Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:46

NARINGÜL "O" (Esse)


Bu elegiyanı çoxdan, lap çoxdan kimsə pıçıldamışdı qulağıma, sonra itib batmışdı zamansızların, ünvansızların içində, başım qarışmışdı, unutmuşdum..

Mən gec xəbər tutdum, çox gec. Xəbəri eşidən kimi getmək istədim, tərslikdən o da alınmadı.

Yolun uzaqlığı, bir qədər nəqliyyat problemi, filan.

Bu da uzaqlığın aqibəti. Amma vaxtında çatmaq borcum idi.

Mənə həmişə elə gəlib ki, o, kəndin tütün və meyvə qoxulu payızıdır..

Bəlkə də payızda daha çox işgüzar olurdu, yaxud da payızda köcüb getdi, ondandı bu bənzətmə.

O, bir payız günü getdi və qayıtmadı..

Onun rəsmini çəkib nümayiş etdirsəydim, belə bir mənzərə yaranardı: gövdəsi çopur – çopur qoca alma ağacı və göyün üzünə söykənmiş qədim, əzəmətli nərdivan.

O, qıpqırmızı almaları dərərək yerə göndərir. Ətraf saralmış alma yarpaqları ilə doludur.

Mən aşağıda taxta nərdivanın aşağı pilləsinə söykənmişəm, boyum balaca olduğundan, var gücümlə arxaya əyilərək, göyə baxıram.

Göy təndir ağzına bənzəyir.

Mənə elə gəlir ki, yer ayağımın altında sürətlə fırlanır və indicə qaçacaq. Havadan alma ətri gəlir.

Bayaq dedim ki, vaxtında yetişəmmədim, odur ki, nə qədər çalışsam da səmimi görünə bilmirəm.

Artıq mən buradakı adamlar üçün göydəndüşməyəm. Onlar hər hərəkətimi izləməyə başlayıblar.

Gözlər mənə zillənib..Hər şey aydınlaşmalıdır:: necə ağlayacağım, hansı təsirli sözləri söyləyəcəyim, hansı dərəcədə istəyimi biruzə verəcəyim və s.

Qonşu qadınlar cəlddirlər. Nəyi hara qoymağı yaxşı bilirlər, məclis yola verməyin ustasıdırlar.

Elə cəld hərəkət edirlər ki, əlləri görünmür, yalnız enli, paraşüt şəkilli tumanlarının küləyi yerdə bardaş qurub əyləşənlərin üzünə toxunur, o tərəf - bu tərəfə hərəkət edən dabanları tez-tez gözə dəyib,taxta qapının arxasında yoxa çıxır.

Atamın qara çərçivəyə salınmış şəkli əldən - ələ keçir.Şəkil nədənsə mənə qüssəli görünür.

Hardansa eşitmişəm ki, ölən adamın şəkli dəyişilərək kədərli olur.Şəkil əldən- ələ irəli ötürülür.

Burada adamlar hər işi cəm şəklində görürlər: birlikdə danışır, birlikdə ağlayır, birlikdə kiriyirlər.

Mən də qeyry-ixtiyari bu adamların hərəkətlərini təkrarlayiram,onlara tabe oluram. Hərçənd ki, tabe olmağı heç vaxt xoşlamamışam.

Beynimdə gizli bir səs ətrafda baş verənləri bir nəfəsə mənə çatdırır.

Bu səsdən xilas olmağa çalışıram.

Bu onun həyatının son epizodudur. Bu epizodu bütövlüklə dərk etmək istəyirəm.

O, ucaboylu deyildi, arıq bədənli, asta yerişli bir kənd adamıydı..

Amma böyükdü, mənim aləmimdə dünyanın ən güclü, həm də ən mehriban adamıydı..

Şəklini dodaqlarıma toxundururam, kimsə onu əlimdən götürür..

Gözlərim onun divardakı, qırmızı güllü xalçanın üstündən asılmış, başqa şəklində ilişib qalır..

İndi ətrafda payızdır.Çəpərə alınmış həyətlərdən qalxan tüstü. və zəif duman dalğa – dalğa kəndin başı üstündən axıb dağlara tərəf yeriyir.

Payız canını dişinə tutub. Kənd qüssəli və yorğundur. Kənd yaddaşını itirməkdədir.

Mən istəsəm, onu ilin bütün fəsillərinə bənzədə bilərəm.

Məsələn, yazda güclü leysandan sonra kənd yolu ilə axan selin içində, o tərəf- bu tərəfə səpələnmiş qoyun- quzunu səylə bir yerə yığarkan o, ilin yazına, isti yay günlərində, əlindəki ağzı par-par parıldayan dəryazla bağımızda dizə qədər qalxan otu yorulmadan bicərkən, puçur-puçur tərin içində, mis kimi yay fəslinə, qışda qarın ağırlığından əyilmiş alma ağacının budaqlarının qarını silkələməsi, sonra isə çırtıltı ilə yanan kənd sobasının üzərinə düzdüyü qırmızı almaları o üz- bu üzə çevirməsi , tez – tez başını mütəkkəyə söykəyərək mürgüləməsi ilə bu yerlərin bol qarlı qışına çox bənzəyirdi..

Amma mən üstünlüyü daha çox payıza verirəm. O biri fəsillər payızdan yaranmadır.

Həm də payız mənim içimdədir, mənim ruhumdadır.

Gözlərimi yumuram. Yalnız bu anı, bu anı düşünmək istəyirəm. Bu an mən beynimin üfüqlərinin geniş açılmasını, düşüncələrimin tutarlı, məntiqli olmasını və ürəyimdəkilərin səsə, sözə çevirməsini istəyirəm.

Heç nə alınmır. Öz miskinliyimə, acizliyimə acıyıram..
Bayirdan küləyin səsi eşidilir. Külək təntimədən, uzun məsafə boyu əsir.

Həyətən kiminsə səsi gəlir.”Külək qəbrin üstündəki şamı söndürüb”.


Bu misralar keçir beynimdən:

“qəbir üstə yanan şam
ən son nəfəs”

Kənd yolunun kənarında yerləşən, getdikcə böyüyən və abadlaşan qəbiristanlıq çox şey bilir bu kənd barəsində. Danışdıran və qulaq asan yoxdur..

Külək qəbrin üstünə belədən- beləyə sığal çəkir, sürətlə şütüyərək gözlərimin qarşısından keçir.

Külək ərklə, usanmadan qəbrin üstündən sonuncu reportayını verir.

Bu yerlərin küləyi o qədər mülayim, o qədər mərhəmdir ki, adamın ürəyini isindirir, beynini sakitləşdirir.


Kimsə qəbrin üstünə su səpir..

Torpağa əllərimlə sığal çəkib ayağa qalxıram. Vaxtdır, daha mən buralardan getməliyəm.


Uzaqlarda irili-xırdalı meydanlar, küçələr ilə bol olan böyük şəhər var. Orada həyat qaynayır.

Küləyin içindən keçib yola çıxıram.

Daha bu küləyin mənə dəxli yoxdur, külək zaman üçün əsəcək, bu kənddəki adamlar üçün, ağaclar üçün, torpaq üçün əsəcək.

Qarşıda şəssiz- səmirsiz uzanan, ürəyəyatımlı, uzun və məchul bir yol var.

Bu yol kənddən birbaşa çox uzağa, nəhayətsizliyə üz tutub..

Mən bu yol ilə gedəcəyəm, sonrasını həyat özü mənə diqtə edəcək...
XS
SM
MD
LG