Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:20

Cənab Heç Kim


Rövşən DANYERİ


Mənim adım Heç Kimdir. Zurnaçı Məmlinin nəslindənəm.

Amma özümü təqdim edərkən əsil-nəcabətli bir bəy nəslindən olduğumu deyirəm. Buna inanmaq xoşuma gəlir.

Əhəmiyyətli biri olduğumu göstərmək üçün geyimimə xüsusi fikir verirəm. Kraxmallı ağappaq köynəyim və ütüsü göz çıxaran şalvarım diqqəti cəlb edir.

Çalışıram ki, həmişə pencək geyinim.

Bəzən avqustun ortalarına qədər kostyumda gəzirəm. Belə geyim forması insanların nəzərində vacib şəxs kimi görünməyimə kömək edir.

Bu işdə qalstuku unutmaq olmaz . Qalstuk mənim “olmazsa olmaz”larımdandır. Gecə də onunla yatıram.

Hətta duş almağa belə qalstuku çıxarmadan girirəm. Elə buna görə də “dostlarım” məni Cənab Heç Kim çağırır.



Doğrusu, kimsə məni özünə dost kimi qəbul etmir.

İnsanlara yalnız lağ edilərkən və məsxərəyə qoyularkən yaxınlaşa bilirəm.

Amma onlardan heç vaxt incimirəm. Bu məni ümumiyyətlə narahat etmir. Mən adım Cənab Heç Kimdir.

Nəinki cəmiyyətdə , hətta yaşadığım binada, yolda , avtobusda və iş yerimdə baş verənlərlə maraqlanmıram.

Ətrafımda olanlara fikir verməməyə çalışıram. Adətən konkret mövqe bildirməkdən çəkinirəm.

Mübahisə olan zaman hər iki tərəfi haqlı görürəm. Bəzən bir mövzü ilə bağlı üç-dörd dəfə qərar dəyişə bilirəm.

Qaydalarla yaşamağı çox sevirəm.

Onlarsız özümü boş və mənasız hiss edirəm. Buna görə də bəzən qaydaların olmadığı yerlərdə də özümdən qaydalar uydururam.

Evdə yemək masasının qaydası , “jurnalnı stol”un qaydası, tualetin qaydası kimi qaydalar qoymuşam.

Tualete gedərkən kağızı 15-15.5 santimetrlik kəsirəm - öz ölçümə uyğun. Bunun üçün xüsusi xətkeş də saxlayıram.

“Jurnalnı stol”da nə yemək yeyirəm , nə də ayaqlarımı uzadıram. Ora böyük bir güldan qoymuşam, həmişə onu seyr edirəm.

Evdə ən vacib qayda isə televizorla bağlıdır.

Adətən hər gün eyni kanala baxıram. Birdən kanalı dəyişərəm qorxusu ilə pultu gizlətmişəm.

Və gizlətdiyim yeri yaddan çıxarmışam. Hər gün xəbərlər başlayana qədər televizora baxar, sonra isə gedib yataram.

Ölkədə və dünyada baş verənlərlə isə maraqlanmıram. Mənim adım Cənab Heç Kimdir.

Siyasətə də demək olar ki, baş qoşmuram. Ölkədə olan partiyaların adlarını belə bilmirəm.

Amma digər məsələlərdəki kimi bunda mövqesiz deyiləm.

Hakimiyyətdə hansı partiyadırsa onun siyasi kursunu dəstəkləyirəm.

İstirahət günləri partiyanın keçirdiyi tədbirlərə gedir və arada əl də çalıram. Seçkilərdə qapıma gələn hər kəsə onlara səs verəcəyimi vəd edirəm.

Seçki günü isə ya ümumiyyətlə seçki məntəqəsinə getmirəm , ya da hakimiyyətdə olan partiyaya səs verirəm. Mənim adım Cənab Heç Kimdir.

Bəlkə də bu cümlələri oxuyarkən, ürəyinizdə məni qarşı ikrah hissi baş qaldıracaq və hətta halıma acıyacaqsınız.

Amma bu məni qətiyyən narahat etmir. Çünki, mən Cənab Heç Kiməm. Bəs sən kimsən?
XS
SM
MD
LG