Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:12

ƏLABBAS "Halal qan" (Hekayə)


Oğlan içində vur-tut bir ovuc qurumuş çörək ovuğu qalan dəsmalı kəmər kimi belinə dolayıb dumanlı yüksəkliklərə göz gəzdirdi və həvəssiz-həvəssiz:

-Kənd dağın o biri üzündədi,-dedi. Yoldaşından çox bu sözdən onun özü ürəkləndi və cavab gözləmədən ağaca söykədiyi tüfəngi götürüb hələ də yerindən qalxmayan qıza - aclıqdan o, loxmanı anqut kimi udurdu - nəzər saldı və dərəyə tərəf yönəldi.

Oğlan bilirdi ki, yolu azıblar, amma o bunu qızdan gizlədir və özünü elə göstərirdi ki, guya, bu yerləri qarışbaqarış tanıyır. Çaya çatıb dayandı, çevrilib geri baxdı, yoldaşının könülsüz də olsa arxasınca axsaya-axsaya gəldiyini gördükdə onun eşidəcəyi tərzdə:

-Arxaya qalma,-dedi və bərkmi, ya boşmu olduğunu bilmək məqsədi ilə tüfəngin qundağıyla çayın buzunu döyəcləməyə başladı,-dəmir kimidi, qorxma,-deyə xəbər verəndə o artıq çayı bir dəfə keçib, geri qayıtmışdı. Soyuqdan ayağının birini götürüb o birini qoyan qız ovcundakı qarı şişkin dodaqlarına sürtüb ciyərinin pörşələndiyini bildirdi. Tərəddüdlə dillənsə də, oğlanın cavabından belə çıxdı ki, irəlidəki gözədə bulaq olmalıdır.

-Sən elə bilirsən, biz onları tapacayıq?

Necə deyəydi ki, yox? O buracan qızı aldada-aldada gətirmişdi. İndi bunu ona deməkmi olardı, azıblar? Bəyəm demək olur hər düz sözü?! Elə azca getmişdilər ki, uzun qışı qar altda qalıb qapqara qaralmış xəzəllərin üstünə qonan quşu görən kimi oğlan sevincək halda:

-Aaa, keçisağana bir bax,-dedi, amma elə özü də,-bu vaxt nə keçisağan?-deyə əlavə elədi,-gör bir keçisağanın gəlməyinə nə qədər qalır?!

Qışın şaxtasında da solmayan möhkəm oduncaqlı ardıcların arasından keçib dinməz-söyləməz zirvəyə doğru gedirdilər. Dikin qurtaracağında urcahlarına üstündə tək-tük qıpqırmızı meyvələri qalmış itburnu kolu çıxdı. Yeməliləri görəndə ağızları elə sulandı ki, sanki üstünə hər cür ləziz yeməklər düzülən süfrə arxasında əyləşmişdilər. Ancaq heyf ki, meyvələr çox az, həm də olduqca ucada idilər.

Tikanlı olduğundan heç kola yaxın düşmək də olmurdu. Oğlan tüfəngin qundağı ilə kolun nisbətən yoğun budaqlarını silkələyib bir neçə itburnu sala bildi və onları yoldaşı ilə tən yarı böldü. Sonra əli ilə qarı ehtiyatla üzlədi ki, axtardıqlarından varsa da, qara qarışıb itməsin. Bundan artıq heç nə edə bilməyən oğlan hirsindən bu dəfə yan-yörəni ayağı ilə eşələməyə başladı və heç nə tapa bilməyib təəssüflə başını yırğaladı.

Sonra yolda idilər. Gedir və dinib-danışmırdılar. Yala çatan kimi oğlan dedi:

-Kəndə az qalır,-onu da əlavə elədi ki, əgər yolda ləngiməsələr, günortadan sonra mütləq ora çatarlar. Qız heç nə eşitmirmiş kimi dillənmirdi. Buna səbəb onun inamsızlığı yox, oğlanın səsindəki qətiyyət idi. On beş yaşı olsa da, o özünü kişi kimi aparırdı. Elə boy-buxundan da pis deyildi. Heç kimə deməsə də, yarım il əvvəl o, düşmənlərin kəndə hücumuna ürəyində möhkəmcə sevinmişdi; necə olmasa da, axır ki, ona əlinə tüfəng almaq nəsib olmuşdu.

Oğlan atasının ona etibar elədiyi silaha baxıb minnətdarlıqla gülümsündü.

-Həə, bax indi oldun əsl kişi!

Oğlan dedi, indi baxarlar o bu tüfənglə neçə düşmən əsgərinin axırına çıxacaq.

-Mənim düşmən axırına çıxanıma bir bax!

Babası da anasının sözünə qüvvət verdi, dedi ki, əgər hər onun kimilər düşmən axırına çıxan olsaydılar, indi yer üzündə təkcə dostlar yaşayırdılar. Onların hər ikisi qəm-qüssə içində əyləşmişdi. Əslini axtaranda son iki ildə hamını kənddə yalnız belə görmək olardı. Elə bil bu hal hamının ömürlük xasiyyətinə çevrilmişdi. Elə görünürdü ki, sanki davadan sonra da adamların heç vaxt üzü gülməyəcək. Ertəsi gün atası onu özü ilə kəndin kənarına - səngərlər burdan keçirdi - aparanda əlində tüfəng tutub, çiynindən qatar asan oğlan istəyirdi ki, hamı onu görsün. Amma yolboyu uzanıb gedən kənd evlərinin çoxunun darvazasından əl boyda iri qıfıllar asılmışdı. Düz üç gün, o, səngərlərə ayaq döysə də, axşam kəndə kor-peşiman qayıtdı. Bundan elə məyus olmuşdu ki, evdəkilərin üzünə çıxmağa belə xəcalət çəkirdi.

-Qurumsaqlar! Xalqı güdaza verən oğraşlar! Rəhbər olublar! Sizin o bəzəkli arvadınızı...-deyib o vaxtacan heç kimə çor da deməyən qoca Əlvənd kişi güllə yağışından göz açan kimi üzünü Bakı tərəfə tutub elə səngərdəcə dişinin dibindən çıxanı deyəndə oğlan hiss elədi ki, hər şey o təsəvvür elədiyindən daha dəhşətlidir; əgər böyüklər onların yanında ağızlarından o cür biabırçı söyüş çıxarırdılarsa, daha buna da deyəydin? Elə də oldu: bir gündən sonra kəndin daşını daş üstə qoymadılar. Onların da evində beş nəfərdən üçü qaldı...

Döşdəki gözəyə çatanda bulağa rast gəldiklərini güman eləyən qızın sevincdən gözləri parladı. O, qarla örtülmüş gözəyə elə göz gəzdirdi ki, necə ki, ac adam ləziz yeməyə baxar; üç gün idi ki, bir gilə də olsun dillərinə su dəyməmişdi, ya dözür, ya da xarlanmış qar yeyirdilər. Oğlan onsuz da onunla ayaqlaşa bilməyən qızı orada qoyub sevincək irəli getdi.

-Suuu!-deyə o, əllərini yuxarı qaldıraraq elə fərəhlə qışqırdı ki, elə bil öz doğmaları ilə üz-üzə çıxmışdı. O, tüfəngin qundağını qara sancıb dədə-baba qaydası ilə dizlərini yerə dayayaraq yoldaşı yanına çatanacan dodaqlarını sudan ayırmadı.
Yarğanın kənarındakı meyvə ağacını görən kimi oğlan qeyri-ixtiyari ayaq saxladı, ancaq nə qədər baş sındırsa da, ayırd eləyə bilmədi ki, ətrafa səpələnən zeytun boyda giləmeyvələr hansı ağacın barıdı. Acgözlüklə tapdığını ağzına atıb gəvələdi, tezcə də üz-gözünü turşudaraq tüpürdü. Sonra birini, daha sonra bir ayrısını dişinə vurdu. Onlara rast gələndə nə qədər sevinmişdisə, elə o qədər də kədərləndi. Sanki aclıq indi ona ikiqat divan eləyirdi. Qız onun hərəkətlərini müqəssir bir görkəmdə izləyir, heç nə demədən susurdu. O hiss eləmişdi ki, hara getdiklərini heç oğlan özü də bilmir. Əgər arxayın olsaydı ki, kənd, doğrudan, dağın o biri üzündədi, canını dişinə tutub birtəhər dözər, bir addım da olsun yoldaşından geri qalmazdı, amma bilirdi ki, bu cəhdlər hamısı əbəsdir. Ümidsiz halda, soyuq baxışlarla oğlanı süzüb qarın üstə elə oturdu ki, sanki ömürlük burda qalmağı qət eləmişdi. Dinməzcə uzaqları gözdən keçirən qız çəkmələrini soyunub dünən axşamdan ayağına dolanan şərfi elə qatlamağa çalışdı ki, yumrulanıb pəncələrini ağrıtmasın. Ayaqları şişib tuluğa dönmüş, çəkmələrin içi yaş olduğundan şərf də su çəkmişdi.

-Aç qulağını, eşit, biz onları tapan deyilik,-qızın təhdidedici nəzərlərini üzündə hiss eləyən oğlan onu dilə tutdu ki, heç olmasa növbəti yalacan getsin, sonrası öz işidi.

O bu ümiddə idi ki, əgər zirvəyə çatsalar, buraların hara olduğunu təxmini də olsa tanıya bilər. Uzaqlarda nəyinsə göyümsov tüstüsü göyə bülənd olmuşdu. Görünür, hardasa kənd yanırdı. Ara-sıra avtomat səsləri, tank nəriltisi, top gurultuları eşidilirdi.

-Məni aldadıb gətirmisən. Sən bilirdin, onlar burda yoxdular. Ölüblər onlar, itiblər, yerə giriblər,-qız üzünü qapayıb ümidsizlikdən dəli kimi bağırdı və bir qədərdən sonra heç nə olmayıbmış kimi sakit tərzdə eşitdirdi ki, daha heç hara gedən deyil, qoy gəlib onları öldürsünlər, canları birdəfəlik qurtarsın. Oğlanın onun dediklərinə əhəmiyyət vermədiyini gördükdə isə əlindəki çəkməni hiddətlə yerə çırpıb:

-Cəhənnəm olsun hamısı,-dedi.

Elə an idi ki, kolluqdan çıxıb saymazyana halda yamacla üzüyuxarı gedən heyvana heç əhəmiyyət də vermədilər.

-Mən səni tək qoyub gedəcəm,-səsində qətiyyətsizlik duyulsa da, oğlan soyuqqanlı halda dilləndi və qızın şişmiş əllərini, divar kimi ağarmış üzünü ötəri halda gözdən keçirtdi,-özün bil, indidən sənə deyirəm,-o bilirdi ki, başlasa təsəlli verməyə, qız yenə onu borclu çıxaracaq. Amma o var ki, heç təsəlli üçün bəhanə də qalmamışdı.

-Sən olmasaydın, mən çoxdan başıma çarə qılardım.

-Get də, nə dayanmısan?-onun nəyə işarə elədiyini dərhal anlayan qızın gözlərində kin və nifrət alovları şölələndi.

-Elə bilirsən getmənəm?

Sualdan da çox cavaba oxşayan bu sözləri eşitməyi ilə qız burnunu çəkib susdu, başının üstdə dayanan oğlanı çəpəki nəzərlərlə gözdən keçirib zoru gələnə onu geri itələdi. Hiss olunurdu ki, onunla kəlmə belə kəsmək istəmir. Bunu bilə-bilə oğlan ağlayan qızı qüssəli baxışlarla süzüb çevrilərək ehmal addımlarla yola düzəldi. O özü də əlini hər şeydən üzmüşdü, amma necə oturub gözləmək olardı axı? Yaxşı başa düşürdü ki, qorxusundan qız onsuz da burda qalan deyil, ancaq onu bu vəziyyətdə aparmaq həm olduqca çətin idi, həm də onun buna iqtidarı qalmamışdı. Oğlan indidən həm də onun fikrini eləyirdi ki, birdən zirvəyəcən qalxa bilsələr, ancaq orda kənd olmasa, görəsən, bu dəfə nəyi bəhanə eləyəcək? Ümumiyyətlə, qız bundan sonra nə haqla ona inanaydı axı?! Bununla belə nəsə onu zirvəyə doğru çəkirdi, amma özü də bilmirdi nə? O gedir və arxaya baxmırdı. Yalnız o barədə düşünürdü ki, necə eləsin, onu özü ilə apara bilsin. Əgər aparmaq mümkün olmasa, onda necə? Ayrılıq dəmləri barədə fikirləşəndə oğlanın canını soyuq tər basdı, ancaq tezcənə də hər şey keçib getdi - çətini bir fikrin beyinə düşməyidi, sonra onun ən qorxuncu da adiləşir.

-Seymuuuur!-qarın üstündə üzüqoylu uzanmış qız başını qaldırıb üç gündən bəri bir addım belə ondan aralanmayan yoldaşının uzaqlaşdığını gördükdə yumruqlarını hiddətlə yerə çırpa-çırpa canavar kimi uladı.

Oğlan səsə çevrildi və onu çağıranın üzüqoylu qar üstündə sərələndiyini görüb ayaq saxladı. Elə bil onu səsləmir, üç gün əvvəl kəndin ayağınacan onları baxışları ilə izləyən atasının gizlində dediyi sözləri kimsə ehmal-ehmal təkrarlayırdı: "O qanı sənə halal eləyirəm... O qanı sənə... O qanı... O..."

"Mən burda ona görə qalıram ki, babanla ananın qisasını alım. Heç bu olmasaydı da, sizə qoşulub gedə bilməzdim. Elə olsa, onda gərək başımıza ləçək bağlayaq" - o, atasını heç vaxt bu qədər bədbin və ümidsiz görməmişdi. Həmişə vüqarla danışmağı xoşlayan bu adam indi qəhərdən boğulur, sakit və həyəcansız danışa bilmirdi. Durduğu yerdəcə o birdən-birə kömür rəngi almışdı.

-Mən bacının yanında sənə heç nə deyə bilməyəcəm,-deyə o handan-hana özünü toplayıb sözə başladı,-diqqətlə qulaq as: bacını da götür meşə yolu ilə gedin Ağdama. Bizimkilər ordadı. Belə görürəm, gec-tez axırımıza çıxacaqlar. Əksəriyyət başını götürüb qaçıb. Bəzən onları da qınamaq olmur. Dünyada elə şeylər var ki, bilmirsən omu şirindir, yoxsa torpaq?!-deyib o, qonşunun söyə-söyə torpağı qazıb ərzağı yerə basdırdığı səmtə baxdı, amma oğlana elə gəldi ki, atası qonşuya elə-belə nəzər salır, fikrini toplamaq üçün o ya münasib söz tapa, ya da qəhərdən boğulduğu üçün danışa bilmir,-allah eləsin, sağ-salamat gedib çıxasınız, amma şər deməsən, deyir, xeyir gəlməz,-o bir qədər də susub bu tüfəngi də, bu bircə dənə gülləni də sənə bircə şeyə görə verirəm. Əgər rastınıza o itlərdən çıxsa, heç nə fikirləşmədən bacını öldürərsən,-sərt bir tərzdə əlavə elədi,-eşitdin, nə dedim?!
Oğlana elə gəldi, atasının sifəti əyildi, amma o, həmin dəqiqə anlaya bilmədi ki, bu, qəzəbdənmi oldu, ya ayrı bir səbəb var?

-Başa düş, oğlum, mən çox şeyi sənə açıq deyə bilmirəm,-onun səsi kallaşdı, gözlərindən yaş bulaq kimi qaynadı, başını hirsli halda bulaya-bulaya,-amma sən bunu eləməlisən,-dedi,-elə olmasın ki, sonra meyidimizə tüpürələr. Vaxt gələr, özün hər şeyi başa düşərsən,-kişi qızının evdən çıxaraq dəsmalı başına bağlaya-bağlaya onlara tərəf gəldiyini görüb asta səslə,-o qanı sənə halal eləyirəm,-dedi və özünü yığışdırdı ki, qızı həm onun nə halətdə olduğunu görməsin, həm də hərəkətindən şübhəyə düşməsin,-ləngiməsəniz, axşama ordasınız, burdan beş saatlıq yoldu.
Oğlan bir-birinə sarılaraq uzun müddət aralanmaq bilməyən ata-balaya baxır və ona elə gəlirdi ki, nə görürsə, yuxuda görür. O, gözünü yumub-açdı ki, bəlkə, ayıla, amma hər şey həmən-həmən idi: atası çömələrək üzünü qızının sinəsinə söykəyib onun yaraşıqlı, balaca çiyinlərindən yapışmışdı, hərdən başını aralayıb onun sifətinə baxır, göz yaşı tökə-tökə acgözlüklə boyun-boğazını qoxulayır, bu ömürlük ayrılıq dəmində ona baxmaqdan heç cür doymaq bilmirdi. Oğlanı vəcdə gətirən də elə bu idi: axı o, birdən-birə niyə belə sərt qərar çıxarmışdı?

Onlar kəndarası yola çıxanacan - atışma səsləri bir az da çoxalmışdı - bu hal bir neçə dəfə təkrar olundu. Atası gəlib-gəlib dayanır, sonra yenidən yoluna davam eləyir və sakitləşə bilmirdi. Bu minvalla yolun xeyli hissəsini onların ardınca gələn kişi, axır ki, dükanın yanında ayaq saxlamalı oldu. Onun yaşına yaraşmayan hönkürtü ilə ağlamağına və çiyinlərinin atılıb-düşməyinə baxdıqca sanki göz görə-görə adamın sinəsinə dağ basırdılar..."

Yola çıxandan təxminən saat yarım sonra - oğlan hələ də o mənzərənin təsiri altında idi - ilk həyəcan baş verdi.

-Orda nəsə gördüm,-bacısı qəfildən, təlaş içində dilləndi. Səsi çıxmasın deyə o, dodaqlarını bərk-bərk bir-birinə sıxıb qorxusundan tir-tir titrəyirdi. Oğlan əvvəl elə bildi o, həyəcanlı olduğundan belə eləyir, əslində heç nə yoxdur, ancaq bacısının bu təlaşı dərhal ona da sirayət elədi. Diqqətlə baxdıqda kolluqda nəyinsə peyda olduğunu gördü.

-Görürsən onu?

Qorxudan dili söz tutmayan oğlan onun sözünü başıyla təsdiq elədi. Əslində qız onu birinci dəfə xəbərdar edəndən özünü itirmişdi. Həyəcanını büruzə verməməyə çalışsa da, cəhdi əbəs idi. Susmaq işarəsi olaraq barmağını dikinə dodaqlarının üstünə qoyanda da, dəstəyi zərlə işlənmiş bıçağın qısa, ensiz tiyəsini yoxlayanda da qız hiss elədi ki, onun barmaqları necə titrəyir.

Bıçağın kara gəlməyəcəyinimi duydu, ya nə idisə, qardaşı onu qatlayıb cibinə salan kimi dolu gilizi çiynindən aşırtdığı tüfəngin lüləsinə qoyub gözləməyə başladı. Amma qıza elə gəldi ki, o heç nə eləyən deyil. Sanki kənddən çıxandan ona nəsə olmuşdu. Həmişə düşmənə qan udduracağı ilə alışıb-yanan adam nədənsə daha bu barədə danışmırdı.

-Bəlkə, bizimkilərdi?-onun cavab vermədiyini görən qız bir də təkrar eləməli oldu. Birdən-birə oğlanın gözlərində çoxdan axtardığını qəfildən tapan adamlara məxsus sevinc parıltıları peyda oldu; seyrək ağaclıqda dayanan boz qurd idi. Onlar bundan həm sevindilər, həm də təəccübləndilər; vəhşi olsa da, qurd düşmən qədər yırtıcı və amansız deyildi. İlin bu vaxtları kəndin əl-ətəyində az qala dəstə ilə gəzib-dolanan heyvanlardan çoxdan idi bir xəbər-ətər yox idi. Dava meşəyə də öz əlini çəkmiş, insanlar kimi onları da öz yurd-yuvasından eləmişdi. İndi birdən-birə yalquzaqla üz-üzə gəlmək onları qorxudan çox, heyrətə salmışdı. Hardasa yaxınlıqda açılan atəş səsi eşidilən kimi heyvan əvvəlcə yerə sindi, ayağının birini götürüb ətrafı dinşəməyə başladı - görünür, bu səslərə o da öyrəncəli idi - sonra isə saymaz bir hərəkətlə döşlə dərəyə enib, cəngəllikdə yoxa çıxdı. Yalnız bundan sonra onlar bir müddət bir-birinə, sonra isə canavar gedən səmtə uzun-uzadı nəzərlərlə baxıb, yola düzəldilər.

Oğlan atasının ona niyə tək bircə güllə verdiyinin səbəbini indi anlamışdı. Bunu bilə-bilə bacısından gizlətməyi nədənsə onu əməlli-başlı yandırıb-yaxırdı. Üstəlik həm də xəcalət çəkirdi ki, bu sirri açıb ona deməyə niyə axı mətanəti çatmır?! Guya, onun bunu bilməyi ilə nə dəyişəcəkdi? Yola çıxandan təxminən yarım saat sonra sözarası "ehh, sən heç nə bilmirsən" deyəndə də məqsədi dərdini yüngülləşdirmək idi. Elə bilirdi danışsa, ürəyi boşalar. Əgər bacısı yalvar-yaxara başlamasaydı, bu ağır yükün əzabından xilas olmaq üçün, bəlkə də, hər şeyi açıb olduğu kimi danışacaqdı. Amma qızın bu hərəkəti elə bil onu silkələyib ayıltdı. Axı hardan bilmək olardı ki, onlar düşmənlə mütləq rastlaşacaqlar? Hətta belə bir bədbəxtlik üz versəydi belə, hələ bilmək olmazdı ki, o nə ilə qurtaracaq? Axı kim başına gələnləri əvvəlcədən bilir?!

-Sən heç adam öldürə bilərsən?!-sanki bacısı onun nə vəziyyətə düşdüyünü hiss eləyib bu sualı vermişdi.

-Məəən?!-oğlan qəfil sualdan tutulan kimi oldu və qeyri-ixtiyari olaraq tüfəngin soyuq, bumbuz lüləsini sıxıb,-öldürəndə də öldürərəm,-deyə kişiyanə bir tərzdə cavab verdi. O indi heç cür anlaya bilmirdi ki, dünənə qədər yola getmədiyi, hətta ən adi şeyin üstündə belə saçlarından yapışdığı bacısına qarşı qəlbində duyduğu hədsiz mərhəmət, görəsən, təkcə onun bilmədiyi sirrəmi görədir, yainki düşdükləri vəziyyət bunu ona təlqin edir?!

Axşamüstü hava tutuldu, yağış başladı və onlar heç gözlənilmədən gəlib bir kəndin kənarına çatdılar. Nə qədər göz qoysalar da, bir nəfər belə ins-cins görünmədi. Buna baxmayaraq, bu balaca yaşayış məskəninə girməyə uzun müddət ürək eləmədilər. Əgər qız onun dediyi ilə razı olsaydı, oğlan onu burda tək qoyub beş-on dəqiqəlik kəşfiyyata getmək - o indi özünü döyüş meydanındakı əsgər kimi aparırdı - fikrində idi, intəhası qorxusundan qız elə qara-qışqırıq saldı ki, oğlan dediyinə də peşman oldu. Axırda əlacsız qalıb - yağış onları cumculuq eləmişdi, başlarını gizlətməyə yer axtarırdılar - kəndə birgə getməli oldular. Beş-altı uçuq-sökük ev, yanan əşyaların külü, ətrafa səpələnmiş cır-cındır, adda-budda gözə dəyən qab-qacaq və bir əyri-üyrü çarpayı - bütün kənd yalnız bunlardan ibarət idi. O ev ki, damının yarısı qalmışdı, oğlan ordan əl-ətəyi və qolları yanmış bir sırıqlı, bir də Nuh əyyamından qalma dolabın gözündən uşaq xətti ilə yazılmış şagird dəftəri tapdı.

-Bizim kənddi,-dəftəri gözdən keçirə-keçirə oğlan elə dilləndi ki, sanki yarasına məlhəm qoymuşdular. Sonra onlar hərəyə bir dürmək aşırıb - bu onların şam yeməyi idi - səhər nə edəcəkləri barədə məsləhətə başladılar. Oğlan xəlvətcə əlilə dəsmalda nə qədər çörək qaldığını yoxladı və ürəyindən keçirtdi ki, əgər sabah bir yana gedib çıxa bilməsələr, elə aclıqdan öləcəklər. Həmin andan başlayaraq bu zəhlətökən fikir son ana qədər ondan əl çəkmədi. Bacısı ona donduğunu bildirsə də, oğlan ocaq yandırmağa o qədər də tələsmədi, qolundakı saatı barmağı ilə yoxlayıb ona beş dəqiqə qaldığını bildirdi və onu qurdu. Balaca cihaz ona babasından yadigar idi. Kişi onu gözləri tutulandan sonra Bakıdan aldırtmışdı.

Oğlan hər dəfə babasının saatın yandakı xırdaca düyməsini basıb şüşəli qapağını qaldıraraq barmaqlarını millərin üstündə gəzdirməklə vaxtı müəyyən etməsinə görsətmə bir şey kimi tamaşa eləyərdi. Elə bil ömrün sona vardığı qocaya ayan olmuşdu: heç nə olmaya-olmaya ölümünə bir gün qalmış saatı nəvəsinə bağışladı. Görəsən, niyə?

Fikirləşəndə ki, xəstələnəndən sonra başlarına nələr gələ bilər, oğlan tərəddüd etmədən ocaq çatmaq qərarına gəldi, hər şey hazır olanda evin küncündə əyin-başlarını qurudub, əl-ayaqlarını isitdilər. Ancaq nə illah eləsələr də, gözlərinə yuxu getmədi. Gecənin hansı vədəsindəsə ara verən yağış təqribən bir saatdan sonra yenidən güclənib dan üzünəcən kəsmədi.

Səhər çox gec açıldı. Sanki il tamam oldu. Obaşdan hərəyə əl boyda çörək büküb yola düzəldilər. Hər tərəf göyümtül duman içində idi və o bütün günü çəkilmədi. Hara getdiklərini oğlan heç özü də bilmirdi, amma hər dəqiqə o, yoldaşını inandırmağa çalışırdı ki, yol onları hara lazımdı, elə ora da aparır. Budaqları gəmi burazı kimi möhkəm və sərt halda bir-birinə dolaşmış ağacların arasından çətinliklə keçib düzə çıxdılar. Oğlan hansısa ağacın dibindən tapdığı qozanı ehtiyatla və az-az çeynəyib tüpürdü. İyirmi-otuz addım o tərəfi görmək mümkün olmasa da, ağ örpəyə bürünmüş küknar ağaclarının əsrarəngiz görkəmi vardı. Yarpaqları qışda da solmayan uca kollar elə yaraşıqlı idi ki, elə bil nə vaxtsa, kimsə onları bir yerdə əkmişdi ki, qışın şaxtasında bir-birindən ayrı düşməsinlər. Yolçularsa dayanmadan gedir, bir-birinə ürək-dirək verə-verə irəli can atırdılar. Qız hərdən ayaq saxlayıb tərəddüdə başlayanda, qardaşı onu dilə tutur, ya da düşmən pəncəsinə keçəcəkləri ilə qorxuzurdu ki, yubanmasınlar. Soyuq, duman, nabələd meşə yolu, hər an düşmənlə rastlaşmaq qorxusu - bir tərəfdən də aclıq onların əhədini kəsmişdi.

-Çörək verim sənə?-desə də, heç bir cavab gözləməyən oğlan böyüklər kimi hərəkət elədi; çörəyin əsas hissəsini yoldaşına verib, balaca bir parçanı isə özünə götürdü. Ərzağa belə qənaət etməsinə suallı nəzərlərlə baxan bacısı heç nə soruşmasın deyə, oğlan onu qabaqladı, dedi, nə işdisə, iştahası yoxdu, di gəl qız üzünü yana çevirən kimi əlindəki parçanı bircə udumluq elədi.

Günortadan az sonra, təxminən saat üçdə onlar ağaca zəncirlənmiş nəhəng bir adamla üzbəüz çıxdılar. Bacısının qışqırdığını oğlan öz gözlərilə gördü, ancaq onun səsi gəlmədi, kim bilə, bəlkə də, o bunu eşitmədi, çünki bir gözü ağaca sarınmış adamda - başı çiyninə düşmüş bu nəhəng varlığın bədənini güllə ilə şadaraya döndərmişdilər - seyrək ağaclıqla üzüyenişə qaçan yoldaşını səsləyəndə heç öz səsini də eşitmirdi. Sonra arxaya baxa-baxa o özü də hərəkətə gəldi, sürəti tədricən artırıb qızın dalınca götürüldü. Sanki hər şey elə indi - bu anda həll olunmalı idi. O, bacısını çətinliklə sakitləşdirə bildi. Əsas işi də ölənin düşmən olduğunu deməyi gördü... Amma o bu naqafil səhnədən necə sarsılmışdısa, səhərəcən dilinə tikə də olsun çörək vurmadı. Suallarısa yalnız bu barədə idi; onu kimlər eləyib, niyə eləyib, uşaqları hardadı, görəsən, bilirlərmi ki, atalarını necə işgəncə ilə öldürüblər və s...

İndi necə biləydin ki, dumanda onlara lazım olan yerin lap yanından ötüb keçməyiblər? Bir dəfə onlar dayaz bir dərəyə çataçatda it hürüşü, bir dəfə isə uca bir yalın başında hardansa gələn at kişnərtisi eşidib ayaq saxladılar. Uzunmüddətli məsləhət-məşvərətə baxmayaraq, heç biri o səmtə getməyə cəsarət eləmədi. Bütün yol uzunu isə hey təəssüflənirdilər ki, o hadisədən xoflanıb bu qədər ağciyər olmasaydılar, indi bəlkə də, öz doğmalarının yanında əyləşib şirin-şirin söhbət eləyir, başlarına gələnləri danışırdılar. Gecəki yuxusuzluq, səksəkə və qorxu, illah da aclıq axşamtərəfi öz işini gördü. Oğlan balaca təpəciyə çıxıb - duman az-maz seyrəlmişdi - ətrafı gözdən keçirərək geri qayıtdıqda qız, hansı ahənglə ki, ölüm xəbərini deyərlər, elə o cür səslə də ayaqlarının tutulduğunu bildirdi.

-Elə bircə bu çatmırdı!-qardaşı təəssüflə başını yırğalayıb ovcunu qızın alnına qoydu. Onun qızdırma içində yanan dodaqları iri, gözləri sönük, yanaqları qıpqırmızı idi. Oğlan deməsə də, bunların hamısının qorxudan olduğunu hiss eləmişdi.

İndi o özü də nə eləyirdisə, ümidsiz eləyirdi, daha heç nəyə gümanı qalmamışdı. Çörəkləri lap tükənmişdi, yolu itirmişdilər, qarşıdan yenə şaxtalı qış gecəsi gəlirdi, üstəlik də bacısı o kökdə... Nə qədər gözündən düşmüşdüsə, lüləsi bumbuz silahı da gərəksiz bir dəmir parçası sanırdı.

-Gözlə burda!-axır ki, o özündə qüvvə tapıb dillənə bildi. Rahat bir daldalanacaq tapmaq ümidilə əvvəlcə iti addımlarla düzünə gedib ağacların arasında yox oldu, bir qədərdən sonra isə geri qayıdıb həvəssiz halda orda münasib bir yer olmadığını bildirdi. Sanki bununla da hər şeyə son qoyulmuşdu. O bunu solğun bənizli qızın onu necə qorxu içində dinləməyindən başa düşdü və bu dəfə də əks tərəfə üz tutdu.

Qayıdıb gəlməyi təxminən on beş dəqiqəcən çəkdi. O elə riqqətə gəlmişdi ki, yalnız təsadüf nəticəsində ölümün pəncəsindən qurtulmaqla o hala düşmək olardı. Üstəlik də o, qızı qoyub getdiyi yerdə tapa bilməyib ətrafı gözdən keçirərək heç nə fikirləşmədən gücü gələnə bağırdı. Canını sarmış vahimədən sanki bu yolla qurtulmaq istəyirdi. Ayağı o vəziyyətdə bacısı hara gedə bilərdi; qorxusundan süpürgə kimi hara qoysaydın, qız elə orda da qalan idi. Daha bir dəfə qızı var səsi ilə çağırıb onu kolluqdan çıxaraq axsaya-axsaya üzü bəri gələn gördükdə bundan ürəklənən kimi oldu, əli ilə işarə elədi ki, gəlməsin, onu orada gözləsin.

-Orda,-deyib yoldaşının yanına çatanda həyəcanından udqundu və heç vaxt duymadığı bir ürək çırpıntısı ilə dilinin ucuna gələnləri tikə kimicə uda bildi,-orda, deyəsən, düşmənlər var, lap yaxında,-o, töyşüyə-töyşüyə danışırdı,-onları mən özüm gördüm.

Gördüklərini lap son anda gizlədə bildiyindən və uydurduğu yalana qızın məhəl qoymamasından elə ruhlanmışdı, ani də olsa, onda belə bir inam yarandı ki, gördükləri, bəlkə də, xülya imiş, o heç bir meyitə-zada rast gəlməyib. Çünki qız da o qədər sadəlövh deyildi ki, soruşmaya: əgər, doğrudan da, yaxınlıqda düşmənlər var idisə, bəs o nə üçün elə fəryad qopartmışdı? Qorxmurdu ki, səsini eşidərlər?

Onlar oğlanın təkidi ilə gedir, heç arxaya da baxmır, əllərini hər şeydən üzmüş halda başlarını götürüb qaçırdılar. Qardaşı qoluna girsə də, topuğu şişdiyindən qız ayağının birini, demək olar ki, yerə basa bilmir, ağrıdan az qalırdı, bağırsın. Hər növbəti addımı atmaq üçün sanki qəhrəmanlıq göstərmək lazım gəlirdi. Bununla belə qorxu onu irəli elə qovurdu ki, var qüvvəsini sərf edib dincələ-dincələ olsa da, seyrək ağaclarla örtülmüş təpənin o biri üzünəcən gedə bildi. O qədər də böyük olmayan bir gölün sahilinə çatıb dayandılar. Külək dumduru suları sahilə doğru elə qovurdu ki, sanki o özü ilə adicə su yox, nəhəng mirvari boyunbağı gətirirdi...

Oğlan bir qədər də getdikdən sonra bacısını çalada qoyub divar kimi dik yamacı pişik cəldliyi ilə bir göz qırpımında dırmandı, tezcə də geri qayıdıb - duman çəkilsə də, toran qovuşduğundan artıq göz gözü görmürdü - qızı dolayı yolla gözaltı elədiyi yerə apardı. Qarı ərimiş qayanın çıxıntısı nəhəng qanad kimi torpağı nəinki qardan-yağışdan qorumuş, onu bəlkə də, ta bineyi-qədimdən gün üzünə də həsrət qoymuşdu. Torpaq qupquru, yumşaq və rahat idi. İri oyuqlardan hiss olunurdu ki, bura hansısa vəhşinin daldalanacaq yeri olub. Oğlan qızın yerini rahatlayan kimi çır-çırpı yığmağın hayına düşdü. Quşbaşı qar başlamışdı. Hava bir qədər soyuyan kimi o, dənər qara çevrilib on dəqiqəyəcən kəsmədi. Buğda dənələri boyda ağ gilələr yeri tam ağartmamış oğlan topladıqlarından qorxa-qorxa tonqal çatdı. Onun hesabıyla, qalan azuqələri bu günə bəs edərdi. Bəs sabah? Birisigün? O bu barədə düşünmək belə istəmirdi. Aclıq axırlarına çıxsa da, çörəyə heç dillərini də vurmadılar. Elə bil boğazları tikilmişdi. Qız çörək adı eşidəndə üz-gözünü elə turşutdu ki, sanki onun yanında iyrənc bir şeydən söz açmışdılar. Oğlan bəlkə də, bir tikənin dadına baxar, bu gözəl nemətin doymaq mümkün olmayan ətrini acgözlüklə ciyərlərinə çəkərdi, ancaq yoldaşının bu hərəkətindən sonra onu eləməyi şəninə sığışdırmadı. Düzünə qalsa, amansız aclıq da küt bir ağrı ilə əvəz olunmuşdu.

Az-maz isinib rahatlanan kimi yuxu onu apardı. Böyrünə qısıldığı bacısının səsini eşitsə də, o, qüvvə toplayıb gözlərini aça bilmirdi. Təqribən iki saatdan sonra - ətraf zil qaranlıq idi - səmada odlu kürə şəklində nəsə peyda oldu, bir anlığa sanki bütün dünya işıqlandı, ardınca isə dəhşətli gurultu qopdu. Səsdən elə bil yer-göy titrədi. Oğlan da yuxudan dəli kimi qalxdı. Onlar çalanın dibinə qısılıb cınqırlarını da çıxartmırdılar. Qızı elə əsməcə tutmuşdu ki, deyərdin bəs onu gözəgörünməz bir əl hikkə ilə silkələyir.

-Qorxmursan?-oğlan sualı ona həyəcanını unutdurmaq üçün vermişdi, elə bilirdi, ürək-dirək verən var, deyənə, o heç nədən qorxmamalıdı, daha bilmirdi ki, hər şey tərsinədir. Niyyəti gec də olsa, baş tutdu, indi o, mətləbsiz və mənasız şeylər söyləyir, müharibə qələbə ilə başa çatandan sonra nələr eləyəcəyindən, hərəsi dünyanın bir yerinə səpələnmiş həmkəndliləri ilə görüş anının şirinliyindən ağızdolusu söhbət açırdı. Balaca ocağın öləziyən işığında o, bacısının yuxuya getdiyini gördü. Hərarətdən onun sifəti bir az da iriləşmişdi. Bir allah bilə bilərdi ki, bu dəm oğlan özününkülərin yanında olmağı necə ürəkdən arzulayırdı. Söz yox ki, bu istək əlçatmaz olduğundan belə şirin idi.

Çırpı qurtardığından gecə saat üçdə ocaq söndü. Dünən tapdığı yarıyanmış sırıqlı indi burda olsaydı, üstlərinə çəkib necə də rahat olardılar. O indi yatmağı ona görə arzulamırdı ki, canı dinclik tapsın, daha çox ona görə arzulayırdı ki, başı-beyni qorxunc, qara-qura fikirlərdən azad olsun, ancaq nə illah eləsə də, daha çimir eləyə bilmədi, ürəyində yüzəcən saydı, harda olduğunu unutmağa çalışdı, di gəl, bunların heç bir köməyi olmadı. Ən çox da gündüz çalada gördüyü başsız meyitlər xəyalından çıxmırdı. Onun hesabı ilə, hadisənin baş verdiyi bir gündən artıq olmazdı. Bütün ətraf qana bələnmişdi. Görünür, yırtıcılar da öz qənimətlərini elə indilərdə gəlib tapmışdılar, çünki onları elə quduzcasına didib-parçalayırdılar ki, elə bil dünyanın axırı-zadı idi.

Qız səhəri "su" kəlməsi ilə açdı. Onlar gölün sahilinə də elə bu məqsədlə endilər. Dili ağzında yansa da, oğlan onu çox su içməyə qoymadı, arxayın elədi ki, irəlidə bulaq var. Sonra əzablı günlərin ən şirin dəqiqələri - yemək anı gəlib çatdı. Dillərinə dolamasalar da, onun hər ikisi balaca süfrənin açılacağı dəmləri ürək çırpıntısı ilə gözləyirdilər. Sanki ordan dünyanın ən ləziz və tamlı nemətləri çıxacaqdı.

Oğlanın təxmininə görə, çovğun başlanmalıydı, odur ki, bu dəfə süfrə daha tez yığışıldı. Öz payını bircə udumluq eləyən oğlan:

-Gedək!-deyə elə qətiyyətlə dilləndi ki, sanki irəlidə onları gözləyən-zad vardı. Qızın halı özündə deyildi, amma təkcə buna görə yola çıxmasaydılar, yaxud ləngiyəsi olsaydılar, nə bilmək olardı ki, səhərəcən, ya elə bu gün axşamacan o, mütləq özünə gələcək?! Cavabında qız bildirdi ki, ağrımayan yeri yoxdur, elə bil oynaqlarına xışmayla duz doldurublar. İntəhası bu işdə onun günahı olmadığını bildiyindən canını dişinə tutub güc-bəla ilə ayağa qalxdı. Xeyli müddət tərpənmədiyindən o, qəddini çətin, ufuldaya-ufuldaya, həm də çox gec düzəldə bildi. Dadı damağında uzun müddət qalsın deyə həmişəki kimi öz payını çox asta-asta yeyən yoldaşına, onun ağzını şirin-şirin marçıldatmasına nəzər saldıqca oğlan yal görmüş ac it kimi udqunurdu. Onlar sakitcə gedir və heç nə danışmırdılar. Hər tərəfi yalnız ağaclardan, kollardan, kötük və budaqlardan, başı yaz dumanına bürünmüş dağlardan ibarət olan düz-dünya o qədər sonsuz idi ki, qız sadəlövhcəsinə:

-Heç indiyəcən bilmirdim ki, Azərbaycan belə böyükdü,-dedi.
-Hələ nə görmüsən ki?-oğlan elə tərzdə cavab verdi ki, sanki indiyədək sınıq-salxaq kənd avtobusu ilə rayon mərkəzinə tək bircə dəfə gedib-qayıdan heç o deyildi.
Dərin yarğanın kənarında köklü-köməcli qopmuş ağacı görüb ayaq saxladılar. Aclıqdan oğlanın gözləri qaralırdı. O bunu büruzə verməsə də, ağappağ süfrənin tən ortasında buğlanan zəfəranlı plovu göz önünə gətirməkdən gözləri işıqlanır, sanki bu şirin xəyaldan da təsəlli tapıb toxtayırdı.

Çayı keçib döşlə üzüyuxarı səmtləndilər. Sonra düz gəldi, bir azdan daşlıq başlandı. Qarın üstündə hansısa vəhşinin iri ləpirləri var idi. Sanardın ki, yerə biri digərinin təkrarı olan minlərlə naxış salıblar. Yolboyu uzandıqca-uzanan ayaq izlərinə baxan oğlan dedi ki, bu, onların gəlişi münasibətilədi, görürmü yolu nə bəzəyiblər?! Yoldaşı dillənməsə də, onun sözlərinə dodaqucu, soyuq təbəssümlə cavab verdi.

Oğlanın yoldaşından narazılıq etməyə haqqı yox idi, çünki o, demək olar ki, geri qalmır, təkcə hərdən bir tikə çörək istəyirdi. Günortayayaxın külək bir qədər də şiddətləndi, qar tökəndə isə əsl çovğun başlandı. Oğlan indi birdəfəlik əmin idi ki, onlar ya acından öləcək, ya da qurd-quşa yem olacaqlar. Bu onun qəti yəqini idi.

Küləyin istiqamətini təyin etmək çətin olduğundan onlar hara gəldi gedir, yalnız təbiətin bu amansız şıltağından can qurtarmağa çalışırdılar. Əgər dayansaydılar, əlbəəl donardılar. Onları xilas eləyən də daima hərəkətdə olmaları idi. Bu hal təqribən saat yarım çəkdi. Tədricən külək, sonra isə qar kəsdi. Ara sakitləşən kimi qalan bir parça çörəyi də dədə malı tək tən bölüb yola düzəldilər. İndi son an üçün bir qoşa ovuc çörək qırıntısı qalmışdı, vəssalam. Üzə vurmasa da, aclıq oğlanın lap axırına çıxmışdı. Heysizlikdən başı gicəlir, gözləri qaranlıq gətirirdi. Hətta bəzən o dərəcəyə gəlib çatırdı ki, az qalırdı yıxılsın. Əgər ölümünü gözünün altına almasaydı, bu dəqiqə bir tikə çörək üçün o, düşmən qapısına getməyə belə hazır idi. Ona görə də bir dəqiqə getdikdən sonra - əgər zənni oğlanı aldatmırdısa, o həmin tərəfdə səs eşitmişdi - üstündə ağızsulandıran meyvələr qalmış ağacla rastlaşanda gözlərinə elə bil işıq gəldi. Düzdür, o, bu meyvələrdən cəmi üçünü sala bildi, üstəlik də bir xeyli vaxtları ağacın dibində oturub aşağıdan-yuxarı baxmağa getdi, ancaq oğlan bu acizliyi ilə heç cür barışa bilmir, oturub-oturub yenidən ağaca hücum çəkirdi. Onun bütün cəhdləri boşa çıxsa da, nəfs getməyə heç cür aman vermirdi.

Hava açdı, uzaqlar aydınlaşdı. Axşamayaxın meşənin kənarıyla uzanıb gedən bir yola çıxdılar. İzindən göründüyü kimi çovğundan sonra - bəlkə də, onlar dərədə olanda - buradan maşın keçmişdi. Oxşayır ki, hansısa yaşayış məntəqəsinin həndəvərinə gəlib çıxmışdılar. İndi onlar bayaqkı adamlar deyildilər. Həyəcanları an-an, aram-aram artırdı. Növbəti dikə qalxan kimi əvvəlcə damların bacasından çıxan tüstü, sonra isə qırmızı kirəmidli binaların özləri görünməyə başladı. Hər atılan addımdan sonra kənd bir az da böyüyürdü. İndi heç bir qorxu hissi onların yolunu kəsməyə qadir deyildi. Ondan əsər-əlamət belə qalmamışdı. Çörək - vəssalam! Yeganə istəkləri bu idi! Bu amansız duyğu onları irəli, yalnız irəli qovurdu.

-Mən sənə deyirdim axı burda kənd olmalıdı! Gördün ki!

Sevincdən üz-gözləri alışıb-yanan yolçular artıq öz xoşbəxtliyinə inanmayan adamlar kimi gedirdilər: yeyin-yeyin, heç nədən ehtiyat eləmədən...

-Biz burdayıq, burda!-kəndarası yolla gedib-gələn adamları görcək ehtizaza gəlmiş qız çığıraraq dəsmalı bayraq təkin başının üstə yelləməyə başladı. Hər şeydən hiss olunurdu ki, o, ixtiyarsız olaraq qışqırır. Qəbiristanlığa çatmağa azca qalmış onlar dayandılar və gördülər ki, yaldakı tankın yanında gəzişən adamlar ayaq saxlayıb səs gələn tərəfi necə diqqətlə dinşəməyə başladılar. Bu anda onların, illah da qızın sevinci yerə-göyə sığmırdı. Bundan da böyük xoşbəxtlik? Qarlı-şaxtalı gecəni qorxudan əsə-əsə meşədə qalmalı olmayacaq, on beş-iyirmi dəqiqədən sonra qarındolusu çörək yeyəcək, isti sobada qızınacaqdılar. Bu, onların həyatda, bəlkə də, ən bəxtiyar anları idi...

-Buraaa,-deyib qəbir daşından üç-dörd addım aralıda dayanmış oğlan dərhal kağız rəngi aldı və sözünün dalını gətirə bilmədi. Həyəcandan üzünün dərisi səyriyir, hülqumu tez-tez yenib-qalxır, gözləri gah irilib, gah da kiçilirdi,-bura onların kəndidi,-o bu sözləri dili topuq vura-vura dedi və dərhal da bacısına arxaya, meşəyə qaçmağı əmr elədi.

-Qaç deyirəm, sənə,-o, böyüklərə məxsus amiranə bir səslə dillənib üzərində xaç işarəsi olan başdaşını və ilan-qurbağanı xatırladan, içi tuş kimi qara rəngli hərfləri göstərdi. Hara gəlib çıxdıqlarını qız yalnız indi anladı və dərhal da üzündə asılmağa aparılan adamın üzündəkinə oxşar bir ifadə yarandı...

-Onlar bizi tapacaqlar!-ümidsizlik və qorxudan addım atmağa heyi qalmayan qız qolundan tutub var qüvvəsilə onu irəli dartan qardaşına qaçmağın əbəs olduğunu xatırlatdı. Əvəzində oğlan onu başa saldı ki, vaxtı itirməsin, qaçsın. O bilirdi ki, axırları çatıb, ümid yalnız möcüzəyə qalır. Bacısını da özünə qoşub əl-ayağı didilə-didilə, yıxılıb dura-dura onu irəli aparan da bu inam idi. Talaya çatan kimi o, qızı irəli ötürüb özü arxaya qaldı və ilk güllə səslərini də burada eşitdi. Ağaclıq yenidən onları öz qoynuna aldı. Güllə qarovuldan düşsə də, hələ aydınlıq idi, toran qovuşmamışdı, ancaq ağaclıq qalınlaşdıqca qaranlıq da qatılaşırdı. Hardan biləsən ki, elə həmin an nəfəsi çiyinlərindən çıxan qızın üzüqoyulu yerə gəlməyi taleyin işi deyil? O, ufuldaya-ufuldaya yerindən qalxmağa cəhd eləsə də, bunu bacarmayıb günahkar tərzdə qardaşına nəzər saldı və ağrıdan - o cür ki, dişlərini bir-birinə o sıxmışdı, əgər özünü saxlamayıb, qışqırsaydı, olsun ki, fəryadı ərşi-əlaya qalxardı - gözlərini yenidən yumdu. Bu, hər şeyin bitdiyini başa düşən bir adamın fəlakət anını öz gözlərilə görməmək üçün kipriklərini qapamağına necə də çox oxşayırdı!

Oğlan başını yırğalayıb ani də olsa, ətrafı gözdən keçirtdi. O bilmirdi, kimi lənətləsin ki, ürəyi soyusun? Nəyə görə axı bu vəziyyət məhz elə indi baş verməliydi?!

-Sizin xaçınıza lənət!-bir vaxtlar böyüklərdən eşitdiyi söyüşü elə onlardan eşitdiyi ahənglə də təkrar eləyən oğlan yumruqlarını düyüb dişlərini elə qıcadı ki, bağırmaqdan özünü nəyin sayəsində saxlayırdı, bəlli deyildi. İndi onun üçün zərrəcə də olsun əhəmiyyəti yox idi ki, yoldaşının ayağı sınıb, ya o, halsızlıqdan, qorxudan tərpənə bilmir; qaçmaq onsuz da mümkün deyildi, artıq hər şeyə son qoyulmuşdu. İndi yalnız bircə şey qalırdı: atasının tapşırığını yerinə yetirmək!

-Qaç canını qurtar, onsuz da məni belə apara bilməzsən!

Oğlan bu səsdən elə vəcdə gəldi ki, əlləri əsdiyindən gilizi də lüləyə qoya bilmədi. Görəsən, bu heç nədən xəbəri olmayan zərif qızcığazın ona can yandırması idi, yoxsa onu bu dar ayaqda atıb gedəcəyinə əmin olan adamın qardaşını yoldan saxlamaq cəhdi? Bir anlığa oğlana elə gəldi ki, bacısı işin nə yerdə olduğunu duyub.
Bəlkə də, ağzından qaçırtdığı adicə bir söz, ya elə atasının şübhəli hərəkətləri onu duyuq salmışdı?! Lap elə belə idisə, yoldaşının onu qoyub getməyəcəyini bilməli idi. Ya onu da özü ilə aparmalı, ya da öldürüb getməli idi. Bu qanı ona, bacısına həyat verənin özü halal eləmişdi. Həmin səhnəni göz önünə gətirəndə oğlanı qəhər boğdu, onun dodaqları titrədi və dərhal da gözlərində yaş parladı... Yalnız bundan sonra o özündə qüvvə tapıb əvvəlcə tüfəngi ağaca söykədi, qollarından yapışdığı bacısını ağacın altına - nisbətən dalda yerə sürüdü və qayıdıb silahı götürdü.

Avtomat səsləri və it hürüşünü andıran danışıqlar elə yaxınlıqda eşidilirdi ki, ləpiraxtaranlar sanki beşcə addımlıqda idilər. Gözləri gah irilib hədəqəsindən çıxan, gah da qıyılıb bapbalaca olan oğlan ağaclıqdan o tərəfdə, axşamın alatoranında adam qaraltıları gözə dəyən kimi çaxmağı ayağa çəkdi. O indi bacısı ilə üzbəsurət dayanmışdı, düşmənlərlə məsafə beş-altı addım ola, ya olmaya idi. Necə ki, uzun illərin xəstəliyindən sonra dil açan adamlar danışar, bayaqdan bəri nitqi tutulmuş qız da o cürə dilə gəldi:

-Seymuuur!

Bu, adicə çağırış yox, ölmək istəməyən insanın yalvarış nidası idi və nədənsə oğlana elə gəldi ki, bu səs dünyanın lap o başına da gedib çatdı. Ancaq heç kim ayaq saxlayıb, onlara tərəf dönmədi, hamı - onlar on-on iki nəfər olardılar - tala ilə düzünə qaçırdı.

Birdən oğlanın dizləri qatlandı, o, silahı qarın üstünə ataraq bacısının çiyinlərini qucaqladı. Axı belə anda nə biləsən ki, bu, təhlükənin sovuşduğundan yaranan sevincdi, yoxsa əli bacı qanına batmayan qardaş bəxtiyarlığı?!...

Onlar təzə yağmış qarın üstü ilə səssiz-səmirsiz irəliləyirdilər. Ucları aşağı əyilmiş budaqlardan tutaraq əyilə-əyilə dolayısı ilə dırmanıb zirvəyə çatmağa az qalanda oğlan yoldaşına onu burda gözləməyi tapşırdı. Özü isə seyrək ağaclıqla yamacı dikinə qalxmağa başladı və tezliklə ora çatdı.

-Dayan! Əllər yuxarı!

Bayaqdan başı qarşıdakı yamacda görünən kənd evlərini seyr etməyə qarışmış oğlan doğma dildə eşitdiyi səsə geri çevrildikdə qarşısında əsgər dayandığını gördü.

Əlində də ona tuşlanmış avtomat...

-Sən biz... bizimki?.. - oğlanın dili topuq vurdu.

Mehriban çöhrəli əsgər gülümsündü:

-Həə, mən sizinkilərdənəm.

"Əsir" qollarını yana açaraq əsgərin üstünə cumdu və tanımadığı adamı elə
qucaqladı ki, guya, çoxdan ayrı düşmüş doğması ilə tapışmışdı...

-Zümrüüüüd!-bir azdan səsi dərədə əks-səda verən oğlan qayıdıb bacısına tərəf elə qaçırdı, sanki səsindən də qabaq özü ona çatmaq istəyirdi!

Küləksə arxada qalan kəndin ortasındakı ən yaraşıqlı binanın üzərinə sancılan üçrəngli bayrağı aram-aram dalğalandırmaqda idi.

noyabr, 1992
XS
SM
MD
LG