Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:02

Azər Abdulla "Şairin şeytan üzü" (Hekayə)


Bir Allah bilir ki, iki damcı göz yaşını sıxıb çıxaranacan Əmirquluya anlar, dəqiqələr necə darıxdırıcı, necə uzun göründü, bu uzun vaxtda o nə qədər həyəcan, nə qədər xəcalət hissi keçirdi.

Axı cavan yaşında dünyadan köçmüş mərhumun yasında qohum-qardaş bir yana, yadlar da ağlayırdı.

Təkcə Əmirqulunun gözündən bir gilə yaş çıxmırdı ki, çıxmırdı. Qohumların, tanışların hamısı Əmirqulunu mərhumun ən yaxını, doğması bilirdilər.

Tabut evlərindən qaldırılıb üçüncü qatdan aşağı endiriləndə, həyətdə qonum-qonşular son dəfə onunla vidalaşanda qarma-qarışıqlıq olduğundan Əmirqulu ağlaya bilmədiyinə o qədər narahat olmadı.

Ancaq məzarın başında cənazə qəbirə endiriləndə tanıdığı və tanımadığı adamların gözündən, yanağından axan yaşı görəndə sıxıldı, xəcalət çəkdi. Əlindəki yaylıqla qupquru gözlərini, burnunu sildi, özünü ağlayan kimi göstərdiyinə görə özünə acığı tutdu.

Bu an tanımadığı bir adamın ucadan zil, ətürpəşdirici səslə çağırdığı qədim bir bayatının - «Bu dağlar ulu dağlar, çeşməli, sulu dağlar» iki misrasını eşidəndə Əmirqulunun illərdən bəri qurumuş gözləri doluxsundu.

Bayatının «burda bir qərib ölüb, göy kişnər, bulud ağlar» son iki misrasını eşidəndə Əmirqulu doluxsunmuş gözlərindəki yaşın dalısının gəlməyəcəyindən, elə gözündəcə quruyub yox olmasından qorxduğu üçün kirpiklərini bir neçə dəfə bərk-bərk sıxdı və iki damla yaşın gözlərinin qırağından üzülüb yavaş-yavaş aşağı axdığını hiss elədi və hiss etdikcə bu vay-şivənin, müsibətin ortasında Əmirqulunun içindən günəş zərrəsindən də incə bir sevinc keçdi.

Qeybdən gələn, təbərrik kimi əziz olan yanağındakı bu iki damlanı hərdənbir əsən yelin alıb aparacağından, günəşin qurudacağından, ayaqlarını götürüb qoyarkən düşəcəyindən ehtiyat elədi.

Ancaq Əmirqulunun ağlamağının nə mərhuma dəxli varıydı, nə neçə yüz il, min il yaşı olan qəm, kədərlə yüklənmiş qədim bayatıya, nə də on beş il, bəlkə də iyirmi il qabaq ölmüş Zərif xalasına.

Elə o vaxt da Əmirqulu anası qədər istədiyi Zərif xalasının üstündə ağlaya bilmədiyindən utanıb yerə girir, özünü dünyanın ən pis, yaramaz bir uşağı sanırdı.

O vaxt anası gözlənilmədən titrək, həzin səslə bu bayatını oxuyanda Əmirqulunun gözləri bulaq kimi açılmış, sonra hıçqırmağa başlamış, az sonra qadınlardan biri onun qolundan tutub darta-darta cənazənin yanından uzaqlaşdırmışdı.

Illər ötəndən sonra Əmirqulu anlamışdı ki, o vaxt axıtdığı göz yaşları da istəkli xalasına görə yox, anasının məlahətli, zərif, yanıqlı səsinə görəymiş.

Otuz yaşında, böyük bir qəzetin məsul katibi olan Əmirqulu yaxşı bilirdi ki, gözündən üzülüb aşağı axan iki damla yaş o vaxt xalasının yasında yarımçıq qalmış ağlamağının davamıydı.

Əmirqulu yaylığıyla göz yaşlarını silmək istədi, ancaq onun ağladağını hələ mərhumun doğmalarından, qonum-qonşularından, öz iş yoldaşlarından heç birinin görmədiyini düşündüyündən ancaq burnunu, alnını, boyun-boğazını sildi. Başını yuxarı qaldıranda gözləri azca ondan aralı sağında dayanmış bir ucaboy kişiyə sataşdı.

Əl dəsmalını daz başına sərmişdi. Yandan baxanda çılpaq bədəninə suvaşıb dartılmış qara maykavari köynəyinin altında sinəsindən başlayaraq qurşağacan uzanan şişman, piyli qarnı ətli, nəhəng bir burunu xatırladırdı. Əmirqulu ömründə bu formada, bu biçimdə qarın görməmişdi.

Elə bil ətli buruna bənzər o nəhəng qarın Əmirqulunun gözündən bulaq kimi yenicə axmağa başlayan çeşmənin gözünü tutdu. O iki damla yaş yanaqlarının almacığında dayandı. Əmirqulu əcayib qarının şərəfsiz yiyəsinə nifrət elədi.

Gözü iş yoldaşlarından birinə - şairə sataşdı. Şairin qalın, pırpız qaşları altında oyur-oyur oynayan, iri ala gözlərinin ona tuşlandığını görəndə çaşdı. Şairin narahat gözləri pusquda dayanıb sərçənin üstünə atılmağa hazırlaşan əsəbi pişik kimi Əmirqulunu marıtlamışdı.

Əmirqulu ona tanış olan bu qeyri-adi baxışları soyuqqanlı qarşılaya bilmədi və bu xətakar şairin onu çoxdan izlədiyinə əmin oldu, özündən asılı olmayaraq tələm-tələsik dəsmalını aparıb qabaqca yanağındakı o iki damla yaşı, sonra alnını, boyun-boğazını sildi və daha şairə baxmadı. «Göz yaşlarımı qəsdən silmədiyimi duyub, saxtakarlığıma görə haçansa məni dolayacaq» - düşündü.

Əmirqulu ilə şairdən başqa dəfn mərasiminə redaksiyadan üç nəfər də gəlmişdi. Hər dəfə hüzr yerindən qayıdandan sonra redaksiya işçiləri (onlardan biri artıq sıralarından getmişdi) dərddən, qəmdən, onları sıxan gərginlikdən qurtarmaq, azca yüngülləşmək üçün bir qayda olaraq yeməkxanalardan, kafelərdən birinə girib aralarından gedən mərhumun ruhunu xristiansayağı şad eləməliydilər. Bu dəfə şair nə qədər işarə eləsə də neçə ildən bəri davam edən ənənə baş tutmadı. Şairlə Əmirquludan başqa işə qayıdan da olmadı.

Sabah mətbəə günüydü. Tərslikdən Əmirqulu maket işinin çoxunu bu günə saxlamışdı. Baş məqalənin içində gedən şəkillər gəlib çıxmadığından birinci və ikinci səhifənin maketi tutulmamışdı. O tələsik gəlib enli maket masasının arxasında əyləşib siyirməni çəkəndə qapı açıldı, baş redaktor ayağının birini içəri qoyub:

- Sənə demədim işini qurtar, sonra get? Hüzr yeri qaçırdı? Bu məsuliyyətlə səninlə işləmək mümkün deyil, hamı özbaşına olub, vallah!..

Əmirqulu günahkarcasına nəsə demək istəyəndə baş redaktor onun üzündəki incikliyi oxuduğundan səsinə azca yumşaqlıq qatdı:

- Vaxt yoxdu, tez ol. Maketi qurtar, gətir yanıma. Mən də hüzr yerinə getməliyəm. Deyirlər, ona lap yaxın sənsən, nə olar, bir də gedərsən mənimlə, - deyib tələsik qapını örtdü.

Əmirqulu redaktorla yenidən hüzr yerinə gedəcəyinə, onunla maşından birgə düşəcəyinə sevindi. Maket səhifələrini, dəmir xətkeşi, karandaşı, pozanı siyirtmədən çıxarıb masanın üstünə yığdı.

Baş məqaləni gözdən keçirəndə qanı qaraldı. Yeni işə götürmüş makinaçı qızın yazdığı səhifələrdə ölçü pozulduğundan vərəqlərdəki sətirləri, işarələri bir-bir sayıb hesablamalıydı.

O, birinci vərəqdə olan sətirləri yarıyacan saydı, karandaşın ucunu sətirin üstünə qoyub saatına baxdı, beşin yarısıydı. Əmirqulu saat dörddə evlərində olmalıydı, arvadıyla onun Mərdəkanda yaşayan xalası qızıgilə getməliydi. Əlini telefona uzatmaq istəyəndə zəng çalındı, dəstəyi qaldırıb, «bəli» deyəndə arvadının əsəbi, hikkəylə dolu səsi onun qulağını deşdi, dəstəyi qulağından aralı saxladı.

- Əmirqulu, sən hələ ordasan?! Nə işlə məşğulsan?

- Sara, Nadir rəhmətə etdi, ordan gəlirik, indicə qapını açıb içəri girmişəm.

- Bəs niyə evə gəlmədin? Axı bizi gözlüyürlər!

- Sara, sabah qəzet günüdür, maket tuturam, baş redaktor indicə…

- Sən yalançısan! Sən məni həmişə aldadırsan!..

- Sara…

- Üç dəfədir onları aldadırıq ki, gəlirik, xəstəxanada yatanda yanına gedəmmədik… - onu hıçqırıq tutdu.

- Sara…

- Üç dəfədi onlar hazırlıq görüb gözləyirlər, bizə zəqqun düzəldirlər! Sənin mənə hörmətin yoxdu! Məni küçə qadını kimi aldadırsan! Daha sənə inanmıram!

- Sara, Sara, and olsun Allaha, səhər tezdənnən…

- Məni daha görməyəcəksən, Əmirqulu!..

- Sara…

Xətt kəsildi. Əmirqulu dönə-dönə evlərinin telefonunu yığdı, dəstəyi götürən olmadı.

Qapı açıldı, buyruqçu şəkilləri gətirib Əmirqulunun qabağına qoydu, dinməz-söyləməz qayıdıb gedəndə Əmirqulu şəkillərə baxa-baxa - hamısı budur? – soruşdu. Buyruqçu geri çevrilmədən çiyinlərini çəkib çıxıb getdi…

Əmirqulu baş məqalənin ikinci səhifəsinin sətirlərini yenicə saymağa başlayanda qapı açıldı. O, başını yuxarı qaldırmadan tez karandaş götürüb üstündə dayandığı sətirin qırağına quş qoydu. Şair yaxına gəldi, stulu çəkib onunla üzbəüz əyləşdi. Əmirqulunun ciddi işlədiyini görüb bir an susdu, dərindən bir ah çəkdi, kövrək və titrək səslə:

- Əmirqulu… - dedi. Əmirqulu başını qaldırıb ona baxdı. Şairin üzündə yazıqlıq, həm də bir kədər vardı, başı azca sağ çiyninə sarı əyilmişdi. Bir dəfə dəfndən qayıdıb ölənin ruhunu yad edərkən şairin əlində qədəh qəhərlənə-qəhərlənə «dostlar, doğmalar aramızdan gedəndə nədənsə özümü günahkar bilirəm» - dediyi sözlər yadına düşdü. Şair ağır-ağır başını tərpədib qəmli-qəmli:

- Nadir də belə getdi… - deyəndə Əmirqulu doluxsundu, dönə-dönə dişlərini bir-birinə sıxdı, əlindəki titrəyən vərəqi masanın üstünə qoydu.

- Kimin ağlına gələrdi… - deyib qəbiristanlıqdakı səhvini düzəldirmiş kimi dərhal baş və şəhadət barmağıyla yaşarmış gözlərini sağıdı. Şair bir də dərindən köks ötürüb ayağa qalxıb getdi.

Əmirqulu evlərinə zəng edib dəstəyi çiynində saxlayaraq dinləyə-dinləyə üçüncü səhifədəki sətirləri, işarələri saymağa başladı. Telefonda beləcə xeyli gözləsə də dəstəyi qaldıran olmadı.

«Birdən Sara…» - ağlına qara- qorxulu fikirlər gəldi. Dəstəyi yerinə qoydu. Baş məqalədə gedən şəklin arxasında «natur» sözünü yazıb karandaşla dairəyə aldı. Məqalənin son sətirlərini hesablayanda qapı açıldı.

Əmirqulu başını qaldırıb baxmasa da, gələnin yenə də şair olduğunu bildi. Səssizcə gəlib bayaqkı yerdə oturdu. Bir an Əmirqulunun sətirləri sayıb, işarələri hesablayarkən tərpənən dodaqlarını, ciddi və əsəbi görkəmini, əlində titrəyə-titrəyə vərəqə toxunmadan gəzişən karandaşını gözdən keçirdi. – Eh… - deyə yenə dərindən ah çəkdi.

- Əmirqulu… Rəhmətlik… Vallah, adamın inanmağı gəlmir, rəhmətlik deməyə adamın dili də gəlmir. Bilirsən, səni necə istəyirdi, indi istəməsin…
Əmirqulu başını qaldırdı, əlindəki karandaşın arxasını üzünə dayadı, kədərli-kədərli şairə baxdı. Şair başını bulaya-bulaya: - Öz putyovkasını sənə Verdi, yadındamı? Letuçkada səni necə müdafiə edirdi! Onun yanında bir köpəyoğlu sənin dalınca danışa bilməzdi…

- Hamımızdan getdi. – Əmirqulu təəssüflə başını bulaya-bulaya bunları dedi. Ancaq ona elə gəldi ki, beləcə qısa və quru deməyinə görə rəhmətliyin ruhu ondan incidi. Öz toyunu xatırladı. Iyirmi beş işçisi olan redaksiyadan ucqar rayonun ucqar kəndinə Əmirqulunun toyuna təkcə rəhmətlik gəlmişdi. Nabələd olduğundan yolu azmış, qaranlıq düşəndə körpü əvəzinə çayın bu tayından o tayına uzadılmış ağacın üstüylə yeriyəndə ayağı sürüşüb suya düşmüşdü. Yolda sərhədçi əsgərlərlə qarşılaşanda nabələd adam olduğunu görüb tutub aparmış, bomboş otağa salıb qapısını bağlamışdılar. Bir payız gecəsi səhər açılanacan islanmış şalvarın içində dişləri bir-birinə dəyə-dəyə qalmışdı. Səhərisi özünü kəndə çatdırmış, qızdırma içində olsa da, xəstələndiyini toy qurtaranacan gizlətmişdi.

Söhbətin uzanacağından, şairin yerini bərkidəcəyindən ehtiyat elədiyindən, Əmirqulu ona çox əziz və həm də bu an çox qəmli görünən həmin xatirəni açıb-ağartmadı. Sadəcə: - Içimizdə ən sədaqətli, etibarlı, ədalətli adamıydı - dedi.

- Allahın işindən, qurban olum ona, heç kim baş açmır, - dedi şair. Əmirqulunun başını aşağı salıb işiylə məşğul olduğunu görüb ayağa qalxdı. – Sən məşğulsan, işində ol – deyib otaqdan çıxdı. Dabanı üstəcə qayıdıb qapının ağzında dayandı. – Əmirqulu, üçünü, cümələrini verəcəklər? - soruşdu. Bu dəfə Əmirqulu cavab vermədi, şair azca dayanandan sonra qapını çəkib örtdü.

Əmirqulu qalxıb qapını arxadan bağlamaq istədi. Baş redaktorun, buyruqçunun, yaxud elə şairin yenidən gələ biləcəyini ağlına gətirəndə fikrindən daşındı. «Qapını açmayınca şair əl çəkən deyil, gedib gəlmək, vaxt itirmək özümə qalacaq» düşündü.

Birinci səhifənin maket işi qurtardı, Əmirqulu dərindən nəfəs aldı, ayağa qalxıb gərnəşdi, telefon dəstəyini götürüb yenə evlərinə zəng etdi. Cavab gəlmədiyindən əyləşib ikinci səhifəni başlamaq istəyəndə şair yenə içəri girdi. Əmirqulu vaxtın azlığını bildirmək üçün başını səhifənin üstündən qaldırmadı. Şair yaxınlaşıb onun başı üstündə dayandı. - Hələ qurtarmırsan? - soruşdu. Əmirqulu yenə susdu. Şairin çevirdiyi təsbehin şaqqıltısı onun hövsələsini daraltdı, elə bil bunu duyduğundan şair təsbehini masanın üstünə qoydu.

- Əmirqulu, ürəyimdə bir ağırlıq var, nəfəs alammıram. Birdən siyirtməndə siqaret olar?

Bilirdi ki, şair siqaretdən sonra kibrit də istəyəcək. Siyirtmədən siqaret, kibrit axtarıb ona verməyə, sonra onları alıb yenidən yerinə qoymağa Əmirqulunun hövsələsi çatmadığından hirsini udub sakitcə başını tərpətməklə siqareti olmadığını bildirdi.

Şair təsbehini götürüb əsəbi-əsəbi yenə çevirməyə başladı, ayağa qalxdı, yenidən oturdu, tələsik və həyəcanla:

- Ə, bəs nekroloq?! Kim yazacaq?! Gərək özün yazaydın! Sən ürəkdən, səmimi yazardın…

Əmirqulu gördü ki, sussa da şair əl çəkmir. - Görmürsən başımı qaşımağa vaxtım yoxdu. Oturub yazaydın da, gələn nömrəyə də mən yazardım.

- Tanışlar qəzetimizə baxacaq, axtaracaqlar ki, nə yazmışıq. Atüstü mən yaza bilmərəm. Sağlıq olsun, gələn nömrəyəcək bir şey fikirləşərik.
Şair ayağını ayağının üstünə aşırdı. - Biabırçılıq olar e, heç olmasa quruca başsağlığı verilməlidi… - dedi.

Əmirqulu yenə susdu. Fotoşəkillərdən birini götürüb arxasında karandaşla ölçüsünü yazdı, maketdə ona yer ayırdı. - Zəhrimara qalasan - deyib pozanı götürüb yazdıqlarını əsəbi-əsəbi pozdu. Şair həzin səslə:

- Əmirqulu, deyəsən yoldaşı da işləmir? - soruşdu. Əmirqulu alt dodağını dişləyib başını tərpətdi. Şair onun bu hərəkətindən bir şey anlamadı.

- Bəs o, körpə uşaqları necə böyüdəcək? Gərək ki, rəhmətliyin bacısından başqa elə bir yaxın adamı yoxdu, eləmi?

Daxili telefon səsləndi, Əmirqulu diksinərək dərhal dəstəyi götürdü. Baş redaktorun səsi otağa yayıldı.

- Əmirqulu, qurtardın?

- Sonuncu səhifəni başlamışam…

- Vallah, hamınız əhli-kefsiniz. Sən orda nəynən məşğulsan? Belə də işləmək olar?
Bilirsən ki, mən səni gözləyirəm!? Işləmək istəmirsən, açıqca de, biz də bilək də…
Şair sakitcə otaqdan çıxdı. Əmirqulu qanı qaralmış halda evlərinə yenə zəng elədi, dəstəyi götürən olmadı. Qaynatasıgilin nömrəsini yığdı, tərslikdən oradan da səs-səmir çıxmadı. O, ayağa qalxmaq istəyəndə telefon səsləndi, dərhal dəstəyi götürdü, qalın kişi səsi: - Adə, adam ol da! Dəstəyi qoy yerə, avara!.. - dedi. Xət kəsildi.

Son səhifənin maketləşməsi yarıya çatanda şair tələsik içəri girdi, telefona yaxnlaşıb: - Otağın qapısını bağladım, təzədən açmaq istəmirəm, bir yerə zəng eləməliyəm - dedi, ayaqüstə bir neçə dəfə nömrəni yığdı, sonra stulu çəkib əyləşdi, nə qədər əlləşsə də danışa bilmədi. - Adam infarkt olar, ə… - dedi, araya sükut çökdü. Şair həzin bir səslə:

- Əmirqulu?..

Şair bu dəfə daha da astadan, sanki bir az da günahkarcasına yenə onu səslədi.
Əmirqulu bu dəfə başını qaldırıb qanlı-qanlı şairin gözünə baxdı. Şair bir an gözlərini ondan yayındırdı, sonra yenidən yazıq-yazıq ona baxdı, son dərəcə kədərli səslə:

- Daha Nadiri heç vaxt görməyəcəyik. Nadir öldü axı…

Əmirqulu əlindəki xətkeşi masanın üstünə çırpdı.

- Ə, ölənin də gorunu… Qalanın da var-yoxunu!.. - dedi, qabağındakı vərəqləri vurub yerə dağıtdı. - Ə, bəsdirin, əl çəkin də mənnən. Insafınız, mürvətiniz olsun! Nə veriblər, mənnən alammırlar günü qara gəlmişlər?!

Şair sakitcə durub getdi. Əmirqulu qapını çırpıb arxadan bağladı. Qayıdıb əlləri əsə-əsə yerə dağılmış vərəqləri yığmağa başladı.

19-20 iyul 1997
XS
SM
MD
LG