirirmiş kimi diqqətlə gözdən keçirib, bundan sonra onunla istədiyi vaxt, məbləğ ödəmədən kef sürmək qərarına gəldi.

Aytən məcməyini jurnal stolunun üstünə qoyandan sonra Rüstəmin yanında əyləşib özünü divana yaydı.

- Nə yaxşı gəldin. Malades e vallah! - deyib əlini çənəsinə qoydu. Dodağı rənginə çalan al boya onun incə barmaqlarını daha da gözəl göstərirdi. Bu jestilə Rüstəmi cuşa gətirəcəyinə əmin olub əlini çənəsindən çəkmirdi. Çünki Elçinlə də məhz bu hərəkətindən sonra yaxınlıq etmişdi.

- Söz vermişdim, bax, gördün ki, burdayam.- Rüstəm dərhal Aytənin biləyinə baxdı. Aytən bundan həvəslənib əlini dizində gəzdirməyə başladı. Rüstəm hərif deyildi. Bunun nəyə dəlalət etdini bilib Aytənə “hücum çəkdi”.

...Rüstəm elə bil cənnətin bir guşəsini qamarlamışdı. Həmişə təsəvvür etdiyi xəyalları indi acgözlüklə həyata keçirirdi. Aytəni əlindən alacaqmışlar kimi, onu bərk qucaqlayıb qırmızı atlas örtüyün altında gizlətmişdi. Qızdan gələn xoş ətir onu məst etməsəydi, bunların yuxu olduğunu zənn edərdi...
Rahatlanandan sonra ürəyində “İlan”a təşəkkür etmək əvəzinə, çaşıb Aytənə “çox sağ ol!” dedi. Aytən gözlərini bərəldib təəccüblənəndə, Rüstəm dərhal özünü ələ alıb bu gözəl günə görə ona başqa söz tapa bilmədiyini söylədi.

***

Evinə dönmək istəməsə də, məcbur idi. Sevindiyindən otağına keçən kimi kompüteri bağrına basmaq istədi. Lakin özündən, dörd divardan utandı. O dəqiqə “Rüstəm” olan ünvanını açıb “ilan”a təşəkkür məktubu yazdı:

“Əzizim, heç bilmirəm sənə necə təşəkkür edim. Əgər yazmasaydın, vallah, özümdə belə bir cəsarət tapmazdım. Nə bilim, həmişə qorxurdum ki, sonu pis qurtarar. Biabır olaram...

Bircə sən mənə qol-qanad verib quş kimi Aytənin yanına uçurda bildin. Bir yerdə doyunca o qədər “cəh-cəh” vurduq ki, gəl görəsən. :) Yuvamız rahat, elə yumşaq idi, sanki göydə buludların içindəydik...

Vallah sən dahisən! Sənə kainat boyda təşəkkürlər!! Həyəcandan yazmağa başqa söz tapa bilmirəm. Vallahi- billahi, əgər evdəkilər qışqır- bağır salmasaydılar, noutbukumu da qoltuğuma vurub birdəfəlik o yuvada məskən salardım. Ehhh, məndə elə güc hardadır e?! Təəssüf ki, bunu ancaq yuxuda edə bilərəm :(
Sən Allah, yenə də yaz! Gözləyəcəm. Hələlik...”

Rüstəmin təəssüfdən qaşları çatılsa da, ürəyi sevindiyindən “qışqırır”, bəlkə də əlacı olsaydı, özünü bayıra atıb “oynayardı”. Bunun mümkünsüzlüyünü bilib ürək də Rüstəmın təəsüfünə qoşuldu. İki təəssüf bir-birinə qarışıb Rüstəmi daha da sıxmağa başladı. Bir istədi həyətə düşüb papiros çəkməklə özünü sakitləşdirsin. Buna ürəyi etiraz etmirdi, amma qorxusu özünü yaman itirmişdi.

Çünki atasına yaxşı bələd idi. Bilirdi ki, istəyi qalib gəlsəydi, burada fəlakət qopa bilərdi. Hətta istəkli noutbuku da bu faciənin qurbanına çevrilərdi. Buna isə Rüstəm, əlbəttə ki, heç cür razı olmazdı. Odur ki, istəyini ürəyinin bir küncünə dürtüb gizlətdi.

Rüstəm daha bilmədi nə etsin, başını yastığının altında gizlədib gözlərini yumdu. İki saat əvvəl Aytənlə sevişdiyi səhnələri epizod-epizod gözünün qabağına gətirərək yuxuya getdi.

***

Yuxusunun bu dəfəki “qonağı” ilan idi. İlan, demək olar, Rüstəmlə bir boyda idi və başı insan rəngdə olsa da, bədəni qəhvəyi qara zolaqlarla örtülmüşdü.

Cəngəllikdə yan-yana uzanıb bir-birlərinə baxırdılar. Birdən ilan üzünü Rüstəmin sifətinə sürtüb diliylə yalamağa başladı. Rüstəm çimçəşib geri çəkilsə də, ilan ona aman vermədi, əksinə, bir az da özünü yaxına çəkib qulağına nə isə pıçıldamağa başladı.

Qulağı qaşındığından əvvəlcə onun nə dediyini anlamasa da, sonradan bütün kəlmələr bir-bir qulağına ötürüldü: “Bilirsən, əzizim, sənə necə başa salım, əslində mən elə sənin özünəm də. Yəni deməyim odur ki, ruhun mənə köçüb. Hə, canım, bircə özündə qalan ürəyindi. Düzünü desəm, o da qopub mənə qoşulmaq istəyirdi, özüm razı olmadım. Axı hamının ürəyi özündə qalmalıdır. Elə deyil?

Doğrusu, əvvəl-əvvəl bir az ehtiyat edirdim, baxma da, canıma yad ruh köçmüşdü.
Əlbəttə, bu məni narahat etməyə bilməzdi. Bəlkə səninki də nadinc ruhlardan ola bilərdi. Demə, yanılmışammış. Ruhun elə safdır ki, məni tamam başqalaşdırdı... Hərdən heç özümü də tanımıram. Nə bilim bu, bəlkə elə bizim qismətimizdir ki, iki canda bir ruh olaq. Ola bilər. İndi deyəcəksən ki, bəs öz ruhun hara itib? Həəə, öz həyasız ruhumsa məndən acıq edib, heç bilmirəm soxaya qalmış hara yoxa çıxıb. Yəqin indi çox uzaqlardadır...

Rüstəm əlləriylə üzünü gizlətsə də, ilan daha sıx ona sarılmağa başladı.

- Bəsdir, ilan! Əgər dediklərin doğrudursa, onda xahiş edirəm, ruhumu özümə qaytar. Axı sənə öz doğma ruhun lazımdır. İstəyirsən, sənlə birgə ruhunun axtarışına çıxaq?

İlan üzünü turşudaraq:

- Mənası yoxdur. Elə yaxşı acıq edib rədd oldu...Yaman zalım idi. Bilirdim ki, ürəyimlə sonacan yola getməyəcək. Bir də axı, əzizim, ruhun nəyinə lazımdır ki? Bəyəm pis dolanırıq?

- Yox...Nə danışırsan? Maraqlıdır, görəsən, ruhun insan qəlbinə girib, yoxsa elə kənardan hələ də səni güdür?

- Nə bilim, o da ola bilər. Deyirəm, bəlkə elə...”

Anası yastığı Rüstəmin başından qaldıranda yuxusu lent kimi qırıldı.

Oğlunun təlaşlı olduğunu görcək əlini onun alnına dayadı.

- Nə olub, balam, nə tərləmisən? Yoxsa yuxuda daş daşıyırdın?

- Yox, nə daş, dəhşətli yuxu görürdüm... İlan məni duz kimi yalayırdı- deyib gözlərini ovuşdurmağa başladı.

- Allah xeyrə calasın! Yuxuda ilan görmək yol deməkdir. Heç qorxub eləmə!- deyərək Rüstəmin köynəyini götürüb otaqdan çıxdı.

Rüstəm yenidən uzanıb ilanı təzədən görməkçün gözlərini yumdu. Əlbəttə, qaranlıqdan başqa bir şey görə bilməzdi. Amma qulağı yuxusundakı kimi yenə də qaşınmağa başladı. Nazik barmaqlarını boynuna apararaq, qulağını qaşıdı. Düşündü ki, elə bu dəqiqə ilanın özünə yazıb hər şeyi ondan soruşsa, necə olar? Cəld yerindən sıçrayıb noutbukun qarşısına keçdi. Onu işə salmamış əvvəlcə monitoru təmizlədi, əlləriylə sanki onu da yuxudan oyadırmış kimi yan-yörəsini oxşamağa başladı. Poçtunu açdı:

“Salam, əzizim, elə indicə yuxuma gəlmişdin.

Görürəm, deyirsən ki, nə bilim ruhun səndən inciyib gedib. Yəni belə bir şey ola bilərmi? Bu doğrudan da belədir, yoxsa elə yuxunun mənə göstərdiyi növbəti fantastikasıdır? Xahış edirəm, ətraflı yazıb məni şübhələrin caynağından qurtar. Biz tanış olandan düz-əməlli özün haqqında yazmamısan. Axı mənə də maraqlıdır ki, sən, ümumiyyətə, kimsən və yaxud da nəsən? Axırda hər şeyi yuxumda etiraf etdin. Əgər yuxuda dediklərin düzdürsə, yəni ruhum səndədirsə, çalışıb səninkini tapıb barışdırım ki, özümünkünü geri qaytarasan. Nə deyirdsən buna? Sən Allah, elə bilmə ki, acığım gəldiyindən belə yazıram. Yox, ümumiyyətlə, mənim acığımın gəlkəmdən xoşu gəlmir. Beynimin hansısa küncündə özüyçün xor-xor yatıb).

Sadəcə, düşünürəm ki. bütöv olmaq lap yaxşıdır. Elə sən özün də tam deyilsən. Məncə, özgə ruh detdom uşağı kimidir. Lap qarşına saf ruh çıxsa belə, doğma elə doğmadır, onu heçnə ilə əvəz edə bilməzsən. Nə bilim, hərəmizin ruhu özümüzdə olsa, bu bizim yaxınlığımıza əsla xələl gətirməyəcək. Buna yüz faiz əmin ola bilərsən!

Hələlik... Yaz... Gözləyəcəm.

P.S. Günortakı “bal”ın ləzzəti hələ də damağımdadır :)))”

Rüstəm yazısını bir də oxuyub “ilan” olan ünvanına göndərdi. Elə bu vaxt Aytən zəng etdi. Hal-əhval tutdular. Rüstəm çarpayısından hələ də qalxmadığını dedi, Aytən isə onun baş qoyduğu yastığı indicə qucaqlayıb qoxladığını söyləsə də, əslində bunları uydururdu. Başını rəfiqəsinin dizinin üstünə qoyub televizorun pultunu oynada-oynada onunla danışırdı.

Aytən Rüstəmlə sağollaşan kimi televizorun kanalını dəyişdi. Rəfiqəsi onun başını kənara çəkib ayağa qalxdı.

- Nu çto, yenə nə çərənləyirdi?

- Az, yaxşı, sən Allah?! Gələcək həyatımla işin olmasın!

- Paaahhh, həyaaatıınna baaaxxx?! Bir dəfə olmaqla uje kişinin qızının həyatına çevrildi. Yaxşı, de görüm, yüz faiz əminsən ki, o, səni alacaq?

- A kak je...Tı çto ?! O yan - bu yan olsa, deyəcəm uşağa qalmışam, sonra hünəri var, bir addım geri çəkilsin..

- Başın xarabdı, vallah... Elə Elçinə də belə dedin, axırda nə oldu? O gündən ilim-ilim itdi.

- Yox, az, bu, qoyuna oxşayır... Əlimdən qurtula bilməz!

- Elə sən özündən başqa hamını key Balaxanım hesab edirsən. Day fikirləşmirsən ki, səndən də bicləri var.

Aytən ayağa qalxıb atlaz örtüyü kənara çəkib özünü taxta tulladı. Əsnəyə-əsnəyə:
- Oxx ayyyyyy! Prosta kayfdaydıq. İnan heç istəmirdim ki, çıxıb gedə... Azz, day özündən soruşmağa utandım, deyəsən, zalımın oğlu birinci dəfəydi arvad üzü görürdü- deyə qəhqəhə çəkib güldü.

Rəfiqəsi onu eşitmirmiş kimi əvvəlcə televizoru, sonrasa işığı keçirib divana uzandı.

- Kayfuvu qoy kənara, başuvı at, yat!! Səhər dərsə gecikərik. Starostaya verməyə artıq pulum yoxdur.

***

Rüstəm dəftər-qələmini götürüb auditoruyadan çıxmaq istəyəndə müəllimi onu saxladı.

Müəlliminin tələbəliyi ağır keçdiyindən tələbələrinin çətinliyə düşməsinə dözə bilmirdi. Vaxtaşırı onlarla dərdləşər, yeri düşəndə köməyini onlardan əsirgəməzdi. Elə Rüstəmi də bikef görəndə düşündü ki, bəlkə nəyəsə ehtiyacı var.

Ümumiyyətlə, Rüstəm onun nəzərində başıaşağı, qanacaqlı tələbələr kateqoriyasına aid idi. Bir də əsas məsələ: onun Rüstəm adında ekiz tayı olub. 19 yaşındaykən dənizdə boğulub ölüb. Odur ki, Rüstəm ona başqa tələbələrlə müqayisədə daha doğma gəlirdi.

- Rüstəm, oğlum, nə olub sənə? Belə, gözümə birtəhər dəyirsən e ?

-Heç bir şey, İsmayıl müəllim. Nə ola bilər ki?

- Bax, məndən bir şey gizlətmə ha! Bəlkə imtahan, zaçot, ya başqa nəsə problemin var? De, utanma...

Müəlliminin diqqəti Rütəmin ürəyinə yağ kimi yayıldı.

- Vallah, bilmirəm, necə görünürəm ki, sizə belə qəribə gəlir?

-Oğlum, 30 ildir ki, tələbələrlə çalışıram. Artıq onların hər mimikalarına bələdəm.

Son günlər səndən heç baş aça bilmirəm. Dinib-danışmırsan, bir az da əfəlləmisən,

- Nə bilim bəlkə də dəyişmişəm. Amma çalışaram özümü bərpa edəm...

- Mütləq, oğlum! Sənə belə görkəm yaraşmır. Vallah, sizlərə baxıram, ürəyim ağrıyır. Nə gün görmüsüz e? Vaxt varıydı kitab almaqçun saatlarla növbələrə dayanardıq, oxumaqdan zövq alardıq, imkansız yoldaşlarımıza da ötürərdik ki, onlar oxuya bilsinlər. Bax, de görüm, bu gün siz bir-birinizə nə ötürürsüz? DVD, CD, nə bilim, bulutuz, elə bilirsiz fikir vermirəm?

İsmayıl müəllim, kitabları internetdən oxuyuruq da.

Day mənə də yox da, beş-on dəqiqə kitab oxuyanda, on saat da çatlaşırsız?! Allah bilir, daha nə işlər görürsüz. Vallah, heç xəbərivüz yoxdur ki, internet sizi caynağına keçirib hər istədiyini edir. Bir də ayılanda görəcəksiz ki, gecdir...

- Söz verirəm ki, mən onun cənginə heç vaxt düşmərəm.

Bəyəm tora düşəndə onu bilmək olur?!

- Yenə də çalışarıq da. İnternetdən niyə belə yanıqlı danışırsız? Axı onun yaxşı cəhətləri də var. Vaxtınız olanda bir gün noutbukumu gətirərəm, bir saat da olsa sizi o aləmdə gəzdirərəm. Onda görəcəksiz ki, yanılmıram.

Müəllimi portfelini əlinə götürüb ayağa qalxdı.

- Eh... Nə isə... Gedə bilərsən.

Rüstəm müəllimindən təzəcə ayrılmışdı ki, Aytən zəng etdi.

- Privetik, tı seyças qde?

- Universitetdəyəm, nə olub ki?

- İnteresno, bəs sənin MSN-nin açıqdı ki? Səhərdən yazıram, cavab gəlmir...

Təəcübdən Rüstəmin dili topuq vurmağa başladı.

- Bu, bu necə...necə ola bilər axı?

- Məndən niyə soruşursan. Bəlkə evdəkilər açıblar?

- O-ola bilməz! Ya..yaxşı konturun gedir. Sonra zəng edərəm.

Rüstəm addımını sürətləndirib evə üz tutdu. Fikrində tutmuşdu ki, dərsdən sonra bulvara gedib dəniz havası alsın. Uşaqlıqdan dənizi sevir. Əvvəllər valideynləriylə çimərliyə gələndə özünü günə verməkdən utanıb yalnız üzərdi. Lakin böyüyəndə hər şey əksinə oldu. Gün altında özünü qətfə kimi qumun üstünə sərib gün eynəyinin altından qızlara, qadınlara baxmaqdan həzz alardı. Elə bilirdi ki, dənizin içində olanda onları belə aydın görə bilməyəcək.

Bir dəfə necə oldusa üzəndə ayaqlarının arasından bir qız çıxıb gülə-gülə üzməyinə davam etmişdi. Qızın şıltaqlığından elə zənn etmişdi ki, yəqin ona meyli var və o dəqidə gözlərində gələcək səhnələri canlandırıb qıza sarı sürətlə üzməyə başlamışdı. Nə illah etsə də ”su pərisi”ni toruna sala bilməyib kor-peşman sahilə qayıtmışdı.

Qız da elə bil harayasa yoxa çıxmışdı. Sahildə də görünməz olmuşdu. Rüstəm hərdən o günü yadına salanda özünə, dənizə yaman acığı tuturdu.

İndi evə tələsir, yol da sanki acığa düşüb uzandıqca elə uzanırdı. Bir yandan təəccüb, bir yandan da qorxu tank kimi üstünə gəlirdi. “Necə ola bilər?” Özü özünə elə hey bu sualı verirdi. “Bəlkə səhər onu söndürməmişəm? Axı onu heç yandırmamışdım da... Belə getsə, deyəsən, dəlixanaya düşəcəm.”

Evinə çatdı. Ayaqqabılarını soyunmadan birbaşa otağına keçib noutbuka baxdı. Necə qoymuşdusa, eləcə örtülü çarpayısında “uzanmışdı”. O dəqiqə səhərki fikri yadına düşdü. Fikirləşirdi ki, qoy bir az da o yatsın, dincəlsin, onsuz da günorta “yuxudan oyanıb” qulluğumda müntəzir olacaq. Cibindən mobil telefonunu çıxardıb Aytənə zəng etdi.

- Aytən, noutbukumu necə söndürmüşəmsə, eləcə də qalıb.

- Ey durak, sevodnya kakoe çislo? 1 aprel, znaçit, nikomu ni ver!

- Ay səni, məni dəli etdin. Baxarsan, bunun əvəzin səndən çıxacam. Davay!- telefonunu çarpayının üstünə tullayıb dərin ah çəkdi. Ayaqqabılarını soyunub ayaqlarını azadlığa çıxartdı. Ayağını ovxalaya- ovxalaya corabını burnuna dayayıb iylədi. Qoxudan sankı beyni çalxalandı. Corabını çıxarıb ayaqlarına baxdı. Təəccübdən gözləri bərəldi. Dərisi qabıq vermişdi. O dəqiqə ilanın qabıqdan çıxmasını düşündü. Düşündü ki, yoxsa o, yazışmaqdan ilanlaşıb, bəlkə elə ilan rüstəmləşib?

Beyni elə bil lenti qarışmış kaset kimiydi. Fikirləri bir-birinə dolaşıb çıxış yolu tapa bilmirdi. Dilini ilan təki bayıra çıxardanda, heç belə təşvişə düşməmişdi. Əksinə, bu onu əyləndirirdi. Amma indi ayağının dərisinin soyulması onu əməlli-başlı təşvişə saldı. Fikirləşdi ki, bundan sonra ilan kimi qıvrılıb yatsa, daha təəcüblənməyinə dəyməz. Amma köynəyini çıxarıb bədəninə də göz gəzdirəndə sevincdən gözləri doldu. Ondan ayrılmaq istəyən bircə ayağının dərisiydi. Demək, təşvişi əbəsiymiş. Yadına düşdü ki, inişil də əlinin içi, ayağı qabıq vermişdi. Heç o vaxt bir belə narahat olmamışdı.

...Saatına baxdı. Üçün yarısı idi. Mədəsi acından haray salsa da, xörək qızdırıb yeməyə ərinirdi. Çarəsiz qalıb noutbukunu mətbəxə apardı.

Mətbəx həmişəki kimi səliqəsiziydi. Çanaqda kartof-soğan qabıqları elə bil qab-qacağı qucaqlamışdı. Çaydan, soba yağ sıçrayışlarının hücumuna məruz qaldığından üzlərini çil basmış adamlara oxşayırdı. Rüstəm tənbəl-tənbəl tavanı sobanın üstünə qoyub kartof qızartmasıyla kotleti isitdi. Sonra onları masanın üstündəki boşqaba boşaldıb yeyə-yeyə “ilan” poçtundakı yazıları bir də gözdən keçirtdi. Nahar edəndən sonra otağına çəkildi. Çarpayısında yerini rahatlayıb yazdıqlarını cavablandırmağa başladı.

“Salam, əzizim! Xoşbəxtəm ki, səni quş kimi cənnətə uçura bilmişəm. Nə olub, Allaha şükür, istəsən hələ sən çox “cəh-cəh” vura bilərsən.

Hər şey öz əlindədir. Sadəcə tənbəlsən, ya da ki, qorxu sənə güc gəlir. Bilirsən, istərdim sən həmişə hər şeyə qalib gələsən.

Deyirlər, ölümə güc gələmək olmur. Məncə, insan istəsə buna da nail ola bilər. Hə, nədir, elə bilirsən, gəlişi gözəl sözlərdir, deyib yazıram? Əslində ölüm nədir e? Bu dünyada şələ-şüləni qoyub uçursan göyə.

Bu da sənin sonun. Amma çalışıb elə ölmək lazımdır ki, qoy hamı səni həmişə diri qəbul etsin. Haqqında keçmiş zamanda yox, elə indiki zamanda danışsınlar. Səni gözləsinlər, insanlar arasında axtarsınlar. Bircə, ölümünə inanmasınlar. Məncə, bu ən xoşbəxt ölümdür. Bəlkə də yanılıram. Bu mövzuda kimləsə mübahisə etmərəm.

Sənə yalnız düşündüyümü yazıram. Heç inanmazsan, şəxsən mən öz ölümümü bilirəm. Hətta onu da bilirəm ki, təzədən dirilib yeni ömrümə başlayacam. Düzü, bu mənə qəribə görünsə də, amma belə olacaq. Nə isə..

Gəl, yaxşı şeylər düşünək. Bilirsən, gərək yaxşını o qədər düşünəsən, axırda “pis” də bezdiyindən çevrilib “yaxşı” olacaq. Təbii ki, yaxşılıqlar içində hər dəqiqənin qədrini də bilməlisən! Tez-tez saata baxıb tələsməyə də dəyməz. Onsuz da ona müdaxilə edə bilməzsən. Bircə o həyasızın qarşısında məğlub olursan. Amma, vallah, baş sındırıb ona da çarə tapmaq olar.

O ki qaldı sənin ikinci məktubuna, əzizim, bu sadəcə bir yuxudur. Düzünü desəm, hərdən mənə də elə gəlir ki, bir ruhda iki canıq, amma narahat olma, mənim ruhum özümdədir. Hərdən yuxular yalançı çıxır. Çox da o gopçuya bel bağlamaq olmaz!
Axşama bir planın var? Aytənin səni yaxşıca barmağına doladı. Keyfinə düşsə, bu gün də ona baş çək, “hayfını çıxart” :)

Sonra istəsən, gedərsən İçərişəhərə. Hə, deyəcəksən ki, dar küçələrdə veyillənməkdənsə ən yaxşısı bara, nə bilim kafeyə getməkdir. Özün bil! Bilirsən, İçərişəhər elədir ki, ovqatından asılı olmayaraq oraya gedəndə o səni olduqca səmimi qarşılayır. “Yazıq qoca” üst-başına görə xəcalətli olsa da, qəmli çöhrəsindəki o uşaq təbəssümünü bu vaxta kimi qoruya bilib. Elə onun böyüklüyü də bundadır. Ona elə ürəyim ağrıyır ki...

Yaraşdı-yaraşmadı elə bil yazığın əyninə smokinq geydiriblər. Eh, hələ bu azmış kimi plastik əməliyyatdan da keçiriblər ki, bir az cavanlaşsın. Amma nə fayda e, cavanlaşıb kimin xoşuna gəldi ki? Bax, bircə onu başa düşmürlər ki, İçərişəhərin gözəlliyi elə qoca, nurlu üzündədir. İstərdim, o “qoca”yla görüşəsən, əminəm ki, belə dərdlərinə baxmayaraq, onunla “ünsiyyət”dən zövq alacaqsan. Çünki onun içəri dünyasına baş vuranda nə qədər zəngin olduğunu görəcəksən. İlahi, o necə də bu zülmlərin qabağında saflığı itirməyib.

Sən allah, mütləq ona baş çək. Bir də axı, öz aramızdır, sənin də “içəri şəhərin” onunku kimi təzələnib?! Düzdür, bir az ondan fərqlənirsən, yəni o, istəmədən bu kökə düşüb, sənsə, əksinə, “içəri şəhərini” özün dəyişdirib yeniləşdirmisən.
Amma bax ha, çalış öz “içəri şəhərində” heç vaxt azmayasan! Yoxsa... özün fikirləş tap, gör səni nə gözləyə bilər.

Nə deyirsən, gedəcəksən onun yanına? Vallah, mənə qalsa, gedib birdəfəlik İçərişəhərdə yaşayardım. Sənə qəribə də gəlsə, ancaq deyəcəm. Mənə elə gəlir ki, onun daş döşəmələri qorxudan büzüşüb, bir az da torpağın altına girib. Bəlkə daşlar xəcalət çəkir? Niyə də olmasın? O ki, vicdanını itirməyib! Məhz buna görə orada yaşamaq istərdim ki, bəlkə onu qoruya bilim. Nə isə... Deyəsən, başını ağrıtdım. Gedişin bəlkə də o “qoca”ya təsəlli oldu. Odur ki, düşün..

Bilirsən, bir də səndən nə istəyirəm? Səninlə daim ünsiyyətdə ola bilməməyimə təəəssüflənirəm. Bəlkə bu haqda fikirləşib bir əlac tapasan? Hələlik!”
Rüstəm yazdığını ünvanına göndərəndən sonra ayağa qalxıb əynini dəyişdi. Elə otaqdaca çəkmələrini geyinə- geyinə kameraya baxıb dilini çıxartdı. Deyəsən, İlan”ın məktubu ürəyincə idi. Noutbukunu da çantasına qoyub götürməyindən bəlli oldu ki, elə o da “ilan”ından ayrı qala bilmir.

***

Rüstəm, Aytən bilməsin deyə, o, mətbəxdə var-gəl eləyən zaman noutbukun kamerasını qoşdu.

Aytənsə Rüstəmin xəbərsiz gəlişindən sevinirdi. O dəqiqə mobil telefonuyla mətbəxə çəkilib rəfiqəsinə ismarıc yazmaqla xəbər elədi ki, bu gecə evə gəlməsə lap əla iş görmüş olar. İsmarıcı göndərən kimi telefonunu bir kənara qoyub çay süfrəsi hazırlamağa başladı. Sevincindən başın itirmişdi.

Gah çaydanı plitəyə qoyub götürür, gah da təmiz fincanları təzədən yaxalayırdı. Rəfiqəsindən gizlətdiyi içi konyaklı konfetləri şkafın lap dərinliyindən çıxarıb qəndqabına qoydu. Fikirləşdi ki, bəlkə elə bu konyak Rüstəmə təsir edər, o da səhərə kimi yanında qalar. Nədənsə içki alıb onunla köhnə dostlar kimi “vurmağa” ürək etmirdi. Düşünürdü ki, bəlkə Rüstəm belə şeylərin əleyhinə olar. Axı nə qədər olmasa onlar gəldi-gedər aşiq-məşuqlar yox, ər-arvadı olacaqlar. Hər halda Aytən belə düşünürdü.

Əynindəki qara atlas xalatın ucuyla stəkan – nəlbəkini silən kimi məcməyi ilə otağa keçdi. Noutbuku görcək:

- Aaa, noutbukunu niyə gətirmisən?-dedi.

- Özüm elə-belə... İstədim səni “yaxın dostum”la tanış edim.

- Da ladno, yaxın dostu?! Nədir, deyirsən, ondan başqa yaxının yoxdur?

- Var, niyə ki, prosto, bu mənə lap əzizdir. Bir də axı oradan “sən çıxmısan”, gözəl qız, onunçün ona böyük təşəkkür düşür.

Stəkanları jurnal masasının üstünə qoyub divanda Rüstəmin yanında əyləşdi.

- Bax, onu düz dedin. Mən də hərdən kompüterimi uşaq kimi əzizləyirəm.

- Görürsən, elə məni qınayırsan.

- Day, sənin kimi yox da... Bəs, yaxşı, niyə onu yandırmısan?

- İşim var- deyib əliylə Aytənin burnundan yapışdı- Ay səni, bu gün məni yaman “ baqaja” qoydun haa?!

...Aytən onu əzizləyə-əzizləyə xəyalında yüz cür səhnələr qururdu: Onların şəxsi, yeni tikili üçotaqlı mənzilləri, Rüstəmin və onun qayğısız gülüşləri, jurnal masasında cürbəcür içkilər, külqabıda yanan iki papirosun tüstüsü, hətta haradansa papirosun qoxusu burnuna da gəldi. (Ola bilsin ki, bu qoxu qonşu eyvanda papiros çəkən Həsən kişidən gəlirdi). Təbii ki, o, uşaqları da düşünürdü. Özü də ekiz, bir qız, bir oğlan.

Rüstəmsə Aytənin uzun, qıvrım saçlarını sığalladıqca yalnız noutbuku, daha doğrusu “ilan”ı düşünürdü. Hətta taxtda elə uzanmışdı ki, noutbukla üzbəüz dayanıb hərdən ona da baxırdı. Düzdür, bu dəqiqə ürəyindən “ilan”a təəssüratlarını yazmaq keçcə də Aytənin şübhələnməsindən ehtiyatlanıb onu əzizləməyinə davam etdi.

..Artıq getmək vaxtıydı. Axı noutbukunu İçərişəhərə aparmaq lazımdır. Aytənin təkidinə baxmayaraq, sağollaşıb taksiylə birbaşa İçərişəhərə yollandı.

Çoxdandı ki, buralara ayağı dəymirdi. Sonuncu dəfə on yaşı olanda anasıyla nəyə görəsə gəlmişdi. Yalnız onu xatırlayır ki, dar küçələrin birində uşaqlarla top-top oynayırdılar. Uşaqlardan biri topu ona atan zaman tuta bilməmişdi, top kiminsə pəncərəsini sındırıb otağa keçmişdi. Ev yiyəsi də hirsindən topu partladıb onlara qaytaranda, Rüstəm günahı özündə bilib axşama kimi ağlamışdı.

İstədi elə həmin küçəni tapsın. Dar küçələrin birinə burulub sonadək getdi. Lakin hansı dalanda oynadıqlarını heç cür yadına sala bilmədi. Bir də axı aradan səkkiz il keçirdi.

Diplomatik korpusun yanından ötəndə bayrağa baxıb hansı ölkəyə aid olduğunu ayırd edə bilmədi.

Qızıl hərflərlə yazılmış lövhəni oxumağa ərindi. Hətta özünü qınadı ki, beynəlxalq əlaqələr fakültəsində oxuyasan, gələcəyin səfiri olasan, amma bayrağın hansı ölkənikin olduğunu bilməyəsən.

Binanın qarşısından keçəndə yadına “ilan”ın yazdığı sözlər düşdü. “Axı sənin də “ içəri şəhərin” onunku kimi təzələnib”. Bununla onun nə demək istədiyini indi dərk etdi.

Əlbəttə, “ilan”ın sözlərinə haqq qazandırdı. Onun “içəri şəhəri” başdan-başa dəyişilib, tanınmaz olub. Fikirlərinin dərinliyinə baş vurub haradasa özünü İçərişəhərlə eyniləşdirdi də. Onun da “içəri şəhəri”ndə səfirlik açılmışdı. Hətta bu “səfirə” belə bir ad da düşündü: İnternet dövlətinin Rüstəmin iç dünyasına təyin olunmuş “səfiri”. Fikirləşdi ki, görəsən, bu “səfir”in müddəti ikiillikdir, yoxsa elə ömürlük? Amma müddəti bitdikdə səfirin sonrakı həyatının necə olacağını təsəvvürünə gətirib kədərləndi. Axı o, “ilan”a öyrəşib.

Lakin “ilan”ın daim birgə olmaq istəyini yadına salanda narahatçılığı keçdi. Demək, o, elə daimi “səfir”dir ki, Rüstəmin “içəri şəhəri”nə təyin olunub.

Daha yan-yörəsinə baxmırdı. Başını aşağı salıb döşəmələrə diqqətlə baxa-baxa “ilan”ın söylədiyini yoxlamaq, daşların qorxudan qısılmağını görmək istədi.

Həqiqətən də, daşlar “ilan” deyən kimi ya qorxu, iztirabdan, ya da vicdan əzabından sanki “iç”lərini yediyinə görə aşağı çökmüşdü.

Gəlib Qız qalasının yanına çatdı. Qalaya çıxıb oradan dənizi seyr etmək istədi. Bərk yorulduğundan, bir yandan da pilləkənlərin yenə də onu çaş-baş salacağını bilib fikrindən daşındı. Elə o pilləkənlərin spiralvarı olduğuna görədir ki, qızların yanında yıxılmasından ehtiyatlanıb hər dəfə bir bəhanə gətirərək qrup yoldaşlarıyla oraya getməkdən boyun qaçırardı.

Qız qalasından üzüaşağı düşüb taksiyə əl elədi.

***

Rüstəm qrafini başına çəkib ürəyini sərinlətdi. Anası mətbəxə keçib:

- Hardaydın? – deyə soruşdu.

- Gəzirdim özümçün.

- Noutbukunnan gəzirdin? Yoxsa küçənin ortasında yazışırdın? Çaşıb sən də qonşu Sürayənin görməmiş oğlü kimi çöldə də komputerlə “əlləşərsən”?!

- Yox, dostumgilə aparmışdım. Təzə proqramlar yazdı... Nə olub, bəyəm küçədə yazışmaq görməmişlik əlamətidir?

- Bəs nə? Bura London, Parijdi bəyəm? Acdığın var? -deyib anası tavanı sobanın üstünə qoydu.

- Həəə, mədəm uje zırıldayır.

Rüstəm mədəsini yarpaq dolmasına “qonaq edib” onu sevindirdi. İştahla yeməsinə anası da həvəsə gəlib boşqabına üç- dörd dolma qoyub yeməyə başladı. Anası yeyə-yeyə oğluna diqqətlə nəzər yetirib onun zəiflədiyini, hətta başında ağ tüklərin yer aldığını görcək təəccüblənsə də, bunu Rüstəmə deməyə cürət etmədi. Fikirləşdi ki, axı niyə o, əfəlləsin, Allaha şükür, yeməkdən korluq çəkmirlər, bəlkə elə bu noutbukdu onu arıqladan? Amma onu da bilirdi ki, kompüteri oğluna qadağan etsə, acığa düşüb, ümumiyyətlə, heç nə yeməyəcəkdi.

Rüstəm yeməyini bitirib otağına çəkildi. Çantasından noutbukunu çıxarıb əvvəlcə onu sarı məxmər parçayla sildi. Hiss etdi ki, ürəyi yavaş- yavaş dolmağa başlayır. “İlan”ını açıb özünə növbəti məktubunu yazdı.

“Salam, Rüstəm! Əvvəla, sözümü yerə salmadığına görə sənə böyük təşəkkürlər! Nəhayət ki, dörd divardan azad edib “cənnət yuva”na məni də qonaq etdin. Öz aramızdır, zövgün varmış. Canıyanmış gəşənq qızdır. Düzü, elə bildim mənə oradaca nəsə yazacaqsan, açığı, bunu heç istəmirdim. Ümumiyytələ, yazışmağımızı heç kim bilməsin. Sən allah, qoy oturmuşuq. Sonra gəl camaatın ağzını yığışdır. Bizi bir-birimizə həsrət qoysalar, buna yəqin ki, heç birimiz dözə bilmərik.

Əzizim, gəlsənə, məni də götürüb bir dəfə axşam məscidə gedəsən, hə? İmkan versələr, lap minarəyə qalxıb mənə ayı, ulduzları göstərəsən. Nədir, deyəsən, təklifim səni bir az çaşdırdı axı? Burda təəccüblənəsi bir şey yoxdur. Bilirəm, düşünəcəksən ki, minarə yalnız azançündür. Bəlkə də qorxacaqsan ki, çiyinlərinə günah da yazıla bilər. Heç narahat olub eləmə! Məncə, minarə ən saf yerlərdəndir ki, oraya qalxıb səmanı seyr etsən, o da sənə mərhəm baxacaq. Nə isə... Fürsət düşsə, xahişimi yerinə yetir. Bu dəfə çox yaza bilməyəcəm, axı, mən də gəzməkdən yorulmuşam)).
Özündən muğayat ol! Hələlik...İlan.”

Rüstəm alnını ovuşdurub fikrə getdi. Nədənsə “ilan”ın gözlənilməz təklifi onu əməlli-başlı vahimələndirdi. Noutbukunu söndürüb yorğanı başına çəkdi. Yuxusu qaçsa da, gözlərini açmağa cürət etmirdi. Açsaydı ona elə gəlirdi ki, noutbuk qoşuludu, monitorundansa İlan ona baxacaq, bəlkə də haçalanmış dilini çıxarıb qorxaqlığına görə güləcək də. Qorxaqlığı uşaqlıq əlaməti saysa da, yorğanı başından çəkmədi. Otağın bir az soyuqluğundanmı, yoxsa ürəyinin titrəməsindənmi, azca üşüyən kimi oldu. Bundan ürəklənib yorğanın altında bərk-bərk özünü isitməyə çalışdı.

***

...Rüstəm universitetdən qayıdıb bir az dincəlmək istədi. Hələ axşama çox vardı. Darıxmağa başladı. İstədi papiros çəksin, yenə qorxusu baş qaldırdı. Nəfsinin “həvəsini” boğub vanna otağına keçdi. Yuyundu, təraşlandı. Bilirdi ki, məscidə pak olub getmək lazımdır.

Üzünə odekalon vura-vura ağlına qəribə bir fikir gəldi: Düşündü ki, görəsən, elə bir zaman gələ bilər ki, ürəyi çirkinlikdən təmizləmək üçün xüsusi aparatlar kəşf olunsun?

Məsələn, “Avtoyuyacaqlar” kimi, onu da “ürəkyuyacaq” adlandırıb xüsusi sexlər açsınlar. Təsəvvürünə gətirdi ki, küçədən keçəndə, bir neçə işçi, ya da robot fəhlələr həmin o “ürəkyuyacağın” qarşısında dayanıb müştəri gözləyir.

Reklam lövhəsi də indiki kimi gözə girməkçün düz yolun kənarında, fahişə qadınlar kimi özünü göstərir. Bir də fikirləşdi ki, bəlkə elə bu çətin işə heç ehtiyac olmadı. Kompüter əsri ürəkləri də ələ alıb onlara hökm edəcək.

Yəni, insanlar “sevgi” düyməsini basmaqla limit vaxtı qurtarana kimi eşqə düşəcəklər, sonrasa “nifrət”, “döyüş” düyməsinə toxunmaqla hər şeyi alt-üst edəcəklər. Düşündü ki, yəqin o vaxtlarda da rüşvətsiz keçinmək olmayacaq. Elə ona görə insan- robotların fikrini çəkməyə dəyməz.

Paklığına əmin olub vanna otağından çıxdı. Minarədən ayı, ulduzu seyr etmək özünə də maraqlı gəldi. Necə olub ki, bu vaxta kimi ağlına belə şey gəlməyib. Yenə də “ilan”ının təklifinə heyrətləndi.

...Məscidə gəldi. Əvvəlcə çəkmələrini soyunub bir küncə qoydu. Saqqallı, başında buxara papaq olan kişi onu qapıda qarşılayıb içəri apardı. İldə bir dəfə Aşura günündə məscidin həyətində zəncir vuran oğlanlara tamaşa edib dilənçilərə nəzir verməklə kifayətləndiyindən məscidin içərisinin necə olduğundan xəbərsiz idi. Içəriyə daxil olanda yaşıl rəngli xalıların üstündə əyləşmiş ruhanilərə sanki turist təsiri bağışladı.

Məscid təzə təmir olunduğuna görə boyaların tünd qoxusu hələ də qalmaqda idi.

Rüstəm görəndə ki, heç kəs burnunu tutub ibadət etmir, əlini o dəqiqə kənara çəkdi. Başını qaldırıb məscidin tavanına baxanda heyrətdən gözləri bərəldi.

Tavan açıq mavi rəngə boyandığından özünü sanki səmada hiss etdi. Hətta ona elə gəldi ki, yanan çilçiraq da günəşdir. Amma geniş pəncərələrdən havanın qaraldığını görəndə özünü ələ alıb baş əyməklə hamıyla salamlaşdı.

Yerdə əyləşən kişilər də gözlərini yummaqla salamı alıb mollanın oxuduğu surəni dinləməyə davam etdilər. Rüstəm də onlar kimi bardaş qurub heç nə anlamasa da, gah oxuyan mollanın əbasına baxır, gah da əlini çantasına toxundurmaqla sanki noutbukunu sakitləşdirirdi. Ayə bitər-bitməz cəld ayağa qalxıb onu qarşılayan kişinin yanına getdi.



- Əmi, olar sizdən bir şey xahiş edim?

- İstəyirsən ikisini et. Buyur, oğlum!

- Əmi, bilirsiz, mən heç vaxt minarədə olmamışam, istərdim mənə oranı göstərəsiz, olar?

- Kişi buxara papağını çıxarıb dazlaşmış başının tərini silə-silə:

- Ay bala, axı heç kəsi oraya buraxmırlar. Bir də axı, hava qaralıb, şər qarışır, bir azdan məscidi bağlayırıq.

- Qurban olum, əmi, nə olar, arzumu ürəyimdə qoyma. Heç olmasa on dəqiqə də olsa minarədə olum.

Kişi papağını başına qoyub, salavat çevirirmiş kimi, əllərini üzünə çəkdi.

- Görürəm, yaxşı oğlana oxşayırsan. Amma beş dəqiqəlik... Mənimlə çıxırsan, desəm, düş, o dəqiqə düşəcəksən!

- Bu nə sözdür, əmi, uşaq deyiləm ki, sadəcə, həmişə minarədə olmaq istəmişəm.

- Az danış, gəl dalımca!

Kişi alışqanı yandırıb Rüstəmlə birgə pilləkənlə yuxarı qalxdı. Rüstəm Qız qalasında olduğu kimi buranın da pilləkənlərində özünü itirib az qala divarları qucaqlayacaqdı. Lap bir az da ehtiyatsızlıq etsəydi, əlindən çantasını salacaqdı da.

- Ay bala, o nə çantadı əlində? Lap kinolardakı şpionların çantasıına oxşayır...

- Kompüterdi , əmi.

- Pay atonnan, texnikanın inkişafına sən fikir ver... Minarəyə də ayaq açır!

- Əmi, əgər bir azdan məscidlərin veb-saytları açılsa, heç təəccüblənməyin. Çünki internet əsrinin əsirləriyik.

- Bala, düz deyirsən. Ondan qorxuram ki, zalım balaları robot mollalar ixtira edib çörəyimizi əlimizdən alsınlar. Əstəğfurullah! Allah bizi o gündən qorusun! Hə, çatdıq.

Rüstəm başını hücrədən çıxaran kimi çantasını açıb noutbukun kamerasını işə saldı.
- Ay bala, neyləyirsən?

- Heç, əmi, noutbukun kamerasından çəkmək istəyirəm.

- İşə düşmədik?!

Rüstəm noutbuku arxa tərəfdən tutub minarəni dövrə vura-vura aya baxmağa başladı. Doğrudan da, göy üzü Rüstəmin gördüyü gecələrdən fərqlənirdi. Elə bil göy, qara ay-ulduz bəzəkli örtüklə üstünü örtmüş, şirin-şirin yuxuya gedirdi. İndi əl atıb örtüyü aşağı çəkmək günah iş olardı. Rüstəm düşündü ki, əgər “ilan”ın dediyində həqiqət varsa, gərək o, səma onu görə bilsin deyə, günorta gələydi. İndi o şirin yuxudadır, Rüstəmin yalvar- yaxarla minarəyə çıxmasından da xəbərsizdir. Bununla belə sevindi ki, gecənin gözəlliyini, şirin yatışını “ilanın” sayəsində görə bildi.

- Ay bala, daha bəsdir! İşimiz, gücümüz var axı..

- Oldu əmi, nə deyirəm,- deyə noutbku söndürüb çantasına qoydu- Düşdük, təşəkkür edirəm, əmi! Məni yaman sevindirdiniz. Vallah, savaba batdınız.

Dəyməz! Belə, vallah, təəccüblənirəm e... Dədə-babadan görmüşük ki, minarəni arzulayıb orada azan desinlər, amma sənin kimisin birinci dəfədir görürəm. Yenə xaricilər gəlib belə şeylər etsəydilər, dədr yarıdı...

***

Rüstəm noutbuku çantasından çıxarıb masanın üstünə qoydu. “Rüstəm” olan ünvanını açanda, ona elə gəldi ki, “İlan”ın təşəkkür məktubunu oxuyacaq. Tamam unutmuşdu ki, hər ikisini yazan elə özüdür. “ilan” ünvanı açıb özünə məktub yazmağa başladı.

“Urra!! Sagol e, xahişimi yerinə yetirdin.Vallah, səndən bir dənədir! Elə bil yuxudaydım. Əgər bilsən, göyün üzünü nəyə oxşatdım? Elə bildim göy, bir qadındır (sənə zarafat gəlməsin) ,büründüyü gecə də qadının geydiyi qara penüar. Səd heyif ki, əlim ona çatmırdı. Ona görə də boş- boş nağıllar qurmağımın mənası yoxuydu.Vallah, gecədən, inan ki, doymadım, (deyəcəksən, yaman qarınquluyam. :)) ) Əlacım olsaydı, səhərə kimi onu seyr edərdim. Neyləyim, təəssüfün üzü qara olsun!

Gecələr sənin cansıxıcı, lal tavanınla heykəl kimi dayanıb səhərin açılmasını gözləməkdən lap təngə gəlmişəm. Amma mənə nə var, gecəylə dil tapıb səhərə kimi onunla söhbət edə bilərdim. Imkanın olsa, sən allah, ara- sıra məni gecənin hüzuruna apar.

Daha yaya nə qalıb ki... Bəlkə elə indidən bağa köçəsən, hə? Desən, valideynlərin icazə verərlər. O yan-bu yan olsa, lap de ki, imtahana hazırlaşırsan, sənə tam sakitlik lazımdır. Razı sala bilib bağa köçsən, pahooo, bu hər ikimizə yaxşı olacaq. Yatanda məni eyvanda qoyarsan, səhərə kimi gecəni seyr edərəm, pıçıldaşaram. Lap sən də darıxsan, Aytənə elə bir vızıv versən, kifayətdir. On dəqiqəyə hüzurunda olacaq. Bəs nə? O, elə bunu istəmir?!

Dənizə də gedərik. Düzdür, sənə qoşulub çimməyim ağla batan deyil, amma sahildən seyr edə bilərəm.

Yadındadır, hər şey hansısa qıza göndərəcəyin dəniz açıqcasından başladı?

Görəsən, o hansı dəniz idi? Əşi, nə fərqi... Elə bütün dənizlər eynidir- hamısının ürəyi genişdir. Vallah, bizi birləşdirdiyinə görə dənizə böyük təşəkkür düşür. İndi bir saniyə belə ayrıla bilmirik. Nə isə, əzizim, çalış, valideynlərini dilə tut... Gedək bağa- keyfimizə baxmağa... Hələlik...

P.s. Yeməyinə fikir ver! Heç bilirsən, arıqlamaqdan gözlərin çüxura düşüb? “
Rüstəm yazdığını “Rüstəm” ünvanına göndərəndən sonra noutbukunu söndürdü.

***

...Çəkməsinin ipini bağlayıb qapıdan bayıra çıxdı. Heç bilmirdi haraya gedirdi. Nədənsə canı sıxılırdı. Hər şeydən uzaqlaşmaq istəyirdi. Özündənmi, şəhərdənmi, heç özü də bilmirdi. Başını yaman itirmişdi.

Dünənki əhvalından sonra bügünkü vəziyyətə düşməsindən özü də baş aça bilmirdi. Hər şey onun ürəyincə olduğu bir vaxtda küçəyə düşüb nəyi axtarırdı? Ayaq saxlayıb ətrafına baxdı, indi anladı ki, o heç də baş götürüb qaçmaq, uzaqlaşmaq niyyətində deyil, elə o, ikicə addımlığında dayandığı internetklubda itirdiyi ruhunun dalıyca gəlib. Binanın zirzəmisinə enib qapını açdı. Ətrafa ani nəzər saldı. Təbii ki, axtardığı orada ola bilməzdi. Uşaqlarla salamlaşıb, əvvəllər oturduğu 18 N-li masanın qarşısında əyləşdi.

Klubun rəhbəri onu görən kimi təəccübdən qaşları alnına dartıldı.

- Həəəəəə, Rüstəm, day noutbuku alandan bizi saymırsan...

- Vallah, vaxt yoxdur. Dərslər də bir yandan lap məni gic eləyib.

- Yaxşı görək, oxumaqdan çaşıb başın xarab olar, bilmərik?! Yəni heç vaxtının on dəqiqəsini də bizə qıymırsan?

- Olmadı da, dannağ eşitməyə gəlməmişəm ki... Vallah, axır zamanlar vaxt sarıdan yaman korluq çəkirəm.

- Nədir, deyirsən, notariusa gedib, vaxtımın bir hissəsini adına keçirdim?! Vallah, o xasiyyət ki, səndə var, onda da belə zarıyacaqsan. Bura bax, noutbukunla neynirsən? Gəlməməyindən görünür, ilan kimi sarılıb boynuna...

Rüstəmi elə bil cərəyan gizildətdi. Fikirləşdi ki, o, bunları haradan bilir? Yoxsa parolunu öyrənib hər dəfə poçtunu açır? Şübhələr ürəyini gəmirməyə başladı.

- Nə dedin, noutbuk ilan kimi boynuma sarılıb?

- Əşi, sözdür də, istədim belə, obrazlı, lap yazıçılar kimi deyəm.

Rüstəm dərin ah çəkib boynundan axan tərini sildi.

- Həə, noutbukdu da, rahat, yüngül. Heç ağlına gətirə bilmirsən ki, balaca aparatdan o boyda dünya çıxa bilər.

- Çata girirsən? Yenə o saytlarını açıb, keflənirsən? Day burada birtəhər olmuşdun...

- Bu nə sözdü, əlbəttə. Evdəkilər də məni tək buraxıb, düşürəm kefə- Rüstəm saatına baxdı. Yeddinin yarısı, atasının işdən gələn vaxtıydı. Bu dəfə də gec getsə, mütləq söz-söhbət olacağını bilirdi - Yaxşı, Rafiq, day bundan sonra mütləq gəlib sənə dəyəcəm. İndi icazə ver, gedim...

- Nə oldu, elə salam- sağol? Bir az oturardın da..

- Yox e, gedim, Davay, sağol !

Tələsik klubdan çıxdı. Yol boyu ruhunu mənasız yerə axtardığına, vaxtının boş yerə itirdiyinə görə özünü qınadı. Düşündü ki, “ilan”ın da onun bütöv olduğunu təsdiqlədiyi bir halda, nə üçün bir belə təşvişə düşməlidir. Amma “ilan”ı fikirləşəndə beyninin hansısa dərinliyində narahatçılıq hüceyrələri oyanmağa başladı. “Görəsən, bu oyunun sonu nəylə bitəcək? “İlan” birdən zalımlaşsa, sancıb zəhərini buraxsa necə? Doğrudanmı o, idealdır? “...

Evə qayıtdı. Kefsiz olsa da, bacardığı qədər hisslərini gizlətməyə çalışdı. Bacısı dəhlizdə güzgünün qarşısında saçını qurulayırdı. Rüstəmi görcək fenini söndürüb elə güzgüdəncə ona dil çıxarıb gülümsəməyə başladı. Rüstəm güzgüdən gözünü çəkib ayaqqabılarını soyundu. Bacısı elə bildi ki, Rüstəm belə şit zarafatları qaçırmadığından ona cavab verər. Bir az onu qıcıqlandırmaq istədi. Neçə vaxtdı ki, əvvəlki kimi bir-birilərilə “boğuşmurdular”. Əvvəllər bundan hirslənsə də, indi o günlərin xiffətini çəkirdi. Təəssüflə yenidən fenini yandırdı.
Rüstəm qonaq otağına keçib atasıyla salamlaşdı. Atası televizorda “Xəbərlər” proqramını izlədiyindən üzünə belə baxmadı. Proqram reklam carxına keçən kimi televizorun səsini alıb:

- Haradaydın, ay oğul? – dedi.

- Heç...İnternetklubda işim vardı.

Anası əllərini çay dəsmalına silə-silə yanlarına gəldi.

- Acdığın yoxdur? Yaxşı borş bişirmişəm... Hamı yeyib, gəl sən də ye!

Qapının kandarındaca borşun qoxusu burnunun dəliklərinə ötürüldüyündən, Rüstəm sanki yeyib doymuş kimiydi. Ona görə də həvəszis mətbəxə keçib stulda əyləşdi. Atası da arxasıyca mətbəxə keçib stula yayıldı. Rüsrəm borşu içə-içə gözünü qaldırıb görəndə ki, atasına əhvalı pis deyil, əlini saxladı:

- İstəyirəm bağa gedəm....

Atası təəccüblə arvadına baxdı.

- Nə danışır bu?

Rüstəm düşündü ki, əgər indicə təşvişə düşsə, mütləq oyunda uduzmuş olacaq.

Ona görə də həyəcanını boğub adi söhbət edirmiş kimi sakit danışmağa çalışdı.

- Nə olub ki, sadəcə deyirəm, bağa getmək istəyirəm. İyirmi gün orada qalıb imtahanlara yaxşı hazırlaşmaq istəyirəm.

- Vəssalam! Görən burda körpələr əlinə- ayağına dolaşır,- deyə anası etiraz elədi.

- Rüstəm, oğul, nədir, evdən bezmisən?

- Heç deyən oldu bezmişəm? Qəribə adamlarsız e?! Qoymaram əziyyət çəkəsiz, pal-paltarı da özüm yuyaram.
- Elə danışırsan ki, elə bil dünyanın o başına gedirsən.
Rüstəmin sevincdən gözləri parıldadı. Demək, icazə verildi.

- Bax, artıq- əskik hərəkət etməyəcəksən! Heç dostlarını da çağırmayacaqsan ora!

- Mən kefə yox, imtahana hazırlaşmağa gedirəm.
Rüstəmin əlacı olsaydı, taksiyə minib elə bu andaca bağa gedərdi. Lakin evdəkiləri şübhəyə salacağını düşünüb sabahın açılmasını gözlədi. Vaxtını öldürməkçün otağına keçdi. Əvvəlcə divardan asılmış qəhvəyi rəngli kitab şkafından kitab-dəftərlərini götürüb çarpayısına səpdi. Sonra “imtahana lazım olan kitabları” səliqəylə kənara qoyub qalanını təzədən yerinə ötürdü. Rüstəm kitabların çox olduğunu görəndə əvvəlcə bir-ikisini götürmək istəsə də, yenə də valideynlərinin şübhələrindən yaxasını qurtarmaq üçün hamısını aparmağı qərarlaşdırdı. Artıq yer tutmasın deyə kitabları şalvarlarına, dəftərlərinisə köynəyinə bürüyüb idman çantasına qoydu.

Anası mətbəxdə oğlunun sabahkı səfərinə tədarük edəndə, Rüstəmin otağında var-gəl etdiyini görüb yanına gəldi:

- İndidən yır-yığış eləmə! Sabah hər şeyi hazırlayaram...

- Hə... yadımdam çıxmasın deyə indidən kitab-dəftərləri qoyuram.

Anası otaqdan çıxmaq istəyəndə ayaq saxlayıb diqqətlə oğluna baxdı. Onun qənaətincə, Rüstəm son zamanlar əməlli-başlı başqalaşıb. Hətta diqqətlə hərəkətlərinə fikir verəndə jestlərindəki dəyişikliyi də hiss etdi. Artıq neçə vaxtdır ki, oğlu onu narahat etməyə başlamışdı.

Lakin nədənsə bu narahatçılığını nə ərinə, nə də qızına söyləyə bilmirdi. Ona elə gəlirdi ki, bütün bu dəyişikliklərin səbəbi o noutbukdadır. Lakin bağ məsələsi ortaya çıxan kimi ürəyini başqa şübhələr didməyə başladı.

Fikirləşdi ki, gəncdi, birdən ehtirası güc gəlib bağa qız aparsa, bunun nəticəsi nəylə qurtala bilər? Axı, onların arzusu var: Rüstəmin 23 yaşı olanda bacısı qızıyla evləndirəcəklər.

Özgələrə bel bağlaya bilmirdi. Elə gələcək gəlini də ocaqlarına, daha doğrusu, oğluna daha çox çəkirdi.

O da xarici dillər universitetinin fransız dili fakültəsində oxuduğundan, düşünürdülər ki, bunlar elə bir-birləri üçün dünyaya gəliblər.

Oğlu nə vaxtsa səfir olsa və yaxud da orada çalışsa, onda gəlini də ona uzaq ölkədə həmdəm olar. Elə bacısıgilin də Rüstəmə meyli vardı. Qızına da hər dəfə Rüstəmi gələcək kürəkənləri qismində gördüklərini deyirdi. Amma iki bacının arasında yaranan ittifaqın gücü onların övladlarına hələ də təsir etməmişdi. Qızın gözləri hər yerdə kimisə axtarır, axtarırdı.

....Anası çalışırdı ki, oğlunun düz gözlərinin içinə baxsın. Bəlkə oradan onun ürəyini görüb nəyisə oxuya bildi. Rüstəm də anasının ona diqqətlə baxmasından şübhələnib işini ehtiyatlı tutmuşdu. O, gah çantasında eşələnir, gah da noutbukunun düymələrini basıb guya internetdə nəyisə axtarırmış kimi, özünü məşğul göstərib anasının fikrini yayındırmağa çalışırdı.

Anası oğlunun hərəkətlərindən heç nə anlamayıb otaqdan çıxdı. Rüstəm noutbukunu yaxına çəkib çata baş çəkmək istədi. Düşündü ki, “Drakon”, “mersedes” ondan nigarandılar. Hətta “kiss”lə, yəni Aytənlə də artıq neçə gündür ki, görüşmür. Heç həvəslə izlədiyi porno saytları da açıb baxmağa həvəsi qalmamışdı. Noutbuku sanki onun üçün ”ilanlaşmışdı”. “İlan” yazıb elektron poçtuna daxil olandan sonra cümlələrin necə beyninə, sonrasa monitora ötürüldüyünü dərk edə bilmədi.

“Hə, Rüstəm, gördün, necə saqqızlarını oğurlaya bildin? Dedim də, razı olacaqlar. Kefdi e, kef!!! Sabah yeni həyat bizi küləkli Abşeron bağlarının qumlu sahillərində səbirsizliklə gözlyəcək. Biz orada hər şeyə yaxın olacağıq- nöyüt iyi verən dənizə, səmaya, gecəyə, gündüzə, hətta keçmişə və gələcəyə belə. Bir sözlə, əzizim, kainat bizim olacaq! Off, nə gözəldir yaşam azadlığı!!!...

Ancaq bayaq sən gic hərəkətinlə məni az qala cin atına mindirəcəkdin. Bəyəm, özünü itirmisən ki, axtarışına da çıxmışdın? Əzizim, neçə dəfə demək olar, şübhələrini təpəndən tulla, getsin. Sən əksinə, heç nə itirməmisən, mənim kimi nəhəngi tapmısan. İnan mənə...

Səni belə narahat görəndə bilsən ki, fikirlərim necə əzab çəkir. Sən allah, bir də belə şeylər düşünmə!

İndi daha gecdir. Yaxşıca istirahət elə. Qoy şübhələrin yorulub birdəfəlik yuxulasın ki, sənin də canın onun yaxasından qurtula bilsin. İndi başını at balışa, rahat yat.
Daha nə yazım? Sənə şipşirin yuxular arzulayıram! Hələlik!”
Rüstəm noutbukunu söndürüb yerinə uzanmaq istəyirdi ki, işıqları keçdi. Qalxıb tənbəl-tənbəl çarpayısından örtüyü çəkdi.

***

-Yaxşı, atam! Nə lazım olsa, zənq elə. Gedim, işə gecikirəm. – Atası maşına əyləşib həyətdən uzaqlaşdı. Rüstəm bağın darvazasını bağlayıb öz-özünə ucadan “yes!” deyib sevincindən tullanıb düşdü. Bağları çox geniş olmasa da, həyətin bir hissəsini tutan hovuz bunun əksini göstərirdi. Meyvə ağacları da səliqəylə hovuzu dövrəyə alıb sanki onu günəşdən mühafizə edirdi. Qırmızı kərpicdən tikilmiş iki mərtəbəli evlərini sarmaşıq sanki dörd tərəfdən ağuşuna alıb gizlətmişdi. Ev bu görkəmdə yaşıl saçlı qadın başına bənzəyirdi. Artırma eyvandakı qoşa pəncərələr isə “yaşıl baş”ın gözlərini andırırdı.

Rüstəm keçən yaydan yetim kimi həyətin ortasında tənha qalmış futbol topunu görcək onu bağın küncünə tuşlayıb var gücüylə zərbə endirəndə ayağından çəkməsini hovuza saldı. Özü-özünə doyunca güləndən sonra çəkməsini hovuzdan çıxarıb ayağına geydi. Hava küləkli olmasaydı, hovuzu suyla doldurub çimmək də ürəyindən keçdi. Ətrafa baxıb darvazanın yanındakı kranı görcək açıb ağaclara su verdi.

Sonra qalxıb evlərinin qapısına yaxınlaşdı. Cibindən topa açarlar çıxarıb boz dəmir qapını açdı. İkinci mərtəbəyə qalxıb pəncərədən dənizə boylandı. Dəniz elə bil bir addımlığındaydı.

Boş sahili görəndə uşaqlığı sanki ”iməkləyə-iməkləyə” yadına gəldi: atası onu boynunda oturdub sahilboyu o baş - bu başa qaçırdanda çığırtısı ətrafı bürüyərdi. Uşaq vaxtı yaman ağlağan olduğuna görədir ki, yadına nə düşürsə, indi onları ancaq gülə-gülə xatırlayırdı.

Yarıqaranlıq otağa keçib çantasından kitab- dəftərləri paltarlarından ayırandan sonra səliqəylə şkafa düzdü. Noutbukunu çıxarıb masanın üstünə qoydu. İşıq düşsün deyə pəncərəyə yaxınlaşıb pərdəni çəkmək istəyəndə qarşısında papiros görcək sevincdən gözləri işıldadı.

Papirosu çəkmək istəyi baş qaldırsa da, atasının qəfil gəlib onu “iş başında” tutacağından ehtiyatlanıb onu masanın siyirtməsinə tulladı. Masanın üstündəki noutbuku internetə qoşub “İlan” olan poçtuna daxil oldu.

“ Salam, Rüstəm! Yeni həyatda səni xoş gördük!!

Hə, əzizim, bu gündən burada hakimiyyət ixtiyarımızda olacaq. Bəs necə? Heç nə bizə qarşı çıxa bilməz. Artıq havaya da qızmağına görə əmr vermişəm. Əgər başqa vaxt iyun- iyulda çimərlikdə kef edirdinsə, indi mayın əvvəlində o boyda günəş təzim edib dənizi sənə həvalə edəcək.

Hə, yadımdan çıxmamış deyim ki, o tapdığın papirosu da götürüb çəkə bilərsən.

Nədir, yoxsa qarşını kəsən nəsə var? Uşaq deyilsən ki?! Bu hələ harasıdır, əzizim, sən heç başqa bitkilərin dadına baxmamısan. Onları çəkəndən sonra lap istəsən Amerikaya da şeflik edə bilərsən. Yoxsa elə bilərsən, gopa basıram? Əgər meylin çəksə, bağınızın tinində tum satan oğlandan ala bilərsən. Onda deyərsən fikrimdə yanılıram, ya yox. Amma bir az ehtiyatlı ol, haaa!!! Əvvəlcə oğlandan soruş ki, tumun var? O, biləcək ki, haradan dəm vurursan. Cavab versə ki, ağ da var, qara da, onda başa düş ki, onun “mal”ı var. Düzdür, nağıllardaki kimi ağı alıb ağ günə, qaranı alıb qara günə düşməyəcəksən. Əsla! İkisi də eyni zibildi. Heç istəsən almaya da bilərsən, yəni elə vacib deyil, tapdığın ucuz papirosla da kifayətlənıb gününü şən keçirə bilərsən.

Bir də, əzizim, məsləhət görərdim, o Aytəni çağırmayasan. Düzdür, əvvəl elə düşündüm ki, onun gəlişi sevincimizi birəbeş artırar. Amma gəl, ehtiyatın yüyənini boş buraxmayaq. Məncə, onsuz da keçinmək olar... Yaxşı... Hələlik!!
P.s. İndi ayağa qalx, özünə xörək hazırla! Mədəni ağlar günə qoyma. : ) ”

Doğrudan da Rüstəm gələndən heç çay da içməmişdi. Mətbəxə keçib çaydanı sobanın üstünə qoydu.

Ya buraya nadir hallarda gəldiklərindənmi, ya da ola bilsin atasının məşuqəsinin təmizkarlığındanmı yamyaşıl kafellər, elə o rəngə də çalan mətbəxt mebeli, soba, çanaq, bir sözlə nə varsa, hər şey bərq vururdu. Gətirdiyi ərzağı soyuducuya qoydu. Anasının gecədən bişirdiyi kotletdən ikisini tavada isidib üstünə yumurta vurdu.

Təndir çörəyini əliylə bölüb elə tavadaca yeyəndə, çaydanın fiti mətbəxi bürüdü.

Rüstəm çaydanı kənara çəkmək əvəzinə qalxıb pəncərədən dənizə baxdı. Uşaq vaxtı elə bu pəncərəyə stulu güc-bəlayla çəkib uzaqdan görünən ağ-qara zolaqlı borusu olan gəmiyə baxardı. Boğuq fit səsi eşidəndə isə stulda “urra-urra!”- deyib tullanıb düşər, elə güman edərdi ki, gəmi onu gəzməyə aparmağa gəlib. Gəmi uzaqdan-uzağa fiti verib keçəndə, o da hirslə stuldan düşərək yataq otağındakı şifonerə girib doyunca ağlayardı.

Çay süzüb süfrəni yığışdırmadan eyvanın qapısını açıb pilləkəndə əyləşdi. Artıq axşam düşürdü. Ulduzlar da bir- birinin bəhsinə “göyü yırtıb” özlərini göstərirdilər.

Çayı içə-içə darvazaya baxdı. Ona elə gəldi ki, bu dəqiqə darvaza dil açacaq- hə, Rüstəm, nə dayanıb üzümə baxırsan? Gəl, qolumu aç, bayıra çıx, orada yeni dünya qapılarını taybatay açıb səni gözləyir. Di, qalx ayağa!- deyəcək.

Rüstəm biixtiyar ayağa qalxdı. Ağaclara baxdı. Mehin təsirinə düşüb budaqlar darvazaya təfər əyilirdi. Düşündü ki, demək, ağaclar da onun getməyinə razıdırlar ki, təzim edib ona yol verirlər. Rüstəm tozlanmış şalvarının arxasını təmizlədi.

Darvazaya yaxınlaşıb ehtiyatla qapını açan kimi başını bayıra çıxarıb oğrun- oğrun o tərəf-bu tərəfə boylananda çəpərin tinində idman kostyumu geyinmiş oğlanı görcək duruxdu. Onun qarşısında kiçik qutunu görəndə düşündü ki, axı bunları “ilan” haradan bilir. Yaxınlaşıb oğlanla əl görüşdü. Üzünü tük basmış, saçı qarışıq, üstündən papiros qoxusu gələn oğlan əlini-əlinə sürtüb:

- Nə buyurursan, qaqaş?-dedi.

Rüstəm bir az tərəddüd etdi. Oğlan bir də soruşanda, Rüstəm özünü ələ alıb tumun olub-olmadığını soruşdu. Oğlan:

- Görmürsən bəyəm? Var, əlbəttə ki..

Rüstəm özünü şax tutub:

- Hansından? –dedi.

Oğlan əlini saqqalına sürtüb qızıl dişini göstərdi.

- Ağ da var, qara da.

Rüstəm bir az da ürəklənib:

- Səncə hansı yaxşıdır?-soruşdu.

Oğlan təəccübləndi. Düşündü ki, yəni bu vaxta kimi nə əcəb bilmir hansı yaxşıdır. Ağdan daha çox qazancı olduğuna görə onu tərifləmək istəyəndə dili sözünə baxmayıb:

- İkisi də eyni şeydir- dedi.

- Onda qaradan ver!

***

Rüstəm tiryəki masaya qoyub stulda əyləşdi. Daşqaşa baxan zərgər kimi onu əlinə alıb diqqətlə hər tərəfinə baxdı. Görünüşündən bir şey anlamasa da, gözünü yumub dərman atırmış kimi ağzına ötürdü. Tiryək dar, qısa yoldan keçib mədəsinə düşüncə əriyib yox oldu.

Əvvəlcə başı gicəlləndi. Fikirləşdi ki, “ilan” onu aldadıb heç dünya deyilən şey də yoxdur. Hətta başına bir qapaz da ilişdirdi. “Kül mənim təpəmə!”- deyib otağın ortasına gəldi. Tavana baxdı.

Çilçırağı görcək onu günəş bilib gözlərini qıydı. Cibinə əl atıb oradan güya gün eynəyini götürüb gözünə taxmaq istəyirdi ki, əlinə dollar keçdi. Pula baxıb kişi rəsminin ona göz vurduğunu görüncə qəhqəhə çəkməyə başladı. Sonra puldan təyyarə düzəltməklə “günəşə” sarı tullayıb əlini üzünə sürtdü. Hiss etdi ki, dili ağzında getdikcə böyüyür.

Çənəsi tab gətirə bilməyib aşağı əyildi. Ona elə gəldi ki, dili uzanıb ilana çevrildi. Dili gah qoluna, gah ayağına sarmaşır, gah da burulub üzünə baxırdı. İlanın zarafatı heç də onu qorxutmadı. Əksinə, əl atıb onu sığallamaq istəsə də, heç cür buna nail ola bilmədi.

Düşündü ki “ilan” onunla “siçan-pişik” oynayır. Əllərini, demək olar, hər yerinə sürtdü. “İlan” elə sivişib aradan çıxırdı ki, Rüstəm az qalmışdı cin atına minib özündən çıxa.

Birdən çevrilib divara baxdı. Konfet qutusundan kəsilib yapışdırılmış “Mona Liza” rəsmini görüncə sevincdən atılıb düşdü. O, zənn edirdi ki, bu Aytəndir, dayanıb bic- bic ona gülümsünür. Rüstəm də ona göz vurub qollarını açaraq divara yaxınlaşdı. Özünü divara sıxıb gah şəkili öpür, gah da əlləriylə divarı oxşayırdı. Birdən qulaqlarına Aytənin səsi gəldi. “Hə, Rusik, qudurmusan, day bizə gəlmirsən?! Görürsən ki, dayana bilməyib özüm gəldim. Qədrimi bilməzsən, vicdansız!”. Rüstəm əlini “Aytən”in üzündən çəkib:

- Əla elədin! Sağ ol, Aytən! – deyib boynundan öpməyə başladı.

- Bilirsən, mən hamiləyəm, özü də səndən.

Rüstəm başını sirkələyib əlləriylə divarı (Aytəni) özündən uzaqlaşdırıb – ola bilməz!- dedi.

- İnanmırsan, bax!

“Aytən” əlini qarnına tutub Rüstəmə göstərdi. Sonra yaxınlaşıb Rüstəmin əlini qarnına qoydu. Rüstəm əlini rəsmə sürtə-sürtə onun hamilə olduğuna əmin olandan sonra - Aytən, mən ölüm, bu əynindəkini haradan almısan, hə? Yoxsa nənəndən qalıb?- “Aytən”in” uzun tumanını dartıb gülümsəməyə başladı.

- Hə, haradan bildin? Liza nənəmdən qalıb.

Rüstəm ucadan qəhqəhə çəkdi. Sonra pəncərəyə yaxınlaşıb ağaclara baxdı. Ağaclar gözünə kabare oynayan qızlar kimi göründü. Rüstəm də sümüklərini yerindəcə oynadıb onları yamsılamağa başladı: pəncərəni qucaqlayıb gah arxaya əyilir, gah ayağını qaldırır, gah da rəqqasın belindən yapışırmış kimi pəncərəni qucaqlayırdı. Yenidən əyiləndə birdən gözü noutbukuna sataşdı. Duruxdu. Ayaqlarının ucundaca yavaş-yavaş noutbuka yaxınlaşıb diqqətlə baxmağa başladı. Kompüter gözünə qıvrılıb yatmış ilan kimi göründü. Onu oyadıb rəqs etmək, zarafatlaşmaq istəsə də, nədənsə yazığı gəldi. Yəgin çox yorulub, qoy bir az da o yatsın!- düşünüb çarpayısının altında uzandı.

***

Rüstəm gözlərini açıb ayağa qalxmaq istəyəndə başı çarpayısına dəydi. Quru döşəməyə necə uzanıb gecələdiyini heç cürə xatırlaya bilmirdi. Ayağa qalxıb üst-başını düzəltdi. Yaman susamışdı. Mətbəxə keçib çaydanı sobaya qoysa da, dözməyib krandan soyuq su içdi. Pəncərəni açıb səhərin təmiz havasını ciyərlərinə ötürəndən sonra otağına keçdı.

Çaydanın fitini eşidən kimi mətbəxə keçdı, soyuducudan yağ-pendir götürüb masanın üstünə qoydu. Qarnı yeməyə təslim olandan sonra ayağa qalxıb təzədən noutbukunun yanına gəldi. “İlan” ünvanını açdı, bir müddət monitora baxıb heç nə düşünə bilmədi. Dünənki tiryək elə bil bütün beynini dondurmuşdu. Başını qaldırıb divardakı “Mona Liza” rəsmini görüncə yaddaşından duman çəkilməyə başlasa da, yenə heç nəyi xatırlamadı. Kiminləsə “sevişməyini” təxmin etsə də, əslində onun kim olduğunu təyin edə bilmədi.

Barmaqları klaviaturaya toxunan kimi elə bil rəqs eləməyə başladı.

“Hə, əzizim, nə oldu, istədiyin keyfi ala bildinmi? Əşi, dünən özündən xəbərin yox idi. Heç bilirdin, hansı dünyaya düşmüşdün? Haradan biləsən, ay yazıq?! Amma mən görürdüm. Düzdür, dünənki keyfin kənardan yaxşı təsir bağışlamasa da, belə şeylərə fikir vermə! Sən, canım, özünə kənar gözlə yox, elə öz ala gözünlə bax! Bəs nə?! Axı öz həyatını sən yaşadırsan.

Bilirsən, bu gün əsl yay havası olacaq. Günəşə necə əmr vermişəmsə, elə qızıb ki, gəl görsən. Dəniz nə vaxtdandı yolunu gözləyir, yaman darıxıb. Bu gün gedib ona baş çəkərsən. İstəsən kəllə vurub balıqlarla da görüşərsən. Elə onlar da xətrini dənizdən az istəmirlər. Hə, istərdim məni də özünlə aparasan. Bəs nə?! Heç qorxub eləmə, bir kəs təəccüblənməyəcək. Axı axşam vaxtı orada kim olur ki...
İndi qəribə bir fikir gəldi ağlıma. Sənə elə gəlmirmi ki, dənizdə üzəndə elə bil onunla əlləşirsən, sanki yazığı sillələyirsən? Elə o da dalğalarını qaldırmaqla sanki özünü qoruyur. Nə bilim, şəxsən mən bunu belə yozuram.

Hə, canım, bağa köçməyinlə heç bilirsənmi, sən özün yox, atrıq mən olmusan, yəni mənləşmisən. Bax, sənə bunu göstərməkçün buraya gətizdirdim. Əslində şəhərdə olduğun vaxt da sən mənə oxşayırdın. İndisə artıq mənsən, bəlkə elə mən sənə çevrilib adam olmuşam, hə? Lap başımı itirmişəm, vallah. Hər nəysə, biz birləşib bütöv olduq.

İstəsən axşam tərəfi dənizə getməmiş bir də mənə baş çəkərsən. İndiysə otur bağçada, istirahət elə. Ya da başını at, yat! ...Hələlik.. “İlan- Rüstəm”. :)
P.s. Hə, belə yazmağım ürəyinə yatdı? ”

Rüstəm yazdığından heç özü də bir şey anlamadı. “Necə yəni mən o olmuşam.

Belə şey olar? Mən elə özüməm – Rüstəm! Bircə ilana çevrilməyim qalmışdı.”- qulaqlarını çəkib əlini masaya döyəclədi. Dünən tapdığı papirosdan bir dənə götürüb ağzına qoydu. Yandırmadan güya onu çəkirmiş kimi ağzını göyə tutub “tüstünü” üfürmək istədi. Məşğuliyyəti ona maraqsız gəldiyindən papirosu yerinə qoydu. Tiryəkdən hələ də qalırdı. Əl atıb yenə qarnına yollamaq istəsə də, əlini saxladı. Fikirləşdi ki, dənizə gedəndə atar, bəlkə bu dəfəki hadisələr yadında qalar.

...Artıq axşam düşürdü. Rüstəm həyətə baxanda sinəsini döyüb gərnəşdi. Meh əsirdı. Hətta canına üşütmə də gəldi. Fikirləşdi ki, belə havada çimmək, əlbəttə ki, ağılsızlıq olardı.

Bəs “ilan”a nə cavab verəcəkdi. Bəlkə idi ona yazıb desin ki, dənizlə görüşü sonraya qalsın. Otağına keçib noutbuku işə saldı. Monitora baxa-baxa sol əliylə təsadüfən tum əvəzinə tiryəki götürüb ağzına atdı. Barmağını ağzına salıb onu geriyə qaytarmaq istəsə də, cəhdi heç bir fayda vermədi. Çarəsiz qalıb “ilan” ünvanını açdı.

Bircə onu hiss edirdi ki, barmaqları sürətlə hərəkətdədir.

“Salam, Axmaq! Heç təəccüblənib eləmə, çünki yazacağım tam səmimi açıqlamam olacaq. Elə bilmə ilan olub sancacam, ya da yuxundakı kimi sənə sarılacam?! Yox, əzizim, bunu etməyəcəm. Çünki mən... Bilirsən kiməm? İndi sənə kim olduğumu söyləycəm. Ona görə də yerini rahat edib diqqətlə məni dinlə.

Bax, hər şey ondan başladı ki, ilk gündən “səmimiliyimə” inanıb bu yolu tutdun.

Əlbəttə ki, mən də bu fürsəti qaçırmazdım. Elə ona görə də ürəyinin şeytanını tam əlimə alandan sonra onun əsirinə çevrilmiş arzuların da bir-bir mənə boyun əyməyə başladı. Elə o vaxtdan sən mənim, necə deyərlər, toruma düşdün. Əslində, sən özün pis oğlan deyilsən.

Özünə görə hörmətin də var. Amma gəl etiraf edək ki, ürəyinin içi sənin zahirini tamamlaya bilmirdi. Bunu özün də təsdiqləyə bilərsən. Sənin arzularının dərinliyinə varanda orada o qədər boşluqlar, çala-çuxurlar var, hətta bilmək istəsən, özündən müştəbehlik, xəyanət də o çala-çuxurların künc-bucağında özünə yer eləmişdi.

Bax, mənə de görüm, sən o zəhrimara qalmış noutbukunu nəyə görə arzulayırdın? Çünki, əzizim, internetklubda gecəyə kimi “çatda” əyləşəndə uşaqların tez getməyini istəyirdin ki, rahatca oturub pornosaytlara baxa biləsən. Nədir, yoxsa yadından çıxıb?

Yəni, deməyim odur ki, niyyətin saf deyildi. Halbuki, kompüterin elə müsbət üstünlükləri var ki... Sən bunların heç birindən dəyərlənə bilmədin. Mən də səndəki bu əyriliyi görüb istədiyim istiqamətə yönəldə bildim. Sözümün canı odur ki, sən ruhən pak olsaydın, bax, bu cür rəzil günə düşməzdin.

Yadındadır, bir dəfə sənə İçərişəhərdən bəhs etmişdm. Düzdür, əsl İçərişəhərlə bağlı fikirlərimdə tam həqiqət vardı, amma o ki qaldı sonradan özünü onunla müqayisə etməyinə, əzizim, burda artıq sən bir az yanlışlıq etdin. Düzdür, sənə demişdim ki, -“sənin də “içəri şəhərin” onunku kimi təzələnib, amma bir də onu demişdim ki, “çalış öz “içəri şəhərində azmayasan!”

Mən o sözləri bax bu günün üçün deyirdim. Təəssüf ki, bunu bacara bilmədin. Səni isə itirib məhvə sürükləyən bax, o “içəri şəhəri”ndəki səfirin oldu. Açığını deyim, bircə onu dərk edə bilmədim ki, niyə o vaxt sənə məhz orada yaşamaq istədəyimi demişdim. Bax, bu fikrim mənə qaranlıq qaldı.

Nə isə... Həəəə, Ağlının tamam itdiyini görəndə səni məscidə yollayıb Allah kəlmələrini dinləməyini istədim. Fikirləşdim, səni oraya hansı yolla göndərmək olar. Axı bilirəm, dinlə o qədər də aran yoxdur.

Odur ki, minarəyə qalxıb aya, ulduza baxmağını ürəyinə saldım. Sənsə, axmaq, orada oxunan Allah kəlamlarının fərqinə varmadın. Oxunan kəlamlardan heç olmasa birini dərk edə bilsəydin, bax, bu kökə düşməzdin. Elə hey “ilan”la oturub-dururdun. Hətta bu heyvana rəğbətin də yaranmağa başlamışdı. Fikirləşmirsən ki, ilanın sevgisi də nifrətdən yaranıb, onunla bitir? Sənsə nikini “ilan” qoymaqla özünü də şübhələrə salırdın. Ayağının dərisi qabıq verəndə az qala dəli olmaq dərəcəsinə gəlmişdin. Elə bilirdin sən də artıq ilan kimi qabıq verməyə başlamısan. Ay hay?! Səfehliyə bir bax!

Hə, elə düşünürdün ki, bu müddət ərzində sənə yazan o “ilan”dır? Yox, əzizim, mən ilan-zad deyiləm. Mən sadəcə sənin ikinci məninəm. İkimiz arasında əlaqəni bax, o mərdimazar “ilan” yaratdı. Vasıtəçimiz mənə yox, sənə xəyanət edib məhvə apardı.

Artıq sənə deyiləsi sözüm yoxdur. Yenə də təkrar edirəm, əgər niyyətlərin saf olsaydı, belə vəziyyətlə üzləşməzdin. İndisə səni tərk edirəm. Sonra nə baş verəcək, düzünü desəm, bilmirəm. Çünki nə olacaqsa, o, artıq sənin iradəndən asılıdır. Amma inanmağım gəlmir ki, iradən dırnaq boyda tiryəkə qalib gəlsin. Nə isə... “

Rüstəmin başı sözünə baxmırdı. Noutbukunu söndürmədən örtüb qətfəyə bükdü. Qapıya yaxınlaşıb çəkmələrini geymək istəyəndə ona elə gəldi ki, ayaqları böyük olduğundan barmağının ucunda qalacaq. Odur ki, onları kənara tullayıb qapını itələdi. Bayıra çıxanda meynə ağacının budağından qırıb yarpağı yeyə-yeyə dənizə yollandı.

Xəzrinin şıltaqlığı Rüstəmə qəti təsir etmirdi. Onun nəzərində havada Afrika istisi vardı. Dənizsə onun gözündə yaşıl-göy libaslı bir qadın kimi görünürdü. Elə zənn etdi ki, “qadın” onu gözləyir. Ləpədöyəndə əyilib “qadının” əlindən öpürmüş kimi dəniz suyunu ovcuna götürüb dodaqlarına yapışdırdı. Sonra qətfəyə bükdüyü noutbuku qumluğun üstünə qoyub kameranı işə saldı.

Gözünə geniş rəqs meydançası göründü. Həmin “qadın”sa meydançanın mərkəzində dayanıb onu gözləyirdi. Xəzri getdikcə güclənirdi. Dalğalar da elə bil xəzrinin ərköyünlüyündən qəzəblənib ləpələrini haraya gəldi çırpırdı.

Rüstəm irəli addımlayıb həmin “qadın”la vals oynamaq fikrinə düşdü. Elə təzəcə “rəqs”ə başlamışdı ki, ayaqlarının gizildədiyini hiss etdi. Bu ağrılar keçəndən sonra ayaqlarının keyləşdiyini hiss edəndə qışqırmağa başladı. Sahildə bir kimsə olmadığına görə onun harayına səs verən olmadı. Qorxu, təngnəfəslik, onu tamam əldən saldığından dənizin dərinliyinə enməyə başladı.

***

Sübh çağı balıqçılar qayığı dənizə çəkmək istəyirdilər ki, gözləri ağ qətfənin üstündəki noutbuka sataşdı. Geyimi hərbçini xatırladan balıqçılardan biri cəld əlindəki torbanı qayığa tullayıb noutbuka sarı gəldi. Əvvəlcə noutbukun üstünə toplanmış qumları təmizlədi. Klaviaturanın dərinliyində qum dənəciklərini görəndə isə var gücüylə nəfəsini verib onu üfürmək istədi. Artıq yoldaşları da onun yanında idi.

- Ayə, nə tapmısan, ə? Görən hansı axmaq bunu buraya qoyub gedib?- deyə balıqçılardan biri əlini şalvarına sürtüb kompüterə toxunmaq istəyirdi ki, yoldaşlarından biri cəld qətfəni noutbuka bürüdü.

- Adə, neynirsiz? Bəlkə cinayət-zad var burda, əl izlərimiz qalar. Sonra gəl, bu qurumsağlara bir şey qandır.

- Sən də lap Puaroya baxa-baxa ona oxşamağa başlamısan... Başqa söhbət elə..
Təxminən 40-45 yaşlarında, üzünü tük basdığından daha da yaşlıya oxşayan balıqçı qətfəyə bükülü noutbuku yoldaşının əlindən alıb qoltuğuna vurdu.

- Niyə dayanmışıq burda? Bəyəm söhbətə yerimiz yoxdur? Getdük butkaya. Burda çox dayansaq, bir də gördün başımızın üstünü kəsdirdilər.

...Hamı başını aşağı salıb getsə də, gözaltı bütün nəzərlər üzü tüklü balıqçının qolunun altındakı noutbukda idi. Əlbəttə ki, hər kəs noutbuka sahib olmaq istəyirdi. Amma necə?

Üzü tüklü balıqçı düşünürdü ki, bəlkə bir fənd işlədib onu qızına aparsın. Amma nə illah etdisə ağlına heç nə gəlmədi. Hətta kompüteri birinci dəfə əlinə alan balıqçı da onu öz qızına aparmaq niyyəti baş qaldırdı.

O, bu dəfə sözün əsl mənasında evinə əlidolu getmək istəyirdi. Neçə vaxtdı ki, dəniz onun torbasını öz neməti ilə doldurmurdu. On iki yaşlı qızı hər gün onu qarşılayıb torbasını boş görəndə kövrəlir, dərhal soyuducularını düşünürdü. Odur, qızının gözündən sevinc qığılcımı sönmüşdü və əmin idi ki, noutbukun gəlişi mütləq onu sevindirəcək.

Hamının “ağsaqqal” çağırdığı balıqçı da ağır nəfəs ala-ala gözünü noutbukdan çəkmirdi. Birdən nəvəsinin sözü yadına düşdü: ”Baba, dəyizə de, mənə böyük, lap böyük balıq vesin. Baba, mən dəyizdən yenə şey istəyə biyərəm? Dəyizə de, mənə koputey vesin.” Kompüterin sahildə peyda olması “ağsaqqal” üçün göydəndüşmə olmuşdu.

Onlar butkaya yetişdilər. Üzü tüklü balıqçı qapını açmaq üçün noutbuku yoldaşına verib əlini cibinə saldı.

Paslanmış dəmir butkanın qapısı kiçik olsa da, qıfılı o qədər böyük idi ki, sanki xəzinəni qoruyurdu. Qapını açıb içəri daxıl oldular. Otağı yalnız çürümüş dəmir parçalarından süzülən şüalar işıqlandırırdı. Hərə öz yerində əyləşdi. Burada hər kəsin nəinki öz yeri, hətta öz güşəsi də vardı. Mismardan asılan bir radiodu ki, o, hər kəsə məxsus idi. Köhnə avtomobil oturacaqlarında yerlərini rahatlayandan sonra kompüteri birinci dəfə əlinə alan balıqçı, noutbuku qətfədən ayırıb masanın üstünə qoydu.

- Hə, uşaqlar. Fikrüvüz nədür, neyniyək bunu?

Ağsaqqal:

- Heyif ki, bölünmür. Yoxsa dədə malı kimi bölərdik...

Üzü tüklü balıqçı əlini saqqalına sürtüb dərin ah çəkdi:

- Ən böyük arzumdur ki, evimdə indi bundan olsun... Ehhh.... Doğrudan, uşaqlar, nə tədbir görək? Ağsaqqal, bəlkə böyük kimi məsləhət görəsən, hə?

- Ağsaqqalın əlacı olsaydı, onu evinə aparıb nəvəsinə verərdi. Şeytan balası day qulaq-başımı dəng edib. Nə bilim, vallah, nə deyim...
Bayaqdan sakitcə küncdə oturan balıqçı boğazını arıtlayıb sözə qarışdı. Bu balıqçı, ümumiyyətlə, az danışmağı sevərdi. Odur ki, yoldaşları hərdən onun varlığını da unudurdular.

- Bilirsüz, gəlün bunu sataq... Pulunu da öz aramızda bölək. Nə deyirsüz? Heç bilirsüz, bunun qiyməti neçiyədü? Min dollara gedər...

- Əşi, deyirsən ki, tutalım bunu satduq. Kimdü buna min göy verən? –deyə yoldaşı etiraz etdi.

- Lap minə də olmasa, yeddi yüzə satmq olar...

- Çalışıb tanışlara sataq ki, tapmağımızı oğurluq hesab etməsinlər... Sonra gəl də... Qaş düzəldən yerdə vurub göz çıxardarıq...

Hamı bir-birinin üzünə baxdı. Gözlərində sual olsa da, dərinliklərində yalnız təəssüfü görmək olardı. Az danışan balıqçı qalxıb torbasından mobil telefonunu çıxardı.

- Bilirsüz, mənim bibim oğlu var. Içərişəhərdə olur. Bədbəxtin on beş il uşağı olmadı. Axırda gedib detdomdan uşaq götürdü. İndi o uşağın on altı yaşı var. Özü də belə yaxşı oxuyur. Necə olubsa o günlərdə kimsə ona detdom uşağı olduğunu deyib. Neçə gündür uşaq ipə-sapa yatmır. Atası da bilmir ki, uşağın ürəyini necə ələ alsın. Bəlkə ona deyim?

- Yazıq uşaq!-deyə ağsaqqal cibindən yaylıq çıxarıb alnının tərini sildi.

- Zəng elə... Gör nə deyir?

Mobil telefonunu əlinə alıb nömrəni axtarmağa başladı. –Aha, tapdım,- deyib düyməni basdı. – Ay sabahun xeyir! Nə var, nə yox? Uşaq necədir? Nə? Vay... vay.. Səni yaxşı eşitmirəm... İçərişəhərdə neynir? Vaaayyy... Yenə muğayat olun...
Bilirsən niyə bu vaxt zənq eləmişəm? Bizim uşaqlarda noutbuk var, satırlar.. Ev malıdır... Bəlkə onu uşağa götürəsən? 700 dollaradır... Aha... Oldu... Axşam görüşürük.. Hələlik...

Hamı bir ağızdan:

- Nə dedi?

- Deyir, elə uşaq nə vaxtdandır ki, ondan istəyirdi. Nə yaxşı oldu, zəngimiz lap yerinə düşdü. Həm o yetim sevinəcək, həm də bizim cibimiz..

- Onda noutbuku axşam apar İçərişəhərə...

Bakı. 2007

Mənbə: "Ulduz" jurnalı
XS
SM
MD
LG